Bazar, 20 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Cəsur savaşçı Nadir Cəfərovun döyüş yolu və arzuları

Vətən müharibəsində əsl rəşadət göstərən ordumuz düşmən üzərində tarixi qələbə qazandı. 44 gün davam edən savaşda Azərbaycanın böyük Zəfəri sayəsində doğma torpaqlarımız erməni faşistlərindən təmizləndi. Vətənin hər qarışı uğrunda döyüşən oğullarımız işğaldan azad olunan şəhər və kəndlərimizdə üç rəngli Azərbaycan bayrağını dalğalandırdılar. Bu möhtəşəm qələbə üçün minlərlə gənc öz həyatından keçərək Şəhidlik məqamına yüksəldi, qazilərimiz ağır yaralansalar da bir addım belə geri çəkilmədilər. Tarixi Zəfərdə savaş meydanında döyüş tapşırıqlarını yerinə yetirən hər bir igid övladımızın öz payı var.

Erməni işğalçılarına qarşı savaşda igidlik göstərən cəsur döyüşçülərdən biri də 44 günlük Vətən müharibəsinin yekununda sinəsini iki medal bəzəyən 21 yaşlı sıravi əsgər Nadir Cəfərovdur.

“And içmişdim ki, Rəşadın qanı yerdə qalmayacaq”

Nadir Əlihüseyn oğlu Cəfərov 2000-ci il noyabrın 18-də Quba şəhərində anadan olub. 2016-cı ildə Bakı Humanitar Kollecin musiqi nəzəriyyəsi şöbəsinə qəbul edilib və bu il tədris ocağını əla qiymətlərlə başa vurub.

2020-ci ilin iyulunda hərbi xidmətə çağırılan Nadir Cəfərov Ağcabədidəki N saylı hərbi hissədə qulluğa başlayıb, qısa bir zamanda bacarıqlı, nümunəvi əsgər kimi diqqət çəkib. Torpaqlarımızın azadlığı uğrunda başlayan Vətən müharibəsinin ilk günlərindən sıravi əsgər Nadir Cəfərov hərbi əməliyyatlarda fəal iştirak edib. Erməni işğalçılarına qarşı döyüşlərdə şəhidlik zirvəsinə ucalan bibisi oğlu, polkovnik-leytenant, “Canavar” ləqəbi ilə tanınan Rəşad Quliyevlə çiyin-çiyinə vuruşub: “Hər bir əsgərin borcu Vətənini göz bəbəyi kimi qorumaqdır. Mən də bütün döyüşçü yoldaşlarım kimi düşməni doğma torpaqlarımızdan çıxarmaq üçün vuruşur, komandirlərimizin əmrlərini yerinə yetirirdik. Azərbaycan Ordusu bir daha sübut etdi ki, heç bir işğalçı qüvvə onun gücü qarşısında dayana bilməz.

Sinəsini iki medal bəzəyən əsgər Nadir Cəfərov

Fəxr edirəm ki, xalqımızın qazandığı bu tarixi qələbədə bir əsgər kimi kiçik də olsa payım var. Xoşbəxtəm ki, Vətən müharibəsində azğın düşmənə qarşı döyüşlərdə, “Canavar” ləqəbli əfsanəvi komandir, polkovnik-leytenant, bibim oğlu Rəşad Quliyevlə çiyin-çiyinə vuruşmaq mənə nəsib oldu. Rəşad sanki hərb sənəti üçün doğulmuşdu, komandirə lazım olan bütün keyfiyyətlər onda var idi. Tabeçiliyində olan zabitləri, əsgərləri daim qələbəyə kökləyirdi, hər bir hərəkəti ilə bizə nümunə olurdu. Çox arzulayırdım ki, böyük qələbəmizə həsr olunan Zəfər Paradında Rəşad Quliyev də öndə addımlasın. Lakin Rəşadı paradda görmək bizə nəsib olmadı. O, Qubadlı-Cəbrayıl istiqamətində gedən döyüşləri birində şəhid oldu. Əfsanəvi komandir şəhidlik zirvəsinə yüksələn gün hamımız and içdik ki, Rəşadın və bütün şəhid silahdaşlarımızın qanı yerdə qalmayacaq. “Canavar” ləqəbli komandir Rəşad Quliyevin Cəbrayıl istiqamətində şəhid olduğu yer el arasında “Vışkanın yanı” adlanır. Oradakı qayaların birinin üzərinə bibim Mətanətin oğlu, “Canavar” ləqəbli komandir Rəşadın və öz adımı həkk etmişəm. Ordudan tərxis olunduqdan sonra Rəşadın bizə əmanət qoyub getdiyi iki gül balanı-Dərya ilə İncini həmin yerlərə aparmaq istəyirəm. Qoy igid atalarının şəhid olduğu yeri ziyarət etsinlər”.

Yenilməz Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatı çərçivəsində apardığı döyüşlərdə göstərdiyi igidliyə və şücaətə görə Nadir Əlihüseyn oğlu Cəfərov Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

“Atəş səslərini musiqi sədası əvəz etsin”


Nadir Cəfərov atası, tanınmış musiqiçi Əlihüseyn Cəfərovla

Bu gün əldə silah Vətən torpağını qoruyan Nadir Cəfərov həm də istedadlı qarmon ifaçısıdır. Onda musiqiyə marağı mərhum babası oyadıb:

“Babam Nadir Cəfərov bölgəmizdə gözəl kamança ifaçısı və pedaqoq kimi tanınırdı. Azərbaycanın görkəmli incəsənət xadimləri evimizdə tez-tez qonaq olurdular, onların söhbətlərinə qulaq asırdım. Belə bir mühitdə böyüdüyümdən lap kiçik yaşlarımdan məndə musiqiyə maraq oyandı. Amma kamançanı yox, qarmonu seçdim, atamın sənətini davam etdirmək istədim. Atam Əlihüseyn mahir qarmon ifaçısı kimi həm Azərbaycanda, həm də xarici ölkələrdə keçirilən tədbirlərdə, konsertlərdə tez-tez iştirak edir, müxtəlif telekanallara dəvət edilir. Valideyn və ilk müəllimim olaraq atam mənə hər zaman dəstək olur, məsləhətlərini verir. Atam Əlihüseynin məsləhətləri həm həyatda, həm də sənətdə hər zaman köməyimə çatır. Sevinirəm ki, döyüş meydanında da atamın başını uca etdim, qalib bir əsgər oldum, medallar aldım”.

Vətən müharibəsində şücaət göstərən əsgər Nadir Cəfərovun indi bir arzusu var-hərbi xidməti başa vurub sağ-salamat valideynlərinin, doğmalarının yanına qayıtmaq, düşmənə güllə yağdıran barmaqları ilə sevimli qarmonunu dilləndirmək: “Allaha şükürlər olsun ki, Vətənimizi erməni işğalından azad etdik, qüdrətli Azərbaycanın haqq işi qələbəmizlə başa çatdı. Qarabağda və ölkəmizin hər guşəsində bundan sonra qoy mərmi səslərini musiqi sədaları əvəz etsin”.


“Canavar” ləqəbli şəhid polkovnik-leytenant Rəşad Quliyev və əsgər Nadir Cəfərov

Biz də sənin arzuna qoşuluruq, igid və qalib əsgər. Evinə, doğmalarının yanına sağ-salamat qayıt!

Etibar CƏBRAYILOĞLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Fulya Öztürkdən Turan İbrahimova cavab: "Əlinizi vicdanınıza qoyun"

“Fulya Öztürk haqqında çəkiləcək film yersizdir” - Turan İbrahimov

Zibillikdən 400 illik rəsm əsərləri tapıldı - Polis sahibini axtarır

“Bizim problemimizi ancaq Putin həll edə bilər...”

Yeni qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

Paşinyan növbəyə dayandı, səs verdi, heç nə deməyib getdi - Yenilənib

Ən çox oxunanalar