Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda taxt-tac döyüşləri başlayıb - Ruhaninin adamlarını "təmizləyirlər"

İranda sabiq prezident Həsən Ruhani administrasiyasının əməkdaşlarının təmizlənməsi gedir. Mərkəzi Bankın sabiq rəhbəri 10 illik həbs cəzasına məhkum olunub. Onun müavini – Vyanada nüvə sazişi ilə bağlı danışıqlarda Ruhaninin nümayəndəsi olmuş Abbas Araqçinin qohumu Əhməd Araqçi 8 il həbs cəzası alıb. Sabiq prezident Ruhaninin doğma qardaşı da məhbəsdədir.

Məclisdə və hazırkı prezident İbrahim Rəisinin administrasiyasındakı mühafizəkar çoxluq vaxt itirmək və “islahatçılar”ın tanınmış liderlərinə siyasi arenaya qayıtmağa şans vermək istəmir. Odur ki, onların düşərgələrini yavaş-yavaş deyil, birdən təmizləyir, lövhədəki fiqurları tutduqları mövqedən asılı olmayaraq vurub aşırırlar.

Ruhaninin qardaşı türmədədir, eks-prezidentin özünə də çatmağa çalışırlar...

Taxtından salınmış hər tanınmış ada isə komandasında müxtəlif vəzifələr tutmuş onlarla adam düşür. Bununla yanaşı, islahatçı düşərgənin ən yuxarısına çatmaq cəhdləri bitmir. Məqsəd Ruhaninin özünü, sabiq xarici işlər naziri Cavad Zərifi və ölkənin sabiq vitse-prezidenti İshaq Cahangirini məsuliyyətə cəlb etməkdir.

İran Məclisinin Daxili İşlər üzrə Komitəsinin sədr müavini Məhəmməd Hüseyn Asafari sabiq prezident Ruhani və sabiq xarici işlər naziri Zərifi Vyanadakı nüvə danışıqlarında müvəffəqiyyətsizliyə uğramaqda günahlandıraraq, onların işinin məhkəməyə verilməsinə çağırıb. Hərçənd Vyana danışıqları olmadan belə, onları ittiham edəcək məqamlar çoxdur.

Həftənin əvvəlində Məclisə sabiq administrasiyanın fəaliyyətinin istintaqının nəticələri təqdim olunub. Sənədlərdə “Ruhaninin İran islam respublikasının prezidenti olduğu dövrdə qanunsuz davranışı” qeyd olunur. Bura petisiya – “Böyük İran xalqının kollektiv şikayəti” də əlavə edilib. Petisiyanı tələbələr, alimlər və cəmiyyətin müxtəlif təbəqələrindən olan yarım milyondan çox insan imzalayıb.

İttiham dəsti çox rəngarəngdir. İran valyutasının dəyərdən düşməsindən, işsizliyin və inflyasiyanın artmasından başlamış eks-prezidentin sanksiyaların ləğvini vəd etdiyi “aldadıcı nitqlər”inə qədər. “İdeoloji təxribatlar” ittihamı da unudulmayıb: petisiyanın mətnindən bəlli olur ki, Ruhani millətin mənəvi əsaslarının dağıdıcısıdır - onun siyasəti nəticəsində boşanmaların sayı çoxalıb, narkomaniya çiçəklənib, seksual cinayətlərin və ümumiyyətlə cinayətlərin sayı artıb, qumar oyunları geniş yayılıb.

Onu həmçinin “ikili vətəndaşlığı olan casuslardan aparıcı dövlət vəzifələrində yararlanmaqda, ənənəvi İran təbabətinin qarşısını almaq və ÜST-ün tələblərini qeyd-şərtsiz yerinə yetirməklə koronavirusla bağlı ölümlərin artmasına şərait yaratmaqda” ittiham edirlər.

“Düşməndən sərt qisas almağa mane olmaq, təcavüzkarın təhlükəsizliyini təmin etmək yolu ilə millətin və ölkənin təhlükəsizliyinə təhdid və hərbi təhlükə yaratmaq” - bu ittihamların da cəzası yüngül deyil. Xüsusən nəzərə alsaq ki, məhkəmə hakimiyyətinin başında İbrahim Rəisinin sadiq silahdaşı Qulamhüseyn Möhsüni-Əcai dayanır. O isə siyasi proseslərlə bağlı hökmlərdə heç vaxt yumşaqlıq göstərməyib.

Ancaq İranın siyasi düzənində ən miqyaslı, əsl tektonik çat Laricani klanının çöküşüdür. 2019-cu ildə Əli Xameneinin ən ehtimali varisi sayılan Sadıq Laricani məhkəmə hakimiyyətinin rəhbərliyindən kənarlaşdırılıb. Bu ilin sonunda Ali rəhbər Əli Xamenei onu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Şurasından uzaqlaşdıraraq əslində böyük siyasətdən kənarda qoyub.

Laricani özünün sonuncu strateji postunu itirib...

Əli Laricaninin uzun illər Məclisə rəhbərlik etmiş qardaşı prezident seçkilərinə buraxılmadı, bu günlərdə isə Xameneinin adına bəyanat yollayaraq Çinlə strateji əməkdaşlıq üzrə xüsusi nümayəndə vəzifəsindən istefa verdiyini açıqlayıb. İstefa qəbul olunub və həmin vəzifəyə hazırkı vitse-prezident Məhəmməd Möhbər təyin edilib.

Yəni, Laricani klanının bu nümayəndəsinə də İran hakimiyyətinin dəhlizlərində yer tapılmayıb. Görünür, Xamenei İranla Çinin geniş reklam olunan 25 illik strateji əməkdaşlığı layihəsinin reallaşmasında hər hansı irəliləyişin olmasını gözləməkdən yorulub.

Onun qardaşlara qarşı bir neçə cinayət işi açılıb. Onların gizlətməyə çalışdığı nələrsə var, belə ki, Sadıqın xüsusi tapşırıqları ilə işləmiş və Rəisinin istintaqından gizlənərək Rumıniyaya sığınmış hakim bu yaxınlarda pəncərədən yıxılaraq bu klanın sirlərini özü ilə aparıb.

Ola bilsin, Həsən Ruhanini həbs etməyəcəklər. Zərif və Laricani qardaşları isə ya şərti cəza, ya da qısamüddətli həbslə yaxalarını qurtaracaqlar. Ancaq İslam respublikasının siyasi landşaftı köklü şəkildə dəyişilir. Və bu Əli Xameneinin xeyir-duası ilə İbrahim Rəisinin bütün prezidentliyi müddətində davam edəcək.(Cəmal Bustani, haqqin.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar