Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nurçuların Azərbaycandakı böyük şəbəkəsi çökdürüləcək


Elnur Aslanov çıxarıldı, növbədə olanlar var - adlar...


Prezident Administrasiyasında “nurçu təmizləməsi”; “Əliyev ”Gülən camaatı”nın ən önəmli adamını işdən çıxardı”; Türkiyədə başlayan “Camaat-AKP davası” Azərbaycan iqtidarını silkələdi; iddialara görə Prezident Administrasiyası, Milli Məclis, SOCAR və Gİ Nazirliyini, “Azərsu”nu də əhatə edən “təmizləmə” prosesi davam edəcək ... 

Dövlət başçısı İlham Əliyev martın 17-də Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın ictimailəşməsindən təxminən bir saat sonra isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər İdarəsində Elnur Aslanov haqqında cinayət işi açıldığı haqda xəbərlər yayılıb. Lakin bu xəbərin rəsmi təsdiqi olmayıb.

Elnur Aslanovun adı son həftələrdə çox hallanırdı. Bir çox qaynaqlar onu “nurçu” adlandırılan Fətullah Gülən tərəfdarlarının Azərbaycan qolunun rəhbəri, daha dəqiqi, himayəçisi kimi təqdim edirdi. 

*  *  *
Elnur Aslanovun nurçu olması iddiaları bir neçə il idi ki, xəbər məkanında dolaşırdı. Lakin qısa müddət öncəyə   -  “F. Gülən Camaatı”nın Türkiyənin baş naziri ilə toqquşmasına qədər bu ad kimsəyə mane olmurdu; tam əksinə, prestij sayılırdı. Çünki hər kəs bilirdi ki, dünya gücü, böyük bir hərəkat olması ilə bərabər, “nurçu” adlandırılan fətullahçılar həm də qos-qoca Türkiyənin iqtidar ortağıdır. Bu baxımdan, indi “nurçu deyiləm”, deyib, fəryad qoparan Bakıdakı gənc məmurların, millət vəkillərinin hamısının karyerasındakı irəliləyişin əsas səbəbi məhz “nurçu”luğa, “Camaat”a bağlı olmaları idi. Sistemli, elmi şəbəkələşmənin, keyfiyyətli kadrların, fədakar könüllülərin, üstəlik də, iqtidarın gizli ortağı olmağın verdiyi güc “Camaat”ı Azərbaycan iqtidarının gözündə də böyütmüşdü. Onlara Bakıda bütün şəraitlər, imkanlar yaradılmışdı.



Lakin elə ki, ötən ilin dekabrında Türkiyədə durum dəyişdi -  “Camaat”la AKP toqquşdu, hər şey bir neçə ayın içərisində dəyişdi. Ərdoğanla F. Gülənin müttəfiqliyi düşmənçiliyə çevrildi. Əlində olan dövlət gücündən istifadə edərək, Tayyib Ərdoğan onu və hakimiyyətini sarsıdan “Gülən camaatı”nı hər yerdə, o cümlədən də Azərbaycanda amansız təqib etməyə başladı.

Bizə dəqiq məlumdur; dəfələrlə də yazdıq ki, Türkiyənin baş naziri şəxsən Azərbaycan prezidentindən ərkyana və həm də israrla tələb edib ki, “Gülən camaatı”nı Azərbaycandan çıxartsın, onların məktəblərini bağlasın... 



Türkiyənin siyasi həyatını alt-üst edən 17 dekabr “Böyük rüşvət və korrupsiya əməliyyatı” cəmi bir günün içərisində “Camaat”ı AKP iqtidarının əsas müxalifətinə çevirdi. Münasibətlərdəki gərginlik Azərbaycana da sıçradı. T. Ərdoğanın təqibi və tələbləri ara vermədi. Çünki Azərbaycan “Hizmət” hərəkatının olduqca mühüm qalalarından biri; iqtidarında təmsilliyyətə malik olduğu ikinci ölkədir. 

Fevral ayının ilk həftəsindən isə hər şey “Camaat”ın Azərbaycan iqtidarındakı əsas adamı  - Elnur Aslanov və onun komandası üçün tərsinə döndü. İnformasiya və siyasi savaş başladı. Ortada xeyli iddia vardı - Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə deportasiya edilən “Zaman-Today” qəzetinin müxbiri Mahir Zeynalovun akkreditasiyası məsələsi üçün XİN-in sözçüsü vasitəsilə Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliyinə təzyiq göstərilməsi, nurçu gənclərin prezident yanında Strateji Araşdırma Mərkəzinə (Fərhad Məmmədovun rəhbərliyində) toplanması, tam nəzarətdə olan bir neçə internet media orqanlarının yaradılması, büdcədən milyonlar axıdılan fəaliyyəti xeyli dərəcədə qaranlıq QHT-lərin təsisi, Azərbaycandan Fətullah Gülənə sədaqət məktublarının göndərilməsi...

Ard-arda ötürülən bu informasiyaların fonunda Elnur Aslanov  inandırıcı əks-arqument səsləndirə bilmədi. İddialara Prezident Administrasiyasının şöbə müdiri kimi mühüm post tutan Elnur Aslanovun yerinə onun karyerasını borclu olduğu deputat anası Rəbiyyət Aslanova, sağ əli sayılan SAM rəhbəri Fərhad Məmmədov cavab verdi. Bu uğursuz taktika ilə uzağa getməyin mümkün olmayacağı isə artıq ilk günlərdən bəlli idi...

Türkiyə kimi güclü bir dövlətə 12 il hakim olan qüvvə qəti hərəkətə keçdi. “Yeni Müsavat” olaraq biz baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycan hakimiyyətinə “ya mən, ya Gülən” deyə seçim ismarışı göndərdiyini də yazmışdıq. Elnur Aslanovun vəzifəsindən uzaqlaşdırılması İlham Əliyevin kimin səfini tutduğunu aydın göstərir...



Elnur Aslanova dərhal cinayət işinin qaldırılması barədə xəbərlər də onu  deməyə əsas verir ki, bu  şəbəkənin cəzalandırılması təkcə bir məmurla məhdudlaşmaya bilər. Bir sıra qaynaqlar iddia edir ki, Elnur Aslanovun “oduna yanacaq” şəxslər sırasında böyük ehtimalla Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev, deputat Ceyhun Osmanlı, SAM-ın rəhbəri Fərhad Məmmədov da olacaq. Ancaq bu şəxslər iqtidarın nurçu təmizliyində xırda fiqurlardır. Əgər şəbəkəni Azərbaycandan tamamilə yox etmək anlaşması varsa, məsələ SOCAR-ın prezidenti Rövnəq Adbullayevə, “Azərsu”ASC-nin rəhbəri Qorxmaz Hüseynova, gənclər və idman naziri Azad Rəhimova qədər irəliləyə bilər. Adıçəkilən şəxslərin rəhbərlik etdikləri strukturların adı Azərbaycanda nurçuların əsas dislokasiya yeri kimi hallandırılır.



Bu qurumların sonuncu ortaq layihəsinin təqdimatı martın 12-də London Kino və Televiziya Sənəti Akademiyasında (BAFTA) baş tutub. Azərbaycanın “Osmanlı Film” (Ceyhun Osmanlıya aiddir) və Türkiyənin “GülerYüz Film”in birgə istehsalı olan “Qafqaz” bədii filminin təqdimatı keçirilib. Yayılan rəsmi məlumata görə, film Xəzər Strateji İnstitutu (HASEN), Azərbaycanın Gənclər və İdman Nazirliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib. Millət vəkili Ceyhun Osmanlı filmin ssenaristlərindən biri və əsas prodüseridir. Filmin rejissoru “Camaat” lideri Fətullah Gülənin ən yaxın adamlarından olan, nurçuların sənət aləmindəki əsas fiquru Ərhan Güləryüzdür. 

HASEN “Qafqaz” filminin yeganə sponsoru kimi göstərilir. O da məlumdur ki, film çəkmək və London Kino və Televiziya Sənəti Akademiyasında onun təmtəraqlı təqdimatını təşkil etmək olduqca bahalı layihədir. 

Bu mənada, HASEN-in fəaliyyəti və maliyyə imkanları ilə bağlı bilgilər maraq doğurmaya bilməz. HASEN-in saytından və digər mənbələrdən əldə etdiyimiz məlumata görə, bu qurum 2012-ci ildə yaradılıb. Əsas məqsədi Türkiyə ilə Azərbaycan və digər Xəzəryanı ölkələr arasındakı əlaqələrin müxtəlif sahələrə yayılmasına kömək etməkdir. İnstitutun baş katibi Türkiyə vətəndaşı Haldun Yavaş “Hizmət” hərəkatının fəal simalarından biri hesab olunur. Maraqlıdır ki, bu qurumda həm də Azərbaycan vətəndaşları çalışır. Məsələn, Emin Axundzadə akademik məsələlər üzrə əlaqələndirici, Rüfət Ağayev redaktor, Əfqan Niftiyev isə HASEN-in Elmi Şurasının və Ekspertlər Şurasının koordinatorudur. Sonuncu, həm də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı, “Todays Zaman” qəzetinin yazarıdır. Yada salaq ki, Ə.Niftiyevin adı “Todays Zaman”ın əməkdaşı Mahir Zeynalovla bağlı qalmaqalda da hallanmışdı.

Əldə etdiyimiz digər məlumata görə, HASEN Türkiyədəki “Hizmət” fəalları ilə Azərbaycandakı nurçu şəbəkənin birgə layihəsidir. Bu təşkilatın saytından da göründüyü kimi, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, millət vəkili Ceyhun Osmanlı, Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanov müntəzəm şəkildə qurumun tədbirlərində iştirak edirlər. HASEN-in ARDNŞ-in törəmə şirkəti olan “SOCAR Türkiyə” tərəfindən maliyyələşdirildiyi barədə məlumatlar dolaşır. “SOCAR Türkiyə” şirkəti sədrinin müavini və faktiki olaraq qurumu idarə edən Samir Kərimlinin də “Camaat”a bağlı olduğu iddia edilir. Elə “Qafqaz” filminin əsas sponsorunun da məhz “SOCAR Türkiyə” şirkəti olduğu barədə məlumatlar var. 



Filmin sponsorları arasında Gənclər və İdman Nazirliyinin adı hallanır. İddia edilir ki, Gənclər və İdman Nazirliyi son illər hakimiyyətdəki nurçu şəbəkənin nəzarətində olan bir neçə QHT-yə hər il iri məbləğdə qrant ayırıb. Hər bir quruma verilən qrantın məbləği isə 400-500 min manatdır. Elə bugünlərdə nazirlik nurçu təşkilatın birinin “Azəriqazbank”dakı hesabına 300 min manat köçürüb. Təxminən bu qədər məbləğ də millət vəkili Ceyhun Osmanlının şəxsi hesabına transfer edilib. Lakin bu və digər qrantlar ictimaiyyətdən gizli saxlanılır və heç bir açıqlama verilmir.



İnformasiyalı qaynağın “Yeni Müsavat”a verdiyi xəbərə görə, “Azərsu” ASC-də də son həftələrdə gərginlikdir. ASC-nin əsas podratçısı olan Türkiyə şirkətlərinin “Camaat”la bağlı olması yaxın zamanlara qədər su kimi axan işlərin gedişində ciddi maneəyə çevrilib. Qaynaq bildirir ki, öncədən planlaşdırılan işlərin görülməsi üçün ayrılacaq vəsaitlər hesablara köçürülmür, işçilərə ixtisar xəbərdarlıqları edilir. “Azərsu”nun Türkiyədəki “Hizmət” hərəkatı ilə bağlı şirkətlərlə işbirliyi də təsadüfi deyil. “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynov bundan öncə SOCAR-ın Təchizat İdarəsinin rəisi postunda çalışıb. İddialara görə,  “Azərsu”ya gələn yeni rəhbərin ilk işi aparatı köhnə kadrları nurçu gəncliklə əvəzləməsi olub.

*  *  *
Əgər Elnur Aslanov haqqında cinayət işi açılması haqqında fakt təsdiqlənsə yuxarıda adıçəkilən şəxslərin onunla ən azı istintaq yoldaşı olacaqları şübhəsizdir.  

Hələlik Azərbaycan rəsmilərindən hadisəyə yalnız Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov münasibət bildirib. Ə. Həsənov deyib ki, yaxın keçmişdə hansısa cərəyanların Azərbaycan jurnalistlərini Azərbaycan dövlətinə, milli maraqlara qarşı çevirmək cəhdləri olub: “Təəssüf ki, müəyyən qədər zəif insanlar bu cərəyanlara qoşulub, bu şəbəkələrin tərkibində dövlətinə, millətinə qarşı iştirak ediblər. Amma dövlət heç vaxt bu adamları cəzalandırmaq haqda düşünməyib. Onların cəzasını xalq, tarix verib”.



YAP-ın mövqeyini isə partiyanın Siyasi Şurasının üzü Səyavuş Novruzov açıqlayıb. Novruzov APA-ya açıqlamasında Elnur Aslanovun dini baxışlarına görə vəzifəsindən azad edilməsinə inanmadığını deyib: “Azərbaycanda heç kim dini baxışlarına görə vəzifəsindən azad edilmir. Sadəcə, hər bir qurumda çalışanın işinin keyfiyyətinə görə rəhbərliyi qane edib-etməməsi var ki, qərar da buna görə verilir”.



Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov isə hələlik susqundur. Elnur Aslanovun vəzifəsindən çıxarılması haqda publika.az-ın suallarını cavablandırmaq istəməyən Məmmədov qısaca “ümumiyyətlə bu barədə danışmaq istəmirəm”, deyib.

Azərbaycan hakimiyyətinin nurçuların ölkədəki himayəçisi kimi təqdim edilən şəxsi cəzalandırmasına Türkiyədən də dərhal reaksiya gəlib. “Yeni Şafak” qəzetinin internet versiyası bu xəbəri manşetdən verib. Yazı “Əliyev ”Gülən camaatı"nın ən önəmli adamını işdən çıxardı" başlığı ilə dərc olunub. Onu da vurğulayaq ki, “Yeni Şafak” qəzeti baş nazir Ərdoğana ən yaxın media quruluşlarındandır. Qəzet baş nazirin Türkiyədə media maqnatı sayılan kürəkəninin nəzarətindədir. (yeni müsavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar