Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkədə həqiqətənmi korrupsiya ilə mübarizə aparılır?

Aprelin 22-də «Yeni klinika»nın baş həkimi Pərviz Abbasov və Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasının rəhbəri İmran Ağayev, habelə bu iki klinikanın bir neçə əməkdaşı həbs edilib.

Həbs olunanların sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədov da var.

Onların hamısı rüşvət müqabilində koronavirus xəstələrini stasionar müalicə üçün klinikaya qəbul etməkdə ittiham olunurlar.

Bəzi ekspertlər və kütləvi informasiya vasitələri bunu artıq korrupsiya ilə mübarizənin yeni dalğası kimi qiymətləndiriblər.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Turan-a bildirib ki, Azərbaycanda korrupsiya ilə mübarizə aparılır. «Cənab prezidentimizin elan etdiyi kimi, biz korrupsiyaya və rüşvətə müharibə elan eləmişik. Yəni, Azərbaycanda bu sahədə işlər görülür, vaxtaşırı da bu barədə məlumatlar verilir».

Deputat qeyd edib ki, birdən-birə bu problemin kökünü kəsmək qeyri-mümkündür: «Elə bir dövlət, elə bir ölkə tapmaq olmaz ki, orada rüşvət, korrupsiya məsələsi olmasın. Bu, bütün dünyaya yayılmış və çox qədim tarixə malik olan problemdir».

Lakin komitə üzvü hesab edir ki, bunun qarşısını almaq üçün tədbirlər görülür: «Mübarizədə müxtəlif üsullardan istifadə olunur. Bunlar təkcə həbsdən ibarət deyil. Başqa mübarizə üsulları da var – təbliğat, tərbiyə, cürbəcür qadağalar, kadr və struktur islahatları və digərləri. Məsələn, dünən bir neçə nəfər həbs olundu, bu barədə məlumat getdi. İndi digərləri bundan nəticə çıxartmalıdılar ki, belə işlər görmək olmaz. Özü də görün, nədən istifadə ediblər. Xəstə adamlar ölümlə əlbəyaxadır, bunlar isə deyir ki, pul gətir müalicə edək, gətirmirsənsə xəstəxanada yer yoxdur. Bundan da çirkin əməl olmaz».

Elman Məmmədovun fikrincə, təkcə rəsmi qurumlar tərəfindən yox, eyni zamanda bu məsələdə ictimaiyyət də düzgün mövqe tutmalıdır: «Rüşvət verən də, rüşvət alan da eyni məsuliyyət daşıyır. Rüşvət verməmək məsələsi də vətəndaşlar tərəfindən gündəmdə olmalıdır. Hərdən görürsən ki, vətəndaş, bu xəstələrin sahibləri kimi müəyyən səbəbdən pul verməyə məcbur olur, əlacsızlıqdan bu yola gedir, bəzən canını hansısa cinayətdən qurtarmaq üçün bu yola əl atır, bəzən rüşvəti məqsədli verir ki, getsin hardasa işləsin, sonra özü də verdiyi rüşvəti çıxarmaq üçün başlasın rüşvət almağa. Hesab edirəm ki, bu bəlanın kökünü kəsmək üçün hər kəs həyatda düzgün mövqe tutub prinsipiallıq göstərməlidir».

İqtisadçı Natiq Cəfərli isə “Azadlıq” radiosuna deyib ki, Azərbaycanda tez-tez məişət səviyyəsində rüşvəti korrupsiya ilə səhv salırlar: «Dünənki həkimlərlə bağlı hadisə korrupsiya deyil, məişət səviyyəsində rüşvətdir. Korrupsiya daha böyük anlayışdır».

Ekspert hesab edir ki, Azərbaycanda əsas problem büdcə korrupsiyasıdır: «Yəni, büdcədən ayrılan vəsaitlərə nəzarət məsələsidir. Əsas korrupsiya mənbəyi oradadır və əsas hədəf də həmin korrupsiya ilə mübarizəsi olmalıdır. Hökümət korrupsiya ilə mübarizə aparmaq istəyirsə, hədəf oradadır». Natiq Cəfərli qeyd edib ki, büdcədən ayrılan vəsaitlərin həcmi ilə, tenderlərlə, dövlət satınalmalarla bağlı kifayət qədər şəffaf məlumat verilməlidir: «Əsas problem oradadır».

İqtisadçı vurğulayıb ki, məişət səviyyəsində rüşvət də neqativ haldır: «Bununla da mübarizə aparılmalıdır və müəyyən tədbirlər görülməlidir. Amma ümumilikdə götürəndə Azərbaycan höküməti korrupsiyaya qarşı mübarizə aparmaq istəyirsə, əsas məsələlər büdcə şəffaflığı və ədalətli məhkəmə sistemidir».

Ekspert deyir ki, dünyanın heç bir yerində korrupsiyaya qarşı mübarizə aparılarkən məhkəmə sistemindən yan keçmək mümkün olmayıb: «Bu gün ən korrupsiyasız sayılan ölkələrdən biri Sinqapurda ilk atılan addım məhkəmə islahatları oldu, sonra korrupsiya ilə mübarizə kəskinləşdi və cəza mexanizmi yaradıldı».

İqtisadçının qənaətincə Azərbaycanda korrupsiya ilə mübarizədə vəziyyət ürəkaçan deyil: «Çünki həm tenderlərlə, həm dövlət satınalmaları ilə bağlı ciddi problemlər var. Hətta tender qanunvericiliyinin özünün tələbləri zaman-zaman pozulur. Həmin qanunvericilikdə ən vacib müddəalardan biri şirkətlərin təcrübəsi məsələsidir. Onların müəyyən təcrübəsi olmalıdır, amma biz görürük ki, 2-3 həftə əvvəl yaradılmış, nizamnamə kapitalı cəmi 10 manat olan eyni ünvanda bir neçə adla qeydiyyatdan keçən şirkətlər dövlət satınalmalarda iştirak edib «qalib» olurlar». Bunun özü deməyə əsas verir ki, büdcə korrupsiyası ilə bağlı ciddi problemlər var».

Natiq Cəfərli əlavə edib ki, hətta rəsmi orqan olan Hesablama Palatasının hesabatlarında büdcə vəsaitlərinin qeyri-şəffaf xərcləməsi ilə bağlı göstərilən faktlar cinayət işlərinin açılmasına səbəb olmur: «Bu, özü bir nonsensdir».

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar