Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran dilemması: Dünyaya göstərilən ölkə ilə real ölkə arasında hansı fərqlər var?

Böyük dövlətlər rejimin yıxılmaması barədə zəmanət veriblər, amma xalqlar əziyyət çəkirsə, imperiyalar də əvvəl-axır çökər...

Hüda Huseyni
“Şarkul Avsat” qəzeti, 21 oktyabr 2021-ci il

Oktyabrın 12-də “Wall Street Journal”da bir iranlı öz təxəllüsü ilə dərc olunan məqaləsində İrandakı hər şeyi gözəl görən Qərb mətbuatını bu sözlərlə tənqid edib:

“Bizim üçün sanki iki “İran” var: biri yaşadığımız İran, digəri isə haqqında oxuduğumuz İran. Sizin İranınız darıxdırıcı (nüvə) danışıqları ilə müəyyən edilir. Amma bizim ölkə daha pis vəziyyətdədir. Qorxu içində yaşadığımız, az adamın keçməyə cəsarət etdiyi saysız-hesabsız qırmızı xətlərin olduğu bir ölkədir. Bir sözlə, senzura və zorakılıq ölkəsidir.

İranda düşünmək belə cinayət hesab edilə bilər. İslami İrşad və Mədəniyyət Nazirliyi jurnalları bağlayıb, kitab vərəqlərini cırmaqla insanları düşünməməyə məcbur edir. Məktəblərimizdə tədris olunan dərsliklər nifrət və terror təbliğatı ilə doludur. Qəzetlərimiz rejimin populyarlığı, millətimizin tarixi və hökumət əleyhinə etirazlar haqqında yalanlar yazır. Yalnız kəşfiyyat orqanlarının təsdiqlədiyi qəzetlərin nəşrinə icazə verilir.

ABŞ və ya İsrailə qarşı mitinqlər kimi dövlət tərəfindən icazə verilənlər istisna olmaqla, siyasi fəaliyyətlər qadağandır. Müxaliflər hicabları çıxarmaq və ya nümayişlərdə ölən uşaqlarının şəkillərini gəzdirmək kimi sadə vətəndaş itaətsizliyi hərəkətlərinə görə həbs olunurlar. Hətta İranda müxaliflər öləndə də təqibdən, təhqirdən qurtula bilmirlər. Qohumların onlar üçün dəfn təşkil etməsinə icazə verilmir. Sevdiklərinin cəsədlərini qəbul etmək üçün onlar adətən pul ödəməli və ya onları edam etmək üçün istifadə edilən qurğuşun və ya kəndir üçün pul ödəməlidirlər. Əsl İranda dövlət repressiyasının kölgəsi böyükdür. Biz qlobal cəhalətin deyil, rejimin xarici mediada müdafiəçiləri vasitəsilə dünya ictimai rəyini manipulyasiya etmək üçün düşündüyü sistemli cəhdlərin qurbanıyıq. Əslində, İran İslam Respublikasında bir daxili müxalifətin olmadığını oxudum. Bu yanlışdır. Rejimin düşməni bizik, yəni xalq. Sizdən istəyimiz çox sadədir: İran haqqında məlumat əldə edin, bizi dinləyin və hekayələrimizi paylaşın. Sizə bizimlə həmrəy olmağınızın bizə zərər verəcəyini, mübarizəmizdən danışmağın bizi təhlükəyə atacağını desələr, bilin ki, bu yalandır. Bizim üçün əsl təhlükə sükut və laqeydliyinizdir”.

İranın yüksəlişdə olduğuna, onun ətrafdakı ən qüdrətli ölkəyə (və zamanla dünyanın ən böyük güclərindən birinə) çevriləcəyinə inananlar var. İran rəsmilərinin, o cümlədən SEPAH komandirlərinin bəyanatları bu inamı gücləndirir və populyarlaşdırır. Bu məmurlar İran təsirinin genişlənməsindən, Aralıq dənizi sahilindəki Livandan tutmuş, Mesopotamiyaya, Suriya və Fələstinə kimi ərəb ölkələri və xalqları üzərində nəzarətinin möhkəmlənməsindən danışırlar. Hətta daha da irəli gedərək, İranın genişlənməsinun bununla məhdudlaşmayacağını,­ İranın Yaxın Şərqin ən güclü ölkəsinə çevriləcəyini, ABŞ maneəsini dəf edib, İsraili məğlub edəcəyini deyirlər. İran rejiminin tərəfdarı olan analitiklər iddia edir ki, 60-cı illərdə Vyetnamda qurulan və ABŞ-ı məğlub edən “Vietcong” (Vyetnam Milli Qurtuluş Cəbhəsi) kimi, İran rejiminin də nəzarət etdiyi ölkələrdə təlim keçdiyi, silahlandırdığı və maliyyələşdirdiyi İnqilab Keşikçiləri Korpusuna tabe olan qruplar texnika və silah baxımından ən güclü ölkələrə qarşı müharibədə yenilikçi və uğurlu bir modeldirlər.

Lakin bu inanc ilə reallıq fərqlidir. Reallıq budur ki, İranın hazırkı quruluşu ilə rejimin zəifliyini və həll olunmayan təhdidlər qrupu qarşısında gücünü qoruyub saxlaya bilmədiyini gizlədən ifrat təbliğat mexanizmi var. Bu səbəbdən, ilk növbədə İranın içərisinə baxdığımızda hər il 3 milyon artan əhali ilə təxminən 84 milyon əhali və 13,6 milyon işçi görürük. Vəziyyəti sadə izah etmək üçün rəqəm göstərmək lazımdırsa, yarısının müxtəlif səbəblərdən işləməyə yararsız olduğunu düşünsək, İranda işsizlik ən yaxşı halda 30%-dən çoxdur və əksəriyyəti də gənclərdir. Dünya Bankı tərəfindən iyun ayında nəşr olunan bir araşdırmaya görə, statistika İranda yoxsulluğun 2011-ci ildən bu yana 36% artdığını göstərir. Avqustun sonunda inflyasiyanın 45%-ə çatması ilə də bu nisbət sürətlə yüksəlir. Bu cür pis iqtisadi vəziyyət insanların, xüsusilə də liberal, azad və açıq sistem vəd edən gələcəyə qarşı bütün ümidlərini itirmiş gənclərin psixologiyasına mənfi təsir göstərir.

Əlbəttə, İranın ABŞ, adlanan “Böyük Şeytana”, əlaltısı İsrailə və ona qarşı olan bir neçə ərəb müttəfiqinə qarşı şiddətli bir müharibə ilə üz-üzə qaldığını və problemlərə rejimin deyil, onların səbəb olduğu deyiləcək. Amma bu, reallığa uyğun gəlmir, çünki İran qurban deyil. Əksinə, öz məmurlarının açıqlamaları və çox vaxt ABŞ-ın razılığı ilə genişlənmə və nəzarət axtaran elə məhz odur. İstənilən halda və daxili vəziyyətin pisləşməsindən asılı olmayaraq, nəticədə öz xalqı öz ölkəsində zülm, məyusluq, zillət və səfalətdən əziyyət çəkdiyi bir vaxtda İranın bir uğur qazanması qeyri-mümkündür. Ən azından qədim və müasir tarix bizə bunu deyir. Sovet İttifaqını və onun dağılmasını heç kim xatırlamır. Keçən əsrin ortalarından etibarən dünyanın iki güclü qütbündən biri olan Sovetin müxtəlif faktorlar nəticəsində necə çökdüyünü diqqətlə izləmək lazımdır. Bu faktorlardan ən vacibi rus xalqındakı məyusluq və ümidsizlik və liderleri arasındakı bölünmələr idi. Bunun nəticəsində isə özünə bağlı olan dövlətlər və ümumilikdə dünyadakı bir sistem çökmüşdü.

Tarix bizə onu da öyrətdi ki, genişlənməyə və nəzarət etməyə çalışan ölkələrin uğurları çox vaxt hücum etdikləri xalqlara təklif etdikləri əlavə dəyərlə müşayiət olunur. Bu əlavə dəyər bütün əsrlər boyu işğal olunmuş xalqların adət-ənənələrində və mədəniyyətində qalır. Məsələn, onların memarlığında və incəsənətində öz əksini tapır. Bunun bir neçə səbəbi var ki, onlardan biri də sözügedən xalqların iradəsini oğurlamalarına, sərvətlərini talamalarına, mədəniyyətlərini dəyişdirərək işğalçı dövlətə daha yaxın və itaətkar olmalarına görə təzminat ödəməkdir. Belə ki, İran rejimi də bir neçə ölkəyə (əsasən Livana) nəzarəti ələ keçirdi, lakin nəzarət etdiyi xalqlara heç bir əlavə dəyər təklif edə bilmədi. Yalnız fəsad, zülmət, xaos, pozğun və zəif dövlətlər, xalqı aşağı təbəqənin idarə etdiyi sistemlər geniş vüsət aldı. Bu da öz növbəsində insanların işğalçının varlığına və onun alətlərinə nifrətini artırdı. Bu, onların şəxsiyyətlərinə sadiqliklərini və onu qorumaq əzmlərini artırdı. Ona görə də, bu sistem mövcud olduğu ərazilərdə uzun müddət davam edə bilməz. Yerli milislərin nəzarəti ələ keçirdiyi ilk gündən bəri bu davamlı olaraq tənəzzüldədir. Əlbəttə, bütün bunlar Qüdsü azad edəcək və Fələstini sahiblərinə qaytaracaq İran rejiminin olduğuna inandığımız müddətcə etibarlıdır.

Ho Çi Minh adlı təvazökar bir zahidin rəhbərlik etdiyi “Vietcong” kimi ABŞ və İsrail üzərində qalib gəldiyinə inanılan müharibə modelinə gəlincə, müqayisə bir neçə səbəbdən yanlış olar. Əvvəla, “Vietcong” ölkələrini işğaldan azad etmək üçün həmişə vahid bir məqsədi olan döyüşçülərdən ibarət idi. Onlar siyasətə və idarəyə, insanların işinə və problemlərinə qarışmayıblar. Məqsədlərinin ucalığını və əməllərinin saflığını qoruyub saxlayıblar. Lakin İran silahlarının yerləşdiyi yerlərdə bu baş verməyib. Bu qollar yerli siyasətin və korrupsiyanın dar bataqlığına qərq olub, bunu ört-basdır etməyə çalışıb, bunu necə edəcəyindən zərrə qədər də xəbəri olmadan dövlətlərin idarəçiliyini ələ keçirib. Bu da ölkələrə ancaq xaos və itki gətirub. Ona görə də İranın genişlənməsi istər-istəməz zəifləyəcək, geriləyəcək və davam edə bilməyəcək.

Beynəlxalq səhnəyə nəzər salsaq, İran öz gücünü müxtəlif səviyyələrdə dağıdan və resurslarından qalanları boşaldan böyük təhlükələrlə üz-üzədir. Bunlar, amerikalıların ağlasığmaz və könüllü olaraq tərk etdikləri qabaqcıl silahların gücü ilə bu dəfə Əfqanıstanı idarə etmək üçün “Taliban”ın qayıdışı, İsrailin açıq şəkildə dəstəklədiyi Azərbaycanla qarşıdurma və İran ərazisində İsrailə qarşı olan sui-qəsdlər və əsas mərkəzlərdə təxribat törətməyə imkan verən təhlükəsizlik pozuntularıdır.

Etiraf etmək lazımdır ki, İran İnqilab Keşikçiləri Qvardiyası İranın Azərbaycanla sərhəddə həyata keçirdiyi hərbi manevrlərdə qeyri-adi sürətli hərəkət qabiliyyəti nümayiş etdirib. 48 saat ərzində ölkənin müxtəlif bölgələrindən olan qoşunlarını bütün elementləri və texnikası ilə sərhədə göndərərək dəqiq və yüksək səmərəli manevrlər edib. Lakin İranın şimal cəbhəsindəki İnqilab Keşikçiləri Qvardiyasının imkanlarına baxmayaraq, hadisələrin inkişafı və İsrailin bu tənliyə qarışması onu göstərir ki, Tehranın şimal sərhədindəki hadisələri qabaqcadan görən strateji bir planı yoxdur. Əksinə, onun reaksiyasının, şübhəsiz ki, öz maraqlarına uyğun olmayan nəticələri var. Manevrlər bitdikdən sonra da İnqilab Keşikçilərinin böyük bir hissəsinin sərhəd bölgəsində qalması onun ölkənin digər bölgələrindəki gücünü zəiflədəcək. Ona görə də, bu boşluğu doldurmaq üçün digər ölkələrdəki silahlardan istifadə edəcəyi ehtimalı yoxdur. Livan Hizbullahının İranda nümayişlərin keçirildiyi ərazilərdə yerləşdirildiyini görmək də bizi təəccübləndirməz.

Nümayişlərdən danışmağımızın səbəbi odur ki, yuxarıda qeyd etdiyimiz şeylərin heç biri İran xalqına aid deyil, əksinə, onları qəzəbləndirir. 3 il ərzində xeyli yüksələn inflyasiya əsas malların qiymətlərinə də təsir edib. Bu, müştəri çatışmazlığı səbəbindən böyük bazarların iflasına səbəb olub. İran Ərzaq Assosiasiyası ötən həftə ölkədəki bütün ərzaq mağazalarının 15-20%-nin bağlandığını, digərlərinin isə tezliklə bağlanmağı planlaşdırdığını açıqlayıb. Dövlət böyük miqyasda pul çap etməklə insanların nağd pul tələbatını ödəməyə çalışır. Son 3 ildə dövriyyədə olan pulun həcminin 70% artaraq 45 milyard dollardan 74 milyard dollara çatdığı təxmin edilir.

Nəticədə, illik inflyasiya sürətlə artır və daha çox iranlı vətəndaş yoxsulluq həddinin altına düşür. Üstəlik, İran da quraqlıqdan əziyyət çəkir. Beynəlxalq Enerji Assosiasiyasının enerji analitiki Əli əl-Saffar sosial media hesabında Yaxın Şərqin “son 900 ilin ən pis quraqlığını” yaşadığını paylaşıb.

Böyük dövlətlər rejimin yıxılmaması barədə zəmanət veriblər, amma xalqlar əziyyət çəkirsə, imperiyalar də əvvəl-axır çökər.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar