Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Möhtəşəm Rasizadə


Artur Rasizadənin yenidən baş nazir təyin olunması münasibətilə hər bir oxucumuzu, eləcə də ümumi sayı 50 milyon civarında olan dünya azərbaycanlılarını təbrik edirəm. Xalq bunu gözləyirdi. Millət bu təyinatı, bu seçimi alqışlayır.


Heç kəs Artur müəllimin ölkənin iqtisadi-inkişaf tempindəki rolunu, Azərbaycanın regionda lider dövlətə çevrilməsindəki xidmətlərini dana bilməz. Əgər belə bir inkişaf, tərəqqi, sıçrayış, dirçəliş  varsa, demək, orada dövlətin birinci şəxsiylə yanaşı, ikincinin də rolu, xidməti, əməyi, payı var.

Belə olmasaydı, o, 18 ilə yaxın bir müddətdə baş nazir kürsüsünü tutaraq Almaniyanın cahanşümul federal kansleri Helmut Kolun rekordunu qırıb xıncım-xıncım edə bilərdimi? Əsla!

Artur Rasizadə  pis baş nazir olsaydı, bu illər ərzində təkrar-təkrar baş nazir vəzifəsinə namizəd göstərilərdimi? Xeyr.

Bu müddətdə  təkcə Yaponiyada 9 baş nazir dəyişib, Türkiyədə  6 hökumət qurulub-dağılıb, İtaliyada Berluskoni baş nazir postuna üç dəfə gəlib-gedib, amma o qaya kimi yerindədir.

Müqayisə uğursuz olacaq, amma Berluskonidən fərqli olaraq, Artur müəllimin haqqında heç vaxt artıq-əskik söz çıxmayıb, həmişə səbatlı, gözü-könlü tox olub. Amma Berluskoninin haqqındakı söz-söhbətlər dünya qəzetlərini bəzəyir, hər gün yeni bir zibili çıxır.

Cənab Rasizadənin axırıncı dəfə hansısa qəzetə, televiziyaya müsahibə  verdiyini kim xatırlayır? Yəqin ki, heç kim. Çünki o söz adamı deyil, iş, fəaliyyət adamıdır, sinninin bu çağında həmişə fəaliyyətdədir.

Əgər “hakimiyyət komandasında ən təmiz kadr kimdir” sualı qoysaq, hamı birmənalı şəkildə Artur müəllimin adını çəkəcək. Niyə? Çünki adam gerçəkdən də təmiz işləyir.

Bax, Bakı şəhərində  bu qədər obyektlər, şadlıq evləri, restoranlar, otellər, yanacaqdoldurma məntəqələri, ticarət mərkəzləri, cürbəcür müəssisələr var – hansı biri Artur müəllimindir? Heç biri. Olsaydı, bilərdik. Hamısı o biri oliqarxlarındır.

Doğrudan da müəllim maaşa baxır. Sadəcə, ona yaxşı maaş kəsiblər, heç bir qara-qura işlərə qarışmır, oturub baş nazir maaşını alır, dövlətçiliyə xidmət edir.

Budur, saytlarda, sosial şəbəkələrdə oxuyuruq: “Artur Rasizadənin 78 yaşı var, bu yaşda nəinki baş nazir, ümumiyyətlə, heç bir işdə çalışmaq olmaz”. Onu kim deyir? Yaşın nə fərqi var? Bu, enerji məsələsidir, adamın enerjisi varsa, qoy işləsin.

Başqa biri yazır: “Baş nazir olmağa başqa adam yoxdurmu?”  Varmı? Kim var? Düzdür, o vəzifəyə “en” qədər adam tapıb təyin eləmək olar, amma onlardan heç biri cənab Rasizadəni əvəz edə bilməz.

Kimi o vəzifəyə qoysalar, başlayacaq ətrafında komanda düzəltməyə. Oliqarxlardan birini baş nazir qoysalar, o biri oliqarxların gününü qara edəcək, obyektlərini əlindən alacaq, qohum-əqrəbasını sıxışdıracaq, özününküləri başa çıxaracaq və sair və ilaxır.

Hələ oliqarx olmayan birini baş nazir təyin eləsələr, başlayacaq sürətlə  oliqarxlaşmağa. Bu da o biri milyarderlərin xoşuna gəlməyəcək. Çünki Azərbaycan balaca qazandır, burada 5 milyarderin başı bir qazanda qaynaya bilməz.

Hələ mən yeni, gənc, perspektivli, ingilis dilini bilən baş nazirin bir müddətdən sonra “Möhtəşəm yüzil”dəki baş vəzir Parqalı İbrahimə dönəcəyindən danışmıram. Görürsünüzmü, o boyda Sultan Süleyman neçə baş vəzir dəyişir. Niyə? Çünki farağat durmurlar. Hərgah onun Artur Rasizadə kimi sədr-əzəmi olsaydı, o, ömrü boyu onunla işləyərdi, daha gecəylə cəlladları göndərib otağında boğdurmazdı.

Belə ambisiyasız, ağsaqqal, fağır kadrlar hər əsrdə ələ düşən deyil. Bəlkə də bu, bir nemətdir ki, 20 və 21-ci yüzildə Əliyevlərin bəxtinə çıxıb.

Ona görə də  biz cənab Rasizadənin qədrini bilməliyik və kütləvi şəkildə ona uzun ömür, cansağlığı, gümrahlıq arzulamalıyıq. Qoy dünya durduqca o var olsun, həmişə baş nazirimiz olsun, gənclərə nümunə olsun. Qoy gənclər yaşlaşsınlar, təqaüdə çıxsınlar və bulvarda, çayxanada nərd oynaya-oynaya Artur müəllimin siyasi fəaliyyətini izləsinlər.

 
Yaşasın “Artur-xalq, xalq Artur” birliyi! 78 dəfə ura!

Samir Sarı


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Dincəlmək istəyir o da azacıq” – generalın Dubay tətili

Ən çox oxunanalar