Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ramiz Mehdiyev Primakovun qohumudur, onun arvadı Gürcüstanın Roza kəndindəndir, milliyətcə ermənidir” - Müsahibə

Bir neçə gün idi ki, ölkənin tanınmış hüquqşünası Aslan İsmayılovla görüş planlayırdıq. Sadəcə, vaxt üst-üstə düşmürdü. Nəhayət, ümumi razılığa gələ bildik. Aslan müəllim dedi, gəlin elə Bayıldakı parka (yaşıllığı özü salıb – red) söhbət edək, görülən işlərlə də tanış olun. Düşündük ki, parkda gəzinti 5-10 dəqiqə çəkər, sonra harasa gedərik.

Fotolar

“Aslan müəllim, Dövlət Dəniz Agentliyinin qarşısındayıq”.

 “Gözləyin, sürücü gəlir”.

Sürücünün arxasınca getdik. Parkın girişi daş-kəsək… Burada hansı parkdan söhbət gedə bilər ki?! Bir qədər də yuxarı qalxdıq, tam yaşıllıq – yüzlərlə Xan çinar… Doğrusu, biz 5-10 ağac görəcəyimizi düşünürdük. Sonradan bildik ki, ağacların sayı 1000-dir. Aslan müəllim ağaclara qulluq edir, dərman səpirdi. Həvəslə bizə məlumat verdi, ərazinin necə təmizlənməsindən, ağacların əkilməsindən, yaradılan süni əngəllərdən danışdı.

“Bax, görürsünüz, buradan dəniz tam görünür, şəhərdə belə mənzərəli yer yoxdur. Bilirsiniz, bura nə qədər əmək sərf etmişəm?! Buralar zibilxana idi… Torpaq yararlı deyil haa, 4 ildir, çalışıram, torpaq indi özünə gəlir. Mənə deyirdilər ki, o ərazidə yaşıllığın salınması mümkün deyil, bitməyəcək. Amma mən bacardım. Hə, bir şeyi də deyim, burada həm də güclü külək olur, ağacları yerindən çıxarır. Ona görə hər ağacın 3 tərəfinə armatur basdırılıb, kəndirlə sarılıb. Kəndirləri ildə iki dəfə dəyişirəm, günəş şüasının yararsız hala salması bir yana, ağaclar böyüyür, kəndir budaqları kəsir” – Aslan müəllim deyir.

Müəllim bizi həvəslə parkı gəzdirir.

Ağaclarla bağlı məlumat verməkdə davam edir: “Xan çinar 1000-1500 il ömür sürür, gövdəsinin diametri 12 metrə qədər böyüyür, hündürlüyü 25-30, bəzən 50 metrə çatır. Buranı gələcək nəsillər üçün salmışam. 2017-ci ildən əmək sərf edirəm – 4 il. Qarşıdakı 4 ildə ağaclar böyüyəcək, bura tam yaşıllıq olacaq. Ağaclardan başqa minə yaxın qızılgül, təxminən o qədər də aleandra gülü var, başqa güllər də əkilib. Sevinirəm ki, artıq insanlar gəlməyə başlayıb. Düzdür, səhər açılanda buradan siqaret qutuları, su qabları təmizləyirik, amma bu, məni narahat etmir. Sadəcə, bir qədər təmizliyə riayət etsələr, yaxşı olar. Günortadan sonra saat 4-5-dək burada olsanız, görəcəksiniz, gənc cütlüklər gəlirlər”.

Vasif Həsənli də gülərək deyir ki, İlkin, reportajın başlığı hazırdır: “Aslan İsmayılovun saldığı parka gənc cütlüklər də gəlirlər”.

Mən dedim, gərək razılaşdıraq, birdən yaxşı alınmaz.

Aslan müəllim dedi ki, problem yoxdur: “Bu, məni sevindirir ki, insanların, xüsusilə gənclərin istirahət edə biləcəyi yer təşkil etmişəm”.

Biz söhbət edirdik ki, 5-6 gənc qız gəldi. Dəniz mənzərəli yerdə kim piknik etmək istəməz ki…

“Aslan müəllim, bura nə qədər xərcləmisiniz?” tələsik sual veririk.

O, isə “tələsməyin, deyəcəm. Niyə məhz buranı seçdiyimi də deyəcəyəm. İndi isə düşək, Sizə parkın aşağı hissəsini göstərim”.

Düşürük. Gülləri göstərir. Aşağı hissədə də xeyli ağac var. “İki gün su verilməzsə, ağaclar yanar, suvarma sistemini də xüsusi təşkil etmişəm, su çəni almışam ki, hər hansı problem yaranarsa, ağaclar susuz qalmasın” – deyir Aslan müəllim.

Ağaclardan enerji aldığı məlum idi. Bilirsiniz də, Aslan İsmayılovun 63 yaşı var. Amma bizim gördümüyüz Aslan müəllim gəncdir, qıvraqdır, bu boyda parka diqqət və qayğı göstərmək sizə asan gəlməsin.

“Yorulmadınız ki?” bizə sual verdi. “Xeyr, Aslan müəllim”.

“Onda gedək, çay içək, parkı niyə saldığımı deyim, Sizi maraqlandıran “parka nə qədər xərc çəkmisiniz?” sualına da cavab verim.

“50 min manat çıxar, hə, müəllim?”, – sual verdik.

“Açıqlayacağam”, – deyə cavab verir.

Bizə dedi ki, bütün suallara cavab verməyə hazırdır. “Xahiş edirəm, mənimlə bağlı Sizi nə maraqlandırırsa, sual verin. Gizlin bir əməlim yoxdur… Suallardan yayınan insan deyiləm, bunu məni tanıyanlar yaxşı bilir…”

Ümumi müzakirə apararaq gəzişirdik, elə oldu ki, dövlət qurumlarının fəaliyyəti ilə bağlı danışdı. Bizi də maraqlandıran məsələ idi…

– Dövlət qurumlarının bəziləri fəaliyyətlərini kifayət qədər yerinə yetirə bilmirlər. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi…

– Bu, hakimiyyətin deyil, xalqın problemidir. Bizdə dövlətçilik hissi yoxdur. Hər şey şəxsi maraqlara bağlıdır. Qohumbazlıq, tayfabazlıq maraqları… Dövlət marağı yoxdur. Ölkədə işləyən dövlət orqanı Dövlət Təhlükəsizliyi Xidmətidir. Rüşvət olmayan bəlkə də yeganə yerdir. Dəqiq deyirəm, bu sahəni diqqətlə izləyirəm. Bir də proseslərin önündə gedən Prezident İlham Əliyevdir. İşinin öhdəsindən gələn az da olsa, cavan şəxslər də var. Bunu tam səmimiyyətimlə deyirəm. And da içərəm. Mənim üçün bu dünyada ən əziz anam olub.

Bu məqamda anasından danışır. Siqaret yandırır, köks ötürür…

– Anamın məni hansı çətinliklərlə böyütdüyünü yaxşı bilirəm. Amma mən onun üçün heç nə edə bilməmişəm. Məhkəmə sədri, hakim, prokuror, Prezident Aparatında işləmişəm (Prezident Administrasiyasını nəzərdə tutur-red), kasıb olmuşam. Məmur olsam da, anama bir don belə, ala bilməmişəm. Fəhlə işləyəndə bir neçə dəfə kəlağayı almışam. Arzum olub ki, anamı xarici ölkələrə aparım, gəzdirim. Prokurorluqda, Prezident Aparatında işləyəndə bir kostyumum, iki köynəyim, iki şalvarım olub… Maaşla dolanmışam. Ayda 2-3 dəfə naharı prokurorluqda etmişəm. Görmüşəm ki, hər gün burada nahar etsəm, maaşım buna xərclənəcək. Prezident Aparatında gündəlik nahar etsəydim, maaşım 15 günə bəs edərdi. Metro ilə gedib-gəlmişəm. Bir əhvalat danışım, uşaq vaxtı mal-qaranı həyətə gətirirdim, uşaqlar da küçədə futbol oynayırdı. Mən qapıdan içəri keçəndə arxamca dedilər, ay çoban, sən də gəl! Mən tez mal-qaranı apardım ki, bağlayım, çıxım uşaqların “dərsini” verim. Çıxanda gördüm, anam ikinci mərtəbədə gözləri yaşlıdır. Qaçdım yanına ki, nə olub? Dedi, anan ölsün, onları vurma… Bilirdi ki, döyəcəm. Dedi, düz deyirlər, sənin mal otaran deyil, futbol oynayan vaxtındır. Anamı qucaqladım, öpdüm. Dedim, sən bir şeyi bil, oxuyacam, Azərbaycanda ən tanınmış kişilərdən biri olacam, hələ səni Parisə də aparacam.

– Ananızı Parisə aparmaq arzusu çin oldu?

– Anam 1996-cı ildə vəfat edib. Xəstə də deyildi. O, hər Yeni il bayramında mən harada olmuşamsa, oraya gəlib. 1996-cı ildə də həmin vaxt gəldi. Dedi, ay bala, bu dəfə ölməyə gəlmişəm. Zarafata dedim ki, qızım Cəmiləni evləndir, sonra… 5 saylı şəhər klinik xəstəxanası ilə üzbəüz yaşayırdıq. Xəstəxananın baş həkimi də Bəxtiyar Vahabzadənin yeznəsi rəhmətlik Ziya idi. Dost idik. Anamı apardım xəstəxanaya, müayinə olundu, dedilər, sağlamdır. Bir həftə müddətində ev şəraitində vitaminlər vurulacaqdı. Səhərisi gün həyat yoldaşım dedi ki, danış, mama bir gün xəstəxanada qalsın, özü istəyir. Elə də etdim. Həmin gün xəstəxanada anamla 6-7 saat söhbət etdim. Atamın anamdan ayrılmasının səbəbini bilmək istəmişəm, amma heç vaxt soruşmamışam ki, xətrinə dəyər. Özü mənə hər şeyi söylədi. Böyüklərin günahı olubmuş. Anamı aparıblar, tərəflərin tərsliyindən bu baş verib. Atam da, anam da ailə qurub. Anam izah etdi ki, günah onlarda olmayıb. Dedim ki, məni bağışla sənin üçün heç nə edə bilməmişəm. Gülüb cavab verdi ki, sən mənə etdiyini heç bir öğul anasına etməyib. Sən məni hər yerdə başı uca elədin.  Sanki, son sözlərini deyirdi… Beləcə ayrıldıq, gecə saat 3-də zəng etdilər ki, ananız vəfat edib… Anamın ölümünü çox ağır keçirdim. 1 il özümə gələ bilmədim. Əgər son sözlərini hər dəfə yadıma salmasam, daha pis olardım. Bu gün də ən çox istədiyim onun Gürcüstanda olan qəbirini ziyarət etməkdi. Ana və ata tərəfdən bacı qardaşlarım var və ən çox sevindiyim odur ki, hamımız bir-birimizlə heç ögeylik hiss etmirik. Mənsiz də öz aralarında daim görüşürlər və bir birilərinə doğmadırlar.

2007-ci ilin aprelin 13-də oğlum Vaqifin 21 yaşı tamam olurdu… Vaqif tələbə mübadiləsi layihəsi çərçivəsində Fransanın Sen-Pol şəhərindəki universitetə göndərilmişdi. Mən də, artıq vəkil kimi fəaliyyət göstərirdim, artıq xaricə səfərlər etmək üçün pulum da var idi. Qayınanam anamın yeganə rəfiqəsi olub, anam çox qapalı qadın olub. Zəng etdim, qayınanama, dedim, səni Parisə aparıram. Qayınanam təkid etdi ki, getməyək, əlavə xərcdir və sairə… Dedim yox, gedək bu mənə lazımdır, mən orada səbəbini sənə izah edəcəm. Bilet aldım, getdik. Evdə də bilmirdilər ki, mən qayınanamı niyə aparıram. Orada izah etdim ki, mən bunu anama görə etdim. Yəni, mən anama söz vermişdim ki, səni Parisə aparacam. Onu gətirə bilmədim, amma onun ən yaxın olduğu insanı gətirdim. Anamın da ən istədiyi rəfiqəsi sən olmusan. Hesab edirəm ki, mən anamı gətirmişəm. Bu gün də qaynanama anam kimi baxıram. O vaxt həqiqətən o hissləri keçirdim. Niyə məhz Parisə getmək arsusu yaranmışdı məndə. İndi deyim, Xan çinarlarına mənim sevgim nədəndir? Mən Parisin adı çəkilən çox əsərlər oxumuşam. Həmin əsərlərin birində bu şəhərlə bağlı bir məqam diqqətimi çəkmişdi. Çox həvəslə Parisdəki Yelisey çöllərindən bəhs edilirdi. Avropa Şurasından hər zaman məni Parisə dəvət ediblər. İlk dəfə 1996 cı ilin qışında Strasburqa getdim, ordan da Parisə yollandım. Soruşub Yelisey çöllərini tapdım. Getdiyim yerdə də bir abidə yox idi, olan yarpaqları tökülmüş böyük ağaclar idi. Sonra Luvr muzeyinə, Napaleonun evinə, Notr Dama, Eyfelə getdim. Həmin yer Luvr muzeyi ilə Zəfər Tağı arasındadır. Gözə dəyən bir şey görmədim. İkinci dəfə Parisdə 1997-ci ilin iyun ayında oldum. Olduqca gözəl ab-havası, insanın ruhunu yüksəldən mənzərəsi var idi. Yolboyu hər iki tərəfdən nəhəng Xan çinarları məni valeh etdi. Həmin andan Xan çinarları mənim sevimli ağacım oldu. Əsərdə deyildiyi kimi, çox gözəl idi. Yeri gəlmişkən, bu həmin dövr idi ki, Avropa Şurası Azərbaycanı təşkilata üzvlüyə qəbul etmək istəmirdi. Ölkəmizdə bütün müxalifət bildirirdi ki, Azərbaycanı qəbul etməyin, Heydər Əliyevi sıxışdırın, bütün qeyri-müəyyən məsələlər həll olunsun, sonra qəbul edilsin. Mən bu səfərlər zamanı onları inandırdım ki, Heydər Əliyev sizin dediyinizin hamısını heç vaxt etməyəcək. Qəbul edin, həmçinin ona kömək edin, Rusiyanın təsirindən çıxsın. Onun təkbaşına bu təsirdən çıxa bilməsi çox çətin məsələdir. Bütün problemləri isə sonralar tədricən monitorinq qrupları vasitəsi ilə həll etmək olar. Bir neçə il onlarla nüfuzlu şəxs, o cümlədən dəfələrlə birbaşa Azərbaycanla məşğul olanlar Madam Koen, Kleyrfat, Andreas Qross, Avropa Şurasının Baş Katibi Valter Şvimmer, Parlament Assambleyasının sədri Lord Larsen Consonla və digəriləri ilə görüşdüm. Onların hamısı mənə deyirdi ki, Azərbaycan ictimaiyyəti tərəfindən səndən başqa bu mövqeyi müdafiə edən yoxdur. Hesab edirəm ki, həmin vaxtlar bu məsələdə mənim rolum oldu. Əgər Ermənistanı qəbul edib bizi saxlasalar, bu ölkəmiz üçün faciə olardı.

Hə, indi parkı necə saldığımı deyim. Vaqif evə 300 min dollar pul gətirdi ki, toy üçün hər şeyi həll edin. Bilirsiniz, bir kişi üçün ən vacib vəzifə övladlarının ailə qurmasıdır. Mənim üçün də xoşbəxtliyin 99 faizi ailə xoşbəxtliyidir. Ailədə xoşbəxt olan hər şeydə uğur qazanar, heç bir çətinliyə məğlub olmaz. Mən ailəmdə o münasibəti görməsəm, yəqin ki, dəfələrlə evlənib boşanmışdım, indi də çoxdan həyatda yox idim. Vaqif özü də sevərək ailə qurub. Onun da maraqlı bir hekayəsi var, elə onu da deyim. 31 yaşı vardı, anasına dedim ki, bəlkə, xarici ölkələrdən sevdiyi biri var, evlənsin, qəbul edirəm. O da bildirdi ki, elə biri yoxdur. Sonralar özü bizim tərəflərdən Moskva Dövlət Universitetində oxuyan bir qızla tanış oldu. O qədər gözəl oldu ki, o qız bu dəqiqə bütün ailə üzvlərinin sevimlisi və doğmasıdır. Xülasə, hamının ürəyincə olan toya hazırlaşdıq. Hazırlıq görülən vaxt qızım Cəmilə təklif etdi ki, gələn qonaqlara evlərində əkməkləri üçün kiçik dibçəklərdə gül bağışlayaq. Vaqif də dedi ki, inanmıram ki, həmin dibçəklərdəki gülü çoxları təyinatı üzrə istifadə etsin. Dedi ki, elə istəyirsizsə, pulunu verərəm, park salarıq. Bu da mənim ağlıma batdı. Bütün qanunvericiliyi araşdırdım. Orda belə bir məqam vardı ki, insanları yaşıllığa cəlb, yaşıllığı təşviq etmək üçün müddətsiz torpaq icarəyə verilə bilər. Mən də gedib layihəni hazırlatdım ki, torpağı alım. Mənim o torpaqla bağlı heç bir hüququm yox idi, ancaq parkın girişində kiçik məlumat lövhəsi qoya bilərdik. Mən də parkı oğlum Vaqif və gəlinim Gülyazın toyu münasibətilə hədiyyə kimi salındığını yazacağımı düşünürdüm. Təxminən 3-4 ay axtarışda keçirdim. Bunu bir pilot lahiyyəsi kimi gələcəkdə insanların da maraqlanması üçün park yerini şəhərdə çox insanların görəcəyi yerdə arzulayırdım. Nəhayət, şəhərdə bir yer gördüm, dedilər o, Fövqəladə Hallar Nazirliyinin tabeliyindədir. 2017-ci ilin iyul ayında toy olmalı idi. Düşünürdüm ki, görəsən necə etsəm, alınar, çünki şəhərin mərkəzində, elə bir yerdə heç kim Aslan İsmayılovun park salmasına icazə verməzdi. Sonda qərara gəldim ki, may ayının ilk günündən bu işə başlayım, həm də kütləvi iş getsin, nə zibil daşınanda, nə də ağaclar əkiləndə kiməsə bunun kim tərəfindən salınmasını soruşmasın. Ona görə ki, ənənəvi olaraq hər il may ayının əvvəlində Heydər Əliyev Fondu rəhmətlik Heydər Əliyevin xatirəsinə Parklar salır. Hər şey düşündüyüm kimi alındı. Həmin günlər ərzində heç kim heç nə soruşmadı. Bir şeyi dəqiq bilirəm ki, əgər kimsə insanlar üçün təmənnasız nə isə edirsə, uca Allah ona ağıla gəlməyən köməklik göstərir. Bunu hamı bilsin. Park salınandan təxminən 3 ay sonra məhz toy günü ilk dəfə toyda Vaqif və Gülyaz parkı ilə bağlı videonu göstərdim. Parka iki fərqli su sistemi çəkdim, görünməyən yerdə ağacların arasında 30 tonluq su çəni yerləşdirdim. Yaşıllığın salınması üçün təxminən 150 min dollar pul xərcləmişəm.

Sonra Səbailin keçmiş icra başçısı Eldar Əzizov bu parkı dağıtmaq istədi, ona görə suyu bağladı, çəndən sulamağa başladım, orada bağban üçün qoyulmuş, içərisində bağda istifadə olunan əşyalar olan vaqonu apardı. Su xəttini kəsənlər gördülər ki, mən parkı sulayıram, işimdən geri qalmıram, ona görə suyun verilişini bərpa etdilər. Çünki su verməsəydilər belə, maşınla su gətirdəcəkdim. O günlər çox ağır stress keçirdim.

İnanın, evimdə çörək pulu olmasa da, bura üçün lazım olan xərcləri kəsmərəm. Mən nə qədər sağam, bu parkın içərisində heç bir obyekt olmayacaq. Bu parkı hansısa icra hakimiyyəti salsaydı, 10 milyon pul xərclənəcəkdi. Ya Prezident İlham Əliyevlə, ya da Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşmək, buranı sənədləşdirmək və sonra bu tədbirin ictimailəşməsini, xalqa təbliğ olunmasını istəyirəm. Daha sonra bu parkı xalqa daha geniş tanıtmaq fikrim var. Bizim xalqımız bəhsə girən xalqdır. Mən bu parkı oğlumun toyu üçün hədiyyə etdim, sabah başqa biri də bunu təkrarlaya bilər, yaxud atasının, anasının xatirəsinə, yaxud başqa bir əziz xatirə üçün edəcək. Kim istəyir, getsin kiçik də olsa, bir ərazi götürüb park salsın. Bu layihə kütləvi ictimailəşsə, üç ilə bütün Azərbaycan büdcədən bir manat xərcləməndən belə gözəllik olacaq. Bir şeyi də qeyd edim ki, hazırlanmış sənədlərdə göstərilir ki, parkı salan şəxs o ərazidən hansısa kommersiya, siyasi, yaxud ictimai maraq üçün istifadə edə, parka kiminsə girişinə mane ola bilməz. Əgər kimsə bu işdə şəxsi maraq güdərsə, parkda salınmış yaşıllığın üçdə biri məhv olarsa, ərazi müvafiq icra hakimiyyəti tərəfindən geri alına bilər. Bəzən deyirlər ki, Aslan İsmayılov parkı, şəhərin mərkəzindəki ofisini nə ilə əldə edib? İnternet kanallarına təklif etmişəm ki, layihə hazırlayın və məşhurları sorğu-sual edin. Mənim ofisimdən başqa heç bir obyektim yoxdur. Yalnız Bibiheybət qəsəbəsində bahalı villam var, bunu soruşun, mən də izah edim…

– Bu və ya digər məsələlərdə Sizə daha çox kimlər dəstək olub?

– Valideynlərimdən başqa borclu olduğum bir insan var, o da Həzi Aslanovun oğlu Tofiq Aslanov. Mən Prezident Aparatından işdən çıxandan sonra Krasnodarda mebel boşaldıb pul qazanmışam, hər vaqona 500 manat pul verirdilər. Cəmilənin mənimlə bağlı kitabı var, orda bir epizodda qeyd edir ki, atam işdən çıxanda bizim evdə çörək almağa pulumuz yox idi. Həqiqətən elə idi. Krasnodarda mebel boşaltdım, 6 ay ərzində 7-8 min dollar pul qazandım. Mən elə bilirdim ki, o pulla şəhərin mərkəzində ofis ala bilərəm, amma gəlib gördüm ki, istədiyim yerdə ofisin bir ayı min dollardır. Şəhərdə bikef gəzəndə məni bir nəfər saxladı, dedi, səni prokurorluqda və Milli Məclisdə olan çıxışlarından tanıyıram, Tofiq Aslanovam. Məndən vəziyyəti soruşdu, izah etdim. Dedim, ofis almaq istəyirdim, buradakı qiymətlərdən də xəbərim olmayıb. Məni Yusif Məmmədəliyev ünvanında yerləşən bir binaya apardı, ikinci mərtəbəsində yer verdi. Bildirdi ki, bu, onun binasıdır, məndən bir qəpik pul almadı. Bir ay ərzində əşyalar aldım, üç otağı doldurdum. Təxminən 1 il heç bir ödənişsiz, qaz, su, işıq pulu belə ödəmədən orada qaldım. Yeni qazanmağa başlayırdım mənə dedi ki, bir aya bu binanı satasıyam. Mən ilk dəfə onda gecə yatanda hirsimdən ağladım. Gecə anamı yuxuda gördüm, ondan sonra ən çətin məqamlarımda anamı yuxuda görürdüm. O, yuxuma girirdisə, deməli, nəsə vacib və müsbət dəyişiklik olmalı idi həyatımda. Səhəri gün Xanlar Hacıyev mənə zəng etdi, onda o, Ali Məhkəmənin sədri idi. Dedi ki, Krasnodarda dostlarımın köməyə ehtiyacı var, onlara kömək edə bilərsənsə, gəlsinlər. Dedim gəlsinlər, baxdım ki, onların işini Rusiyanın ən yaxşı vəkili aparıb, amma uduzub. İş də ondan ibarətdir ki, 1 milyon yarımlıq kondisioner 15 noyabrda Rusiyaya keçib, amma rüsum ödəməyib. Xülasə, işdəki səhvi tapdım, qanunvericilik olan jurnalın nəşr tarixi ilə qərarın verilmə tarixində çap zamanı texniki səhv olmuşdu. Kiçik nüansı tapıb, işi qazandım. Fikirləşirdim ki, yəqin ki, bu işə görə mənə 5 min dollar verərlər, amma 10 min versələr yaxşı olar, çünki o vaxt 9 min dollara iki otaqlı ev tapmışdım. Onu alıb ofis edərdim. Görüşəndə, 100 min dollar verdilər, dedim bu, mənim haqqım deyil. Bu məbləğin yarısının halallığını verin, mənə artıqlaması ilə bəs edər. Mən ömrümdə o qədər pulu bir yerdə görməmişdim. Mənə dedilər ki, bu mallar Fuad Quliyevindir və özü tapşırıb ki, hamısını verin əlavə istəsə, onu da edin. Fuad Quliyev də onda baş nazir əvəzi idi. Mən aldığım pulla gedib ofis aldım. Sulutəpədə torpaq aldım, onları da sonradan satdım. Şamaxıda da torpaq almışdım.

Sizə Bakıda Hacıbala Abutalıbovun dövründə xan çinarların əkilməsinin maraqlı tarixçəsini də danışım.

Aslan müəllim maraqlı danışır deyə, əlavə sual vermirik…

– O vaxtlar Hacıbala müəllim Bakıda geniş abadlıq işlərinə başlayarkən xeyli qanunsuzluqlar olurdu. Bir dəfə qanunsuzluqla bağlı onun yanıda olanda dedi ki, bəs Aslan, mən başqa cür edə bilmərəm, şəhər çirkabın, qanunsuz tikililərin içində boğulur. Bakı isə paytaxtdır. Heydər Əliyev mənə tapşırıb ki, qısa zamanda şəhəri təmizlə, küçələrdə harada gəldi olan kiçik bazarları yığışdır ki, xaricilər gələndə bir gözəllik, səliqə sahman görsünlər. Məhkəmə işləri isə illərlə çəkə bilər və bizim işimizə mane olur, görün neçə qanunsuz obyekt var, məhkəmə ilə çox zaman alacaq. Onda mən dedim ki, “Baksovet”lə bağlı bir dənə iş götürməyəcəm, sizin əleyhinizə bir dənə fikir söyləməyəcəm. Amma əvəzində xahişim var. Dedi, buyur. Hacıbala müəllim çox ağıllı adamdır. Sonra deyəcəm onunla bağlı bəzi şeyləri də. Dedim ki, Hacıbala müəllim, bax o “Fontanlar bağı”nda ağaclar var, bəzilərini də kəsdilər. Orada olan Xan çinarları görmüsüz?

Dedi, hə. Hər qanunsuzluq edəndə onun əvəzinə bir Xan çinarı əkin. Nə qədər çinar əksəniz, mənim sizinlə işim olmayacaq.

Dedi, “Kişi sözü?”

Dedim, bəli, kişi sözü verirəm.

Sonradan mən fikir verirdim ki, orada-burada əkir. Bir gün mən “Hyatt Regency Baku” otelində idmanda idim. Hacıbala Abutalıbov zəng elədi, dedi ki, Aslan, haradasan, təcili gəl “Qış bulvarı”na! Onda “Qış bulvarı” hələ salınmamışdı, evlər uçurulmuşdu. Getdim Azərbaycan Dövlət Dram Teatrının qabağına.

Həmin vaxt bir “Lada 21 012” avtomobilim var idi, maşını saxladım, bir də gördüm qaça-qaça gəlir. Gördüm ki, Dram Teatrına tərəf olan ərazilərdə sağ-sol 200 ədəd Xan çinarı əkib. Hacıbala müəllim ağacları mənə göstərib dedi ki, Aslan bu sənin bir illik normandır. Baxın, Xan çinarlarına mənim münasibətim məhz budur.

Hacıbaladan söz düşmüşkən onu da deyim. Ramiz Mehdiyevlə açıq döyüşürdüm. O zamanlar hökumət adamları ilə heç bir əlaqəm yox idi. Bir gün yenə hansısa işlə bağlı Hacıbala müəllimin yanında olanda, mənə bir hadisə söylədi, indi onu çox qısa şəkildə sizə danışım. Ramiz Mehdiyevin qaynanası öləndə Hacıbala müəllimdən xahiş edir ki, ona Fəxri Xiyabanda yer ayırsın. Hacıbala müəllim qəti etiraz edir. Möhkəm davaları düşür və rəhmətlik Heydər Əliyev də bunu bilir və Hacıbala müəllimi müdafiə edir, yoxsa Ramiz Mehdiyev çoxdan onun başını “yemişdi”. Kim nə deyir desin, məmurlar içində tanıdığım ən səmimi insan Hacıbaladır. Mənim xoşbəxtliyim odur ki, mən canlı əfsanələri çox yaxından tanımışam, onlarla çoxlu söhbətlərim olub. Həmin söhbətlərin hər biri bu gün çox gözəl tarixdir.  Rəhmətliklər İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Tofiq Bağırov, İdris Qasımov, Habil Əliyev, Sirus Təbrizli, vaxtilə DTK-nın sədr müavini olmuş, prokurorluqda yüksək vəzifələrdə işləmiş, Hüseyn Cavidi şəxsən tanımış və onu kimi çox məşhurları dindirmiş, həddindən artıq sirlərə sahib olan Yamən Yusifov, Azərbaycanda 30-cu illərdə güllələnmiş bütün tanınmışların dəfn yerlərini bilən, adını hələki çəkməyəcəyim, Mir Cəfər Bağırovun, Mikayıl Müşfiqin, Əhməd Cavadın və digərililərinin dəfn yerlərini mənə deyən, sonuncu güllələnmələri həyata keçirən şəxs  və adlarını çəkmədiklərim, bu gün də sağ olan çox dəyərli insanlarla da çoxlu söhbətlərim olub. Bu söhbətlərin hamısı dövlətlə, xalqla bağlı olub. Bu günün özündə də bir çoxlarının dövlət, xalq üçün nələr etdiklərini çox adam bilmir.

Bunların içində mənə ən yaxın və doğma olan Bəxtiyar Vahabzadə olub. Mənə oğlu kimi, bəlkə də daha çox inanıb. Əminəm ki, Bəxtiyar Vahabzadənin dahiliyini çox illər sonra daha yaxşı biləcəklər. O çox böyük dahi idi. Ancaq o da bu dünyadan küsülü getdi.

– Kimdən?

– Birinci növbədə xalqdan. Niyə? O, Heydər Əliyevi tanıyan kimi heç kim tanımırdı. Mən ona 1 dəfə sual verdim ki, Bəxtiyar müəllim, bu son 100 ili Azərbaycana başçılıq etmiş şəxsiyyətlərin hamısını görmüsünüz. Onların içində ən güclü şəxsiyyət kim idi? Dedi ki, Mircəfər Bağırov, Heydər Əliyev. Bunu deyəndə mən təəccüblə baxdım, məəttəl qaldım. Mən etiraz etmək istəyəndə, dedi, Heydər Əliyev daha milli idi. Onun barəsində mənə çox şeylər danışıb. Bugünkü vəziyyəti görəndən sonra mən Heydər Əliyevin bütün addımlarına bəraət qazandırıram, Ramiz Mehdiyevi yanına gətirməyinə də, digər addımlarına da. Çünki Heydər Əliyev buna məcbur idi. O Azərbaycan xalqını da, dövlət maraqlarını və çətinlikləri hamıdan yaxşı bilirdi.  O, 1993-cü ildə hakimiyyətə gələndən sonra Əbülfəz Elçibəylə bir yerdə Rusiyanın bütün planlarını alt-üst etdi. O zaman Heydər Əliyev Əbülfəz Elçibəylə anlaşdılar, dövlətin müstəqilliyi qorunub-saxlanıldı. Sual olunur ki, niyə Elçibəy 5 il gedib Naxçıvanda-Kələkidə oturdu? Bakıya gələ bilməzdimi? Çünki Əbülfəz Elçibəy dövlətin idarəçiliyini bacara bilməyəcəyini anladığı üçün hakimiyyəti Heydər Əliyevə vermişdi. Əsas məqsəd də o idi ki, rus qoşunları Azərbaycana girməsin və neft layihələri Qərblə çəkilsin, strateji maraqlar Qərbə bağlanılsın. Heydər Əliyev Elçibəyə söz verdi və nə qədər çətin olsa da, sözünü də tutdu.

– Amma bu gün rus qoşunları sülhməramlılar adı altında Azərbaycandadır…

– Bunlar boş şeylərdir, Rusiya can üstündədir. Özü də son dəfə. Bizim ən böyük bədbəxtliyimiz düzgün nəticələr çıxarmamaqdır. Nəriman Nərimanov, Mircəfər Bağırov həqiqətənmi bu xalqın düşmənləri olub? O vaxtlar bu böyük, güclü şəxslər olmasa idi, indi Azərbaycan da yox idi. Məgər 1993-cü ildə rus qoşununu Əbülfəz Elçibəy, yoxsa Rəhim Qazıyev çıxarıb? 1993-cü ildə rus qoşunu Azərbaycandan özü çıxmışdı. Əgər rus istəməsəydi, biz onu Azərbaycandan çıxara bilərdikmi? Rusiya Azərbaycana yenidən daxil olmaq üçün çıxmışdı, istəsəydi, qan töküb qala da bilərdi. Mən 6-7 ay bundan qabaq dedim ki, şükür Allaha, müharibə sovuşdu. Ona görə ki, rusun başı Ukraynaya qarışdı. Sonra Rusiya kimlə nə etdisə, oradan qoşunu geri çəkdi. İndi mən deyirəm ki, Allah bizi qorusun ki, Qarabağda rus həmin fırtınanı qaynatmasın. Rus harada sonuncu müharibəni salacaqsa, ora viran qalacaq. Rusiya imperiyası gec-tez dağılacaq, amma sonuncu yer ona görə viran qalacaq ki, orada Rusiya-dünya qarşıdurması gedəcək. Bu, Qarabağda olsa, prosesə Türkiyə də qoşulacaq, dünya qoşulacaq, ayaq altında biz qalacağıq. İlham Əliyev çox ağıllı Prezidentdir, eyni atasının yolunu gedir. Onun ağıllı adam olduğunu əvvəl də bilirdim. 2005-ci ildə onunla görüşdə üzbəüz danışığımız olub, gördüm ki, həddindən çox savadlı, dövlətini, xalqını sevən adamdır. Amma geosiyasi vəziyyətə görə susmağa məhkumdur. Ətrafda olanların kimliyini hamıdan yaxşı bilir. Ramiz Mehdiyevin kimliyini də. Atası 15 iyun 1993-cü ildə hakimiyyətə gəldi. Fikir verin, nə vaxta qədər rus torpaqlarımızı ala-ala getdi, 1994-cü ilin əvvəlinə qədər. Tarixə baxın, Ramiz Mehdiyev Prezident Aparatına gələnə qədər. O, vəzifəyə gələn kimi rus torpalarımızın işğalını dayandırdı. Düşünürəm ki, həmin vaxtı Heydər Əliyev məcburən Rusiyanın Ramiz Mehdiyevlə bağlı şərtini qəbul etmişdi. Ramiz Mehdiyev Rusiyanın adamı kimi gəlib ölkədə aparatı idarə etdi. Aparatı idarə edən kimdirsə, o da siyasəti təyin edirdi. Amma Heydər Əliyev ağıllı və güclü adam idi, o Rusiyanı da, Ramizi də idarə etməyi, yola verməyi bacarırdı, imkan vermirdi ki, səlahiyyətlərini aşsın. Bildiyim qədər Ramiz Mehdiyev Primakovun qohumudur, Ramizin arvadı Gürcüstanın Roza kəndindəndir, milliyətcə ermənidir. Primakovun arvadı da ordandır, səhv etmirəmsə, əmiqızıdırlar. Ramiz Rusiyanın burada general-qubernatoru idi.

– Ramiz Mehdiyevin rıçaqları yenə də qalırmı?

– Yüz faiz qalır. Hadisələri diqqətlə izləyənlər bunu görməmiş olmazlar. Rusiyanın tarixinə fikir verin, həmişə can üstündə olanda yenidən dünyaya qan ağladır. Bax, 1919-cu il Paris konfransı keçirilir, bütün dünya müzakirə edir ki, rusun bütövlüyünü saxlayaq. Ona görə ki, Kolçak Sibir tərəfdə, Vrangel Leninqrad tərəfdə, Yudeniç Şimali Qafqazda idi. Üç rus generalı bir-birilə döyüşür, ortada bolşeviklər var, qan su yerinə axır. Vudro Vilson başda olmaqla, dünya gücləri müzakirə edirlər ki, necə edək ki, bu generalları barışdıraq, kommunizmin qarşısını alaq və Rusiya imperiyası dağılmasın. 1 il ərzində Rusiya nəinki dağıldı, bütün Qafqazı, Türküstanı zəbt etdi, torpaqlarını artırdı. İkinci Dünya müharibəsi, Hitler Moskvaya qədər gəlib çıxdı, Rusiya İmperiyası məğlubiyyət astanasındadır, bəs sonra nə oldu? Rusiya nəinki SSRİ-ni bərpa etdi, bütün torpaqları, Avropanın da yarısını işğal etdi. Ona görə ruslar haqqında 6-7 il bundan qabaq kinorejissor Nikita Mixalkovun qardaşı Konçalovski bir söz demişdi ki, rus nə qədər ac olsa, bir o qədər əzazildir, bütün dünyanı fəth edərlər. Onlara bircə denən, “Vətən”, “İmperiya”, vəssalam! Ancaq inşallah, bu son olacaq. B suallara sonra cavab verərəm. İndi isə maraqlı hadisələrdən birini də danışın…

Maraqla dinləyirik…

– Vaqif Amerikada Kaliforniya Dövlət Universitetində oxuyub, tələbə təşkilatının prezidenti olub, mənim kimi oğlumun da Azərbaycanda haqqını yeyiblər. O, bir gün gəlib mənə dedi ki, ata, universitetin rektoru mənimlə çox yaxındır, arvadı xətrimi xüsusilə çox istəyir. Dedi, bir dəfə müraciət etdim ki, universitetdə Azərbaycan günləri keçirmək istəyirəm. Dedi ki, bizdə elə tədbir olmur. Sonra evlərinə şam yeməyinə dəvət etdilər, yemək əsnasında xanımına da dedim. Xanımı da ərini məcbur etdi, rektor razılıq verdi. Beş min dollar da oranın arenda pulu edir, universitet özü ödəyir. Mənə dedi ki, kömək et tədbirə kitab, hədiyyə almağa, 2 saatlıq tədbirdə Azərbaycanı tərənnüm edəcəyik, sonra da hədiyyələr veriləcək. Çox işləri oğlum özü elədi, nə qədər pul xərclədiyi yadımda deyil, amma Azərbaycanla bağlı kitab və digər hədiyyələri ABŞ-a yola salanda bunun üçün 300 avro da gömrük pulu verdiyim dəqiq yadımdadır. 2-3 çamadan kitab, balaca xalçalar, suvenirlər, iştirakçılara vermək üçün hədiyyələr və sairə özü ilə apardı. Vaqifə dedim ki, bizim orada konsulluq var, hökmən onlarla əlaqə saxla, xəbər elə, tədbirə dəstək versinlər. O vaxtı Elin Süleymanov konsul idi. Dedim ki, dövlətin ABŞ-da nümayəndəsidir, onu mütləq dəvət elə. Los-Ancelesdə “California State” Universitetində böyük tədbir təşkil olundu. Oğlum Elin Süleymanovu da tədbirə dəvət edir, amma o gəlmir, Baloğlanov adlı bir işçisini göndərir. Tədbir iki saata yaxın çəkir, Vaqif mənim sözlərimdən bilirdi ki, Heydər Əliyev Bakı-Ceyhan neft layihəsini necə və hansı çətinliklərlə həyata keçirib, hansı təhlükələrlə üzləşib və sairə. Afiyəddin Cəlilovun, Şəmsi Rəhimovun öldürülməsi, özünə qarşı sui-qəsd cəhdləri və sair. Bütün bunları Heydər Əliyev göz önünə alıb, amma sənədi imzaladı. Ruslar lap axırda xəbər tutdu ki, Heydər Əliyev bunları aldadıb. Bakı-Ceyhanı bu cür çəkir, rusun istədiyi kimi yox. Vaqif də bunların hamısını tədbirdə söyləyir. Çox maraqlı görüş alınır. Görüşə çoxlu müəllim, tələbə gəlib, onlara Azərbaycanla bağlı hədiyyələr verilib, 200-ə yaxın professor, tələbələr, özü də amerikalılar iştirak edir. Oğlum həmin gün zəng etdi ki, tədbir əla keçdi, Amerika qəzetlərində də çıxacaq. Səhəri gün zəng etdi ki, ata “Day.az” saytını aç oxu. Açıb oxuyuram, Elin Süleymanov “Day.az”-a müsahibə verib ki, Azərbaycanın Los-Ancelesdəki Konsulluğu Amerika Universitetində böyük tədbir keçirib. Tədbirdə tələbə Vaqif İsmayılov da çıxış edib və tədbirin sonunda konsulluq tədbir içtirakçılarına bahalı hədiyyələr bağışlayıb. Bax belə…Bir məsələni də deyim, maraqlı olar…

– Buyurun, müəllim…

– Məni 1999-cu ildə ABŞ-a dəvət etmişdilər, fevral ayının 20-dən martın 10-dək, 3 həftə orada oldum. Onda amerikalıların məqsədi başqa idi və məni çox yaxşı təqdim edirdilər. Bir gün Korneqi fondunda çox böyük görüşüm oldu. Görüşdən çıxanda Elmar Məmmədyarov qapıda məni qarşıladı. Səfir Hafiz Paşayev idi, səfirin müavini isə Elmar Məmmədyarov idi. Elmar Məmmədyarov küçə söyüşləri ilə mənə hədə-qorxu gələrək dedi ki, sən elə bilirsən Bakıya qayıtmayacaqsan? Mən də onu “lazımi yerə” göndərdim. Ondan sonra martın 2-də, saat 12-də Azadlıq Radiosunda birbaşa canlı yayımım oldu. Saat 10-da Polşanın prezidenti Kvasnevski olub, saat 12-də isə mən olmuşam. Məni Beynəlxalq İnsan Hüquqları Liqası dəvət etmişdi. Başa düşdüm ki, bu, canlı yayımdır. Zal doludur, CNN, BBC, digər beynəlxalq media qurumlarının hamısı orada idilər. Mən qərar qəbul etdim ki, bu, yeganə şansdır ki, Qarabağla bağlı danışım, canlı yayımı kəsə bilməzlər. Başlayan kimi təqdim etdilər, “Kimlərin nə sualı var?” deyəndə, dedim ki, mən bir sual sizə verim, ondan sonra sizin bütün sualları cavablandırım. Dedilər, buyurun. Dedim ki, Azərbaycan Sovet İttifaqından yeni müstəqillik qazanmış ölkədir, orada iki qüvvə var, biri Rusiya yönümlülər, biri də Qərb-Amerika yönümlülər. Mən Qərb-Amerika  yönümlüləri təmsil edirəm. Lakin müstəqilliyimizdən bu günə kimi nüfuzumuzu itirə-itirə gedirik, Rusiya isə gücləndirə-gücləndirə gedir. Bunun səbəblərini bilirəm, istəyirəm ki, sizinlə də bölüşüm, məsləhətlərinizi alam. Hamı diqqətlə məni dinləyirdi. Dedim, Amerika-Qərb yönümlülər deyir ki, gəlin Amerikaya, Qərbə doğru gedək, rus yönümlülər deyir, rusa tərəf gedək. Absurd situasiya yaranıb. Heydər Əliyevi tənqid etsəm də o, Azərbaycanın gələcəyini Avropaya, Amerikaya bağlamışdı. Rusiyanın təhdidlərinə, sui-qəsdlərinə baxmayaraq, neft kontraktlarının hamısını Amerika, Avropa ilə bağladı. Dedim ki, Azərbaycanda bir nəfər də rus əsgəri yoxdur, əvəzində isə Ermənistan Rusiyanın for-postudur. Bütün Ermənistan iqtisadiyyatı Rusiyanın əlindədir, Qafqazda ən böyük rus ordusu Ermənistandadır. Amma əvəzində Amerika Konqresi bizə “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişi tətbiq edib. Ermənistana kömək edir və Rusiya tərəfdarları bizi xalqın qarşısında biabır edirlər ki, biz Amerikaya hər şeyi vermişik, əvəzində Amerika Ermənistanı dəstəkləyir. Elə biz ən yaxşısı gedək Rusiya tərəfə. Bunu deyəndə mənə ilk sual verən, sərt reaksiya göstərən Pentaqonun Mətbuat katibi oldu. O mənə dedi, siz ABŞ-a qarşı çox ciddi ittihamlar səsləndirirsiz, istəyirəm ki, dəqiqləşdirəm, necə yəni, Azərbaycanda 1 rus əsgəri yoxdur, amma Ermənistanda Rusiya qoşunu var? Ona real vəziyyəti izah elədim ki, dedim ki, biz filan vaxtı rus qoşunlarını çıxarmışıq… İki saat ancaq bu mövzuda söhbət etdik. Oradan çıxanda Elmar Məmmədyarov qapının ağzında mənə yaxınlaşıb dedi ki, Aslan, Nyu-Yorkda Deyl Karneqi Fondunda baş verənlərə görə səndən üzr istəyirəm. Elmar məndən üzr istədi, dedi ki, bu 2 saata gördüyün işləri heç Azərbaycan hökuməti müstəqilliyindən bu yana edə bilməmişdi. Oradan qayıdandan sonra Elmar Məmmədyarov məndən 5 işçi götürdü.

– Elmar Məmmədyarov Rusiyanın adamı idi?

– Son Qarabağ müharibəsi kim kimin adamı olduğunu göstərdi. Müharibədə kimlər iştirak etdi. Müharibənin əvvəlində kimlər vəzifələrindən xaric olundu? İlham Əliyev atasının yolunu gedir. O, müharibə öncəsi etibar etmədikləri adamları – Ramiz Mehdiyevi, Elmar Məmmədyarovu, Əli Həsənovu vəzifədən uzaqlaşdırdı. Zakir Qaralovu da uzaqlaşdırdı, çünki o da rusların adamıdır. Bu gün də İlham Əliyev hər şeyi hamıdan yaxşı bilir. Onun çıxışlarını diqqətlə izləyənlər nələr etdiklərini görər. Bu gün onu boş-boş tənqid edənlərə fikir verməyin, etdiklərini görün və necə… Müharibə dövründə çalışdım ki, məndə nə isə bir iş görüm. Ən azından ailəliklə bacardığımızı etdik. Əminəm ki, hakimiyyətin üst qatı nə etdiklərimizi çox yaxşı bilir.

– Sizin müsahibəniz vardı, 1 il müharibədən öncə, dediniz ki, bu il Qarabağ ili olacaq. Fikirləşdik ki, bu informasiyaları sizə ötürürlər…

– Bəli, bir çoxları elə fikirlərşir. Sizə qətiyyətlə deyirəm ki, bu günə qədər heç bir hərəkətimi heç kimlə razılaşdırmamışam və hakimiyyətdə kiminləsə gizli əlaqəm yoxdur. Kimlə görüşmüsəmsə həmişə cəmiyyətə bildirmişəm. Bu günə qədər heç vaxt, heç kimlə gizli sövdələşməm olmayıb. Onu da açıq deyirəm ki, dövlətimiz üçün ən yuxarıda olanlardan kiminlə desəniz, danışmağa hazıram. Ona görə ki, bu gün vəziyyətimiz çox mürəkkəbdir, həqiqətən müstəqilliyimiz təhlükə altındadır. Çox təəssüf edirəm ki, çoxları bunu anlamır. Çoxları bu gün çox kiçik, cılız məqsədlər güdürlər. Bu gün hamı dövlət üçün çalışmasa, çox gec ola bilər. Dediyinizlə bağlı isə, müharibədən 2 gün öncə bir çıxışım var. O çıxışıma diqqətlə qulaq asan, yaxşı analitik düşüncəsi olan şəxs bilər ki, mən hökumətlə əlaqəli deyiləm. Bir yerdə hökumətə də ultimatum göndərirəm. Deyirəm ki, əgər bu hakimiyyət Amerikadakı seçkilərə qədər müharibəni başlamasa, deməli, indiyənə qədər Qarabağ bu hakimiyyəti saxlamaq üçündür. Bəli, bir o cümləni ordan çıxartsaq, hər şey siz dediyiniz kimi görünər. Orada mən açıq deyirəm ki, müharibə başlayacaq, hazırlaşmaq lazımdır, hazırlıqlar görməliyik. Tam səmimi deyirəm ki, o çıxışımı sonralar təkrar dinləyəndə özüm də təəccüblənmişdim ki, o qədər əminlik məndə haradandır?! Bunu yalnız məndə olan güclü intiusiya ilə izah etmək olar.

– Ölkədə baş verən son proseslər barədə nə deyə bilərsiniz?

– Müharibədən sonra çoxlu ciddi addımlar atılıb, tədbirlər görülüb. Ən mühüm məsələ Şuşada “Xarı bülbül” musiqi festivalının keçirilməsidir. Bu, erməniləri “moralnı” məhv etdi. Bu çox vacib idi. Həm bizim mənəvi yüksəlişimiz üçün, həm də ermənilərin mənəvi məhvi üçün. Bu gün erməni cəmiyyəti qan çanağına bənzəyir. Tam bizdə 1993-cü ildə olan vəziyyətdir. İlham Əliyev hər şeyi düz edir o, Heydər Əliyevin oğludur. Gen öz yerində, başqa şeydir. İlham Əliyev peşəkar diplomatdır deyə, daha incə addımlar atır, o addımları mən çox aydın görürəm. “Xarıbülbül” festivalı, sərhədlərin bərpası işləri və sairə… Bu gün ən vacibi ölkədəki qələbə ab-havasını və milli birliyi saxlamaqdır. Müharibə yenidən təkrarlana bilər. Bu yöndə isə düşmənlərimiz, bəzən elə özümüzünkülərin əli ilə çox təhlükəli oyunlar aparırlar. Cəmiyyət olaraq bugünkü çox məsuliyyətli dövrü nəzərə almalıyıq. Bəziləri yenə irad bildirəcəklər ki, xalq acından ölür, Aslan İsmayılov da hakimiyyəti dəstəkləyir. A kişilər, mən hakimiyyəti yox, dövləti dəstəkləyirəm. Bu gün iqtidar, müxalifət deyişməsinin vaxtı deyil. Yüzlərlə xalq milyonlarla qurban veriblər ki, müstəqil olsunlar. Biz isə müstəqillik təhlükədə olanda qarın düşünməməliyik. Mənim də şəxsən çoxlu problemlərim var. Ancaq bu gün onları qabartmağı ayıb sayıram. Bu müharibədə ən gözəl, dəyərli balalarımız məhz müstəqilliyimiz, torpaqlarımız üçün şəhid oldu.

– Festivala sizi dəvət etməmələrinin səbəbi nədir?

– Bəli, “Xarıbülbül” musiqi festivalına dəvət edilmədiyimə görə küskünlüyüm yarandı. Vicdanıma and olsun, mənə dəvət gəlsəydi, deyərdim ki, oraya şəhid ailəsini aparın, çünki mən şəhid analarını dinləyirəm, oxuyuram. Elə şəhid anası Teymur Abbaslının anası Başxanım Abbasovanın hər gün yazılarını oxuyun. Oxuduqca adam param-parça olur. Bu gün ən yaxşı tədbirlərdə şəhid anaları olmalıdırlar, bu  daha çox onların haqqıdır. Amma məni deyil, “bəzilərini” aparmaqları pis təsir edib. Küsəyən deyiləm. Uşaq vaxtından haqqım yeyilib, ona görə də öyrəşmişəm. Mən Allahın ədalətinə sonsuz inanıram, peyğəmbərlərə, İsaya, Musaya inanmıram. Bunların hamısı insanların fikiridir. İsa peyğəmbər, Musa peyğəmbər, Məhəmməd peyğəmbər həddindən dahi, çox ağıllı və dürüst adamlar olublar. İndiki partiya sədrləri kimi ciblərini deyil, xalqı düşünüblər, ideyaları ilə fayda veriblər. İnsanlığı bacardıqları qədər düz yola dəvət ediblər. Ancaq mən tək Allaha inanıram. Başqalarının inamına da hörmətlə yanaşıram. Ancaq Allahla öz aramda vasitəçi istəmirəm. Uca Allaha sonsuz inanıram və bilirəm ki, hər şeyi görür. Bu günə qədər də dəfələrlə onun haqqımda olan ədalətinin yüzlərlə dəfə şahidi olmuşam. Bu günə qədər də məni o qoruyub. Ona görə də çox rahatam.

Müsahibəni apardı: “Onlayn” Media Klubu

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar