Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçibəy İnstitutunun Azərbaycanın Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsinin 30 illiyi münasibəti ilə bağlı açıqlaması

30 il əvvəl 1991- ci ilin 18 oktyabrında Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" 1991-ci il 30 avqust tarixli Bəyannamə rəhbər tutularaq Azərbaycan xalqının dövlətçilik tarixinin ən böyük, şərəfli hadisələrindən biri olan Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu və bu Aktda müasir müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsasları təsis edildi.

Məhz 18 oktyabr 1991-ci il tarixli Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı əsas göstərilərək BMT və dünya dövlətlərinə Azərbaycan Respublikasının beynəlxalq hüququn bərabər hüquqlu subyekti, beynəlxalq aləmin üzvü kimi tanınması barədə müraciət edildi. 7 noyabr 1991-ci ildə qardaş Türkiyə Respublikasının Azərbaycanın dövlət müstəqilliyini rəsmən tanımasından başlanan müstəqilliyin tanınma sürəci bu Konstitusiya Aktına istnad edilərək həyata keçib hüquqi qüvvəyə minmiş, Azərbaycan Respublikası beynəlxalq birliyin tam hüquqlü üzvü, beynəlxalq hüququn subyekti kimi tanınmış, BMT-yə üzv qəbul edilmiş, dünya dövlətləri ilə diplomatik münasibətlər qurmuşdur.

Azərbaycanın Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana daxil olaraq, Azərbaycan Demokratik Respublikasının ərazisini zəbt etməsini, Rusiyanın müstəqil Azərbaycana silahlı təcavüzü, işğalı və ilhaqı, SSRİ dövründə Azərbaycana münasibətdə yeridilən siyasəti müstəmləkəçilik siyasəti kimi dəyərləndirdi və müasir Azərbaycan Respublikasının 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikası ilə varislik əlaqəsini təsbit etdi.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası Azərbaycan xalqının 1920-ci il aprel işğalından sonra represiya, kütləvi cəza tədbirləri, terror və çoxsaylı qurbanlara baxmayaraq fasiləsiz davam edən istiqlal mübarizəsinin yekunu olmuşdur. Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından dərhal sonra ölkə daxilində başladılmış əvvəl açıq, daha sonra gizli yürüdülən istiqlal savaşı komunist rejimi tərəfindən yatırıldıqdan və kütləvi təqiblərlə məhv edildikdən sonra müstəqilliyin bərpası uğrunda mücadilə Məhəmməd Əmin Rəsulzadə öndərliyində, Azərbaycan Demokratik Respublikası xadimlərinin rəhbərliyi ilə Azərbaycan mühacirəti tərəfindən, Azərbaycan mühacir höküməti kimi fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzi, onun leqal təşkilatları olan, M. Ə. Rəsulzadə tərəfindən yaradılmış Ankara mərkəzli Azərbaycan Kültür Dərnəyi və s. ictimai və siyasi təsisatlar tərəfindən böyük fədakarlıqla yürüdülərək davam etdirilmişdir. Mühacir Azərbaycan Höküməti -Azərbaycan Milli Mərkəzi tərəfindən koordnasiya olunan mühacirətdəki istiqlal mübarizəsi 1918-ci ildə qaldırılmış istiqlal bayrağını enməyə qoymayaraq, müstəqil Azərbaycan dövləti ideyasının və amalının yaşamasında müstəsna rol oynadı.

XX əsrin 60-cı illərin sonu 70-ci illərin əvvəllərində kommunist Sovet imperiyasının ən qüdrətli dövründə Əbülfəz Elçibəyin Bakıda milli mübarizəyə başlaması ilə istiqlal hərəkatının mərkəzi yenidən SSRİ sərhədləri daxilindəki Azərbaycana keçdi. Ə. Elçibəy SSRİ-də yaşayan xalqların, o cümlədən Azərbaycan xalqının mili dilinin, milli kadrlarının siyasi və elmi- mədəni elitadan sıxışdırılması, onların karyeraları üçün süni manelər yaradılması, milli tarixin təlim və tədris olunmaması, xalqların tarix şüurunun təhrif və təxrib edilməsi kimi vasitələrlə ruslaşdırma formasında assimiliyasiyaya uğradılıb milli varlığının məhv edilməsini göstərərək bunlara qarşı çıxıb siyasi mücadilə başlatdı. Totalitar kommunist rejiminin sovet adamlarının fikir, düşüncə və zehniyyətlərinə, hiss və duyğularına hakim kəsildiyi bir mühitdə-dövrdə Elçibəyin təbliğ etdiyi “Şimali Azərbaycan SSRİ-nin, Cənubi Azərbaycan İranın tərkibindən ayrılb müstəqil bir dövlət halında birləşməlidir; Bu dövlət tərəfindən deyil, xalq tərəfindən həll edilmə yolu ilə mümkündür; Dil milləti müəyyənləşdirən amillərdən biridir. Əgər Azərbaycan dili sıxışdırılıb aradan çıxarılarsa və Azərbaycanlıların indiki ərazisi bütov deyilsə (yəni ərazi birliyi yoxdursa) deməli azərbaycanlılar bir millət kimi təşəkkül tapmayacaq, əksinə, öz əlamətlərini itirəndən sonra özü də yox olmağa başlayacaq; Türkdilli xalqlar birləşib bir Turan dövləti yarada bilər. Onun da mərkəzi Azərbaycan olmalıdır” kimi ideyalar Azərbaycanda tələbə gənclər və ziyalılar arasında geniş yayılıb keçən əsrin 20-ci illərindən sonra ilk dəfə Azərbaycan daxilində milli hərəkatın təşkilatlanması istiqamətində təşəbbüslərə və real addımlara səbəb oldu.

Ə.Elçibəy SSRİ tipli totalitar cəmiyyətlərdə milli azadlıq, demokratiya, sosial ədalət uğrunda kütləvi hərəkatların bir biri ilə qarşılıqlı əlaqə forması və taktikası haqqında nəzəriyyəni işləyib hazırlayaraq istiqlal mübarizəsinin demokratk forma və vasitələrlə, leqal siyasi yolla kommunist totalitar rejiminin idarəçilik mexanizmlərindən də istifadə edərək aparılmasının mümkünlüyünü və zəruriliyini, milli müstəqilik və demokratik azadlıqların üzvi vəhdətdə olmaqla biri birini şərtləndirib qüvvətləndirdiyi ideyasını əsaslandıraraq bunu Azərbaycan xalq hərəkatı praktikasında dahiyanə şəkildə tətbiq etdi. Elçibəyin Azərbaycanın daxilində başlatdığı milli mübarizənin gedişində dövlət müstəqilliyi naminə milli azadlıq hərəkatı demokratik məqsədlər uğrunda hərəkatla birləşdi və milli demokratik hərəkat xarakteri kəsb etdi.

Ə. Elçibəyin Azərbaycanın dövlət müstəqilliyi ideyasını mənimsəyib bu sahədə real mübarizə meydanına atılmış gənclər və ziyalılar 80-ci illərin ikinci yarısında SSRİ-nin totalitar kommunist rejiminə, sosial-siyasi istibdada, istismara qarşı çıxaraq, demokratik hüquq və azadlıqlar, sosial ədalət uğrunda mübarizədə fəal iştirak etmiş, habelə erməni separatçılarının Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərinə qarşı milli müqavimətə qalxaraq, Azərbaycan Xalq hərəkatının formalaşıb genişlənməsində əsas rol oynayıb, bu hərəkatda aparıcı mövqe tutdular. Tariximizə Mili Dirçəliş günü kimi daxil olmuş, milyonlarla insanın cəlb olunduğu 1988-ci il 17 noyabr hərəkatı müstəqilik ideyasının yayılmasında mərhələ xarakterli əhəmiyyətli rol oynadı.

1989-cu ilin 16 iyulunda Azərbaycan Xalq Cəbhəsinin təsis konfransında, “Azərbaycan Demokratik Respublikası haqqında” “Azərbaycanın dövlət suverenliyi haqqında”, “SSRİ-də yaşayan türk xalqlarının vəziyyəti haqqında” proqram statuslu qətnamələrin qəbul edilməsi ilə Elçibəyçi Azərbaycan Xalq Cəbhəsi formalaşdı. 1988-ci ilin əvvələrində SSRİ-də gedən proseslərin təsiri nəticəsində kütləvi müstəqil ictimai-siyasi təşəbbüslərin təşkilatlandırılması forması kimi meydana gələn Azərbaycan Xalq Cəbhəsinin Elçibəy ideyalarını qəbul edib milli demokratik platformaya çevrilməsi, bu hərəkat- təşkilatın həqiqətən xəlqi, kütləvi və ümümmilli bir təşkilat və hərəkat kimi uğurlarını təmin etdi. Azərbaycanın müstəqilliyi uğrunda mübarizə ümumxalq təşkilatı tərəfindən idarə olunan və yönləndirilən mərhələyə daxil oldu.

1989-cu ilin sentyabrında Azərbaycan Xalq Cəbhəsinin təşkil etdiyi ictimai təzyiq nəticəsində Azərbaycan SSR Ali Soveti SSRİ-də Baltik respublikalarından sonra ilk dəfə olaraq respublika qanunlarının İttifaq qanunları üzərində prioritetliyini bəyan edən “Azərbaycan SSR- in iqtisadi suverenliyi haqqında” Qanunu qəbul etdi. 1990-cı ilin 20 yanvarında İmperiyanın Azərbaycana hərbi təcavüzlə törətdiyi qətliam zamanı xalqın milyonlarla Azərbaycan insanının dünyanın ən güclü ordularından birinə qarşı əliyalın müqavimətində ifadə olunmuş iradəsini əsas götürərək, öz proqram prinsiplərinə uyğun olaraq, Azərbaycan Xalq Cəbhəsi Azərbaycanın SSRİ tərkibindən çıxmaqla tam müstəqil dövlət olması uğrunda mübarizəyə başladığını elan etdi.

Totalitar idarəçilik rejiminin saxlandığı, antidemokratik şəraitdə demokratik mübarizə formalarından istifadənin nümunəsi olan 1990-cı il Ali Sovet seçkilərindən sonra tarixdə “Demokratik Blok “ kimi qalmış, əksəriyyətini Azərbaycan Xalq Cəbhəsi üzvü olan deputatların təşkil etdiyi “Müstəqil Azərbaycan” Deputat Bloku fəaliyətə başladığı ilk andan Azərbaycan Xalq Cəbhəsinin təşkilati və kütləvi aksiyalarda ifadə edilən dəstəyinə arxalanaraq SSRİ tərkibindən çıxmaqla Azərbaycanın dövlət müstəqilliyinə nail olmaq məsələsini parlament müstəvisinə gətirdi. 1991-ci ilin martında SSRİ-nin saxlanması haqqında referendum keçirilməsinə qarşı parlamentdə aparılan mübarizə, Elçibəylə birlikdə həmin deputatların bir qrupunun keçirdiyi aclıq aksiyası müstəqillik uğrunda mücadilə tariximizin parlaq səhifələrindən oldu və 43 nəfərdən ibarət bu deputatlar xalq tərəfindən istiqlalçı deputatlar adına layiq görülərək, istiqlal tarixinə yazıldılar.

1991-ci ilin avqustunda Moskvada imperiyapərəst qüvvələrin SSRİ-ni saxlamaq məqsədilə həyata keçirdikləri dövlət çevrilişi cəhdinə qarşı SSRİ-də ilk olaraq Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy Bəyanat verərək Azərbaycan xalqını demokratiyanı müdafiə etməyə və müstəqillik uğrunda açıq mübarizəyə çağırdı. Həmin günlərdə Ə. Elçibəyin liderliyində Azərbaycan Xalq Cəbhəsinin mübarizəsi və Moskvada imperiyapərəst qüvvələrin qiyamının yatırılmasından sonra yaranmış siyasi vəziyyətin təsiri altında Azərbaycan Respublikasının Ali Soveti avqustun 30-da Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Bəyannaməni qəbul edərək, dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının hazırlanıb qəbul edilməsi qərarını aldı və 18 oktyabr 1991-ci il tarixində Müstəqillik haqqında Konstitusiya Aktı qəbul edilərək Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi.

Ə.Elçibəy müstəqil Azərbaycan dövlətinin yaranmasının xalqımızın tarixində yerini, rolunu və əhəmiyyətini aşağıdakı şəkildə dəyərləndirirdi: ”Milli Azadlıq Hərəkatının indiki mərhələdə əsas nailiyyəti olan Azərbaycan Respublikası bu hərəkatın bundan sonrakı uğurlarının əsas şərti və vasitəsidir. Yəni güneyin, həm də digər yurdların taleyi həlledici şəkildə Azərbaycan Respublikasının taleyindən asılıdır. Azərbaycan Respublikası hansı dövlətin ərazisində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının milli- siyasi sərvətidir. Bu ideya hər bir azərbaycanlının şüuruna hakim olmalıdır. Güclü, inkişaf etmiş, öz vətəndaşına ləyaqətli həyat təmin edən, dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycan Respublikası qələbəmizin mənbəyidir”. 30 illik müstəqillik tarixi bu dəyərləndirmənin əyani sübutudur.

2020- ci il 44 günlük Vətən müharibəsində Azərbaycan Xalqının erməni işğalçıları üzərində tarixi zəfəri, işğal altındakı torpaqlarımızın əksər hissəsinin azad edilməsi, erməni ekspansiyasının dayandırılması və erməni faşizminin həlledici şəkildə sarsıdılması Azərbaycan Respublikasının müstəqil dövlət olması sayəsində mümkün olmuşdur. 2020-ci il müharibəsində qələbə həm də Azərbaycan xalqının dövlətqurucu, dövlət yaradan, dövlətini qoruyub saxlamağa, müdafiə etməyə, möhkəmləndirməyə qadir olan xalq kimi qüdrətini və potensialını ortaya qoymaqla, bütün dünyaya nümayiş etdirmişdir.

Elçibəy İnstitutu əziz xalqımızı dövlət müstəqilliyimizin bərpasının 30 illiyi münasibəti ilə təbrik edir və dərindən inanır ki, istiqlaliyyətini bərpa edib müstəqil dövlət qurduğu kimi, müstəqil dövlət olmanın imkan və resurslarından tam şəkildə yararlanaraq, Rəsulzadə-Elçibəy yolu ilə ən müasir mədəniyyətlər səviyyəsində inkişaf etmiş, demokratik dəyərlər və azadlıqların bərqərar olduğu, vətəndaşlarının təminatlı rifah içərisində yaşayacağı Azərbaycana da çatacaqdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar