Bakıda ət kəsim məntəqəsində sanitar qaydalara riayət edilmədiyi iddia edilir.
Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan müraciətdə qeyd olunub.
Belə ki, vətəndaş iddia edir ki, paytaxtın Xətai rayonu, Gəncə prospektində yerləşən ət kəsimi məntəqəsində siçanlar gəzişir:
“Söhbət sözügedən ünvanda “Fəridə” şadlıq evi ilə üzbəüzdə yerləşən ət kəsimi məntəqəsindən gedir. İçəridə siçanlar gəzir. Ət kəsilən masanın üzərində və yerdə natəmizlikdir. Bu şəraitdə fəaliyyət göstərilməsi insanların sağlamlığı üçün ciddi təhdiddir”.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) sorğu ünvanladıq. Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, daxil olan müraciət Agentlik tərəfindən qeydə alınıb:
“Göndərilən materiallar müvafiq şöbəyə yönləndirilib. Aidiyyəti üzrə araşdırılma başlanıb. Araşdırmaların nəticələri barədə ətraflı məlumat veriləcək”.
pia.az