Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

 Oqtay Bəxşəliyev: “Elçibəyin yanında qalmağa üstünlük verdim”


Tarixin də “qara qutuları” var. Vaxt axıb gedir, “qara qutular” isə bizə yaşanmışlardan xəbər verir


Zamanənin sirdaşı olan bu “qara qutuları” vaxtında danışdırmaq lazımdır. 

Əks halda, bir çox müəmmalar işıq üzü görməz, tarixin “qaranlıq səhifələri” meydana gələr. “Qaranlıq səhifələrə” işıq salmaq adına “qara qutuları” açmağa qərar verdik.

Kimlərinsə bizi nədəsə günahlandırmasından asılı olmayaraq, yeganə məqsədimiz var: Bir vaxtlar gözüyumulu keçdiyimiz yolların, ayağımıza dəyən daş-kəsəklərin mahiyyətini anlamaq.

Budəfəki “qara qutu”muzla tanış olun: Oqtay İsmayıl oğlu Baxşəliyev. 1960-cı ildə Naxçıvanda anadan olub. 1989-cu ildən 1993-cü ilə qədər AXC Naxçıvan MR Müdafiə Komitəsinə rəhbərlik edib. Başqa “komandirlərdən” fərqli olaraq, “kiçik torpağın” qorunmasında uzaqdan komanda ilə kifayətlənməyib, hər zaman ön cəbhədə dayanıb.

Mərhum prezident Heydər Əliyevin ilk mühafizəsini təşkil edən də odur. Vəfa borcu olaraq təklif edilən heç bir vəzifə və mükafatı qəbul etməyib. Hazırda  qardaşına məxsus olan və monopoliyaların işləməyə imkan vermədiyi müəssisədə gün keçirməklə məşğuldur.

AXC-nin Muxtar Respublika şöbəsinin ən qüdrətli rəhbərlərindən olan bu şəxsin Heydər Əliyevin mühafizəsini təşkil etməsi, yəqin ki, bir çoxlarınıza qəribə gəldi.

 “Qara qutu"muzla söhbətimizə də elə bu müəmmadan başladıq. Söhbətimizə Heydər Əliyevin ilk mühafizəçisi Əmir Hüseynov da şahidlik edirdi.

Oqtay bəyin Strateq.az-a müsahibəsini təqdim edirik:


Oqtay Bəxşəliyev: "Heydər Əliyevə səs verməmək üçün söyüş qoymuşdular")


-Maraqlıdır, niyə məhz icəşmək? Bərabər oturub ölkəni idarə edə bilmək varkən, icəşmək nəyə lazım idi?

-İlk dövrlərdə AXC hakimiyyətə gəlməmişdi. Mərkəzi hakimiyyəti tutduğu postdan uzaqlaşdırmaq asan görünmürdü. AXC və rəhmətlik Elçibəy Heydər Əliyevi də bu işə cəlb edib qüvvətləməyə çalışırdı. Naxçıvandakı yerli idarəçiliyin mərkəzi hakimiyyətin nəzarətindən çıxması Ayaz Mütəllibov rejimi üçün ciddi itki ola bilərdi. Necə ki, oldun da. 

Üstəlik, Naxçıvanda həyata keçiriləcək demokratik islahatlar, qəbul olunacaq mütərəqqi qərarlar o dövrün Azərbaycan hakimiyyətinə qarşı ümumxalq nifrətini artıracaq, insanlarda bəzi addımların atıla biləcəyi, fəqət rəsmi Bakının cəsarətsizlikdən buna getmədiyi təsəvvürünü yaradacaqdı. Həqiqətən də Heydər Əliyevin Naxçıvanda hakimiyyətə gəlməsindən sonra həm dilə gətirdiyi demokratik fikirlər, həm də qəbul etdiyi cəsarətli qərarlar Moskva qarşısında kölə davranışlarından xilas ola bilməyən Ayaz Mütəllibov iqtidarını daha çox nüfuzdan saldı və onun sonunu yaxınlaşdırdı. Bu mənada AXC-nin bu taktikası əslində uğurlu idi . İntəhası, bu uğur Xalq Cəbhəsindən çox, Heydər Əliyevin işinə yarayırdı. AXC faktiki olaraq, ölkəni necə idarə edilə biləcəyini Heydər Əliyev timsalında xalqa göstərməklə qalmadı, həm də yeni bir liderin kimliyini müəyyənləşdirdi. Açığı, o zamana qədər ölkəyə layiqli lider axtarışında olan Azərbaycan ictimaiyyətinin böyük əksəriyyəti keçmiş kommunist Heydər Əliyevin milli-demokratik xətt tutacağına inanmırdı. 

Hər kəs ona dünya siyasətini yaxşı bilən, ciddi beynəlxalq nüfuzu olan görkəmli siyasi xadim kimi  baxsa da, yalnız kommunist keçmişi Heydər Əliyev şəxsiyyəti ətrafında müəyyən şübhələr yaradırdı. Qısa müddətli Naxçıvan hakimiyyəti bu şübhə buzunu da əritdi. Heydər Əliyev Naxçıvanda özünü əsl demokrat kimi apardı və xalq hərəkatından çıxanları vəzifələrə gətirdi. Bir çox rayon icra hakimiyyətləri Xalq Cəbhəsinin yerli liderlərinə həvalə edildi. Dövlət işində təcrübəsizlikləri onların tezliklə nüfuzdan düşməsinə və təşkilatı da nüfuzdan salmalarına səbəb oldu. AXC isə yalnız hakimiyyətə gəldikdən sonra bu taktikanın ikibaşlı dəyənəyə bənzədiyini anladı və geri çəkilməyə qərar verdi. Heydər Əliyevlə icəşmək zərurəti də bundan doğmuşdu. 

Məqsəd o idi ki, Heydər Əliyevlə icəşə-icəşə onu nüfuzdan salsınlar. Amma bu siyasət də tərsinə işlədi. Hərəkatçı qüvvələrin özü gözdən düşdü. Bu nüfuzdan düşməkdə təcrübəsiz yeni idarəçilərin də misilsiz xidmətləri vardı. Ümumiyyətlə, Elçibəy hakimiyyəti monolit deyildi. Hər nazir özünü çox sərbəst hiss edirdi. Hakimiyyətə asan yolla gəlmələri onlarda eyforiya yaratmışdı. Hamısı prezident olmaq istəyirdi və Elçibəyin ayağının altını qazırdılar. Bütün bunlar da Heydər Əliyevin qarşısındakı kiçicik maneələri ortadan qaldırırdı.

-Yəni deyirsiniz ki, Elçibəy əslində Heydər Əliyev üçün yox, öz hakimiyyəti üçün çalışırdı, amma hər şey tərsinə çevrildi?

-Yox, tam olaraq elə də demirəm. Elçibəyin Heydər Əliyevə hər zaman simtasiyası, rəğbəti olub. Heydər Əliyev də ona hörmətlə yanaşırdı. İndi bir çoxları sinəsini qabağa verib “Elçibəyi Kələkidə biz qoruyurduq”- deyirlər. Kimdən qoruyurdular? Heydər Əliyevin istəyi olsaydı, Kələkiyə qüvvə göndərib hər kəsi tərki-silah edərdi. Amma etmirdi. Bu onun Elçibəyə hörmətini göstərir.

-Onda niyə Kələkidən Bakıya gəlmirdi?

-Bakıya gəlsəydi, gərək istefa verərdi.

-Heydər Əliyevin elə bir tələbi var idimi?

-Yox, məncə. O vaxt Heydər Əliyev televiziyada çıxış edərək açıq şəkildə bildirmişdi ki, Elçibəyin hara və niyə getməsindən xəbəri yoxdur. Bunun nə qədər səmimi deyilib deyilmədiyini mən müəyyənləşdirə bilmərəm. Amma faktiki olaraq elə deyirdi. Məncə də Heydər Əliyev əslində xalq hərəkatından çıxanlarla işləməkdə maraqlı olmalı idi. Çünki ona nüfuzlu komanda lazımdı. 

Elçibəy hakimiyyəti dövründə nə qədər nüfuzdan düşsə belə, AXC o zaman keçmiş kommunistlərdən daha nüfuzlu idi. Buna baxmayaraq, Elçibəyin niyə bu fürsətdən yararlanmadığı barədə heç nə deyə bilmərəm. Kaş ki, rəhmətlik sağ olardı, bu sualı ona ünvanlıyardın. O dövrdə İbrahim İbrahimli Elçibəyin Kələkiyə getməsini hicrət adlandırırdı. Mən bu fikirlə razı deyildim. Tarix də bu fikri inkar edir. 

Bilirsən ki, Məhəmməd peyğəmbər hicrətdən sonra Məkkəyə geri döndü və qələbə çaldı. Elçibəy haqqında bu sözləri demək mümkün deyil. O, hələ sağkən, açıq şəkildə deyirdi ki, məğlub prezident kimi dünyamı dəyişmək istəmirəm. Nə yazıq ki, Elçibəyin komandası ona bu refanş şansını vermədilər. Başda İsa Qəmbər olmaqla, heç biri onun xeyrinə namizədliyini geri götürmədi. Sözdə Elçibəylə bir yerdə olanlar, daxilən onu özlərinə rəqib görürdülər. Elçibəyin komandası bütün fəaliyyətini daxili mübarizəyə yönəltmişdi. Onlar hakimiyyətin deyil, bir-birilərinin rəqibi idilər. İndi də elədirlər. 

Elçibəyin ən zəif tərəfi də bu idi. “Komblok” üzvləri nə qədər mürtecə olsa da, öz yerlərini bilirdilər. Hətta ictimai iradənin ziddinə gedərək, xalqın ayağı altında qalmaqdan çəkinməyərək mənsub olduqları komandaya bağlılıqlarından güzəştə getmirdilər. Bunun üçün ən ağır basqılara məruz qalırdılar. Bayaq bir söz dediniz, Naxçıvandakı kommunist deputatları camaat zorla toplayıb Heydər Əliyevə səs verməyə məcbur etmişdilər...

-Bəli, xatırlayıram ki, hətta o zaman belə bir xəbər yayılmışdı ki, Ayaz Mütəllibov Naxçıvan rəhbərliyini Bakıya çağırıb. Məqsəd Heydər Əliyevin sədr seçkisində kvorumun qarşısını almaq idi. Cəbhəçilər bunun qarşısını almaq üçün aeroportda nəzarəti gücləndirmişdi. Bununla belə bəzi rəhbər xadimlər aradan çıxmağı bacarmışdılar...

-O zaman hamımıza pis görünsə də, bu, əslində “Komblok”un müsbət tərəfi idi - əlbəttə, idarəçilik nöqteyi-nəzərindən. Onlar hətta sevmədikləri rəhbərə belə sadiq idilər. Aralarında hərbi nizam-intizam vardı. Görünür, Heydər Əliyev də belə sadiq insanlarla işləməyə daha çox üstünlük verirdi. Onun yenidən öz sadiq kadrlarına yönəlməsinin başlıca səbəbi də bu idi. Başqa sözlə, əslində “Komblok” Heydər Əliyevə qarşı çıxanda belə rəhbərliyə sədaqətini sübut edirdi. Cəbhəçilərdə isə bu idarəçilik əxlaqı yox idi. Heydər Əliyevə görə, onlar ipləri üstünə odun yığılmayacaq adamlardı. Hər hansı kiçik narazılıq böyük skandallara yol aça bilərdi. “Komblok”un qarnının dərdi isə bəlliydi. Hər kəs hədəfi bəlli olan qüvvəyə daha çox istinad edər. Dad qeyri-müəyyənlik əlindən...

-Elçibəyin Kələkiyə getməsi onun tərəfdarları arasında necə qarşılandı?

-Çox pis. Rəhmətlik gərək bu addımı atmayaydı. Xalq ona etibar edib prezident seçib. O da boynuna bu məsuliyyəti götürmüşdü. Məsuliyyət altına girmişdisə, sonuna qədər postunu tərk etməməliydi. Bəzən bunu töküləcək qanın qarşını almaq istəyiylə izah edirlər. Müstəqillik davası aparan, dövlət quran heç bir dövlət qandan çəkinməməliydi. Baxın, Heydər Əliyev də bu cür sınaqlarla qarşılaşdı. Amma kimsənin gözünün yaşına baxmadan bütün üsyanların qarşısını aldı. Sonunda silahlı müxalifət bu yolun qeyri-mümkünlüyünü anladı və yerinə oturdu. Bəzən kimlərəsə dərs vermək, siyasi ənənələr yaratmaq üçün bu cür sərt tədbirlərdən çəkinməməlisən. Əks halda əlinə silah götürən hakimiyyətləri devirər. Hər bir demokratik dövlətdə hakimiyyətə gəlməyin yolu seçkilərdən keçir. Demokratikləşmənin bir nömrəli əsası insanları siyasi mübarizədən başqa yol olmadığına inandırmaqdır.

-Doğru deyirsiniz, amma gəlin, bununla da razılaşaq ki, bəzən bütün demokratik yollar bağlı olur. İnsanların seçmək-seçilmək hüquqları məhdudlaşdırılır. Bəs, belə vəziyyətlərdə daha yaxşı idarə olunmaq istəyən xalq kütlələri nə etməlidir?

-Elçibəy hakimiyyəti qalsaydı və ya demokratik qüvvələrin Naxçıvanda Heydər Əliyevlə qurduqları ittifaq Bakıda da davam etsəydi, ölkəmiz indi daha artıq demokratikləşərdi. Siyasi hakimiyyəti keçirilən seçkilər müəyyənləşdirərdi. Təəssüf ki, bu qüvvələr Heydər Əliyevi tərk etdilər. Hakimiyyət yenə əvvəlki “sadiq kadrlara” qaldı. Onlar da ölkəni idarə etmənin bir yolunu bilirlər və o cür də idarə edirlər.

-Elçibəyə sağlığında bu iradlarınızı niyə bildirmirdiniz?

-Mən bildirmişəm. Bunu təsdiq edəcək adamlar da var. Bir çoxları yalandan bir iddia ortaya atanda söz dediyi ünvan da, şahidləri də həyatda olmurlar. Mənim şahidlərim isə sağdırlar. Gedib Fərəc bəydən Elçibəyə nə dediyimi soruşa bilərsiniz.

-Nə dediniz?

-Açığı mən AXC-nin hakimiyyətə gəlməsini əvvəldən istəmirdim. Bilirdim ki, buna hazır deyil. Elçibəyə dedim ki, gəlin, bu hakimiyyətə getməyək, bizim üçün hələ tezdir, yaxşı və savadlı kadrlarımız yoxdur. Elçibəy də sual verdi ki, bəs, o zaman hakimiyyətə kim gəlsin? Dedim, Heydər Əliyevi qabağa buraxaq. O, gəlib dövlətçilik ənənələrini qursun, möhkəmlətsin. Daha sonra seçki keçirilər, biz də nüfuzumuzdan istifadə edib daha çox təcrübə toplamış kadrlarla hakimiyyətə gələrik. Soruşdu ki, o, sən dediyin missiyanı yerinə yetirə bilər? Cavab verdim ki, yerinə yetirər, yetirər, yetirməz, bizim hakimiyyətə gəlmək yolumuz açılar. Amma hakimiyyətə indi getsək, Heydər Əliyev bizim buraxdığımız səhvlərdən istifadə edib hamımızı məhv edər. Üstəlik, hakimiyyətə gedincə, camaatın gözündən dərhal düşə bilərik.

-Siz hardan bilirdiniz ki, cəbhə hakimiyyəti nüfuzdan düşəcək?

-Naxçıvandakı 1 neçə illik təcrübəm var idi. O zaman xalq öz içindən çıxmışları rəhbər ədasında görəndə bundan qıcıqlanırdı. Kommunistlərin insanlarımızın təsəvvüründə yaratdığı stereotiplər var idi. Onlar vəzifəyə tədricən yüksəldiklərindən rəftarları, ədaları, iqtisadi durumları da tədricən dəyişilirdi və xalq da bunu hiss etmirdi. Dünənə qədər nimdaş paltarda gəzən sadə adamları birdən-birə xidməti maşınlardan görən vətəndaşlar buna sərt reaksiya verirdilər. Məsələn, Kazım Teymurlu birdən-birə Həmkarlar İttifaqına sədr, Asif Kələntərli, Qafar Məmmədov Heydər Əliyevin müavini seçilmişdilər. Az müddətdən sonra bunlar haqqında söz-söhbət yayılmağa başladı. Camaat onları rüşvətxorluqda günahlandırdı. Halbuki, heç biri rüşvət də almamışdı. Sadəcə, əvvəlkindən fərqli olaraq onlara xidməti maşın  vermişdilər. 

Onlar da işə bu maşınla gedib gəlirdilər. Di gəl ki, öz məhəllə adamları belə bunu həzm edə bilmirdilər. Deyirdilər ki, bax, hələ, Asif Kələntərli də dəyişilib, xidməti maşında arxada oturub. Məncə, səbəb tədricən deyil, birdən-birə dəyişikliklə bağlı idi. Bu gün Kazım Teymurlu Azərbaycan Həmkarlar İttifaqının sədr müavinidir. Vəzifəsi də əvvəlkindən böyükdür, imkanları da. Amma bir nəfər belə bunu dilə gətirmir.  Eyni adam deyilmi? Bəs, o vaxt niyə bu, gözə tez çarpırdı? Çünki millətin gözü onda öyrəşməmişdi. İndisə öyrəşib. Digər tərəfdən Elçibəyin özü də siyasi xadim kimi camaatın alışmadığı insan idi. Heydər Əliyev kimi siyasi cəhətdən püxtələşməmişdi. Alim kimi, mənəvi lider kimi əvəzedilməz olsa da, siyasi təcrübəsi yox idi.

-Aydındır. Sizin bu əsaslandırmalarınıza Elçibəyin cavabı necə oldu?

-Təbii ki, razılaşmadı. Sonra məndən incidiyini hiss etdim.

-Oqtay bəy, siyasi söhbətlərin ağırlığından bir az uzaqlaşmaq üçün sizə fərdi bir sual vermək istəyirəm. Əslində tam mənası ilə fərdi də deyil. Bir az siyasi çalarları da olacaq.

-Buyur, sənin hətta məhəbbət şeirlərində belə siyasi çalar var. Fərdi sualında bunun olmaması mümkün deyil.

-Doğrudur. Şeirlərimi oxuduğunuz üçün sağ olun. Bir məsələ məndə xeli maraq doğurur. Bir vaxtlar AMAY-da idiniz. Abdullayla heç tanışlığımız yox idi. Ətrafınızda xeyli adam olardı. İndisə bu tənhalıqda tək qalmısınız. O qələbəlikdən indiki yalnızlığa yuvarlanmanız sizi narahat etmirmi?

-Edir, təbii. Söhbət təkcə dost-tanışın itirib axtarmamağından da getmir. Baxın, Avropa cəmiyyətlərində insanlar fərdi həyatlarını yaşayırlar. Dost-aşinaya, qohum-qardaşa çox vaxt ayırmırlar. Amma yalnızlıq hislərindən uzaqdırlar. Çünki arxalarında qüdrətli bir dövlətin dayandıqlarını görürlər. Məni yalnızlığa sürükləyən əsas məsələ də bu qayğını hiss etməməyimdir. Avropa cəmiyyətlərindən fərqli olaraq Azərbaycan insanı heç bir hüquqa malik deyil. İnsanın ən elementar hüquqlarından biri mülkiyyət, digəri sərbəst hərəkət hüququdur. Bizdə bu hüquqlara hörmət qoyulmur. Bunun ən bariz misalı Abdulladır. 

AMAY - Abdullanın mülkiyyətidir. Bu adam bu qədər böyük tikintini nə zülmlərlə tikib, başa gətirib buna mən şahidəm. Amma indi içəridədir. Mülkiyyətinin taleyi belə sual altındadır. Özünün azadlığı isə məhdudlaşdırılıb. Özü də iş adamlarının başına gətirilən oyunlar ifşa olunduğu bir zamanda hələ də Abdullanın həbsdə olması təkcə fərd olaraq onun faciəsi  deyil, həm də ölkəmizin böyük itkisidir. Abdulla o şəxslərdəndir ki, işgüzarlıq məqsədi pul qazanmaq olmayıb. Elə olurdu ki, o, gününü “peraşkiylə” keçirdi. 

Amma qapısına gələn heç bir kəsi ümidsiz yola salmırdı. Düzdür, onu ziyarət edənlərin əksəriyyəti imkanlı adamlar idi. Elələri vardı ki, çox yüksək vəzifələrdə işləyirdilər. Abdulla onlara belə ayda maaş verirdi. İndi onların heç biri Abdullanı itirib axtarmır. Yenə də halını-əhvalını xəbər alanlar kasıb-kusublardır. Hansı ki, Abdulla çoldə olanda onun yanına getməz, imkanlarından faydalanmazdılar. İmkanlı dostların belə unutqanlığı adama təsir göstərir.

-Maraqlıdır, Abdulla o qədər sərvət içərisində “peraşki” yeyirdi. Bəs, pulunu hara xərcləyirdi? Yəqin ki, hamısını dost-aşinaya vermirdi...

- O, tikib-yaratmaq “xəstəsi” idi. Əlindəki son qəpiyə qədər işə qoyurdu, xeyli iş yerləri açmaq istəyirdi. Digər biznesmenlər kimi, pulunu özəl katibələrə xərcləmirdi. Onun ümumiyyətlə, katibəsi olmayıb. Sadəcə, çayverəni olub. Məsələn, Şücaət, İlham kimi. Abdulla heç vaxt kurorta da getməyib. Bir dəfə mən qardaşı oğluyla söhbət edirdim. O, həmin vaxt Londonda oxuyurdu. Mənə dedi ki, “əmim mənə həmişə məsləhət verir ki, yeməyə çox pul xərcləməyim. Tələbə gərək hamburqer, dönər yeyə, deyir”. Yəni o, öz ailə üzvlərini belə israfçılığa öyrətmirdi. Qazandığı pullarla, borc-xərclə açdığı iş yerlərində isə xeyli insan işləyirdi. Bu gün siyasi hakimiyyət qeyri-neft sektorunu inkişaf etdirməkdən danışır. Abdulla isə içəridədir. 

Halbuki, qeyri-neft sektoru bu cür insanların sayəsində qurula bilər. O, hər zaman böyük ideallarla yaşayıb. AMAY-ı tikəndə bir çoxları onu anlaya bilmirdilər. Deyirdilər ki, bu qədər nəhəng müəssisəni niyə tikirsən? Bir-iki mərtəbəli ticarət mərkəzi tiksən, yetər. Abdulla isə xeyli insanı işlə təmin edəcək nəhəng bir layihənin arxasında idi və onu reallaşdırdı. AMAY-ı tikib qurtaranda çox sevinirdi. Fəxr edirdi ki, Azərbaycana, Bakıya layiq bir tikinti inşa edib. Amma indi içəridədir. Halbuki, ittiham olunduğu maddələrə görə bütün borclarını belə ödəyib. Faktiki olaraq, həmin məhkəmə işinin zərərçəkəni yoxdur. O gün vəkili ilə ayaqüstü söhbət etdim, mənə dedi ki, cinayət işində heç bir əsaslı dəlil yoxdur. Buna baxmayaraq, ən ağır cəzaya layiq görülüb.

-Mənə maraqlı gələn də budur. Bir vaxt Əbil Babayevlə Heydər Əliyevin ilk mühafizəsini təşkil edən Fərəc Quliyev həbs olundu. İndi  Abdulla. Bəzən adama elə gəlir ki, gizli bir əl Heydər Əliyevin sadiq adamlarını təmizləyir. Bu, yəqin ki, səbəbsiz deyil. Abdullanın açıqlanmayan, necə deyərlər, “qeyri-rəsmi” suçu nədən ibarətdir?

-Bu haqda hər hansı məlumata sahib deyiləm. Bir gün türmədən çıxar, özündən soruşarsan. Amma səndən bir xahişim var. Abdulla məsələsini onun vəkiliylə danış. O, bu barədə sənə daha dolğun informasiya verə bilər.

-Xahişiniz yox, əmriniz olsun, komandir. Ondan da müsahibə alacağam, təbii ki. Amma o, mənə “rəsmi” məlumatları verəcək. Məni isə daha çox “qeyri-rəsmi” məlumatlar maraqlandırır. Yəqin razılaşarsınız ki, cinayət işində heç ciddi dəlil olmayan bir adama 13 il iş verilirsə, deməli, bunun hansısa bir əsası var. Bəlkə Abdullanın ciddi bir səhvi olub? Adətən, bu cür məqamlarda insanlar bağışlanmırlar?

-Abdullanın siyasi iradəyə qarşı hansısa ciddi səhv edəcəyinə inanmıram. O, indiki hakimiyyət üçün əlindən nə gəlibsə edib. Əliyevlərə xüsusi simpatiyası olub və indi də davam edir. Hətta Heydər Əliyevin mühafizəsi zamanı dəfələrlə ölüm təhlükəsi ilə üzləşib. Arxasınca  güllələr atılıb. Heydər Əliyev bunu nəzərə alıb ona ölkəni tərk etməyi tapşırıb. O da bu sözü yerə salmayıb, qaçıb aylarla Sibirdə yaşayıb. Bununla belə, heç vaxt Heydər Əliyevə xəyanət etməyib. Hətta bu yol uğrunda özünün yaxın adamlarından ayrı düşüb.

-Bəli, zaman-zaman onu müxalifətin mitinqlərini dağıtmaqda belə adı hallanırdı. Baxmayaraq ki, düşüncə olaraq milli qüvvələrə yaxın idi.

-Milli düşüncəyə bağlılığı onun yaratdığı ilk şirkətin adından da bəllidir. Yəqin ki, bilmirsən, AMAY-ın əvvəlki adı “Mete” idi.

-Yox, bilmirdim. Bəs, niyə adını dəyişdirdi?

-“Mete” kiçik şirkət idi. Sonra onu böyütdü və  bir neçə şirkəti AMAY adı altında birləşdirdi. Bir çoxları bu adı müxtəlif cür qiymətləndirir. Deyirlər guya 3 qardaşın adının baş hərflərindən əmələ gəlib. Yəni Abdullayev Məmmədəli, Abdulla, Yulət. Amma belə deyildi. Bu sözün açması Azərbaycan Milləti Azad Yaşa-dır. Həmin cümlədəki sözlərin baş hərfindən götürülüb. Çox təəssüf ki, Abdullaya qarşı bu gün böyük haqsızlıq var.

-Sizə son sualımı vermək istəyirəm. Heydər Əliyevlə əlaqələriniz nə zaman kəsildi?

-O, Azərbaycanda hakimiyyətə gəldikdən sonra. Mən o zaman Xalq Cəbhəsinin Naxçıvan şöbəsindən istefa verib Bakıya gəlmişdim. Çünki bayaq dediyim kimi, cəbhə Heydər Əliyevlə icəşmək qərarı vermişdi. Mən də haqq-nahaqq bunu etmək istəmirdim. Heydər Əliyevin bərabər işləmək təklifini də qəbul etməyib Bakıya gəldim. O vaxt Bakıda Fərəc Quliyevlə rastlaşdım. 

Fərəc bəy AXC-nin İcrayyə Komitəsinin sədri idi. Məni təşkilata Qarabaq üzrə sədr müavini vəzifəsinə dəvət etdi. Mən isə Qarabağ könüllülərini tanımırdım. Tanımadığım adamlara rəhbərlik edə bilməzdim. Əks halda ciddi məsuliyyət altına girərdim. AXC bu dəfə məni Cənubi Azərbaycan üzrə sədrin xüsusi təyin etdi. O zaman Elçibəy hakimiyyətdə idi. Daha sonra bəy birdən-birə Kələkiyə getdi və Heydər Əliyev hakimiyyətə gəldi. Dostlarım onun yanına getməyi təklif edirdilər. Mənsə Elçibəyin yanında qalmağa üstünlük verdim. Heydər Əliyev isə rəhmətlik Asif Kələntərli ilə tez-tez mənə salam göndərirdi. Beləcə, bu günlərə gəldik.

-Peşmançılıq hiss edirəm sözlərinizdə.

-Qətiyyən peşman deyiləm. Bu gün tarix təkrar olunsa, yenə eyni yolu gedərəm. Heydər Əliyevin komandası da ürəyimcə deyildi. Ürəyimcə olmayan yerdə duracaq xarakterim yoxdur. (strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar