Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Navalnı seçkinin nəticələrini şərh edib

Rusiyanın həbsdə olan müxalif lideri Aleksey Navalnı Dövlət Dumasına keçirilən son seçkinin nəticələrini şərh edib.

Müdafiəçiləri Navalnının şərhini onun “İnstagram” şəbəkəsindəki səhifəsində yerləşdiriblər.

Navalnı bildirib ki, o, tərəfdarlarının hakim Vahid Rusiya Partiyasını seçkidə zəiflətmək üçün həyat keçirdiyi taktikanı bəyənir, ancaq bu, səslərin oğurlanmasına tam mane ola da bilməyib.

Məhbus müxalif lider qeyd edib ki, baş verənlər Rusiyada demokratiya uğrunda mübarizənin uzun çəkəcəyini göstərir.

Tərəfdarlarını mübarizəni davam etdirməyə çağıran Navalnı vurğulayıb: “Harada yaşamağımızdan asılı olmayaraq bizim bir vətənimiz var. Və bu vətən uğrunda mübarizə qısa məsafəli qaçış deyil, uzun, ağır bir marafondur”.

Seçki ərəfəsində Navalnı seçiciləri hakim Vahid Rusiya Partiyasına qalib gəlmək potensialı olan namizədlərə səs verməyə çağırmışdı. O bildirmişdi ki, belə namizədlərin əksəri Kommunist Partiyasını təmsil edir. Navalnı bu taktikasını “Ağıllı səsvermə” adlandırır. Müxalif liderin bir neçə ildir işə saldığı “Ağıllı səsvermə” strategiyasının hədəfi hansı partiyanı təmsil etməsindən asılı olmayaraq Kremlin namizədi üzərində qələbə qazanmaq şansı olan adama səs verməkdir.

Həbsxanadan göndərdiyi şərhində Navalnı qeyd edib ki, “Ağıllı səsvermə” kampaniyası Dövlət Dumasına son seçkinin nəticələrinə müəyyən qədər təsir edib. Belə ki, kütləvi saxtakarlıqlara əl atılsa da, Vahid Rusiya Partiyasının seçkidə proporsional sistem üzrə qazandığı mandatların sayı Dövlət Dumasının səlahiyyət müddəti başa çatmaqda olan indiki tərkibi ilə müqayisədə azalaraq 49,8% olub.

2016-cı ilin seçkisində hakim partiya Dumada proporsional sistem üzrə səslərin 54,2%-ni qazanmışdı.

2021-ci il seçkisində kommunistlərin proporsional sistem üzrə qazandığı səslər isə 2016-cı illə müqayisədə çoxalaraq 13,3%-dən 18,9%-ə qalxıb.

Navalnı həbsxanadan göndərdiyi şərhdə bildirib: “Budəfəki kampaniyanın ən böyük faydası o oldu ki, insanların artıq Vahid Rusiya Partiyasına dəstək vermədiyi və bu partiyanı hakimiyyətdə saxlamağın seçkini saxtalaşdırmaqdan savayı bir yolu olmadığı sübuta yetirildi”.

Rusiya parlamentinin aşağı palatasında – Dövlət Dumasında seçki sentyabrın 17-19-da keçirilib. 450 nəfərlik Dumanın 225 deputatı partiya siyahıları (proporsional sistem) üzrə, 225 deputatı dairələrdən (majoritar sistemlə) seçilib. İlkin rəsmi nəticələrə görə, hakim Vahid Rusiya Partiyası ümumilikdə 324 mandata sahib çıxır. Kommunist Partiyasının Dumada 57, Ədalətli Rusiya Partiyasının 27, Liberal Demokrat Partiyasının 21, Yeni Adamlar Partiyasının 13, Vətən Partiyası, Vətəndaş Platforması Partiyası, Yüksəliş Partiyasının 1 mandatla təmsil olunacağı görünür. 5 mandatı müstəqil namizədlər götürür.

1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib. Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib. 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzalarına məhkum edilib.

Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub. Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.

“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.

2021-ci il yanvarın 17-də Almaniyadan vətənə dönən Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub. Fevralın 2-də Moskvanın Simonov Rayon Məhkəməsi Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Fevralın 20-də Moskva Şəhər Məhkəməsi cəza müddətini altı həftə azaldaraq 2 il 6 ay iki həftəyə endirib.

Navalnı cəzasını Moskva ətrafında yerləşən 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.

Aleksey Navalnı 2021-ci il yanvarın 17-də Şeremetyevo aeroportunda tutulandan bəri onun azadlığa buraxılması tələbi ilə Rusiyanın bir çox şəhərində və regionlarında kütləvi etiraz aksiyaları keçirilib.

Navalnı Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir. 2021-ci il aprelin 26-da Rusiya Baş Prokurorluğunun sanksiyası ilə fondun ofislərində axtarışlar aparılıb, qurumun işi dayandırılıb. Az sonra Moskva Şəhər Prokurorluğu Korrupsiya ilə Mübarizə Fondunun ekstremist təşkilat kimi tanınması üçün Moskva Şəhər Məhkəməsində iddia qaldırıb. İyunun 9-da məhkəmə iddianı təmin edib, qurumun ekstremsit təşkilat sayılması və ləğv edilməsi haqda qərar çıxarıb. Qərar dərhal qüvvəyə minib. Avqustun 10-da Korrupsiya ilə Mübarizə Fondu ekstremist fəaliyyət və ya terrorla məşğul olan şəxslər və təşkilatlar siyahısına daxil edilib. Avqustun 31-də fondun Rusiyada hüquq şəxs kimi fəaliyyəti rəsmən dayandırılıb.

“Ağıllı səsvermə” layihəsini Navalnı 2019-cu ildə bələdiyyə seçkiləri zamanı yaradıb. Həmin il “Ağıllı səsvermə” elektron platforması Rusiyanın hakim partiyasının Moskva Şəhər Şurasında yerlərin təxminən yarısını itirməsinə gətirib çıxarıb.

2021-ci ildə Korrupsiya ilə Mübarizə Fondunun fəaliyyəti dayandırılandan sonra Rusiya hökuməti “Ağllı səsvermə” platformasına girişi bloklayıb.(novator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar