Bazar, 20 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Netanyahunu çökdürən səbəb – “Yerusəlim Post”

Martın 23-də İsraildə keçirilmiş növbədənkənar parlament seçkisində qanunverici orqana 13 siyasi qüvvə düşdü. Baş nazir Benyamin Netanyahunun liderlik etdiyi Likud Partiyası 120 nəfərlik parlamentə 30 mandat qazandı, digər siyasi qüvvələr 4-17 arası yer götürdü. Hökumət qurmaq üçün 61 mandat lazımdır. Benyamin Netanyahunun koalisiya yaratmaq cəhdləri uğursuz oldu, nəticədə koalision hökumət qurmaq üçün mandat Gələcək Var Partiyasının lideri Yair Lapidə verildi.

Yeni parlamentdə Gələcək Var Partiyasının 17 mandatı var. Yair Lapidin koalision hökumət qurmaq üçün əsas ortağı Yeni Sağlar İttifaqıdır. Bundan başqa koalisiyaya daha 6 siyasi qüvvə qoşulur. Razılaşmaya görə, baş nazir postunu ilk iki ildə Yeni Sağlar İttifaqının lideri Naftali Bennett, növbəti iki ildə Yair Lapid tutacaq.

İsraildə 2019-cu ilin aprel ayının 9-da və sentyabr ayının 17-də keçirilmiş parlament seçkilərindən sonra hökumət qurmaq alınmamışdı. 2020-ci il martın 2-də keçirilmiş parlament seçkisindən sonra isə seçkidə önə çıxan Likud Partiyasının lideri Benyamin Netanyahu ilə müxalif blokun lideri Benni Qants hökumət formalaşdırmışdılar. Ancaq 2021-ci ilin büdcəsini qəbul edə bilmədiyi üçün dekabrın 23-də parlament yenidən buraxıldı, 2021-ci il martın 23-nə növbədənkənar seçki təyin edildi.

23 mart seçkisində parlamentə daha çox mandat qazansa da, hökumət qura bilmədiyinə görə uduzmuş sayılan 72 yaşlı Benyamin Netanyahu İsrail hökumətinə 2009-cu ildən başçılıq edir. O, 1996-1999-cu illərdə də hökumətə rəhbərlik edib.

Netanyahu niyə uduzdu? İsrailin “Yerusəlim Post” qəzetində bu mövzuda maraqlı yazı dərc edilib. “Netanyahu: İsrailin əfsanəvi baş nazirinin süqutunun səbəbi nədir?” başlıqlı məqalənin müəllifi “Yerusəlim Post”un şərhçisi Amots Asa-Eldir. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.

Bu bir tərif deyil. Hazırkı gərgin hadisələr sonda Benyamin Netanyahunun baş nazir iqamətgahından köçməsi ilə nəticələnsə belə, onun kölgəsi hələ uzun müddət, bəlkə də illərlə bizi təqib edəcək.

Hazırda Naftali Bennettlə Yair Lapid hökumət qurmaqla məşğul olsalar da, Netanyahunun dönmək şansı yenə yüksəkdir. Çünki koalisiya kövrək olacaq. İran İsrailə hücum edərsə, Netanyahu bəraət ala bilər. Bunlar Netanyahunun cin kimi atılıb şüşədən çıxmasına gətirə biləcək səbəblərdən yalnız bir qismidir.

Bəli, Netanyahu nə vaxtsa öz karyerasını bərpa edə bilər, ancaq yəqin ki, tarixçilər 2021-ci ili onun ulduzunun söndüyü dövr kimi qeyd edəcəklər.

12 il ərzində usta siyasətçi kimi koalisiyalar quran, öz opponentlərini üstələyən, rəqib və müttəfiq partiyalarla oyun oynayan sehrbaz Natanyahunun hiyləsi tükənib. Onun bioqraflarını düşündürəcək ən vacib sual Netanyahunun siyasi karyerasını tənəzüllə uğradan səbəblər olacaq.

Qüdrətli siyasətçilərin süqutu həmişə çətin prosesdir. Onlar bir qayda olaraq böyük hadisələrin və ya yeni ideyaların qurbanı olurlar.

Məsələn, ABŞ prezidenti Lindon Consonun siyasi karyerasına Vyetnam müharibəsi son qoydu. Çünki o, bu savaşı necə bitirəcəyini bilmirdi.

Oxşar taleyi Livanın baş naziri Menahem Beqin də yaşadı. O da müharibənin böyük itkilərinin qarşısını almaqda aciz qaldı.

Böyük Britaniyanın baş naziri Devid Kemeronun işini yarıda qoyan isə onun “Brexit” referendumunun nəticələri ilə razılaşmaması və buna hazırlıqlı olmaması idi.

Rusiya çarı II Nikolayın karyerasını gücünü lazımınca qiymətləndirə bilmədiyi kommunizm ideyası sona çatdırdı.

Sosialist Almaniyasının (Almaniya Demokratik Respublikasının) lideri Erik Xonneker, Rumıniya Sosialist Respublikasının rəhbəri Nikolay Çauşesku və son dövrlərin digər kommunist liderləri azadlıq hərəkatı nəticəsində devrildilər.

Benyamin Netanyahunun çökməsinin səbəbi isə xarici amillərlə bağlı deyil.

İsrailin beşinci baş naziri Qolda Meirin karyerasına 1973-cü ildəki Qiyamət Günü müharibəsi (Ərəb-İsrail müharibəsi) son qoydu. Ondan fərqli olaraq Benyamin Netanyahu Qiyamət Günü müharibəsi yaşamayıb. Həmçinin Netanyahu ABŞ prezidentlərindən Herbert Quver kimi iqtisadi fəlakətə, Corc Buş kimi “Katrin” fırtınasına tuş gəlməyib.

Netanyahu Oslo sülh prosesinin iflasa uğraması ilə üzləşib, amma bu, əks nəticə verib, ona uğur gətirib.

Netanyahunun siyasi karyerasına mənfi təsir göstərən səbəblərdən biri koronavirus pandemiyası oldu. Tarixçilər ABŞ prezidenti Donald Tramp kimi Benyamin Netanyahunu da pandemiyanın çökdürdüyünü deyəcəklər.

Netanyahunun siyasi karyerasının zəifləməsinin səbəbi onun yeni ideyalardan bəhrələnə bilməməsində deyil. Əksinə, maliyyə naziri kimi o, İsraildə əsrin kapitalist inqilabını dünyəvi tendesiyalar üzərində qura bilmişdi. Sonrakı 12 ildə isə o, baş nazir kimi ucuz ev və ərzaq tələbi ilə küçələrə çıxan minlərlə insanla qarşı-qarşıya gəlməli oldu. 2008-ci ilin maliyyə böhranından sonra Netanyahu monetar (pul-kredit) siyasətdə dəyişiklik edərək daha yumşaq kapitalizm yolunu tutmağa çalışdı.

Ona görə də Netanyahunun çökməsinin hadisələr və ya ideyalarla heç bir əlaqəsi yoxdur. Onu çökdürən səbəb onun xarakteri ilə bağlıdır.

Netanyahunun siyasi karyerasına xələl gətirən xaraker problemləri iki hissədən ibarətdir: sosial və mənəvi.

Onun şəxsən sıxışdırdığı, aşağıladığı, yaxın müttəfiqdən qatı düşmənə çevirdiyi insanların sayı inanılmaz dərəcədə çoxdur.

Yenicə formalaşan koalisiyada Netanyahunun dövründə təhsil naziri postunu tutmuş Qiedon Saar, baş nazirin ofisinin rəhbəri olmuş Aviqdor Liberman, Nazirlər Kabinetinin aparat rəhbəri işləmiş Naftali Bennett, büro rəhbəri olmuş Ayelet Şaked, maliyyə naziri postunu tutmuş Yair Lapid və hazırda müdafiə naziri olan Benni Qants da yer alır.

Bu, vaxtilə Netanyahunun uzaqlaşdırdığı və 1990-cı ildən bəri ona inamını itirmiş insanların tam siyahısı deyil. O, başçılıq etdiyi ilk hökumətdə xarici işlər naziri Devid Levini, maliyyə naziri Dan Meridoru, müdafiə naziri İshaq Mordexayı, elm naziri Benni Beqini də itirmişdi.

Son on ildə Netanyahuya inamını itirənlər elə çoxalıb ki, artıq ona inanan qalmayıb. Axı potensial tərəfdaşlar ona necə etibar etsinlər? Netanyahu göz görə-görə ötən ilin payızında Benni Qantsla səlahiyyətlərini dəyişəcəyi haqda imzaladığı müqaviləyə dönük çıxdı.

Netanyahu necə anlamayıb ki, Qiedon Saarın 30-dan çox hökumət üzvü ilə birlikdə getməsi, ondan incik düşməsi savaşa səbəb olacaq?

Naftali Bennett həyat yoldaşı haqda mənfi məlumatlar sərgiləməyə cəhd edən Netanyahunu nəyə görə bağışlamalıdır?

Benni Qants ondan xəbərsiz sülh danışıqları aparan Netanyahunu necə bağışlaya bilərdi?

Netanyahu insanlarla qeyri-adi metodlarla işləyir. Yalnız emosional xarakterə malik olan birisi durmadan insanları bu cür alçalda bilər. Əgər o, başqalarını incitməkdən utanmırdısa, heç olmasa təkəbbürlü hərəkətlərinə görə nə vaxtsa cavab verməli olduğunu anlamalıydı. Ancaq o, bunu dərk etməyi bacarmır.

Belə sosial davranış Netanyahunu nüfuzdan saldı. Mənəvi qüsurlar da elə bundan qaynaqlanır.

Həqiqətən də Benyamin Netanyahunun boqrafiyasını yazanlar üçün onun böyük xüsusiyyətləri ilə cılız xüsusiyyətlərini bir simada cəmləşdirimək çətin olacaq. Ancaq Netanyahunun süqutunun səbəbi sirr qalmayacaq. Bu bəstəboy böyük liderin siyasi karyerasının çökməsinin səbəbi ondadır ki, o, tarixə, iqtisadiyyata, diplomatiyaya çox yaxşı bələd olsa da, insanlar, ədalət və etimad barədə çox az şey bilir.

(Amots Asa-El, Mənbə: Jpost.com Tərcümə: Novator)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Fulya Öztürkdən Turan İbrahimova cavab: "Əlinizi vicdanınıza qoyun"

“Fulya Öztürk haqqında çəkiləcək film yersizdir” - Turan İbrahimov

Zibillikdən 400 illik rəsm əsərləri tapıldı - Polis sahibini axtarır

Yeni qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur

Paşinyan növbəyə dayandı, səs verdi, heç nə deməyib getdi - Yenilənib

“Ermənilərin qatili” – Köçəryan üçün gözlənilməz zərbə

Azərbaycanlı həkim: “Almaniyada xəstənin həkimə zəng vurmağa ehtiyacı yoxdur”

Ən çox oxunanalar