Cümə, 22 Oktyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycana qarşı qərəzli yanaşma üzə çıxdı, Dünya Bankı “Doing Business” hesabatını dayandırdı

Dünya Bankı müxtəlif ölkələrdə biznes mühitini müəyyən edən ənənəvi illik “Doing Business” hesabatının dərcini dayandırıb və gələcəkdə bu hesabatların hazırlanmayacağını bildirib. virtualaz.org xəbər verir ki, bu Azərbaycan da daxil olmaqla bəzi ölkələrin göstəricilərinə Dünya Bankının menecerləri tərəfindən müdaxilə olunması faktlarının üzə çıxması ilə bağlıdır. Məlum olub ki, Azərbaycanın 2020-cu il üçün reytinqi qəsdən aşağı göstərilib.

“Dünya Bankının rəhbərliyi “Doing Business” hesabatının dərcini dayandırdığını bəyan edir. Biz gələcəkdə işgüzar və investisiya iqlimini qiymətləndirmək üçün yeni yanaşmalar üzərində işləyəcəyik”, deyə bankın bəyanatında bildirilir. Bəyanatda deyilir ki, hesabatın dərcinin dayandırılması “bundan əvvəlki hesabatların hazırlanmasında yol verilən pozuntularla” bağlıdır.

“Forbes” yazır ki, bu qalmaqala ABŞ-ın “WilmerHale” hüquq firmasının apardığı araşdırma səbəb olub. Araşdırma sentyabrın 15-də dərc edilib. Firmanı araşdırma aparmaq üçün Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı cəlb edib. Səbəb isə bankın menecerlərinin xüsusən də inkişaf etməkdə olan ölkələrdə islahatların ən mühüm göstəricilərindən biri hesab edilən “Doing Business” reytinqlərini redaktə etməsinə dair şübhələr olub.

Firmanın detektivləri 5 milyona yaxın sənədi, o cümlədən bankın əməkdaşlarının daxili yazışmalarını analiz ediblər, şifahi ifadələr toplayıblar. Araşdırmanın nəticəsində ortaya çıxan əsas nəticə budur ki, Dünya Bankının əməkdaşları Çinin, Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycanın 2018 və 2020-ci illər üçün göstəricilərini süni şəkildə dəyişdiriblər. (müsbət və mənfi tərəflərə,-red.)

Araşdırmada Beynəlxalq Valyuta Fondunun indiki rəhbəri Kristalina Georgiyevanın və Dünya Bankının keçmi rəhbəri Cim Yon Kimin də adları keçir.

Araşdırmada deyilir ki, Dünya Bankının rəhbərliyi “Doing Business” hesabatını hazırlayan komandaya Çinin reytinqini yüksəltmək üçün müxtəlif yollarla təzyiqlər ediblər. Bu, ona görə edilib ki, Çinin Dünya Bankının kapitalının artırılmasında mühüm rol oynayacağı gözlənilirdi.

Kristalina Georgiyeva

Detektivlər Kim, Georgiyeva, habelə Dünya Bankının Sakit Okean regionu üzrə rəhbərliyinin və Çin rəsmilərinin arasında “Doing Business 2018” hesabatının hazırlanması ərəfəsində bir sıra görüşlərin olduğunu qeydə alıblar. Məsələn, Georgiyeva ilə görüşündə Çin rəsmilərindən biri ona deyib ki, ölkəsinin apardığı islahatların “layiqincə qiymətləndiriləcəyini” gözləyir. Məhz bu görüşlər nəticəsində 2017-ci ildə “Doing Business” reytinqində 85-ci yerə geriləyən Çin 2018-ci ildə 78-ci yerə qədər irəliləyib. “Doing Business-2021” hesabatında isə Çin 31-ci yeri tutur.

2018-ci ilə dair hesabatın dərcindən sonra Georgiyeva “Doing Business” menecerlərindən biri ilə qeyri-iş saatında görüşüb. Vidalaşanda ona deyib ki, “çox qeyri-adi il idi” və menecerə “Çinlə bağlı problemin həlli üçün” minnətdarlıq edib.

Simeon Dyankov

Səudiyyə Ərəbistanına gəldikdə isə Dünya Bankının iqtisadi inkişaf üzrə keçmiş direktoru və Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyevanın müşaviri Simen Dyankov “Doing Business” komandasına bu ölkənin göstəricilərini dəyişdirmək göstərişi verib. Tapşırıb ki, İordaniya “Doing Busines 2020” hesabatında göstəricilərin yaxşılaşmasına dair ən yaxşı nəticələr göstərən ölkələr qrupunda İordaniyanı qabaqlasın və onu birincilikdən kənarlaşdırsın. Bu, öz növbəsində Birləşmiş Ərəb Əmirliklərinin də göstəricilərinin süni şəkildı dəyişdirilməsinə səbəb olub, çünki həmin ölkələr oxşar vergi sistemlərinə malikdir. Amma dəyişikliklər Birləşmiş Ərəb Əmirliklərinin ümumi reytinqinə təsir etməyib.

Araşdırmada habelə deyilir ki, Simen Dyankovun tapşırığı ilə “Doing Busness 2020” hesabatında Azərbaycanın həyata keçirdiyi üç islahat nəzərə alınmayıb.

Simeon Dyankov bolqarıstanlı iqtisadçıdır, “Doing Businesss” hesabatının konsepsiyasının müəlliflərindən biridir və 2017-2019-cu illərdə Dünya Bankında top-menecer olub.

Dünya Bankının əməkdaşları “WilmerHale” firmasının detektivlərinə bildiriblər ki, Dyankov bu ölkəyə qarşı düşməncəsinə münasibət bəsləyirdi və onun təqdim etdiyi məlumatlara inanmırdı. Simeon Dyankov özü isə bildirib ki, Azərbaycanın həyata keçirdiyi bəzi islahatların tanınmasının “Doing Business” komandasının etirazlarına baxmayaraq “dondurulması” qərarı hansısa “Özbəkistan Protokolu”na uyğun idi. Bu “protokol” isə “şübhəli görünən” islahatların tanınmasından çəkinmək barədə yazılmamış qaydaları özündə əks etdirir.

“Doing Business” komandası isə təsdiqlənmiş metodoloji prinsip şəklində “Özbəkistan Protokolu” haqda eşitmədiklərini deyiblər. “Doing Business” meneceri qeyd edib ki, Özbəkistana dair ötən ilki reytinqdə göstəricilər regional direktorun, region üzrə vitse-prezidentin, icraçı direktorun və digərlərinin kollektiv qərarı ilə “dondurulub”. Azərbaycanın islahatlarının tanınmaması barədə tapşırığı isə şəxsən Dyankov verib.

Özbəkistan ötən il “Doing Business” hesabatında 190 ölkə arasnda 69-cu yeri tutub və 2019-cu ilə nisbətən 7 pillə qalxıb.

“Doing Business 2019” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə göstərilmişdi. 2020-ci il hesabatında isə Azərbaycanın reytinqi xeyli geriləyib və 35-ci yerə enib. (İndi üzə çıxdığı kimi Simeon Dyankovun qərəzli yanaşması nəticəsində)

Xatırladaq ki, Dünya Bankı “Doing Business” hesabatını 2002-ci ildən etibarən dərc edirdi.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Şəhid mayorun xanımı ərinin il mərasiminə gedərkən qəzada həlak oldu

Ramiz Mehdiyevin kürəkəni vətəndaşın evinə basqın etdirdi...

Növbəti devalivasiya həyəcanı: Yanvardan dollar 2 manata olacaq?

Çantasından kokain çıxan azərbaycanlı qıca 176 il həbs cəzası verilib

Azərbaycanda ilahiyyatçı dövlətə xəyanətə görə həbs olundu

Tatoyan Azərbaycan-Ermənista­­n sərhədində təhlükəsizlik zonasının yaradılması təklif edib... - Məqsəd nədir?

Baş Prokurorluqdan Nərminin qan qrupu ilə bağlı açıqlama - Yenilənib

Sabiq MTN əməkdaşı: QRU Bakıdakı ali məktəblərin bəzi tələbələrini də fəaliyyətə cəlb edib və…

Qarabağdakı erməni silahlıları tərksilah edilir - "Arutunyan dedi ki, ordunu buraxacaq..."

Putin Ərdoğanın “dünya beşdən böyükdür” açıqlamasına münasibət bildirib

İran maşınları Qarabağa girməyəcək - Tehranla Bakı arasında problemlər bitdimi?..

Ən çox oxunanalar