Çərşənbə axşamı, 28 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Requiem pour presse et nation” və ya Qələminin namusunu qoruyanlara salam olsun

İstəyirsinizsə, hər birinə 5 ev, 125 medal verin. Ancaq qətiyyən elə bilməyin ki, o evlərdən, o medallardan mətbuat çıxacaq...

“Bunu görürdük ki, Hacı Zeynalabdin kimi o əsrin pəhlivanı “Həyat” qəzetinə izin hasil eləmək üçün Peterburqa padşah yanına xüsusi adam göndərməyə məcbur oldu… Bakı şəhəri, o milyonlu və mədəni Bakı şəhəri öz qəhrəman yazıçıları ilə, öz Əhmədbəy Ağayev, Əlibəy Hüseynzadə, Haşımbəy Vəzirov, Məmmədəmin Rəsulzadə, doktor Qarabəy Qarabəyov, şair Müznib, Hacı İbrahim Qasımov, Cəfər Bünyadzadə və qeyri bunlar kimi əhli-qələmləri ilə uzaqdan Tiflisə baxıb onun gündəlik “Şərqi-Rus” qəzetinə həsəd aparırdılar”. (Cəlil Məmmədquluzadə)

“Molla Nəsrəddin” jurnalının sahibliyi əlindən alınıb Baksovetin himayəsinə veriləndən sonra Cəlil Məmədquluzadənin görəcəyi iki iş qalmışdı: “Dəli yığıncağı”nı və “Xatiratım”ı qələmə almaq. İksini də yazdı. Hə, bir də 1931-də “Molla Nəsrəddin”in 25 illiyi keçiriləndə kürsüyə çıxaraq təntənəli yubiley nitqi “sallamaq” yerinə “Elə vaxtında bu işlər olub... Jurnal çıxıb.. biz də lazım olan şeylərdən yazmışıq...” – 13 kəlmə ilə bir coğrafiyanın mətbuatının qara rəngə bürünən taleyinə “requiem” deyəcəkdi.

“Dəli yığıncağı” 50 ildən sonra səhnə üzü görəcəyi kimi ədəbi mətbuat da, təxminən, eyni vaxtda nəfəs alacaqdı: 1906-da “Sizi deyib gəlmişəm” dediyi bir xalqın bəzi övladları 60 ildən sonra onun “adını deyib gələcəkdilər”. Ancaq çox sonralar məlum olacaqdı ki, bu “gəlmək” onun “gəlməyindən” deyilmiş, bu “gəlmək”də kreslo tələbi var, idarəçilərin qoltuğunun altına sığınma istəyi var, bitib-tükənmək bilməyən maddi ehtiras var...

Roman janrı kimi mətbuat da sənayeləşmənin, maariflənmənin, mədəni inkşafın tələbi idi; yəni feodalizmi geridə qoyub kapitalist münasibətlərin gətirib-gəldiyi fenomenlər idi. Coğrafiyamızda o tələbin birincisinə Mirzə Fətəli Axundzadə (həm 6 komediyası, həm də “Aldanmış kəvakib” ilə), ikincisinə isə Həsənbəy Zərdabi ən dəqiq reaksiyanı vermişdi (“Əkinçi” ilə).

Sonra “millətləşmə” prosesinin önü açılmış, Bakının o “qəhrəman” Hüseynzadəsi İstanbula gələrək 1889-cu ildə İttihad və Tərəqqi Partiyasını qurarkən Osmanlı təbəəsinə “Siz Türksünüz”- demişdi. Sonra Zərdabi, Ağaoğlu, Qaspıralı, lap sonra Yusifbəyli İstanbula gəlmişdilər. Hara və nə üçün gəlmşdilər, bilirsiniz? İstanbulun Mahmutpaşa səmtində Gəncəli Hacı Baba Məhmətzadənin karvansarayına. Məqsəd-millətləşmə prosesindən geri qalmamaq üçün yeni mətbu orqanları yaratmaq idi. Ancaq qəzet və jurnalların harada açılması məsələsi müzakirə edilmiş, bu işin mərkəzinin Bakı olması qərarlaşdırılmışdı. Ağaoğlu və Hüseynzadə Bakıya getmiş, 1905-ci ildən Qahirədən Abdulla Cövdət də oraya getməyə can atmış, Qaspıralı oraya yerləşib “millətləşmə” prosesini Bakı mətbuatı üzərindən yürütməyə can atsa da, bu, mümkün olmadığı kimi, Hüseynzadə və Ağaoğlu Stolıpin irticası tərəfindən “pantürkist” kimi damğalanınca İstanbula qayıtmaq məcburiyyətində qalmışdılar.

“Millətləşmə” prosesi həm daha dərindən, həm də daha sadə jarqonla Tiflis mərkəzli Azərbaycan mətbuatında yürüdülməyə davam etmişdi. Çar II Nikolayın 17 oktaybr 1905-ci il manifesti mətbuat sahəsində də əks-səda verər-verməz “millətləşmə” prosesi üçün misli-bərabəri olmayan bir hadisə yaşanmışdı: Ömər Faiq Nemanzadə ilə “Novruz” adlı qəzet çıxaran Cəlil Məmmədquluzadə gürcü dilində çıxan “Kukureku” jurnalında çar Nikolayın başının xoruz şəklində karikaturizə edildiyini görən kimi jurnalı alıb mətbəəyə qaçmış, “Faiq, hələ durmusan? Məgər durmalı əsrdir? Məgər durmaq olar? Məgər fürsəti fövt etməkmi olar? Burda əsrin Allahını şəkillərdə çəkirlər, onu xoruza oxşadırlar, amma bizi indiyədək qoymuyublar ki, nəinki padşahın şəklini çəkək, qoymuyublar onun ismini dua və sənasız zikr edək... Faiq, bu nədir, əsrin şahını gör nə günə salıblar?”

"“Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı". Cəlil Məmmədquluzadənin son cümləsi mətbuatın yaranmasının və yaşamasının ən əsas və vazkeçilməz şərtidir: yəni, azad mətbuat azad mühitdə yaranır, azad olmayan mühitdən azad mətbuat çıxmır, o mühitdə mətbuat azadlığından əvvəl insanların təməl hüquqları uğrunda mübarizə aparmaq qaçınılmaz olur. Və o mübarizəyə qələmiylə dəstək verən hər kəs azad mühitə gedən yolun önünü açır. Yəni, hər şeydən əvvəl, övladlarının, sonra millətinin və ən axırda bəşəriyyətin gələcəyinin yolunu hamarladır. Bundan kənarda qalan hər şey “Mətbuat” adlı fenomenin sərhədlərinə də yaxınlaşa bilməz. İstəyirsinizsə, hər birinə 5 ev, 125 medal verin. Ancaq qətiyyən elə bilməyin ki, o evlərdən, o medallardan mətbuat çıxacaq. Buna qətiyyətlə inanın ki, onlar sizi aldadırlar, aldıqları evin və medalın sayı artdıqca daha çox aldadacaqlar.

2005-ci ilin baharında AKP hökuməti Türk Cəza Qanununda dəyişikliklər edib jurnalistlərin həbsini asanlaşdırmaq istəyəndə Mətbuat Şurasının o vaxtkı sədri, gündəlik 600 min satış tirajlı “Hürriyet” qəzetinin baş yazarı, 25 ildən bəri ata-oğul münasibətində olduğumuz Oktay Ekşi kanal-kanal gəzib belə demişdi: “Hər gün səhər insanların xəbər alma azadlığını müdafiə etməkdən daha şərəfli bir şey ola bilməz. Qanun dəyişsə, hamıdan qabaq özüm həbsə girəcəyəm”.

Bəşər övladının ikinci əsas tələbi budur: insanlar hər gün səhər çörəkdən əvvəl qəzetə pul verməyə tələsirlər. Onların xəbər alma azadlığını yox etsəniz, hansı insandan, hansı millətdən, hansı bəşəriyyətdən danışa bilərsiniz? Yəni, iki şərtin ikisini də - azad mühiti yox edib insanların hər gün səhər xəbər almaq azadlığının önünə “Kibar Feyzo” filminin Maho ağasının əliylə sədd çəksəniz, nə diri mətbuatdan danışmağa kiminsə haqqı var, nə də diri millətdən.

Azad mətbuatdan vaz keçmisinizsə, hələ 1874-dəsiniz. Bizi isə “Molla Nəsrəddin”in çıxması üçün azad şərait yaratdığına görə Çar II Nikolayın ruhuna dua etməyə məcbur qoyursunuz. O “Molla Nəsrəddin”in ki, həftəlik abunə tirajı 5 min ədəd idi... O azad mühit daha sonra 1980-ci illəin ikinci yarısında gəldi: dünya ədəbiyyatının böyük qələm sahibi, professor Məmməd İsmayıl o sayədə “Gənclik” və “Молодость” fırtınaları əsdirdi, Sabir RüstəmxanlıAzərbaycan”ı yenidən oxumaq zövqünü xalqa dadızdırdı və... Nəcəf Nəcəfov “Azadlıq” fenomenini mətbuat tarixinə bəxş edərək dünyadan ayrıldı. Şeyxül-mühərririn Nəcəf bəyin əziz xatirəsi önündə baş əyərkən Məmməd İsmayılı və Sabir Rüstəmxanlını hörmətlə salamlayıram. Önlərinə verilən zaman fürsətində mətbuatı canlı və dinamik saxlaya bildiklərinə görə. Yəni, milləti diri saxlaya bildiklərinə görə... Və təbii ki, mühitin azad olmamasına rəğmən, “Qələminin namusunu qoruyanlara salam olsun”- deyirəm. Ondan başqa hər şey, mərhum Erbakan demişkən, “faso-fiso”dur.

Mayis Əlizadə (dominant.az)

pia.az


Etiket:


Digərxəbərlər

Digər yazıları

“Dövlət” məfhumunu anlamamaq, yoxsa dövləti lağa qoymaq? - “Danış, Əli, danış”

Bir vaxtlar medianı nəzarətdə saxlamış adamın 2-3 qeyri-ciddi nəfərin ümidinə qalması...

“Sədaqət”li jurnalistika, yoxsa feodalist kriteriyalar - Azərbaycan mediasının “God father”i

Kreslo, titul əldə edə bilməyən yazarların taleyi qara yazılıb 

“Requiem pour presse et nation” və ya Qələminin namusunu qoruyanlara salam olsun

Ən çox oxunanalar