Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın artan təxribatları: Azərbaycan 27 sentyabrda atdığı addımı təkrarlaya bilər

Araz Aslanlı: “Yekun sülh üçün Paşinyanın və yaxud da Azərbaycanla münasibətlərin düzəlməsini istəyən bir başqasının qalib gəlməsi kifayət etmir”

Azərbaycan Ermənistanla olan sərhədlərini dəqiqləşdirməyə başladıqdan, yəni ki, delimitasiya prosesinə start verildiyi andan rəsmi İrəvan tərəfindən təxribat cəhdləri artdı. Ermənistan tərəfindən ilk gərginlik 12 mayda Qaragöl ətrafında başladı. Belə ki, Azərbaycan SSRİ xəritələrinə uyğun olaraq mövqelərini Qaragöl ətrafındakı yüksəkliklərə çəkdi. Ermənistan isə əsassız hay-küy qaldıraraq, bunu “işğal” adlandırdı. Bununla nayaşı 24-26 may tarixlərində Ermənistan atəşkəsi pozdu. Azərbaycanın KəlbəcərGədəbəy istiqaməti Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutuldu. Eyni zamanda, sərhəddən kənarda yerləşən Şuşa şəhəri yaxınlığında erməni silahlıları havaya atəş açdılar. 27-si gecə saatlarında isə Azərbaycan Ordusu tərəfindən Kəlbəcərdə erməni diversiya-təxribat qrupunun 6 terrorçusu tutuldu. Daha bir təxribat isə Ermənistan tərəfindən Naxçıvan istiqamətinin atəşə tutulması oldu. Nəticədə bir hərbçimiz yaralandı.

İkinci Qarabağ müharibəsini bitirən 9 noyabr üçtərəfli Birgə Bəyanatdan keçən 6 aydan sonra Ermənistanın təxribatları vüsət almağa başlayıb. Hələ ki, Azərbaycan tərəfi dözümlülük və səbr nümayiş etdirir. Amma ölkə başçısı səviyyəsində bildirilib ki, bu tərcibatların cavabı verilib və veriləcək. Maraqlıdır, Ermənistanın təxribatlarının arxasında nə dayanır? İşğalçı ölkə 6 aydan sonra yenidən gərginliyə meylli olmasında səbəb nədir və bu, nə ilə nəticələnə bilər?

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, politoloq Araz Aslanlı deyib ki, Ermənistanın təxribatlarının səbəbləri müxtəlifdir. Onun sözlərinə görə, təxribatları bir səbəblə bağlamaq mümkün deyil.

- Münaqişənin bir tərəfi Ermənistan, digər tərəfi Azərbaycandır. Azərbaycan mərkəzi dövləti gücləndirdikdən sonra bizim xəttə baş vermiş hadisəni dövlətin birbaşa qərarı ilə verilməsi ilə əlaqələndirmək daha rahatdır. Aydındır ki, Azərbaycanla bağlı da hansısa xarici dövlətlərin provokativ niyyətləri ola bilər. Şübhəsizdir ki, xarici dövlətlərin agenturası Azərbaycanda da var, Ermənistanda da var. Amma bizdə mərkəzi dövlət daha güclüdür. Azərbaycan Bakıdan idarə olunur. Mərkəzi dövlətimiz güclü olduğu, dövlət Bakıdan idarə edildiyi üçün atılan addımları dövlətin siyasəti ilə əlaqələndiririk. Təsadüfən ola bilər ki, kimsə özbaşına hərəkət etsin, o zaman dövlət həmin şəxsi cəzalandırır, bu cür təxribatları minumuma endirir. Ermənistan üçün bunu deyə bilmirik, orada vəziyyət fərqlidir.

- Dediyinizdən belə anlaşılır ki, Ermənistanın təxribatlarında xarici agenturanın rolu var?

- Yox, mən dedim axı, təxribatlarda bir neçə səbəb ola bilər. Əvvəlcə ümumi mənzərəyə baxmaq lazımdır. Ermənistanda illərdir – Azərbaycan ərazilərini işğal edərkən də, atəşkəs dövründə də, 44 günlük müharibə dövründə də - həm siyasi, həm də hərbi qərarların qəbulunda daxildəki qrupların maraq toqquşması baş verir. Eləcə də, atəşkəsi pozmaq, cəbhə xəttində qeyri-qanuni, beynəlxalq hüquqa zidd hərəkətlər daxildəki qrupların bir-birinə qarşı istifadə metodudur. Yəni ki, bütöv dövlət idarəçiliyi aşağıdır. Dəfələrlə görmüşük ki, seçkilərdən öncə də, seçkilərdən sonra da Ermənistan tərəfindən müxtəlif təxribatlar törədilir. Eyni zamanda, Ermənistanın daxili siyasətində və təhlükəsizlik siyasətində bir neçə xarici dövlətin ciddi təsir imkanları var. Əgər daxildəki qruplar iqtidara sahiblənmək maraqlarından hərəkət edirsə, kənar qüvvələr, xarici dövlətlər region uğrundakı mübarizə maraqlarından çıxış edirlər. Məsələn, müəyyən güclər var, fikirləşirlər ki, Cənubi Qafqaz daim münaqişə ocağı kimi qalmalıdır. Dünyada xarici qüvvələrin marağında olduğu bir neçə münaqişə ocaqları var ki, onlardan biri də Ermənistan-Azərbaycan arasındakı konfliktdir. Onlar istəyirlər ki, bu problem həll olunmasın. Yaxud da, elə qüvvələr var ki, həll olunmağını istəyirdi, amma həll prosesində özü kənarda qaldı – öz günahından, yaxud da başqa dövlətlərin daha fəal olması səbəbindən. Kənarda qaldığına görə də, qısqanclıq edir, istəmir ki, onun iştirakı olmadan burada münaqişə həll olunsun, regionun gələcəyi onun iştirakı olmadan planlaşdırılsın. Elə güclər də var ki, münaqişənin yenidən qızışmasında maraqlı deyil, amma postmünaqişə dövründə konflikt tərəflərini öz strateji müttəfiqinə çevirmək məqsədi güdürlər. Bu, dünyada çox istifadə edilmiş metoddur – baxır ki, hansı tərəfi daha çox öz tərəfinə çəkə bilər. Həmin qüvvələr görürlər ki, Azərbaycanda xarici siyasət daha sabit xəttə malikdir və fikirləşirlər ki, manipulyasiya edə biləcəkləri dövlət Ermənistandır. Hesab edirəm ki, son proseslər daha çox xarici dövlətlərin Ermənistan uğrunda gedən mübarizəsidir. Vəziyyət bu qədər mürəkkəbdir. Bu, ümumi mənzərədir. Əlbəttə, detallar da çoxdur. Ümumi mənzərəni görmədən, xırda detallardan danışmaq bəsit olardı.

- Həmin detallar hansılardır?

- Əvvəldə dediyim kimi, Ermənistanda daxildəki müəyyən qruplar var ki, onlar bir-birindən fərqli düşünürlər. Məsələn, biz 1994-cü ildəki atəşkəs elan olunanda, hesab edirdik ki, ya bu müqavilə münaqişənin sülh yolu ilə həllinə töhfə verməlidir, ya da müəyyən bir mərhələ gələr ki, Azərbaycan regional şərtləri dəyişdirər, ərazilərini güc yolu ilə azad edə bilər. Çünki 1994-cü ildə yaranmış vəziyyət qeyri-qanuni güc tətbiqi ilə baş vermişdi. Azərbaycan hesab edirdi ki, güc yolu ilə yaranmış situasiyanı elə güc yolu ilə də xeyirinə dəyişə bilər. Sülhlə həll olunmadı, ikinci variant işə düşdü, sonuc da bəllidir. Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə bitdi. Ermənistan da 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Birgə Bəyanatı elə gördü – biz 1994-cü ildə imzalanan sənədə necə yanaşmışdıqsa.

- Belə çıxır ki, Ermənistan eynilə fikirləşir ki, müharibəyə hazırlaşsın, zaman gələndə yenidən işğalçılığa can atsın...

- 44 günlük müharibə zamanı Ermənistan mənbələrini izləyirdim. Ordakı müəyyən bir qrup müharibənin davam etməsindən narahat idi. Deyirdilər ki, “artıq bitsin, nə qədər böyük iddialarla yaşayacağıq və nə qədər bunun girovu olacağıq”. Amma bunu deyənlər çox deyildi. Bir neçə fəal hissə, Paşinyanın tərəfdarları - düşünürdü ki, “biz bir çox səbəblərdən belə duruma düşmüşük, indi vaxt qazanmalıyıq”. Eləcə də, Paşinyana müxaliflər hesab edirdi ki, Paşinyanın siyasətinə görə məğlub vəziyyətdədirlər, vaxt udub, yeni fürsət gözləməlidirlər. Əgər Ermənistanda “vaxt qazanıb, yeni fürsət gözləmək” strategiyası varsa, taktiki addımlar ona xidmət etməlidir. Məqsəd vaxt qazanmaqdırsa, deməli, daimi sülh olmamalıdır, sərhəd dəqiqləşməməlidir. Azərbaycanın sərhədi dəqiqdir. Məsələ budur ki, rəsmi Bakı Ermənistan hərbçilərini müəyyən olan sərhədə doğru çıxarmaq və Azərbaycan sərhədçilərinin bütün sərhəd boyunca nəzarətini təmin etmək istəyir. Bizim üçün qeyri-müəyyən bir hal yoxdur. SSRİ dövründə respublikaların sərhədləri var idi ki, Ermənistanın işğalı ilə bu pozuldu. İndi bərpa olunur, vəssalam. Burda dəqiq olmayan nə var ki?! Qarşıdakı mərhələ Azərbaycanın bütün ərazilərində suverenliyinin tam bərpa edilməsi, Azərbaycanla Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıyaraq, sülh və əməkdaşlığı formalaşdırmaqdır. Ermənistanın təxribatlarının arxasında məhz qarşıdakı mərhələni istəməmək dayanır. Təsirli qrupların çoxu bunu istəmir, çünki dediyim kimi, “zaman qazanmaq və fürsət” strategiyası haqqında düşünürlər. Təxribatları davam etdirirlər, daxilə və xaricə də bu mesajı verirlər ki, münaqişə bitməyib. Xaricdə də münaqişənin davam etməsində maraqlı olanlara çatdırırlar ki, “narahat olmayın, münaqişə davam edir”.

Digər məsələlər də var. Növbədənkənar parlament seçkiləri olacaq, ola bilsin ki, daxildəki siyasi qruplar Azərbaycanla sərhəddəki dəqiqləşmə məsələsində bir-birinə təzyiq etmək istəsinlər. Bu da təxribatlarda rol oynayan detallardan biridir. Daha çox detallar ehtimal etmək olar. Amma mən ümumi şəkildə sadaladığım amillərin təxribatlarda rol oynadığını düşünürəm.

- Azərbaycan tərəfi təxribatlara səbr nümayiş etdirir. Məsələn, Müdafiə Nazirliyi açıqladı ki, düşmənin atəşinə cavab verilməyib. Görünür, rəsmi Bakı vəziyyəti daha da gərginləşdirmək istəmir. Sizcə, bu, doğru siyasətdirmi?

- Azərbaycan postmünaqişə dövrünə keçildiyini bəyan edir. Nəinki postmünaqişə, hətta quruculuq mərhələsinə keçilib. Həm Ermənistanın işğaldan sonrakı davranışlarını xatırlayaq, həm də Azərbaycanın ərazilərini azad etdikdən sonra atdığı addımları xatırlayaq. Ermənistan işğaldan sonra da dağıtmaqla məşğul oldu. Ermənistan işğaldan sonra da dağıtmağa, yağmalamağa davam etdi. Azərbaycan isə ərazilərini azad etdikdən dərhal sonra quruculuğa başlayıb. Yəni ki, Azərbaycanın yanaşması qurmaq, regionda əməkdaşlıq, sülhün yaranmasıdır. Rəsmi Bakının strateji xətti belədir: artıq münaqişə bitib, quruculuq olmalıdır. Azərbaycan bu quruculuğu sadəcə öz ərazilərində etmir, bütövlükdə regionun inkişafında maraqlıdır. Türkiyənin Sürix protokolları imzalanan zaman çox gözəl yanaşması vardı. Ankara bildirirdi ki, regionda sülh sadəcə Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə əldə edilə bilməz. Regional sülh bütün regionu əhatə etməlidir. Azərbaycan bu yanaşmanı davam etdirir. Ölkə başçısı İlham Əliyev Cənubi Qafqaz ölkələrinin üçtərəfli əməkdaşlığı ilə bağlı da mesaj verdi, amma altılıq formada da əməkdaşlığın mümkünlüyünü bildirdi. Üç Qafqaz ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistan, üç isə qonşu dövlətlər – Rusiya, Türkiyə və İran. Bu, çox doğrudur. Təəssüf ki, Ermənistanın aşırı və böyük iddialarından istifadə edən qüvvələr buna imkan vermirlər. Məncə, Azərbaycanın yanaşması doğrudur. Ermənistanın təxribatlarına əlbəttə, Azərbaycan qarşılıq verir, amma bu ölçülü qarşılıqdır. Ölçülü qarşılıq isə Azərbaycanın strateji məqsədlərinə doğrudur. Rəsmi BakıAzərbaycanın qalib dövlət statusuna kölgə düşməsinə imkan verir, nə də Ermənistanın təxribatlarının baş tutmasına imkan verir. Azərbaycan sərhədləri dəqiqləşdirməyə başlayanda Ermənistan bunu dünyaya fərqli şəkildə çatdırdı. Guya ki, Azərbaycan müharibəni davam etdirir, işğalçılıqla məşğuldur və s. Azərbaycan Ermənistanın bu tələsinə düşmədən çox diqqətli addımlar atır. Bununla yanaşı, demək istəyirəm ki, Ermənistanın təxribatları o həddə çata bilər ki, Azərbaycan 27 sentyabrda atdığı addımı təkrarlaya bilər.

Bir məsələni də qeyd edim ki, bizim informasiya siyasətimizdə boşluqlar var. Biz bunu İkinci Qarabağ savaşı başlayan müddətdə də gördük, hərçənd ki, sonradan vəziyyət düzəldi. Məsələ burasındadır ki, ilk məlumatı biz çatdırmalıyıq. Və informasiya müharibəsi peşəkar aparılmalıdır. Təbii ki, cənab Prezidentin vəziyyətlə bağlı xarici KİV-ə müsahibələri, yanaşmaları uğurlu oldu. Amma bütövlükdə medianın informasiya cəbhəsi zəifdir. Görüntülərin emanlından tutmuş, vəziyyəti beynəlxalq və daxili auditoriyaya çatdırmağa qədər – peşəkarlıq yoxdur. Keyfiyyət və operativliklə bağlı axsayırıq.

QafqazErmənistan müxalifəti İrəvanın mərkəzində mitinq keçirib

- Belə fikirlər var ki, Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra vəziyyət dəyişəcək. Yəni ki, yeni hökumət formalaşacaq, bundan sonra təxribatlarda da səngimə müşahidə ediləcək. Bundan sonra münasibətlərin yaxşılaşdırılması, yekun sülh üzərində çalışmalar başlayacaq. Bu yanaşma nə dərəcədə düzgündür?

- Yekun sülh üçün Paşinyanın və yaxud da Azərbaycanla münasibətlərin düzəlməsini istəyən bir başqasının qalib gəlməsi kifayət etmir. Qalib güc eyni zamanda, Ermənistandakı təxribatçı qrupların imkanlarını məhdudlaşdırmalıdır. Bunu həyata keçirmədən yekun sülh çətindir. Aydındır ki, bundan sonra uzun müddət Ermənistan İrəvandan idarə olunmayacaq. Lobbilərin, müxtəlif xarici qüvvələrin təsiri ilə idarə olunacaq. Ən azı təxribatları məhdudlaşdıra biləcək və ictimai rəyi dəyişə biləcək güc olmalıdır ki, yekun sülh çalışmaları başlasın. Yoxsa ki, levon Ter-Petrosyan 1997-ci ildə indiki Paşinyandan daha çox sosial dayaqlara malik idi. Amma daxildə elə qruplaşmalar var idi ki, sülhə mane ola bildilər. Ter-Petrosyan mərhələli həll planını qəbul edəndə ona qarşı açıq şəkildə Fransadan mesajlar verilmişdi. Bu baxımdan, hesab edirəm ki, parlament seçkilərində Paşinyan komandası, yaxud sülhdən yana olan qüvvələr qalib gəlsələr də, ona müəyyən qədər vaxt lazım olacaq ki, sülhmə mane olan qrupları məhdudlaşdırsın. Təbii, o qrupları qısa zamanda sıradan çıxarmaq mümkün olmayacaq, amma fəaliyyətlərini zəiflətmək mümkündür. Ondan sonra yekun sülh daha real olacaq. Çünki o zaman görəcəyik ki, Qafqazda sülhdə ermənilər maraqlıdır, ya yox. Məncə, Ermənistanda sülhdə maraqlı olanların sayı artıb. Xüsusən də, gənc siyasi fəallar sülhdən yanadırlar. Amma dediyim kimi, təxribatçı qruplar sülhdən yana olanlardan daha çox təsirə malikdirlər. Çünki onların xaricdən ciddi dəstəkləri var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar