Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qorxmaz Hüseynovu da Səlim Müslümovun aqibəti gözləyir 

“Azərsu”nun sabiq sədrinin ayağında yarım milyarddan artıq yeyinti var; Natiq Cəfərli: “Bütün tenderləri, satınalmaları, kreditləri necə istəyiblər, elə də istifadə ediblər”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynovun ən yaxın kadrlarından biri – Elman Məmmədov və onun cinayət ortağı olan ASC-nin kommersiya departamentinin rəisi Xanvər Abbasov saxlanılıb. Elman Məmmədov 2012-ci ilin sonlarından “Azərsu” ASC nəzdində yaradılan Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin rəhbərliyinə təyinat alıb. Müdiriyyətin yaradılmasında məqsəd aparılan tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyinin artırılması və tikinti prosesində ortaya çıxan məsələlərin operativ həll edilməsi olub.

Gələn məlumatlar isə onu deməyə əsas verir ki, Elman Məmmədov ASC-yə dövlət büdcəsində ayrılan vəsaitlərin operativ qaydada nağdlaşdırılmasında əsas fiqurlardan olub. Vəzifədə olduğu 9 il ərzində adı Qorxmaz Hüseynovun yaxın çevrəsinə daxil olan kadr kimi keçib, hətta sədrin “şilləvuranı” rolunu da uğurla yerinə yetirib. Bu haqda vətəndaş İlqar Əşrəf oğlu Nəsibov mətbuata açıqlamalarında bildirmişdi. Demişdi ki, Qorxmaz Hüseynovun qardaşı Behbud Hüseynov onu aldadıb, 35 min manatını alıb və qaytarmayıb. Uzun şikayətlərindən sonra onu Qorxmaz Hüseynovun yaxın adamı Elman Məmmədov qəbul edib. Şikayətçi demişdi ki, Elman Məmmədov əvvəlcə ona müxtəlif vədlər verib. Bir həftə sonra isə açıq şəkildə təhdid edib. “Şikayətimi geri götürməyəcəyim təqdirdə başıma oyun açacağını bildirdi”, – deyə şikayətçi qeyd etmişdi.

Elman Məmmədovun fəaliyyətinin araşdırılması təsadüfi deyil. “Azərsu” ASC-nin son illər ziyanla işlədiyi hər kəsə məlumdur. Hər ilin dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 10-20 milyon manat vəsait ayrılır. Amma demək olar ki, bu qurum hər ili zərərlə başa vurur. Prezident İlham Əliyev də 2020-ci il iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı bunu xüsusilə vurğulamışdı. İlham Əliyevin çıxışından az sonra Qorxmaz Hüseynov vəzifəsindən uzaqlaşdırılıb.

Elman Məmmədovun istintaqa cəlb edilməsi ASC-də baş verən çox ciddi yeyintilərin izinə düşməyə imkan verəcək. Onu faktiki qurumun “qara kassası” hesab edənlər də var. Məsələn, bildirilir ki, “Azərsu”nun keçirdiyi böyük və gəlirli tenderlərin əhəmiyyətli hissəsi son illərdə məhz bu şəxsə yaxın şirkətlərə verilib. Azpolitika.info-nun bir müddət öncə yazdığına görə, dövlətin büdcə vəsaitləri hesabına icra olunan layihələrdəki podratçı təşkilatlar – “Eren inşaat”, “Protean Constraction”, “Voltaj”, “Kirs”, “İnşaatçı Neftçi” və digər bu kimi şirkətlər məhz Elman Məmmədovun “patronajlığı” və təsiri altında fəaliyyət göstərib. “Eren inşaat” Elman Məmmədovun kirvəsinə, “Voltaj” onun qardaşının kirvəsinə, “Protean Constraction” isə sabiq deputat İqbal Ağazadənin Elman Məmmədova yaxınlığı ilə tanınan qardaşına aiddir. Bildirilir ki, sadaladığımız şirkətlər və bu layihələri “qazanan” digər şirkətlər də bu və ya digər formada Elman Məmmədovun yaxın çevrəsinə aiddirlər. Dövlət satınalmalarına dair portaldakı açıq məlumata görə, təkcə bu ilin yanvarında “Azərsu” “Protean Constraction”la 3 milyon 891 min manatlıq müqavilə bağlayıb. “Azərsu”nun 19 milyon manata başa gələn Babək prospektində kanalizasiya və su təchizatı sistemlərinin yenidən qurulması və tikintisi işindən də həm “Eren inşaat”, həm də “Protean Constraction” pay alıblar. Şüvəlan qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı 2 milyon 270 min manatlıq tender də “Eren İnşaat”a qismət olub. Bu siyahını xeyli uzatmaq da olar. Uzatdıqca da milyonlar on milyonlara, on milyonlar yüz milyonlara çevrilir… və nəticədə, “Azərsu” ziyanla işləməyə başlayır, dövlət isə suyun qiymətini ikiqat bahalaşdırmaq məcburiyyəti ilə üzləşir. Həmin bu Elman Məmmədov müxtəlif ərazilərdə inşa etdirdiyi obyektləri “Azərsu”ya icarəyə verərək, bundan da külli miqdarda qazanc götürməsi ilə tanınır”.

E.Məmmədovun həbsini Qorxmaz Hüseynov üçün “əcəl zəngi” də hesab edənlər az deyil.

Ümumilikdə isə “Azərsu”nun keçmiş rəhbərliyinin üst-üstə 500 milyon manata yaxın dövlət əmlakını mənimsədiyi barədə iddialar var. Həmin iddialarda vurğulanır ki, bir neçə gün öncə Qorxmaz Hüseynova təklif olunub ki, mənimsədiyi vəsaiti dövlətə geri qaytarsın. Əks təqdirdə, onu da Səlim Müslümovun aqibəti gözləyir.

Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a deyib ki, korrupsiyaya bulaşmamış çox nadir məmur və yaxud hansısa bir qurum tapmaq olar. Çünki korrupsiya çox zaman idarəetmənin bir formasını təşkil edir: “Ona görə də vəzifədən getmək, vəzifədən istefa vermək kimi bir mədəniyyət Azərbaycanda formalaşmayıb. Çünki istənilən halda vəzifə həmin məmuru qoruyan bir zirehə çevrilir. Ona görə də zatən bizdə vəzifədən gedəndən sonra hamının bildikləri birdən-birə artıq mətbuatda da geniş müzakirəyə səbəb olur ki, sən demə, işdən çıxarılan məmur korrupsioner imiş. Halbuki bundan öncə də mətbuatda korrupsioner məmurlar haqqında müxtəlif araşdırmalar çıxır. Həyat tərzləri sübut edir ki, onlar maaşla dolanmırlar. ”Azərsu” rəhbərliyi ilə bağlı da zaman-zaman mətbuatda araşdırmalar, korrupsiya faktları ilə bağlı məlumatlar olub. Amma çox təəssüf ki, Azərbaycanda sağlam olmayan bir ənənə formalaşıb. Məmur vəzifədə olarkən onun fəaliyyəti haqda mətbuatda yazılan faktlara adekvat reaksiya verilmir. “Azərsu” rəhbəri işdən çıxarılandan sonra müxtəlif səviyyəli həbslərə də start verilib. İndi istintaqın gedişatını diqqətlə izləmək lazımdır. Mümkündür ki, istintaq zamanı daha yüksək rütbəli məmurların korrupsiyası və yaxud da onların bağlantıları üzə çıxacaq. Nəticə etibarı ilə də bu şəbəkənin uzun zamandır “Azərsu”dakı fəaliyyəti tam şəkildə üzə çıxacaq”.

Ekspert deyir ki, “Azərsu”ya hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılıb. Həmin vəsaitlərin xərclənməsi isə şəffaf olmayıb: “Bütün tenderlər, satınalmalar, xaricdən alınan kreditləri necə istəyiblər, elə də xərcləyiblər. Belə bir komandaya qarşı daha geniş araşdırmalar gerçəkləşdirilməsi mümkündür. Ümumilikdə isə bu yanaşmanın özü dəyişdirilməlidir. Azərbaycanda məmurların həbsdən sonra deyil, elə vəzifədə olarkən fəaliyətləri daimi araşdırma mövzusu olmalıdır. Dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənmə istiqamətləri üzrə hesabatların açıq mənbələrdə olması artıq bir normaya çevrilməlidir. Bu olmayınca, dəyişən yalnız kadrlar olacaq. Büdcə talanı isə davam edəcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar