Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: “ABŞ-ın gələcəkdə anti-Azərbaycan addımları atması istisna deyil” - Müsahibə

Politoloq: ““Soyqırım” ifadəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü ildə keçiriləcək prezident seçkilərində mövqelərini zəiflətmək və müxalifətin əlinə yeni arqumentlər vermək üçün atılan addım idi”

“24 aprel “soyqırım” hadisəsi olaraq tanınandan sonra Paşinya dərhal istefa verdi. Mənə elə gəlir ki, bunlar heç də təsadüfi olan hadisələr deyil. Paşinyan istədiyini əldə edəndən sonra rahat istefa verdi”.

Xəbər verdiyimiz kimi ABŞ Prezidenti Co Bayden bu gün rəsmi açıqlamasında XX əsrin əvvəllərində Osmanlıda ermənilərin kütləvi ölümünü “soyqırım” adlandırıb. Bayden sözügedən ifadəni “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında səsləndirib.

Baydenin “soyqırım” ifadəsini və bunun nəticələrini PİA.az-ın əməkdaşı politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Hadisənin “soyqırım” olaraq Bayden tərəfindən tanınması əsasən Türkiyənin getdikcə güclənməsi və müstəqil siyasət yürütməsi ilə əlaqəlidir”.

PİA.az Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

- Natiq bəy, sizcə Bayden hansı geosiyasi səbəblərdən “soyqırım” ifadəsini işlətdi?

- Düşünürəm ki, Bayden bu addımla əsasən 3 istiqamətdə siyasi, geosiyasi perespektivləri nəzərdə tutdu.

Birincisi bildiyimiz kimi bir növ Qərbyönümlü Paşinyan Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkilərində iştirak edəcək. ABŞ da Rusiyayönlü siyasətçinin, yaxud da revanşist qüvvələrin deyil, məhz Paşinyanın qələbəsində maraqlıdır. Buna görə də 1915-ci il hadisələrinin “soyqırım” kimi tanınması Paşinyanın seçki qabağı siyasi mövqelərini erməni cəmiyyətində gücləndirir.

Sanki əvvəlcədən razılaşdırılmış plan üzrə hərəkət edildi. Yəni 24 aprel “soyqırım” hadisəsi olaraq tanınandan sonra Paşinya dərhal istefa verdi. Mənə elə gəlir ki, bunlar heç də təsadüfi olan hadisələr deyil. Paşinyan istədiyini əldə edəndən sonra rahat istefa verdi.

İkincisi bu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü ildə keçiriləcək prezident seçkilərində mövqelərini zəiflətmək və müxalifətin əlinə yeni arqumentlər vermək üçün atılan addım idi. Xatırlayırsınızsa, ABŞ-da son prezident seçkisi prosesində Baydenin Ərdoğanın hakimiyyətdən getməsi ilə bağlı konkret açıqlaması olmuşdu.

Natiq Miri: “1915-ci il hadisələrinin “soyqırım” kimi tanınması Paşinyanın seçki qabağı siyasi mövqelərini erməni cəmiyyətində gücləndirir”.

Düşünürəm ki, hadisənin “soyqırım” olaraq tanınması bilavasitə həm də 2023-cü ilə yönəlik açıqlama idi. Bu da Türkiyədə müxalifətin əlini, mövqeyini gücləndirir. Gələcək prezident seçkilərində müxalifət “soyqırım”ın tanınmasını Ərdoğanın əleyhinə arqument olaraq istifadə edəcək. Yəni heç bir zaman tanınmayan “soyqırım” hadisəsi məhz Rəcəb Tayyib Ərdoğanın yanlış xarici siyasəti nəticəsində tanındı.

Üçüncüsü isə hadisənin “soyqırım” olaraq Bayden tərəfindən tanınması əsasən Türkiyənin getdikcə güclənməsi və müstəqil siyasət yürütməsi ilə əlaqəlidir. Çünki Türkiyənin güclənməsi və müstəqil siyasət yürütməsi ABŞ-ı, eyni zamanda onların müttəfiqi olan Avroatlantik məkanı - NATO-u və Avropa Birliyi ölkələrini ciddi şəkildə narahat etməkdədir.

Türkiyə artıq “mavi vətən” siyasətini dövriyyəyə buraxıb. Türkiyə Aralıq dənizi və Qara dənizdə ciddi şəkildə öz varlığını, geosiyasi maraqlarını təmin etmək yöndə addımlar atır. Eyni zamanda bu dəniz hövzələrində enerji daşıyıcılarının araşdırılıb tapılması üçün gəmilərdən istifadə edərək ekspedisiya aparır. Artıq bunun konkret nəticələri var və Qara dənizdə 4 milyard kub metrdən yeni neft, qaz mənbələri tapılıb. Bu proses artıq Aralıq dənizində də aparılır.

Bütün bunların hamısı gələcək perespektivdə Türkiyənin mövqelərinin regionda daha da gücləndirəcək amillərdir. Hesab edirəm ki, Baydenin əsas niyyətlərindən biri də Türkiyəni müəyyən sanksiyalar və bu cür siyasi addımlarla zəiflətməkdən ibarətdir.

Düşünürəm ki, bu 3 səbəbə görə Bayden hadisəni “soyqırım” olaraq tanıdı.

- Bildiyimiz kimi ABŞ prezidenti “soyqırım” ifadəsini işlətməmişdən əvvəl Türkiyə prezidenti Ərdoğanla telefon danışığı oldu. Görünən bu oldu ki, iki dövlət lideri razılığa gələ bilməyiblər. Sizcə bundan sonra Ərdoğanın siyasəti necə olacaq?

- “Soyqırım” ifadəsini işlənmə ABŞ və Türkiyə arasında münasibətləri tənzimləmək üçün ciddi yaralar açdı. Bu yandırılmış körpünü yenidən bərpa etmək mümkün olmayacaq. Çünki bu addım düşmənçilik siyasəti idi və ABŞ öz mövqeyini ortaya qoydu.

Natiq Miri: “Ərdoğan bundan sonra tədricən Avroatlantik məkanından aralanmaq və yeni güc mərkəzi yaratmaq siyasətinə üstünlük verəcək”.

Bildiyimiz kimi Türkiyə ABŞ-ın rəhbərlik etdiyi Avroatlantik məkan və NATO üçün vazkeçilməz bir ölkədir. Belə olan halda Türkiyəyə qarşı ABŞ-ın bu addımı digər ölkələr üçün müəyyən mənada örnək olacaq və yeni presidentlər də yarada bilər. Yəni hegemon ölkə olaraq ABŞ-ın “soyqırım”ı tanıması digər ölkə üçün örnək ola biləcək hadisə ola bilər. Buna görə də düşünürəm ki, ABŞ-Türkiyə arasındakı münasibətlərə ciddi xələl gəldi.

Hesab edirəm ki, Ərdoğan bundan sonra tədricən Avroatlantik məkanından aralanmaq və yeni güc mərkəzi yaratmaq siyasətinə üstünlük verəcək. Bu güc mərkəzləri də heç də Rusiya, Çin və digər Asiyadan olan ölkələr olmayacaq. Mənə elə gəlir ki, Ərdoğan yeni Türk Cümhuriyyətlər birliyinə daha çox üstünlük verəcək. Çünki digər ölkələr də etibar olunacaq ölkələr deyil və həmin ölkələr də Türkiyənin gələcək perespektivdə daha da güclənməsində maraqlı deyillər. Doğrudur Rusiya və digər ölkələrlə müəyyən mənada münasibətlər tənzimləməyə çalışacaq. Amma düşünürəm ki, mütləq mənada Azərbaycan da daxil olmaqla, Türkiyə Türk Birliyinin yaradılmasına üstünlük verəcək. Yəni bir növ Turan Birliyi istiqamətində ciddi addımlar atılacaq.

- Məlumdur ki, Bayden Azərbaycana qarşı olan 907-ci maddəyə düzəliş edən şəxslərdən biridir. Qondarma “soyqırımı” tanıyan Baydenin bundan sonra Azərbaycana qarşı siyasətini necə proqnoz edirsiniz?

- Bayden ermənipərəst siyasətçidir. Çünki Baydenin prezident seçkiləri kompaniyasında erməni lobbisinin maliyyəsinin ciddi şəkildə iştirak etməsi haqqında konkret informasiyalar mövcuddur. Buna görə də erməni “soyqırımı” hadisəsinin tanınmasının əsas səbəblərindən biri də məhz budur. Düşünürəm ki, gələcəkdə ABŞ tərəfindən yenə də Ermənistanın maraqlarına uyğun olan addımların atılması gözlənilə bilər.

Siyasi təhlilər edərkən görünür ki, bu addımlar ABŞ-ın geosiyasi maraqlarına xidmət etməyən addımlar olacaq. Amma erməni “soyqırımı”nın tanınmasının özü də ABŞ-ın xarici siyasətinə uyğun davranış deyil. Çünki Türkiyə ilə münasiblərin korlanması ABŞ-ın regionda, xüsusilə NATO-nun cənub sərhədlərində ABŞ-ın və NATO-nun mövqelərini gücləndirəcək amil deyil. Amma bütün bunlara rəğmən Bayden bu qırmızı xətti çox rahatlıqla keçə bildi.

Natiq Miri: “Türkiyə ilə münasiblərin korlanması ABŞ-ın regionda, xüsusilə NATO-nun cənub sərhədlərində ABŞ-ın və NATO-nun mövqelərini gücləndirəcək amil deyil. Amma bütün bunlara rəğmən Bayden bu qırmızı xətti çox rahatlıqla keçə bildi”.

ABŞ artıq əvvəlki ABŞ deyil. Getdikcə ABŞ beynəlxalq hüquqa çox rahatlıqla “tüpürə” bilir və bütün qırmızı xəttləri çox rahatlıqla keçə bilir. Son prezident olan Donald Trampın dönəmində də Suriyanın Golan təpələri çox rahatlıqla İsrailin tərkib hissəsi kimi tanındı. Həmçinin heç bir prezidentin tanımadığı Qüdsü Tramp çox rahatlıqla İsrailin paytaxtı olaraq tanıdı. Eyni hadisələri biz 80 yaşlı Baydenin dönəmində də müşahidə edirik.

Mən istisna etmirəm ki, gələcəkdə Azərbaycana qarşı da ABŞ tərəfindən hansısa sanksiyalar tətbiq oluna bilər. Baxmayaraq ki, Cənubi Qafqazda Azərbaycan vazkeçilməz ölkədir. Yəni hər bir ölkə Azərbaycanla münasibləri tənzimləmək üçün çalışır. Amma ABŞ-ın son atdığı addım bütün proqnozların üstündən çox rahatlıqla xətt çəkə bilər. Buna görə də ABŞ-ın gələcəkdə anti-Azərbaycan addımları atmasını istisna etmirəm.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar