Şənbə, 25 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Ayıb deyilmi? Utanmırsınızmı?!"

Naibə Hacıyeva: “Fuad Muradovun fəaliyyəti dərindən araşdırılmalıdır”

Müsahibimiz Almaniyada yaşayan sahibkar xanım, Bonn şəhərində Alman-Azərbaycan dostluq cəmiyyətinin sədri, uzun illərdir diaspora fəaliyyəti göstərərək, Avropada Azərbaycanın dövlətçilik maraqlarını müdafiə edən Naibə Hacıyevadır.

– Xoş gördük Naibə xanım. Sizin Almaniyadakı uğurlu və fədakar diaspora fəaliyyətiniz bir çoxlarına məlumdur. Son vaxtlardakı işləriniz, qarşıda dayanan planlarınız barədə nələr deyərdiniz?

– Xoş gördük, minnətdaram. Əvvəlcə, fürsətdən istifadə edərək, 44 günlük Vətən müharibəsində qazanılan böyük zəfər münasibəti ilə başda cənab Ali Baş Komandanımız, müzəffər sərkərdəmiz, xalqımızın lideri, Prezident İlham Əliyev olmaqla onun ətrafında sıx birləşərək bizlərə zəfər sevincini yaşadan əsgər və zabitlərimizi, eləcə də xalqımızı təbrik edim. Eyni zamanda, bütövlüyümüz uğrunda gözlərini belə qırpmadan canlarını fəda etmiş şəhidlərimizin əziz ruhları qarşısında baş əyir, uca Allahdan onlara rəhmət, yaxınlarına isə səbr diləyirəm. Həmçinin, Vətən üçün qəhrəmanlıqla döyüşə atılaraq yaralanmış bütün qazilərimizə Rəbbimdən tezliklə şəfa tapmalarını istəyirəm. Tanrı dövlətimizi, Prezidentimizi, xalqımızı hər zaman öz müqəddəs nəzərləri ilə hifz etsin.

Bəli, bütün dünyaya səs salan şanlı qələbəmiz sübut etdi ki, məğrur, qürurlu və güclü Azərbaycan xalqı ən çətin məqamlarda bir araya gəlməyi bacarır və bunu dünyaya bir nümunə olaraq göstərir. Qələbəmizin əsas təməllərindən biri də məhz Azərbaycançılıq faktoru oldu ki, bu da həmin yöndə aparılan siyasətin bir uğur nöqtəsidir, məntiqi nəticəsidir. Artıq Qarabağımız azaddır və cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi qarşıda bizləri daha böyük zəfərlər və qələbələr gözləyir. Və mən çox qürurluyam ki, diasporamızın bir nümayəndəsi olaraq hər zaman dövlətimizin təbliği, müdafiəsi ilə bağlı fəaliyyət göstərmişəm, bundan sonra da həmin fəaliyyətimi davam etdirəcəyəm. Hətta bir sıra hallarda fəaliyyətimə müxtəlif maneələr törədilməyə cəhdlər göstərilsə də…

- Naibə xanım, bildiyimiz qədər siz keçirilmiş sonuncu prezident seçkilərində bir sıra Avropa ölkələrində erməni lobbisinin sifarişləri əsasında milli xainlər tərəfindən aparılan əks-təbliğat kampaniyalarına qarşı təkbaşına mübarizə aparan azsaylı diaspora nümayəndələrimizdən birisiniz…

- Doğru buyurursunuz. Bilirsinizmi, mübarizə ilk əvvəl insanın içindən gəlməlidir və o, vətəninə, dövlətinə, prezidentinə qəlbən bağlı olmalı, səmimi olmalıdır. Məhz sonuncu prezident seçkilərində dövlətimizə, xalqımıza qarşı işə başlayan mənfur qüvvələr, 5-ci kolon təmsilçiləri heç bir insani dəyərlərə sığmayan hərəkətləri ilə xalqımızın adına nalayiq hərəkətləri ilə yadda qaldılar. Söz yox ki, Prezident İlham Əliyev cənablarının nüfuzu, gücü və qüdrəti artdıqca istər xarici, istərsə də daxili düşmən qüvvələr bundan narahat olurdular. Onlar yaxşı bilirdilər ki, artıq çox yaxın zamanlarda Azərbaycan Prezidenti özünün qətiyyəti və dönməz iradəsi ilə işğal altındakı torpaqlarımızı erməni işğalçılarından azad edəcək. Ona görə də, onun dövlət başçısı seçilməməsi üçün əllərindən gələn hər cür iyrənc əməllərə əl atırdılar. Bu gün də Avropanın müxtəlif şəhərlərində erməni lobbisinin təsiri altında olaraq pul-paralara satılan xainlər öz fəaliyyətlərini davam etdirirlər. Biz– milli dövlətçilik maraqlarına canla-başla xidmət göstərən diaspora nümayənləri- onlara qarşı mübarizə aparırıq. Biz- xarici ölkələrdə yaşayan diaspora fəalları isə imkan vermirik ki, dövlətimizin, ölkə başçımızın adına hər hansı mənfur əməllər həyata keçirilsin.

Qaldı ki, məni fəaliyyətimə- əgər həyata keçirdiyim iş prinsiplərimlə bağlı öyrənmək istəyirsinizsə, bu barədə istər sosial mediada, istərsə də saytlarda, qəzetlərdə kifayət qədər materiallar var. Təkcə Almaniyanın müxtəlif bölgə və şəhərlərində cənab İlham Əliyevin təbliğatını apararkən, mən və mənim ailəm dəfələrlə milli xainlərin hücum və təhdidlərinə məruz qalmışıq. Amma bütün bunlara baxmayaraq, onlara qarşı sinə gərmişik. Mən bunu öz fəaliyyətimin təbliğatı üçün deyil, məhz səmimi etiraflarım olaraq bildirirəm və bu günkü fəaliyyətimə qarşı yaradılan bəzi hallar barədə də məhz söz düşmüşkən danışmaq istərdim.

– Yəni, diasporaçılıq fəaliyyətinizə mane olanlar var?

– Düzünü desəm, haradan və nədən başlayacağımı da bilmirəm. Əslində, Azərbaycanın tanınmış ictimai-siyasi şəxsləri, millət vəkilləri ilə birgə çoxsaylı fəaliyyətlərimiz olub. Almaniyadakı müxtəlif şəhərlərdə Azərbaycana dəstək mitinqlərinin təşkilatçısı olaraq bu gün mənə dəstək olan hər bir dosta, həmkarıma öz dərin minnətdarlıqlarımı da çatdırmaq istərdim.

Lakin bununla yanaşı, bir insanın çəkdiyi zəhmətini özününküləşdirməyə gəlincə, artıq hər şey başqa cür olmağa başlayır. Təəssüf ki, şəxsən mənim diaspora fəaliyyətimə qarşı da bənzər hadisələr yaşanır və mən də bunları açıqlamaq məcburiyyətindəyəm. Dəqiq desəm, DİDK-nin rəhbəri ilə bağlı hətta, “bəlkə yenidir, səhvlərini düzəldər” deyə cox düşündüm. Lakin səhvləri düzətmək əvəzinə daha betər saymamazlıq, özündənmüştəbehlik, yaxud başqalarının çəkdikləri zəhmətlərini öz adına çıxarmaq kimi hallarla qarşılaşmağa başladıq. Axı səbrin də tükənən bir yeri olur. Bu baxımdan, xarici ölkələrdəki həyatlarının uzun illərini təmənnasiz olaraq vətəninə, dövlətinə xidmət edən, dövlətini, xalqını layiqincə təmsil edən diaspora sədrlərinə qarşı qarayaxma təşkil edən DİDK-nin sədri Fuad Muradov və ətrafındakı bəzi işçilərinə artıq durun, dayanın deyirəm.

Şəxsən mən, Hacıyeva Naibə 32 ilə yaxındır ki, Almaniyada yaşayıram. Özüm sahibkar qadın kimi Almaniyanın kecmiş paytaxti Bonn şəhərində yaşayır və fəaliyyətimi göstərirəm. Yəni, bütün fəaliyyətim uzun illərdir ki, göz qarşısındadır. Mən zamanında komitə rəhbərliyinə dəfələrlə çatdırmışdım və bu gün bir daha təkrar edirəm ki, biz Almaniyada diaspor işləri görməyə başlayarkən, sizlər məktəb partası arxasında əlifba öyrənir, heç Almaniya kimi bir dövlətin xəritədə harada yerləşdiyini belə bilmirdiniz!

Diaspora ilə iş üzrə üzrə Dövlət Komitəsini ulu öndərimiz Heydər Əliyev 2002-ci ildə ona görə qurdu ki, bu qurum dünya azərbaycanlılarının yanında olsun, onların çətinlikləri, problemləri ilə maraqlansın, birlik və həmrəyliyimizin daha da qüclənməsinə dəstək versin, lobbiçiliyimizi dünyada daha da gücləndirsin. Amma gəlin görək, bu gün dahi öndərimizin bizlərə miras buraxdığı bu əməyi, vəsiyyəti layiqincə yerinə yetirilirmi? Dövlət Komitəsinin rəhbərliyi ümumiyyətlə, haraya təhkim olunduqlarının fərqinə varırlarmı? Bəli, təkrar edirəm ki, sözüm bilavasitə Fuad Muradovadır! Çünki o, hər şeyi qarşıya qoyulan məqsədlər çərçivəsində deyil, tamamilə əksinə, tərsinə edir. Halbuki, DİDK dövlətin bir orqanıdır, Fuad Muradovun şəxsi idarəsi və ya biznes maraqlarını təmin edən ofisi deyil!

Bu baxımdan, sual yaranır ki, on illərlə xaricdə vətəni ücün calışan, ulu öndərin ideologiyası ilə yol gedən gedən, cənab Prezidentimizin hər zaman yanında olan diaspora sədrlərini özündən aralı tutan, hətta onların zəhmətlərini, əziyyətlərini mənimsəyən bu komitə sədrinin əsl məqsədi nədir?!

- Naibə xanım, siz şəxsən Fuad Muradovun fəaliyyətinə toxunursunuz və bundan öncə də ona öz iradlarınızı çatdırdığınızı söhbətimiz əsnasında bildirmisiniz. Ümumiyyətlə, DİDK-də fəaliyyət göstərən şəxslər barədə ümumilikdə hansı təəssüratlarınız var?

- Mən açıq deyirəm və ölkəmizdə fəaliyyət göstərən bir sıra məsul orqanların rəhbərlərinin diqqətinə də çatdırıram ki, Fuad Muradov ətrafında demək olar ki, ən çox dövlətimizin maraqlarını söyüb-təhqir edən, Avropada Azərbaycan dövləti və rəhbərliyinə qarşı mitinq təşkil etdirərək, ulu öndərin və cənab Prezidentin şəkillərini yerə atdıran, üstündən kecən insanları toplayır! Əgər mənim əlimdə faktlar, dəlillər olmasa idi bunları deməzdim. Amma yenə də sual edirəm, axı nəyə görə, nə ücün?! Olmaya gələcəkdə Fuad Muradov vəzifəsindən azad olunandan sonra, həmin satqınlardan, milli xəyanətkarlardan öz şəxsi maraqları üçün istifadə etmək səbəbindən belə edir?! Yəni, indidən özünü sığortalayır.

Qalib ölkənin Müzəffər Sərkərdəsinə qarşı bu gün Almaniyanın və Avropanın bir sıra şəhərlərində, sosial şəbəkələrdə kirli kampaniyalar aparanlara qarşı mübarizə aparanlar biz, Azərbaycanda oturub bu mübarizəmizi adına çıxaran isə Fuad Muradov, bunu başqa cür necə qiymətləndirə bilərik?

Bəli, biz zəfər qaznmışıq və bunu şəxsən mən pandemiyanın tüğyan etdiyi bir dövrdə bir qrup həmvətənlərimlə Almaniyanın Düsseldorf şəhərində parlament binasının qarşısında qeyd etmişəm! İnanın, belə bir çətin vəziyyətdə, qadağaların ən sərt vaxtlarında bizlər– diaspora adamları Azərbaycanımızın zəfərini, qələbəsini qeyd etmişik, aksiyalar və mitinqlər keçirmişik. Çünki Azərbaycan xalqı 30 illik işğal dövrü yaşadı. Bu 30 illik dövrə isə artıq son qoyuldu- Ali Bas Komandan, Cənab Prezidentimizin sayəsində 44 günlük müharibədə qələbə ilə torpaqlarımızı azad etdik. Bizim mənəvi borcumuz idi ki, bu qələbəni harada olmağımıza baxmayaraq qeyd edək və bunu etdik də- öz gücümüz, öz imkanımız sayəsində. DİDK isə bu məsələləri kənardan izlədi, sonra da möhtəşəm tədbirlərimizi öz adına çıxardı. Belə riyakarlıqlara son qoyulmalıdır və bu baxımdan, sizə müsahibə verərək, gerçəkliklərin, həqiqətlərin xalqa, müvafiq qurumlara çatdırılmasına çalışıram.

- Müharibə zamanında erməni lobbisi azərbaycanlılara və türk qardaşlarımıza qarşı açıq-aşkar aqressiyalar nümayiş etdirir, hətta evlərə, ofislərə, iş yerlərinə hücumlar təşkil olunurdu. Belə bir vəziyyətdə sizin fəaliyyətinizlə yanaşı, həyatınız da təhlükə altıa düşmürdümü?

- Əvvəldən də qeyd etmişdim ki, biz hər şeyi göz önünə almışdıq və nələrin baş verəcəyi bizi qorxutmurdu, çünki bilirdik ki, işimiz haqq işidir. 44 günlük müharibə zamanında isə eyni zamanda, koronavirus pandemiyasının tüğyan etdiyi bir dövrdə mənim təşkilatçılığımla 3 dəfə erməni terroruna və vandalizminə qarşı aksiyalar keçirdik, torpaqlarımızın azad olunmasının tələb etdik, “Qarabağ Azərbaycandır!” şüarı ilə böyük mitinq keçirdik. Və təsəvvürünüzə gətirin, məhz mənim təşəbbüsüm, zəhmətimlə təşkil etdiyim bu mitinqləri Fuad Muradov və dəstəsi öz adamlarının adlarına yazaraq onları təltif etdi!

Bəs bunu haraya deyək, haraya yazaq və necə qəbul edəcək əziz dostlar, qardaşlar və bacılar? Bu qədər haqsızlığa, ədalətsizliyə, özbaşınalığa qarşı susmaq olarmı?!

Mən bilavasitə əziz Prezidentimizə, möhtərəm İlham Əliyev cənablarına müraciət edirəm və bildirirəm ki, bizlərin canları, qanları, əziyyətləri hesabına dövlət mükafatları alan DİDK təmsilçiləri digər tərəfdən Azərbaycanın maraqlarına qarşı, Prezidentimizin fəaliyyətinə qarşı fəaliyyət göstərirlər. Hansı ki, o insanlar Coviddən və erməni basqınlarından qorxaraq hec bir iş görmədilər, hətta piketlər belə təşkil etmədilər. Adi bir müraciət məktubları nə idi ki, onu da hazırlayıb, Avropanın müxtəlif təşkilatlarına göndərməkdə acizlik göstərirdilər?!

Lakin mən və çevrəm Almaniyanin baş nazirinə hələ ötən ilin iyul ayında Ermənistanın işğalçılıq məqsədi ilə bağlı tötətdiyi Tovuz hadisələri haqqında məktubla müraciət etdik, mülki əhalimizin atəşə tutulmasının və Milli Qəhrəmanımız Polad Həşimovun, eləcə də mülki vətəndaşlarımızın qətlə yetirilməsi, hərbçilərimizin şəhid edilməsi və yaralanması faktlarını açıq-aşkar terrorçuluq, cinayət hadisəsi olduğunu vurğuladıq. Bütün bunların hər biri təşkilatımız tərəfindən sənədləşdirilib, protokollaşdırılıb.

Lakin mənim dövlətimin maraqları ücün gördüyüm işləri komitə sədri və işçiləri görməməzlikdən gəldilər. Komitə əməkdaşları Fuad Muradovun adından məndən peşəkar videomateriallar və şəkillər tələb etdilər. Hətta bunun üçün istənilən məbləğin ödəniləcəyi məsələsi də komitə tərəfindən vurğuladı. Mən isə onlara bu vəsaitlərin sərhəddəki əsgərlərimizə və ya onların ailəsinə ödəmələrini xahiş etdim. Şəxsən mənim üçün bu videoların üzərində yüksək səviyyədə işləmək müharibənin qızğın dövründə cox əhəmiyyətsizdir. Pandemiyanin tüğyan etdiyi və müharibənin ən ağır bir dövründə yersiz maddiyyat vəsaitlərini ayırmağı isə mənim vicdanım qətiyyən qəbul etmədi. Bütün bunlar isə komitə sədrini və bəzi məlum əməkdaşlarını qane etmədi. Yəni, heç vaxt gördüyüm işləri şouya çevirmək məqsədini daşımamışam. Bu addımım isə cənab Fuad Muradovun nədənsə xoşuna getmədi.

- Müsahibənizin əvvəlində 2016-cı ildə keçirilmiş prezident seçkiləri haqqında danışdınız, bu hadisələri daha müfəssəl olaraq xatırlada bilərsinizmi?

- Bilirsinizmi, o zaman cənab Prezidentimizə dəstək aksiyası kecirdiyimə görə məni söyüb təhqir edən, ölümlə hədələyən insanlar məhz bu gün Fuad Muradovun sevimlilərinə çevriliblər. Fuad Muradov onları önə cəkir, onların gördükləri əhəmiyyətsiz işlərini şişirdir, dövlətə yalan danışır və bu xüsusda özünün “işləyən komitə sədri” obrazını nümayiş etdirir. Mən bir daha sual edirəm ki, məqsədiniz nədir cənab komitə sədri Fuad Muradov?! Mən hec bir vaxt əqidəmi dəyişmədim və buna görəmi haqqıma girib, məni hədəfə alırsınız?! Bəli, mən hər zaman demişəm, yenə də deyirəm- hələ uşaqlıq dövründən bu günə kimi ulu öndərimiz Heydər Əliyevin və bu gün onun ideyalarını həyata keçirən cənab Prezidentimiz İlham Əliyevin fanatiyam, ömrümün sonuna kimi bu ideologiyanı, bu əqidəmi istər xaricdə, istərsə də Vətənim Azərbaycanda layiqincə təmsil edəcəyəm.

Mən cənab Fuad Muradov, sizin kimi şoumen deyiləm! Sizin sosial medialarda yazdığınız yazılar və hazırladığınız videolar isə hədsiz dərəcədə ucuz populizm və utancvericililkdir! Sizin təşkil etdiyiniz tədbirlər də, əgər onlara tədbir demək mümkündürsə, çox biabırçıdır. Bəli, sizi dövlətçilik maraqları ümumiyyətlə maraqlandırmır, cünki siz 44 günlük Vətən müharibəsi dövründə yatmışdınız və kefinizdə idiniz. Cənab Prezidentimizin, xarici işlər nazirimizin, bir cox deputatlarımızın, uşaqdan böyüyə kimi 50 milyon Azərbaycan xalqının dünyaya səs saldığı bir zaman siz yox olmuşdunuz. Birdən ayıldınız ki, sizin işinizi təsdiqləmək ücün videolar lazimdır (?!). Cənab Prezidentimizin dəmir yumruğu altında birləşib, həmrəy olduğumuz bir zamanda, Müzəffər Sərkərdəmizin “Həmrəy olaq” çağırışı zamanında bütün dünya azərbaycanlıları birləşib yürüşlər, mitinqlər keçirdilər. Siz isə bütün bunları öz adınıza yazdınız! Bu da az olmadı- biz dünya azərbaycanlılarını məhz siz, 2020 ci ildə həmrəylik günü münasibətilə keçirilən onlayn toplantı zamanında, özü də bir neçə saatın içində parçaladınız! Niyə? Hansı səbəbə görə? Kimlərin sifarişləri əsasında?

- Sizin fikrinizcə, Almaniyadakı və ümumilikdə Avropadakı diaspora təşkilatlarımızın həmrəyliyi tamamilə pozulub?

- Əlbəttə, bu belədir və bunun da günahı məhz DİDK sədrindədir. Biz, yəni mən faktlar, sübutlar olmazsa bu iddiaları irəli sürməzdim. O, bütün bunlara görə cavabını verməlidir. Bu baxımdan, mən həmin sualları məhz ona ünvanlayıram və deyirəm- bu şəxs 16 ildə komitə tərəfindən görülən işlərə kölgə salıb, sanki bu üc ildəki yarıtmaz fəaliyyəti ilə DİDK-ni özünün şəxsi ofisinə çevirib. Təsəvvürünüzə gətirin, DİDK 16 ildə gördüyü işləri və bu işlərdəki fəaliyyətimizi öz adına çıxaran Fuad Muradov fəaliyyət göstərdiyi az müddətdə çox böyük iddialarla çıxış edir. Nə qədər absurd bir düşüncə!

Bəli, mən uzun illərin təcrübəli bir diaspora sədri olaraq deyirəm- sizin gördüyünüz işlər sıfırdır! Sizin işiniz cənab Prezidentimizin qəbul etdiyi qanunlara, təkliflərə zidd çıxmaqdan ibarətdir. Əgər siz vətən və xalq üçün bir az yanımlı olsaydınız bu ağır günümüzdə Türkiyə və Şuşada tədbiri təxirə salıb, orada 5 ulduzlu hotel və restoranlara, yol xərcləri, bütün bu maddiyyati şəhid və qazilərimizin ailələrinə kecirərdiniz. Əlbəttə etməzsiniz və etmədiniz də. Bunun üçün əsl Vətən sevgisi və vicdanli olmaq lazımdır. Şüşaya 24 dövlətdən 72 nəfər apardığınız zaman nə ücün şəhid anaları, qazilərimiz, şəhid övladları aranızda yox idi? Siz Şuşada nəyi və kimə təsdiq etmək istədiniz? Niyə xarici ölkələrdə içi mən qarışıq fəaliyyət göstərən, canla-başla Vətənlərinə, dövlətlərinə, Prezident cənablarına xidmət edən diaspora üzvlərimizi kölgədə saxladınız, bu səfərə dəvət etmədiniz? Məgər bizim də Qarabağımızı, Şuşamızı ziyarət etmək hüququmuz, haqqımız yoxdurmu?!

Yaxud, şəhid ana və övladlarının, qollarını, ayaqlarını, gözlərini itirən qazilərimizin o torpaqlara getməyə haqları yox idimi?! Şəxsən mən, sizin– Fuad Muradovun o torpaqlarımıza onlarsız getməyinizi doğru hesab etmir və ən aşağı qiymətləndirirəm. Bəsdirin, vicdanla addım atın deyirəm!

Zatən, xalqımızın varlığı ilə sevdiyi, dəmir yumruğu ilə bizə qarşı çıxanları susduran Cənab Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın Şuşaya tarxi səfərləri bütün dünyaya səs salmışdır. Belə çıxır ki, siz də Prezidentimizlə eyni addımı atmaq istəyirsiniz? Cox cətin! Bunun üçün siz yenidən və dəfələrlə dünyaya gəlməniz lazımdır. Hətta bunun üçün dünyaya başqa gözlə baxmağınız da gərəkdir.

- Naibə xanım, təltiflər məsələsinə də gələk. Sizcə heç bir əməli fəaliyyət göstərməyənlərə bu komitə tərəfindən təltiflər nəyə görə verilir?

- Fuad Muradov komitəyə gələndən ən cox 5-ci kolondan olanları, şeir deyənləri, boş yerə mədhiyyələr söyləyənləri və indiyə kimi diaspora işlərində hec bir rolu olmayanları dəstəkləyir, həmcinin, onlari medallarla, müxtəlif diplomlarla təltif edir, maddiyyatla təmin edir. Görünür, bu şəxs uzun illərin diaspor sədrlərini qıcıqlandırıb dövlətə qarşı cıxarmaq istəyir və bunun üçün dövlətimizin düşmənləri ilə gizli sövdələşmələrə də gedib.

Buradan Fuad Muradova və ətrafında dolaşan şəxslərə səslənirəm- şəxsən mən və mənimlə birgə fəaliyyət göstərən həmkarlarım hər zaman dövlətimizin və xalqımızın yanında olmuşuq, bundan sonra da olacağıq. Heç də cürət edib, bizləri yolumuzdan döndərə biləcəyini də sanmasın bu adam. Bu gün məni kifayət qədər jurnalistlər də tanıyır, fəaliyyətim ölkə mediasında işıqlandırılıb və onların hər biri sübutdur, təsdiqdir və isbatdır ki, məqsədimiz birmənalı olaraq cənab Prezident İlham Əliyevə dəstək göstərməkdən ibarətdir. Xarici ölkələrdə dövlətimiz və ölkə başçımıza qarşı çıxan istənilən şəxslərə qarşı öz sözümüzü demişik, deyəcəyik də. Hətta canımızdan keçsək də, sona qədər dayanacağıq!

Fuad Muradov, sizin kimi komitə sədrləri və sizlə işləyən pula-paraya satılmış “jurnalistləriniz” məni dövlətimizə qarşı cıxara bilmədi, bundan sonra nə isə edə biləcəyinizimi düşünürsünüz? Məni kimsə həvəsdən sala bilməz və başqaları ilə səhv də salmayın. Çünki mən qalib dövlətimizin, qalib xalqımızın hec bir zaman əqidəsini dəyişməyən şərəfli övladıyam! Ulu öndərimizin tarixi kəlamı isə mənim ömürlük kredomdur – Mən fəxr edirəm ki Azerbaycanliyam!

Yeri gəlmişkən, sizin kecmiş DİDK sədri Nazim İbrahimovla fərqiniz bilirsiniz nədədir? Vaxtilə Nazim İbrahimov pis-yaxşı, əlində olan imkanları vasitəsi ilə bütün diaspora sədrləri ilə sıx əlaqə saxlayır onların təklif, tənqid, tələblərini səbrlə dinləyir, müzakirə edirdi. Bütün diaspora sədrlərini bir araya gətirib məsləhətləşmələr aparardı. Hətta müxtəlif iş adamlarını, bəzi sizin kimi nazirlərdən inciyən vətəndaşlarımızı vətənə cəkər, xalqa, dövlətə xeyir verməyə, incikliyi aradan qaldırmağa calışardı. Bəli, səhvsiz insan yoxdur və heç kim bu həyatda ideal hesab edilə bilməz. Lakin səhvləri aşkarlayıb onu düzəltmək də bir şərəf işidir. Təəssüf ki, bizlər DİDK-nin mövcud fəaliyyətində bu özəllikləri görmürük və Fuad Muradov o komitəyə nə qədər rəhbərlik edəcəksə, bir o qədər də görməyəcəyik.

- Siz, söhbətiniz əsnasında jurnalistlərin də fəaliyyətlərinə toxundunuz…

– Daha bir incə məqama da toxunmaq istərdim. Belə ki, uzun illərdir dünya azərbaycanlılarının diaspora təşkilatları ilə işləyən jurnalistlərimiz də kənarda qaldılar, nəyə görə? Niyə onların da fəaliyyətlərinə düzgün qiymət vermədiniz? Onillərdir Azərbaycanımızın adını xarici ölkələrdə təbliğ edən, dövlətimizin maraqlarını qoruyan və 44 günlük müharibədə gecə-gündüz yatmayaraq çalışan jurnalistlərimizi nə ücün təltif etmədiniz? Onların diaspor işlərində şərəflə, vicdanla işlədikləri ücünmu? Bir-iki pulla diplom alan yalançı “jurnalistləri” yanınızda tutubsunuz ki, bizi təhqir etsinlər, haqqımızda yalanlar, uydurmalar yaysınlar? Ayıb deyilmi? Utanmırsınızmı?!

Ümumiyyətlə, artıq necə deyərlər, bıçaq sümüyə dayanıb və bu qədər özbaşınalıq, işlərimizin, zəhmətlərimizin adlarına çıxarılması kimi atılan rüsvayçı addımların qarşısı alınmalıdır. Şəxsən mən, Naibə Hacıyeva bu məsələnin kökünə qədər gedəcəyəm, haqsızlıq yaradan DİDK sədri və ətrafı haqqında ifşaları ictimai rəyin diqqətinə çatdıracağam, buna şübhələri olmasın. Və sonda onu da demək istəyirəm ki, artıq dövlətimizin müvafiq orqanları DİDK-nin fəaliyyəti ilə bağlı ciddi araşdırmalara başlamalıdır, nə qədər gec deyil, sapı özümüzdən olan baltaların ifşa edilərək, qanunlar qarşısında cavab vermələrinin zamanı çatıb.(Analoq.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

ABŞ-da ard-arda anti-Azərbaycan qəralar qəbul edilir... - Bizim Minsk qrupunu tərk etməyimizin vaxtı çatmayıbmı?

Operativ Qərargahın Məlumatı: Karantin qaydaları sadələşdirildi

Eldar Həsənov prokurorun suallarını cavablandırıb

Azərbaycanda yoluxma sayı niyə azalır? - “Vaksinasiya ilə əlaqəsi yoxdur"

Köçkünlərin Zəngilana qayıdacaqları vaxt məlum oldu

Prezident “Dəmir yumruq” ifadəsinin necə yarandığını açıqlayıb

Səfir İran Ordusunun Azərbaycanla sərhəddə təlimlər keçirməsinə aydınlıq gətirib

İlham Əliyev üçtərəfli bəyanat imzalanmazdan əvvəl Putinlə danışıqlarının detallarını açıqlayıb

Daşkəsəndə itkin düşən şəxslərin minaya düşdükləri məlum olub, meyitləri tapılıb

"Sədərək Yusif" təbiəti belə məhv edir - Foto

Ən çox oxunanalar