Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş ağrılarının 90%-nin beyinlə əlaqəsi yoxdur, MRT heç nə göstərmir..- Nevroloq

90% hallarda elə adi müayinə ilə, MRT-siz diaqnoz qoymaq mümkündür.

Beyin toxumasının özündə ağrı reseptorları yoxdur, yalnız beynin qişaları və damarları ağrıyır.

Hazırda Azərbaycanda başı, boyunu ağrımayan insan az tapılar.

Bir çoxları daimi baş ağrılarının səbəbinin beyində olduğunu düşünüb, hətta beyin şişlərindən şübhələnib həkimsiz, özləri baş beynin MRT, KT kimi ciddi müayinələrindən keçir. Müayinənin nəticəsində isə beyində heç nə tapılmır. Bəzilərini isə elə həkimlər özləri MRT-ə yönləndirir. Yenə də ortada dəqiq diaqnoz yoxdur.

Bəs bizim başımız niyə ağrıyır?

Medicina.az baş ağrılarının səbəblərini tanınmış nevroloq həkim Babək Aslanovla birgə araşdırıb.

PİA.az həmin müsahibəni təqdim edir:

- Babək doktor, insanlarımız nevroloqa getməzdən öncə özləri müəyyən baş və boyunu MRT, hətta KT kimi müayinələrdən keçirib, ağrıların səbəblərini bilmək istəyirlər. Çox pasiyentə elə gəlir ki, baş ağrıyırsa, beyində, onurğada nəsə var. Amma siz çox nadir hallarda MRT təyin edirsiz. Baş ağrısında MRT mütləqdirmi?

- MRT müayinəsi xəstənin istəyi ilə yox, nevroloq həkimin ilkin baxışından sonra həkimin lazım bildiyi halda edilə bilər.
İstənilən nevroloji şikayət zamanı xəstəni birinci əyani obyektiv müayinə etmək lazımdır. Anamnez toplanır. Nevroloji statusu yoxlayırıq. Əgər başda, boyunda ağrı varsa, biz ağrını dəqiq analiz etməliyik: ağrı başın hansı nahiyəsindədir, uzun çəkir, qısa olur, birdən tutur, çoxdan var, yeni başlayıb?

Məsələn, tutaq ki, pasiyent deyirsə səhər oyanandan baş ağrı, ürəkbulanma olur, ya məsələn, fiziki iş görəndə başı ağrıyır və yaxud öskürəndə başının içi ağrıyır, bunlar kəllədaxili təzyiqin yüksəlməsi əlamətlərinə oxşayır. Belə pasiyenti MRT-ə göndəririk. Yox, pasiyent deyirsə, məndə 10-15 ildir ağrı var, arada tutur, başımın bir tərəfi ağrıyır, başımda nəbzvari vurğu hiss edirəm, xüsusən qadınlarda məktəb yaşlarından başlayıbsa, burda artıq MRT-ə ehtiyac olmur. Bu, artıq indi geniş yayılmış xəstəlik olan miqrendir.

Ümumiyyətlə, baş ağrıları 2 böyük qrupa bölünür: birincili baş ağrıları və ikincili baş ağrıları.

İnsanlarda görülən baş ağrılarının 98%-i elə birincili ağrılardır: klaster, gərginlik, miqren, əzələ gərginliyi ağrıları bura daxildir. Bunların səbəbini heç bir aparat, cihaz göstərmir. Bunu ancaq nevroloq əyani baxışda müayinə ilə deyir.

Nevroloq ağrının xarakterinə görə diaqnozu qoymalıdır. Çünki müalicələr də fərqlidir. Hər başı ağrıyana eyni ağrıkəsicilər yazmaq olmaz.

İkincilli baş ağrıları isə hansısa digər xəstəliklərin nəticəsində yanaşı olaraq müvəqqəti və ya daimi olur. Məsələn, qızdırma, qrip, ya koronavirus zamanı baş ağrıya bilər. Beyindaxili xəstəliklər, anomaliyalarda, şişlərdə, anadangəlmə damar anomaliyaları, insult, gözdaxili xəstəlik, qlaukomada, bəzən yüksək təzyiqdə, burunda, ətrafı ciblərdə iltihab,bütün bunlar başda ağrı yaradır. İkincili baş ağrılarında bəzən MRT lazım ola bilər.

- Doktor, bəs yüksək təzyiq başda ağrı verə bilərmi?

- Azərbaycanda belə bir inam formalaşıb ki, başım ağrıyırsa, təzyiqimi yoxlayım. Yəqin düşüb, ya qalxıb. Çox insan baş ağrısını təzyiqlə bağlayır. Bu düzgün deyil. İnsan var ki, təzyiqi 200-ə qalxır, heç başı ağrımır.

İnsanın təzyiqi gün ərzində dəfələrlə dəyişə bilər. Bu o demək deyil ki, baş ağrımalıdır. Sadəcə bu vərdişə çevrilib, başı ağryanda dərhal təzyiqi ölçürlər. Halbuki yuxusuzluqda, yorğunluqda da boyundan başa gələn sinirlər sıxılıb ağrı verə bilər.

İstənilən həyəcan, gərginlik, psixoemosional problemlər zamanı başın dərisinin altındakı nazik əzələlər yığılır və ağrı reseptorlarını qıcıqlandırır.

- Çox insan əsəbiləşəndə də başı ağrıyır. Bunun mexanizmi necədir? Nə baş verir ki, əsəbiləşmək başa təsir edir?

- İstənilən həyəcan, gərginlik, psixoemosional problemlər zamanı başın dərisinin altındakı nazik əzələlər yığılır və ağrı reseptorlarını qıcıqlandırır. Bunlara gərginlik baş ağrıları deyilir.

Bir də var psixogen baş ağrıları, yəni sinir sistemi həddən artıq yüklənmiş, həssas olan, nevroz dediyimiz insanlarda ağrını törədəcək heç bir ciddi səbəb olmadığı halda başı ağrıyır.

Praktikamda belə xəstələr olub. Kişi xəstəni kimsə MTR-ə göndərib, müayinə zamanı başında çox kiçik subaraxnadial kist aşkarlanıb. Bu kista isə əslində, beyinlə qişa arasındakı boşluqdur, bir az genişlənib. Bu, ciddi diaqnoz deyil, heç bir müalicə lazım deyil, ağrı da vermir. Sadəcə bu kista sözü xəstənin beyninə düşüb, həyəcan yaradıb, ondan sonra baş ağrıları yaranıb. Mən ona izah etdim ki, səndə təsadüfən aşkarlanan bu kist ciddi xəstəlik deyil, bu ağrı vermir. Minlərlə insanda var, MRT etməyib deyə bilmir. Bu sənə problem verməyəcək. Pasiyentlə söhbət etdikcə o sakitləşdi və inandı. Ona bəzi sakitləşdiricilər yazdım, 3 gün sonra əlaqə saxladı ki, doktor başım daha ağrımır. Belə xəstələr çox olur. Adi söhbətlə, həkimə inamla ağrılardan xilas ola bilir.

Lakin bunlardan arxayınlaşmaq da olmaz. Baş ağrıları bəzən çox ciddi baş beyin xəstəliklərinin də əlaməti ola bilir: müxtəlif beyin iltihabi xəstəliklər, beyində, onurğada şişlər.

Əgər xəstədə xüsusi təhlükəli əlamətlər varsa, biz mütləq xəstəni əlavə müayinələrə göndərəcəyik.

- Nədir bu qırmızı xətti keçən əlamətlər?

- Nələr ola bilər. Ağrı yeni başlayıb, şiddətlidir, 3-5 gündən artıqdır davam edir. 50 yaşından yuxarı ilk dəfə başlayıbsa, mütləq ciddi yoxlanmalıdır. Fiziki iş zamanı, hərəkətdə, öskürəndə kəllədaxili təzyiq artır və ağrı çoxalır. Bu da ciddi siqnal ola bilər.

Gənclərin onurğası tez sıradan çıxır, əyilir, tez qocalır, bu da gələcəkdə bel, boyun, baş ağrılarını artırır.

- Doktor, sizə müraciət edən xüsusilə gənclərdə ən çox rast gəlinən problemləri necə sıralayardız. Hansılar birinci yerdədir və səbəbləri?

- Ən çox yayılmışı birincili baş ağrılarıdır, bunların da içində ən birinci gərginlik tipli baş ağrıları. Burda səbəb boyunda, başda olan əzələlərin gərginliyidir. Bu gərginliyi onurğa xəstəlikləri – skolioz, kifoz,lordoz, ostexondroz verir.
Əgər onurğada əyrilik varsa, boyun əzələləri gərginləşir. Gicgah çənə oynağının disfunksiyası: dişlərdə problemlər, ümumiyyətlə, çənədə olan deformasiyalar da başa ötürülür. Gözlərində zəifləmə olanlar telefon, kompüterdə işləyənlərdə göz əzələləri gərginləşir, bu da ağrı yaradır. Uzun müddət işdə, dərsdə masada komputer qarşısında əyləşmək, xüsusən əyri oturmaq, başı aşağı baxmaq, boyunu əyri tutmaq – bunlar hamısı səbəblərdir. Qısası, müasir insanların gündəlik həyatı, vərdişləri, işi gərginliyi yaradır. İnsanlar az hərəkət edir. İndi telefonla bütün məsələlər həll olunur. Bu da boyunu, gözü daim gərgin saxlayır. Gecə normal yuxu almırlar, gecəyarı telefon zəng çalır, ayılır. Bu da gərginlikdir.

İkinci yerdə miqren xəstəliyi gəlir. Bu xəstəlikdə genetik səbəblər də var.

İkincili baş ağrıları içində ən çox rast gəldiyimiz isə çervikagen baş ağrılarıdır, miafasial baş ağrılarıdır. Bu nə tip ağrılardır? Boyun əzələləri çox gərginləşərək başa ağrı verir və boyundan başa gələn sinirlər sıxılır. Bu ağrılar birtərəfli olur, həmin hissədə keyimə olur, bəzən iynəbatırma, qısamüddətli tutma kimi ağrı tutur. Soyuğundan təsirindən artır, səhər yuxudan duranda başlaya bilir. Çünki yatanda boyun sıxılır. İsti duş qəbul edən zaman istidən əzələlər boşalır deyə ağrı da azalır.

Gənclərdə boyun- baş ağrıları ostexondroz, skolioz və boyunun lordozuna görə artıb. Boyun qabağa əyilmiş vəziyyətdə sutkada 10-12 saat telefona baxmaqla boyun lardozu düzlənir. Uzun müddət bu vəziyyət davam edəndə, artıq boyun əvvəlki təbii vəziyyətinə qayıtmır, baş ağrıları daimiləşir. Onurğamız S vari vəziyyətdədir. O amartizator rolunu oynayır. Lakin bu hissə düzləşəndə istər-istəməz amartizasiya rolu azalır, insan hərəkət edəndə, qaçanda, iş görəndə istər-istəməz onurğaya, boyuna mikrozərbələr artır və bu da başda ağrılar yaradır.

Uşaq və gənclərin dərsdə, işdə və hətta evdə də masada əyləşmələrinə, telefon və komputerə baxarkən boyunu düzgün tutmalarına, başı çox önə əyməmələrinə fikir vermək lazımdır. Telefon və komputer ekranı gözlə bir səviyyədə olmalıdır.
Bu, indiki nəslin və gələcəyin böyük problemidir. Gənclərin onurğası tez sıradan çıxır, əyilir, tez qocalır, bu da gələcəkdə bel, boyun, baş ağrılarını artırır.

Onurğa eyni bir vəziyyəti sevmir, o hərəkəti xoşlayır. Uzun müddət oturmaq və ya ayaq üstə dayanmaq zərərinədir. 1-2 saat oturmusansa, 10-15 dəqiqə gəzməlisən və ya idman edəsən. Onurğanın hərəkətliliyi vacibdir.

- Birincili baş ağrısında dərman müalicəsi təyin edirsiz. Amma səbəb hərəkətsizlik, gərginlik, boyun problemidirsə, təkcə dərman bəs etmir. Yəqin ki, əlavə olaraq idman, masaj, fizioterapiya və s. təyin edirsiz. Amma biz bunları etmirik, vaxt tapmırıq, ancaq sehrli dərman axtarırıq. Necə müalicə olunmalıyıq?

- -Bəli, duz dediniz. Çox baş ağrıları, boyun, bel, onurğa problemlərinin müalicəsində əsas rolu dərman oynamır. Miqren xəstəliyinin müalicəsində xəstənin əsas işi rejimə düzgün əməl etməkdir: 8 saat yuxu, vaxtında yatmaq, vaxtlı-vaxtında yemək, su rejimi – səhər, günorta, axşam 2 stəkan, gərginlik baş ağrılarında aktiv istirahət, açıq havada olmaq, idman, gəzmək gərginlik baş ağrılarını azaldır.
Pasiyentlərə uyğun fizioterapiya, boyun məşqləri, müxtəlif idman hərəkətləri tövsiyə edirik. Amma çox az adam bunlara əməl edir.

KORONAVİRUS sinir sistemi və beyini zədələyə bilər. Nevroloji problemlər bəzən aylarla davam edir

- Babək doktor, pandemiyada nevroloji şikayətlərin sayı artdı. Kovid keçirən xəstələrdə virus sinir sistemini də zədələyir və bu gün xəstələr sağalandan sonra özləırini yaxşı hiss etmirlər. Əl ayaq, baş ağrıları, qoxunun bərpa olmaması, başda sıxılmalar, keyimələr, təşviş, panika, ürəkdə sıxılma halları qalır. İndi dünyada tibb koviddən sonrakı dövr ilə məşğuldur və artıq post-kovid adlanan yeni tip xəstəlik də elan edilib. Sizə koronavirusdan sonra belə xəstələr gəlirmi və kovid sinir sistemində hansı izlər qoya bilər?

- Kovid yeni başlayan vaxtlarda virusun sinir sisteminə təsiri və xəstələrdə nevroloji problemləri ilə bağlı tibb dəqiq informasiyaya malik deyildik. Pasiyentlər üzərində tədqiqatlar, nəzarətlər aparılmalıydı. Pasiyentlərin sağalandan sonra digər şikayətlərlə müraciətindən sonra alimlər, elmi tədqiqat institutları bunun üzərində işlədilər. İndi pandemiya 2 ilə yaxınlaşır, müəyyən qədər elmi sübutlar var, artıq biz kovidin nələrə 100% səbəb olduğunu deyə bilərik. Artıq yeni bir daqnoz təsdiq edilib: long kovid – uzun müddətli kovid. Bəzən bu aylarla davam edə bilər.

Xəstələrdə nevroloji əlamətlər hansılardır: yuxusuzluq, müxtəlif ağrılar - əzələ, baş, oynaq, bel, iy və dadbilmənin bərpa olmaması, başgicəllənmələr, psixiatrik, psixoloji problemlər depressiya, panik atak, təşviş pozuntusu.

Bunların da yaranmasını belə izah edirlər ki, əvvəlcədən bu problemləri olan insanlardır, hansı ki, kovid bunu daha da qabardıb, dərinləşdirib. İkinci bir səbəb virusun özünün bilavasitə beyni zədələməsi, həm də dolayısı yolla beyində müxtəlif digər reaksiyaların baş verməsidir. Virusun beyinə birbaşa düşdüyü də elmi sübut olunub, beyinə düşməsə də başqa yollarla toksiki təsiri, hüceyrələri qismən zədələməsi də baş verə bilər. Bildiyimiz kimi, kovid xəstləri çox sayda ağır dərmanlar da qəbul edirlər. Onların da beyinə, sinir sisteminə təsiri var.

Yəni təkcə demək olmaz ki, insan koviddən qorxdu, ölümdən qorxdu deyə təşviş pozuntusu yarandı. Xeyr, təəssüf ki, virusun özünün də təsiri az deyil. Bunları da təbii ki, MRT və digər cihazlar göstərmir.

Xəstələri yenə də əyani müayinə, şikayətlərə, əlamətlərə əsasən simptomatik müalicə edirik. Yuxusu pozulanın yuxusunu bərpa edirik, ağrılara qarşı dərmanlar, sakitləşdiricilər, antidepressantlar və s təyin edirik. Xəstə qidalanma, su, istirahət rejiminə əməl etməlidir. Pasiyentlər narahat olmasınlar, bütün bunlar zamanla keçib gedir. Dediyim kimi, long covid aylarla çəkə bilər. Sağalan pasiyentlərimiz günü-gündən artır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar