Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni Ağdam necə olacaq? - Prezident açıqladı - Video

Xəbər verdiyimiz kimi, mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub.

PİA.az xəbər verir ki, “Ağ şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıqov yeni baş planı Prezident İlham Əliyevə ictimaiyyət nümayəndələrinə təqdim edib.

Həmin təqdimatın tam videosunu plan ətrafındakı müzakirələri təqdim edirik:

Ruslan Sadıqov: Cənab Prezident, Siz tapşırmışdınız ki, Ağdam şəhərinin planına rayon ictimaiyyəti ilə bir yerdə baxılsın. Çünki Ağdam rayonunun kommunikasiya, yol xətləri, dəmir yolu və vacib strukturunu təşkil edən meliorasiya xətləri bir-biri ilə vəhdət təşkil etməlidir. Ona görə də rayonun işğaldan azad olunmuş 70 min 900 hektarlıq bu hissəsinə baxılmış, eyni zamanda, onun coğrafi şəraiti nəzərdən keçirilmiş, iqlim şəraiti burada əks etdirilmişdir. İqlim şəraitinə görə burada hansı bitkilər əkilə bilər, hansı kənd təsərrüfatı məhsulları yetişdirilə bilər. Bunun əsasında ictimaiyyətlə, administrasiya ilə bir yerdə 71 kəndi daha rahat, daha uyğun qurmaq üçün 33 kənd layihələndirilib.

Prezident İlham Əliyev: Birinci mərhələdə olacaq. Birinci mərhələdə 33 kənd müəyyən olunub, bəzi kəndlər isə birləşəcək. Ondan sonrakı mərhələdə qalan kəndlər də tədricən bərpa ediləcək. Amma biz əsas planımızı 33 kəndin ətrafında qurmuşuq.

Ruslan Sadıqov: Burada ilkin islahatlar kənd təsərrüfatı torpaqları ilə bağlıdır. İslahatlara əsasən, təqribən 25 sotdan nəzərdə tutulub, Sizin icazənizlə 18 sotdan insanların hər birinə həyətyanı sahə müəyyən olunub. O biri rayonlara baxanda bu, yüksək rəqəmdir, Siz bunu tövsiyə etmisiniz. Bunları təmin edəndən sonra Sizin tapşırığınıza uyğun olaraq, investorların cəlb edilməsi və Ağdamın müasir kənd təsərrüfatı növlərinin inkişafını təmin etmək üçün 10, 50 hektarlıq 200 müasir fermer təsərrüfatı nəzərdə tutulub. Yerdə qalan dövlət torpaqlarında isə 50,100 hektarlıq 50 müasir fermer təsərrüfatının yaradılması nəzərdə tutulub. Eyni zamanda, Sizin tapşırığınıza uyğun olaraq, ilk böyük müəssisələr artıq ilk gündən gəliblər və burada əkin işləri aparırlar ki, əkin sahələri boş qalmasın. 1500, 3000, 4000 hektarlıq bir neçə iri, müasir təsərrüfatlar da yaradılacaq.

Prezident İlham Əliyev: Ağdamlı sahibkarlar da bunu indi eşidirlər. Gəlsinlər təkliflərini versinlər ki, burada bir qarış torpaq da boş qalmasın.

Ruslan Sadıqov: Təşəkkür edirik, cənab Prezident. Bu slayda biz fikir versək, burada kəndlərin birləşməsi nəzərdə tutulub. Bunlar elə formada birləşdirilib ki, gələcək meliorasiya kanallarının suyu bərpa olandan sonra meliorasiya strukturu kəndlərin yollarına və suyun axınına uyğun olsun, bir-birinə mane olmasın. Bu kəndləri görürsünüz, artıq Ağdam rayonunun orta hissəsində Xaçınçaydan Qarqarçayadək olan ərazini burada illüstrativ nümayiş etdiririk. Bu kəndlər bu formada birləşir və yerdə qalan dövlət torpaqları da bir ayrı formada olacaq. Kəndlərarası yolların hamısının arasında qalan yerlərdə meşə zonaları yaradılacaq ki, Ağdam şəhərində yaşıllıqlar bərpa olunsun. Kəndlər bölünəndə elə bölünüb ki, cənab Prezident, böyük hissələr 150 hektardır, biz o hissələri daha kiçik - 25 hektarlıq hissələrə bölə bilərik. Ailəyə düşən paya uyğun olaraq biz onları 4 hektarlıq, 5 hektarlıq, bir ailəyə 18 sot necə ki, deyilmişdi, elə qurulacaq ki, gələcək su xətləri artıq kənd tikilib tikilməyib, o xətlərimizin yeri bəllidir.

Prezident İlham Əliyev: Hər kəsin də suyu olacaq?

Ruslan Sadıqov: Bəli, ola bilər ki, meliorasiya xətləri 2-3 il sonra qurulsun, artıq onların planları uyğun olacaq və heç kəsə də mane olmayacaq. Yeni sistem üzrə, burada bu şəkildə görünür, hər bir həyətin önündə suları, meliorasiya suları olacaq. Bu, imkan verəcək ki, Ağdam rayonunun sakinləri istəsələr həm intensiv təsərrüfat qura, həm də dədə-baba qaydası ilə də öz işlərini apara bilərlər.

Prezident İlham Əliyev: Mən deyirəm, bu şəhər və bütöv rayon dünya üçün nümunə olacaq.

Ruslan Sadıqov: Cənab Prezident, şəhərə gəldikdə, şəhər əsasən öz tarixi hüdudlarında götürülüb, tarixi hüdudlarından başqa bir neçə kənd də ona birləşdirilib.

Prezident İlham Əliyev: Şəhərə hansı kəndlər birləşib?

İctimaiyyət nümayəndələri: Səkkiz kənd birləşdirilib, deməli, Ətyeməzli, Qaraqaşlı, Xıdırlı, Sarıhacılı, Çuxurməhlə, Qarazeynallı. Cənab Prezident, o kəndlərdə şəhər ənənəsi var.

Prezident İlham Əliyev: Onlar bitişikdir?

Ruslan Sadıqov: Bəli. Ağdam şəhərinin əhalisi 36 min nəfər olub. Birləşdirilən kəndlərlə və əhalinin artımını da nəzərə alsaq 50 mindən yuxarıdır. Sizin tapşırığınıza uyğun olaraq, şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb. İnanırıq ki, Ağdam Azərbaycanın böyük sənaye, turizm şəhərlərindən biri olacaq və tapşırığınıza uyğun olaraq hər bir aspekt nəzərə alınıb. Şəhərin özünə gəldikdə, ətrafı bağlarla əhatə olunub, intensiv, müasir bağlarla. Turistlər, yaxud da yerli sakinlər şəhərə yaxınlaşanda onun ətrafında ən müasir bağlar görəcəklər. O bağlarda kiçik müəssisələr, turizm obyektləri, 8-12-20 yerlik otellər ola bilər ki, şəhərə gələn qonaqlar kənara çıxmadan bağ-bağatın içində o otellərdə qala bilsinlər. Maraqlı mənzərə olacaq. Bitkilər elə seçilib ki, lavanda bitkisi kimi gül açanlar, badam bitkisi, digər bitkilər, çiçəklənən olsunlar. Yaz gələndə Ağdam hər ay dəyişən çiçəklərin əhatəsində olacaq.

Cənab Prezident, Ağdamın xüsusiyyətlərini nəzərə alaraq bilirik ki, Şahbulaq şəhər ətrafında ən gözəl, tanınmış yerlərdən biridir, həm tarixi, həm də görməli yerdir. Ona görə də şəhərin ətrafı belə qurulmuşdur ki, şimala doğru ətrafında bağlar salına-salına Şahbulaq qalasına və Xaçınçaya qədər getmiş olacaq, oradan da Sizin tapşırığınıza uyğun olaraq yaradılacaq atçılıq zavodunun yerləşəcəyi Eyvazxanbəyli kəndinə. Beləliklə, Ağdama gələn qonaqlarımız Şahbulağı seyr edə biləcək, qalanın daxilində tarixi hissə, muzeylər olacaq. Elə indi də insanlar gəlib buranı seyr edirlər, artıq muzey marşrutu kimi qurulub, hər yerdə nişanlar, göstəricilər qoyulub, minadan xeyli təmizləmə işləri görülüb və qonaqlar da buraya artıq turist kimi gəlirlər.

Prezident İlham Əliyev: Atçılıq kompleksini biz Ağcabədidə qurduq, bilirsiniz, amma birini də burada quracağıq, öz tarixi yerində.

Ruslan Sadıqov: Ona görə buraya gedən yollar diqqətdə saxlanılır və ətrafında bağlar salınacaq ki, o yollara xüsusi gözəllik versin.

Burada dünya şəhərlərinin şəbəkələrinin təhlili verilib. Bu, dünyanın ən gözəl şəhərləri necə qurulub, onların şəbəkələridir, onların küçə enləridir, görünüşləridir, bölünüşləridir, parklarıdır, nəqliyyat vasitələridir. Biz burada 813 minlik, 6 milyonluq, 2 milyonluq, eyni zamanda, 90 minlik, 350 minlik şəhərləri görə bilirik. Bu, Ağdam şəhərinin əvvəlki planıdır və bu şəbəkəni onun əsasında qurmuşuq ki, özünəməxsus gözəlliyi olsun.

Prezident İlham Əliyev: Yaşıl enerji növləri, “ağıllı şəhər”, bu təqdimat var? O avtobuslarla bağlı, o tramvaylarla bağlı?

Ruslan Sadıqov: Bəli, hamısı var. İctimaiyyətə də böyük məmnuniyyətlə bildirmək istəyirik ki, Sizin tapşırığınıza uyğun olaraq, Birləşmiş Millətlər Təşkilatının UNICEF qurumu “Ağıllı və dayanıqlı şəhərin müddəaları haqqında” kitabça buraxıb, onun 18 müddəası var. İT şəbəkəsindən tutmuş turizm və yaşıllıq zonaları, nəqliyyat - onların hamısı burada vəhdət halında əksini tapıb, hər biri də nəzərə alınacaq.

Prezident İlham Əliyev: Burada da müqayisə göstərilib?

Ruslan Sadıqov: Bəli, müqayisədir, şəhərlərin sıxlığıdır. Bunlar dünya şəhərləridir. Burada onların sıxlığı göstərilib. Burada isə bizim kəndlər və Ağdam şəhəri öz yerini tutur. Təkcə Gəncə və Sumqayıt şəhərləri Ağdamdan sıx olacaq.

Prezident İlham Əliyev: Amma ərazi baxımından Sumqayıtdan böyük olacaq?

Ruslan Sadıqov: Ərazi baxımından Sumqayıtdan böyük olacaq. Cənab Prezident, 1700 hektar götürülməsinə baxmayaraq, biz sıxlığı təhlil edəndə gördük ki, məsələn, Berlin kimi şəhərdə sıxlıq 1 vahid təşkil edir. O, kifayət qədər yaşıl şəhərdir. Ondan az olanda nəqliyyat üçün ərazilər bir qədər böyüyür. Ona görə də Sizin məsləhətinizlə qərar verdik ki, o 1700 hektarın içində də bəzi əraziləri bağlara verək ki, bir balaca sıxlıq olsun.

Prezident İlham Əliyev: Vaxtilə Ağdam şəhərinin ərazisi 700-800 hektar idi. İndi iki dəfə böyüdürük.

Ruslan Sadıqov: Bəli, sənaye zonası da nəzərdə tutulub. Gələcək nəqliyyat zonalarında hamısı vəhdət təşkil edir. Burada yüksəkmərtəbəli binalar olacaq. Ağdam şəhərinin ərazisinin 30 faizi əhalinin 70 faizini əhatə edəcək. Əhalinin 30 faiz fərdi evlərdə yaşayacaq. Ağdamda 1750 fərdi ev, 23 min mənzil olacaq, 100 min də əhalimiz. Ən sıx yeri mərkəz olacaq. Bu, artıq Baş Planın özüdür.

Prezident İlham Əliyev: Bu, Bərdə yoludur?

Ruslan Sadıqov: Bəli, bu, Bərdə yoludur. İlk dağdağan ağacı əkdiniz, burada dağdağan ağacları çox möhtəşəmdir, gözəldir. Söküntülər aparanda bu dağdağanların hər birini qoruyuruq. Meşə parkını tez açdıq ki, imkan olduqca onları əkməyə yerimiz olsun. Buradan yararlı ağacları götürüb hamısını parka köçürəcəyik.

Prezident İlham Əliyev: Dediyim park budur, 125 hektar, uzun şəhər parkı?

Ruslan Sadıqov: Bəli. Adını çəkdiyimiz kanal da buradan keçir. Biz o kanalı elə yönəltmişik ki, ətrafında evlər də olsun.

Prezident İlham Əliyev: Kanal şəhərin içindən çay kimi axacaq?

Ruslan Sadıqov: Bəli, meliorasiya layihələrinə görə, orada həmişə su olacaq, bəzi anlarda iti axacaq, bəzi anlarda zəif. İnsanlar bu 2 kilometrlik məsafədə qayıqlarla gəzə biləcəklər.

Prezident İlham Əliyev: Bulvar kimi gəzinti və qayıqlar?

Ruslan Sadıqov: Bəli, indi o haqda da məlumat verəcəyik və oradan buraya iki kilometrlik məsafəni qayıqlarla gələcəklər. Bilirik ki, ağdamlıların gözəl mətbəxləri var, onların mətbəxinə hər kəs qonaq olmaq istəyir, burada o tipli istirahət zonaları nəzərdə tutulacaq. Bu, nəzərdə tutulan tarixi mərkəzdir. Bu isə açıq səma altında işğal muzeyidir. Bu biri isə məsciddir. Məscidin qarşı tərəfində qədim Ağdam üslubunda yaradılacaq kvartal olacaq. Bura 1 nömrəli məktəbin yeridir və 4 hektarlıq mərkəzi park məscidin yanında idi, ora işğal muzeyi kimi saxlanıldığından park buraya keçirilir. Bura isə möhtəşəm Bərdə-Ağdam yolunun girişidir. Ağdamlıların böyük xatirəsi olan “Fərhad Bisütun dağını çapır” heykəl kompozisiyasını bərpa etmək fikrimiz var. Gördüyümüz bu park şəhərin ən gözəl ərazisi olacaq, artıq torpaq işləri görülür.

Prezident İlham Əliyev: Burada da biri olacaq.

Ruslan Sadıqov: Parklar çoxdur, cənab Prezident. Adətən şəhərlərdə 15 faiz yaşıllıq olur, burada meşə zolaqlarına görə 23 faizə çatacaq. Bu da bizim “dayanıqlı şəhər”, “ağıllı şəhər” prinsiplərinin əsaslarından biridir. Ümumiyyətlə, burada qurulan mexanizm barədə əlavə məlumat verəcəyik. Üstünlük əsasən piyadalara veriləcək. Sosial infrastruktur, məktəblər elə qurulub ki, insanlar hər yerdən oraya piyada getsinlər.

Prezident İlham Əliyev: İnsanlar piyada istənilən yerə çata bilərlər?

Ruslan Sadıqov: Bəli, istənilən yerə. Bütün yollarda, - indi yol sxemlərini də göstərəcəyik, - velosiped yolları nəzərdə tutulub ki, insanlar velosipeddən istifadə etsinlər. Çünki bilirik ki, böyük şəhərlərdə hərəkətsizlik artıq aktual bir məsələdir.

Prezident İlham Əliyev: Ekoloji tarazlıq da mütləq maksimum qorunmalıdır.

Ruslan Sadıqov: Bəli, faizlər barədə Sizə əlavə məlumat verəcəyik. Nəqliyyat infrastrukturu - piyadalar birincidir, fərdi velosiped vasitələri ikincidir, ictimai nəqliyyat üçüncü yeri tutur. Sizin tapşırığınıza uyğun olaraq, elektriklə işləyən yeni tramvay xətləri də nəzərdə tutulub, relslər olmadan təkərlər üzərində hərəkət edəcək.

Prezident İlham Əliyev: Tramvaylar ölkəmizdə hələ heç yerdə yoxdur, özü də elektriklə işləyən.

Ruslan Sadıqov: Cənab Prezident, bu tramvay dairə ilə hərəkət edəcək, bu dairənin ortasında 60 metrlik yol olacaq. Bu yol Sizin təməlini qoyduğunuz ilk yaşayış kvartalından başlayır və gəlib administrativ mərkəzə çıxır. Mərkəzdə yeni meydan qurulacaq, o meydanın tribunası olacaq, şəhər administrasiyası yerləşəcək və qarşısında da konqres hol olacaq.

Prezident İlham Əliyev: Kütləvi tədbirlər, paradlar, konqres hol.

Ruslan Sadıqov: Bəli, kütləvi tədbirlər, sərgilər, ola bilər kənd təsərrüfatı sərgiləri, turizm sərgiləri təşkil edilsin. Ağdam şəhərinin yanında bir hündürlük var, o hündürlüyü isə Dağüstü park kimi istifadə etmək olar. Orada açıq teatr nəzərdə tutulub ki, Ağdamda təşkil olunacaq muğam konsertlərinin sədaları bütün şəhəri bürüsün.

Təhsil Nazirliyinin təklifi ilə 15 məktəb layihəsi verilib. Sizin göstərişinizlə Qarabağ Universitetinin yaradılması nəzərdə tutulur. Universitetdən əlavə, xüsusi orta təhsil müəssisələri və liseylər yaradılacaq.

Prezident İlham Əliyev: Ağdam bütün Qarabağın təhsil mərkəzi olacaq.

Ruslan Sadıqov: Gələcək investorlar da xüsusi məktəb inşa etmək istəyirlər. Onlar da istəsələr gəlib burada kamplarını qura bilərlər, tələbələrimiz gedib orada-burada qalmaqdansa, özləri gözəl Ağdamda, Şuşaya çox yaxın tarixi bir yerdə təhsillərini ala bilərlər. Bu hissədə isə Sizin tapşırığınıza əsasən stadion nəzərdə tutulub. Stadionun tamaşaçı tutumu 30 min nəfərdən çox olacaq. Stadion müəyyən standartlara uyğun gəlməlidir ki, burada oyunlar keçirilə bilsin.

Prezident İlham Əliyev: Adı İmarət olacaq. Amma İmarəti də biz yenidən bərpa edəcəyik. Çünki o, cıdır kimi nəzərdə tutulmuşdu, ona görə biz onu elə cıdır formasına salacağıq.

Ruslan Sadıqov: Bəli, düşünürəm ki, Pənahəli xanın İmarət sarayı Ağdamın, ümumiyyətlə, Azərbaycanın ziyarətgahlarından biri olacaq. Sizin tapşırığınıza uyğun olaraq, layihələr hazırlanıb. Düşünürəm ki, çox möhtəşəm turizm obyektinə çevriləcəkdir.

Prezident İlham Əliyev: Dəmir yolu vağzalı?

Ruslan Sadıqov: Bəli, şəhərin şərqində yerləşdirilib. Vağzala gedən yollarda iri müəssisələr, bir-iki mərtəbəli ticarət obyektləri yaradılacaq ki, şəhərin içində böyük müəssisələr olmasın, onlar o yolda yerləşdirilsin. Ağıllı və dayanıqlı sosial infrastruktur elə qurulub ki, burada məktəblər, sosial xidmətlər, tibb müəssisələri, parklar, şəhər meydanı - bunlar hamısı vəhdət təşkil edir və bir-birinin yaxınlığındadır. Uşaq məktəblərinin əlçatanlığı burada dairələrlə göstərilib, hamısı 300-350 metr məsafədədir. İnsanın hansı nöqtədə yaşamasından asılı olmayaraq, 300-350 metrliyində məktəb olacaq.

Prezident İlham Əliyev: Piyada gedəcək?

Ruslan Sadıqov: Bəli, piyada gedəcək. Bu da ictimai nəqliyyatdan, şəxsi nəqliyyatdan istifadənin sayını minimuma endirmək üçün nəzərdə tutulub. Burada şəhər parklarının əhatə dairəsi də verilib. İnsan evindən çıxarkən 400 metrdən bir istirahət parkına çatmış olacaq. Bu da ictimai məkanlardır.

Prezident İlham Əliyev: Yaşamaq üçün əsl şəhər olacaqdır.

Ruslan Sadıqov: Ağıllı və dayanıqlı şəhər, ictimai nəqliyyat. Siz artıq bu haqda dediniz - birinci piyadalardır, ikinci velosiped, sonra ictimai nəqliyyatdır, ondan sonra isə taksi və “Carsharing”. Bilirsiniz, insanlar maşınlarını bölüşürlər. Sifarişlə “Smart mobility” və yaxud elektrik samakatları var, gənclər buna çox üstünlük verirlər, şəhərimizin özündə də bunu görə bilirik. Bunun üçün ayrıca şərait və infrastruktur olacaq ki, insanlar yola çıxmadan velosipeddən təhlükəsiz, rahat istifadə edə bilsinlər. Piyadalar onlara, onlar isə piyadalara mane olmayacaqlar. Bu, ağıllı və dayanıqlı şəhərin müddəalarının ən vaciblərindən biridir, hansı ki, ekologiyaya da təsir edir, insanların yaşayış səviyyəsinə də. 79 kilometr velosiped yolu nəzərdə tutulub. Bu, həmin o dediyimiz elektrik tramvayıdır.

Prezident İlham Əliyev: Relsi yoxdur da?

Ruslan Sadıqov: Xeyr, bunun relsi yoxdur. Bu, birinci dairədir, hansı ki, ilkin mərhələdə olacaq. Bu, ikinci dairədir. Allah qoysa, şəhər əhalisi 100 min nəfərə çatanda üçüncü dairə kimi də əlavə avtobus nəqliyyatı nəzərdə tutulub.

Bu, yolların infrastrukturudur, cənab Prezident. Biz görürük ki, ən enli yol - tramvay xətti prospekti 60 metrlikdir. Burada piyada yolları, velosiped yolları var. Tramvay və avtomobil yolları buraya aid edilmir.

Prezident İlham Əliyev: Ayrıca xətdir?

Ruslan Sadıqov: Bəli, ayrıca xətdir. Deməli, avtomobil sıxışdırılıb ortaya salınıb ki, onlar gediş-gəlişdə piyadalara heç cür təsir etməsin.

Prezident İlham Əliyev: Bütün şəhərlərdə adətən tramvay avtomobil yolunun ortası ilə gedir və bu, bir qədər təhlükə yaradır, amma burada ayrıca xətt olacaq.

Ruslan Sadıqov: Bəli, bu, ayrıca xətdir, dayanacaqlar olacaq, insanlar oradan tramvaya minib gedəcəklər. Bu, şəxsi avtomobillərə, trafikə təsir etməyəcək. Bu 60 metrlik yol Portuqaliyanın Lissabon şəhərindəkinə oxşar olacaq, səkiləri çox enlidir. Bunlar yol kəsişmələridir, ən kiçik yollarımız isə 20 metrlikdir. Onların da strukturu verilib. Hamısında da velosiped yolları nəzərdə tutulub.

Sizə məruzə etmək istəyirəm ki, “Azərenerji” tərəfindən artıq yüksək gərginlikli xətt çəkilir. “Azərişıq” tərəfindən artıq müvəqqəti xətlər buraya gətirilib, 2 yarımstansiyanın yeri artıq müəyyən olunub, onlar yaxın günlərdə istifadəyə veriləcək. Su mənbələri müəyyən olunur. Şəhərin qərbindəki su mənbələrindən təqribən 500 metrlik hündürlükdən anbara vurulacaq və buradan özü öz təzyiqi ilə axacaq. Dairəvi xətt suda da qurulacaq ki, hər bir evdə əlavə mühərriklərə, motor sistemlərinə ehtiyac olmadan su təzyiqləri təmin edilsin. Bu da yenə ağıllı və dayanıqlı şəhər müddəalarına uyğun bir işdir. Bunlar isə Ağdam şəhərində tikiləcək bina nümunələridir. Əlbəttə, bu, ola bilər ki, bu və ya digər formada müxtəlif olsun, amma ilk görünüşdə bu, şəhərətrafı bağlardır, hansı ki, haqqında Sizə məruzə etdim, bax belə təsərrüfatlardır.

Prezident İlham Əliyev: Kənd təsərrüfatı?

Ruslan Sadıqov: Bəli, şəhərətrafı. Şəhərətrafı ola bilər ki, çox güman Ağdamın bütün kəndləri elə olacaq. Çünki onların hamısının, kəndlərin də bölgüləri o sistemlə verilib. Ağdamın özünəməxsus çox gözəl daşı var. Söküntülərdən yığılan o daşlar üçün müəyyən yer ayırmışıq, oraya yığmışıq. Hələ ki, karxanalardan istifadə olunmasa da, biz Ağdamda, məsələn, açıq səma altında işğal muzeyinə, - artıq o layihədə nəzərdə tutulub, - o daş xüsusi gözəllik verəcək. Bu isə Ağdamın böyük tarixi olan Qarağacı qəbiristanlığıdır. O qəbiristanlıqda daşların hamısı ermənilər tərəfindən dağıdılıb, qəbiristanlıq şumlanıb. Bu, ağdamlıların ən ağrılı yeridir. Ora üçün də ayrı layihə işlənir ki, nə mümkün olacaqsa, bərpa edək.

Cənab Prezident, Siz Şuşada möhtəşəm bir məscidin təməlini qoydunuz. Şuşa öz məscidi ilə bizim xalqı gözləyir. Şükür Allaha ki, bu da Ağdamın ən böyük tarixi eksponatı kimi qalır, fəxrimizdir, eyni zamanda, yeni məscid layihələri də var.

Prezident İlham Əliyev: Ağdam Cümə məscidinin bərpası ilə bağlı işlərə artıq start verildi. Heydər Əliyev Fondu bu işləri öz üzərinə götürdü, mütəxəssislər cəlb edildi. İlk növbədə, biz o məscidi bərpa etməliyik. Bir də Qiyaslı məscidini də bərpa etməliyik. Onu da dağıtmışlar. Ondan sonra da əlbəttə ki, digər yerlərdə məscidlər tikiləcəkdir.

Ruslan Sadıqov: Bu filmdə Ağdamın keçmiş xoşbəxt günləri, sonra işğal dövründə dağıdılmış şəhər göstərilir.

Prezident İlham Əliyev: Buranı da göstər, bax, bu, maraqlıdır.

Ruslan Sadıqov: Bəli, bu, həmin dediyimiz kanal sistemidir. O kanal şəhər şəlaləsinə gələcək.

Prezident İlham Əliyev: Venesiya kimi.

Ruslan Sadıqov: Şəhər şəlaləsindən başlayacaq kanal evlərin arasından keçib Siz ağac əkdiyiniz həmin o parkadək uzanacaq. Şəhər ətrafında həmin kanalın bu formada olması nəzərdə tutulur.

Prezident İlham Əliyev: Eni nə qədər nəzərdə tutulur?

Ruslan Sadıqov: Eni təqribən 30 metrə qədər nəzərdə tutulur. Çox böyük də olmasın, kiçik də olmasın. Ətrafında da səkilər və gəzinti yerləri, iaşə obyektləri olacaq.

Prezident İlham Əliyev: Körpülər.

Ruslan Sadıqov: Gözəl körpülər nəzərdə tutulub, dünyanın ən yaxşı körpülərindəndir, hansı ki, Siz göstəriş vermisiniz, bəyənmisiniz. Orada istirahət zonaları və insanların yayda asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl yerlər olacaq.

Prezident İlham Əliyev: Bu da təməl qoyduğumuz binadır. Birinci binanın təməlini qoyduq, ağ rəngdə. Ağdam ağ bina deməkdir.

Ruslan Sadıqov: Cənab Prezident, gördüyünüz məkan elə qurulub ki, bu, artıq gələcəkdə şəhər pavilyonu kimi qalacaq. Burada təməl daşı da qoyulacaq ki, gələcək nəsillər bunu görsünlər.

Prezident İlham Əliyev: Görsünlər ki, təməli burada qoyulub.

Ruslan Sadıqov: Burada Sizin tapşırığınıza uyğun olaraq, pavilyon qurulacaq. Gələcək Ağdamın modeli orada nümayiş etdiriləcək. Bunu həm sakinlər, həm də qonaqlar seyr edə biləcəklər. Qarşımızda Sizin ucaltdığınız bayraq meydanıdır. Sağ tərəfdə işğal muzeyi üçün ayrılmış ərazidir. Hansı ki, o formada da qalacaq. Qarşımızdakı isə 4 hektarlıq parkdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar