Cümə axşamı, 27 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Eldar Həsənov: son söz hazırlığı başlandı

Dövlət xadimi Eldar Həsənovun Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi yanvarın 14-də vəkillərin müdafiə çıxışları ilə davam edib.

Novator.az-ın məlumatına görə, vəkillər Cavad Cavadov, Valeh Mehralıyev, Adəm Məmmədov, Cəlil Mirzəyev Eldar Həsənova bəraət verilməsini, onun azadlığa buraxılmasını istəyiblər. Müdafiə çıxışlarında qeyd olunub ki, məhkəmə istintaqı zamanı Eldar Həsənova qarşı bütün ittihamların qanunsuz, əsassız, absurd olduğu tam sübuta yetirilib.

Beş saat çəkən iclasın yekununda hakimlər Eldar Həsənova son söz söyləməyi təklif ediblər. Eldar Həsənov son sözlə çıxış etmək üçün məhkəmədən vaxt istəyib. Onda hakimlər növbəti prosesin yanvarın 17-də keçirilməsinə təkid ediblər. Eldar Həsənov, həmçinin vəkillər belə qısa müddətdə son sözə hazırlaşmağın texniki cəhətdən mümkünsüz olduğunu deyiblər. Bundan sonra növbəti iclasın yanvarın 21-nə təyin olunması qərarı çıxarılıb.

Novator.az-a 14 yanvar iclası barədə danışan vəkil Valeh Mehralıyev deyib ki, dövlət ittihamçısının replikasından sonra öz replika hüququndan istifadə edib: “İbtidai istintaqı aparan müstəntiq Teymur Qarayevin bir saxtakarlığını da məhkəmənin diqqətinə çatdırdım. Müdafiə tərəfi müstəntiqin guya Serbiya paytaxtı Belqradda sənəd imzalatdığı şəxsin əslində həmin dövrdə Bakıda olduğunu üzə çıxarmışdı. Biz bu saxtakarlığı ifşa edəndən sonra müstəntiq həmin şəxsi 2021-ci ilin iyun ayında Bakıya çağıraraq sənədi yenidən imzalatdırıb. Bu da qanunsuzdur, çünki istintaq may ayında bitib. Deməli, şəxs Bakıya istintaq başa çatandan sonra çağırılıb, üstəlik, müstəntiq sənədi ona köhnə tarixə, may ayına imzalatdırıb. Yəni saxtakarlığa son qoyulması əvəzinə növbəti saxtakarlığa yol verilib”.

Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənovun məhkəməsi 2021-ci il sentyabrın 3-də başlayıb. Prosesi Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavini Əfqan Hacıyev aparır.

2022-ci il yanvarın 7-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Eldar Həsənova 11 il azadlıqdan məhrumetmə cəzası verilməsini, onun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmasını təklif edib.

Təklifdə Eldar Həsənova məxsus olduğu iddia edilən bəzi əmlakların (Bakının Nardaran qəsəbəsindəki bağ evi və torpaq sahəsi, Nəsimi rayonundakı mənzil, Yasamal rayonundakı mənzil, Nərimanov rayonundakı mağaza, Xətai rayonundakı fərdi yaşayış evi, Abşeron rayonunun Novxanı qəsəbəsindəki torpaq sahəsi, Monteneqrodakı mənzil) müsadirəsi də yer alıb.

Eldar Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcərin Laçın kəndində doğulub. Bakıda indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.

1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.

1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.

2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

2020-ci il avqustun 13-ü Bakıda tutulan, avqustun 17-də səfir postundan çıxarılan Eldar Həsənovun ibtidai istintaqını Baş Prokurorluğun İstintaq İdarəsi aparıb. Ona 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verilməsi, dövlətə külli miqdarda ziyan vurulması ittihamları irəli sürüb. Eldar Həsənov ittihamları rədd edir.

Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olmuş Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Bakıdakı məşhur restoran icra başçsının həyat yoldaşına məxsus imiş - Foto

Elmlər Akademiyası başdan ayağa donqliləşib – Bütün rəhbərlik naxçıvanlıdır

Vəfat edən şəxsin pensiya kapitalının taleyi parlamentdə müzakirə edilib

Sahil Babayev həbs edilə bilər - 1000 nəfərin imzasıyla prezidentə, Baş Prokurorluğa, və  DTX-ya müraciət edildi

Deputat Mahir Abbaszadənin ev və maşın qiymətinə olan saatları

“Nazir töhmət alan müəllimdən üzr istəməlidir" - Millət vəkilindən etiraz

Keçmiş baş nazir Putini ölkəsinə qoşun yeritməyə çağırır - Onun adı Rusiya kəşfiyyatına işləyənlər arasındadır

NATO daxilində narazılıq artır: Bu ölkə qoşun göndərməyəcək!

Nazir generalın qardaşını Mirqafar Seyidova müavin təyin etdi

Maqsud Mahmudov tanınmış müğənnini videolarla şantaj edib

Ən çox oxunanalar