Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qadınlara gizli dərs vermiş 100 yaşlı kitabxana -  Foto

Şəxsi arxivimizdəki fotoşəkillərin birinin altında belə qeyd verilib: “Bakıda Sabir kitabxanasında oxuculara kitab verilərkən”...

Yazı latın qrafikası ilə olduğu üçün şəklin tarixi 1920-1930-cu illərdir. Fotoşəkildə bir qadın kitabxanaçı və 7 oxucu təsvir edilib. Kitabxanaçının başının üstündə Mirzə Ələkbər Sabirin portreti asılıb. Sol tərəfdə isə lövhəyə Puşkinin şəkli vurulub və üzərində yazılıb: “Böyük şairin təvəllüdünün ildönümünə”.

Şəklin çəkildiyi dövrdə bu kitabxana Bakı əhalisinə xidmət edən mühüm maarif ocaqlarından biri idi.

Azərbaycan Cümhuriyyəti dövründə - 1919-cu ildə açılan kitabxana qısa müddət sonra ölkədə savadsızlığın aradan qaldırılması istiqamətində ön sıralarda yer almağa başlayıb. Məsələn, “Kommunist” qəzetinin 18 may 1930-cu il tarixli sayında “Sabir kitabxanası irəlidə” adlı kiçik məqalə dərc edilib. Həmin məqalədə kitabxananın türk (azərbaycanlı) qadınlarının maariflənməsi istiqamətində mədəni hücum başlatmasından bəhs edilir:

“Sabir adına mərkəzi türk kitabxanası bu il öz işini mədəni hücum və kitabxana hücumu ilə başlayıbdır. Birinci dəfə mədəni hücum ştabı ilə əlaqəyə girmiş, İçərişəhərdə birinci yarım dairənin 22-23-cü uşastokunda yaşayan savadsızlardan 105 nəfərini siyahıya almışdır. Onlardan 103 nəfəri qadın (əksəriyyəti türk qadını) olduğundan bəzi səbəblərə görə məktəblərə gedə bilməmiş, qadın müəlliməsi olmaq şərtilə öz evlərində oxumağı arzu etmişdirlər. Kitabxana İçərişəhərdə 19 qrup təşkil edir. Onlara cürebəcür məruzələr, leksiyalar və ekskursiyalar düzəldilmişdir. Nəticədə 100 nəfər türk qadını savadlanmışdır”.

Məqalədə daha sonra bildirilib ki, kitabxana 7 yerdə kitab məntəqəsi təşkil edib, savadlanmaq istəyənlər bu xidmətdən istifadə ediblər. Əhalinin hər təbəqəsinin bilik səviyyəsinə uyğun kitabların olmaması çətinlik yaratsa da, nəticə uğurlu alınıb: “Bütün bu çətinliklərə baxmayaraq kitabxanaya 4 ay ərzində 724 nəfər azsavadlı üzv toplanıb.

Onlardan 174 nəfəri qadındır. Bu vaxt içərisində onlara 5148 kitab verilmişdir. Buraxılan kitabların 2098-i ədəbiyyat, 3050-si fənni olmuşdur. 4 ayda 27 məruzə və leksiya verilmiş, 3112 nəfər iştirak etmişdir. Bunların da 984 nəfəri türk qadınıdır”.

Məqalədə qeyd olunan rəqəmlərə inansaq, 4 ay ərzində bir kitabxana azərbaycanlı qadınların savadlanması üçün indinin özündə də təəccüb doğuracaq qədər iş görüb. Kitabxananın bu fəaliyyəti bəzi hallarda dövrün ab-havasına uyğun olaraq gizli şəkildə həyata keçirilib.

Qeyd edək ki, kitabxananın açılışında dövrün ziyalıları, yaradıcısı olan Azərbaycan İstehlak Cəmiyyətinin rəhbər işçiləri, hökumət nümayəndələri iştirak ediblər. Kitabxana təşkil edilərkən Merkurevski küçəsində 18 nömrəli binada yerləşib, sonra Voroksov küçəsindəki 5 №-li binaya, daha sonra isə Əzizbəyov küçəsi 19 ünvanına köçürülüb.

Oxucuların arzusu ilə kitabxanaya satirik şair M.Ə.Sabirin adı verilib.
Bir neçə yüz kitab və azsaylı oxucu ilə xidmətə başlayan kitabxana 10-cu ildönümündə artıq 12300 nüsxə kitaba və 4000 nəfərlik oxucuya malik idi. Qadınların savadlanmasını qarşısına məqsəd qoyan kitabxanada 1922-ci ildə “Oxucu qadınlar” dərnəyi də təşkil edilmişdi. 1926-cı ildə Sabir kitabxanasına Mərkəzi şəhər kitabxanası adı verilib. Azərbaycanda kitabxanalar arasında ilk biblioqrafiya şöbəsi də 1941-ci ildə burada yaradılıb.

İlk dövrlərdə kitabxana satın alınan və hədiyyə edilən kitablar sayəsində dolmağa başlayıb. Daha çox Orucov qardaşlarının mətbəəsində çap olunan bu kitablar o dövrdə işlədilən ərəb əlifbasında idi, şərq mövzularını əhatə edirdi. Kitabxana oxucuları maarifləndirməklə yanaşı kitabxanaçılar yetişdirməklə də məşğul idi.
Abuzər Xələfov “Azərbaycanda kitabxana işinin tarixi” adlı əsərində Sabir adına kitabxananın önəmini belə vurğulayıb: “Kitabxana şəhərin mərkəzində milli dildə kitab saxlayan ilk kitabxana olduğundan azərbaycanlı oxucuların kitabxanaya böyük marağı var idi.

Kitabxananın oxucuları sırasında ziyalılarla yanaşı olaraq fəhlələrə, mütəxəssislərə, təqaüdçülərə, uşaqlara da rast gəlmək olurdu. Kitabxana az müddət içərisində milli ədəbiyyat kitabxanası kimi məşhurlaşmışdı. Kitabxana kitab fondu ilə yanaşı olaraq qəzet və jurnal fondu da yaratmağa başlamışdı.

Əgər kitabxana açılarkən onun fondunda 1200 nüsxə kitab var idisə, bir ildən sonra, yəni 1920-ci ildə kitabxananın fondunda 10 min nüsxədən artıq kitab toplanmışdı. Kitabxananın fondunda Azərbaycan dilində kitablarla yanaşı, türk, ərəb, fars, rus və s. dillərdə də kitablar da var idi. Bu kitablar oxucular tərəfindən hədiyyə edilmişdi. Türkiyədən Azərbaycana gətirilən kitablardan kitabxanaya xeyli kitab verilmişdi.

Kitabxana türkologiyaya dair kitablar əldə etməyə də xüsusi diqqət yetirirdi. Kitabxana 1500-dən artıq oxucuya xidmət edirdi”.

Kitabxananın məşhurluğunun digər səbəbi burada ədəbi dərnəklərin, yazıçı və şairlərin görüşlər təşkil etməsi idi. Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı kimi şəxsiyyətlər kitabxanada təşkil edilən tədbirlərdə fəal iştirak ediblər.
Kitabxana sonrakı illərdə öz fəaliyyətini daha da genişləndirib. Məsələn, kitabxanasında oxucular 1942-ci ildə 42810, 1943-cü ildə 38698, 1944-cü ildə 106146, 1945-ci ildə isə 72633 nüsxə qəzet alıb oxuyublar. 1950-ci ildə Sabir adına kitabxananın 7207 oxucusundan 5015-ni qadınlar təşkil edib.

Kitabxanada daima oxucularla məşhurların görüşləri keçirilib. Şövkət Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev kimi xanəndələr də bu kitabxanada oxucularla müzakirə aparıblar.
Kitabxana 1971-ci ildə mədəniyyət işində ən yaxşı göstəricilərə görə SSRİ Mədəniyyət Nazirliyinin qərarına əsasən fəxri fərman, 1972-ci ildə Azərbaycanda kənd kitabxanalarına hamilikdə fərqlənmiş mədəni-maarif ümumittifaq baxışında mükafat qazanıb.

2014-cü ildə 95 illik yubileyi münasibətilə “İlin ən yaxşı kitabxanası” adına layiq görülüb.Hazırda kitabxananın fondunda 200 minə yaxın kitab var. 2011-ci ildən Mərkəzi Şəhər Kitabxanası Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialı kimi fəaliyyət göstərir.

Ədəbiyyat:
1. “Kommunist” qəzeti, № 110 (2923). 18 may 1930.
2. Abuzər Xələfov. “Azərbaycanda kitabxana işinin tarixi”. Bakı, 2007. 

Müəllif: Dilqəm Əhməd

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar