Cümə, 30 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Milyardlarla dollar Azərbaycandan necə çıxarılır?

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məsələ idxaldan asılılığın aradan qaldırılmasıdır. Yerli sənaye istehsalının artması, qeyri-neft sektorunun inkişafı ilə bağlı əsas məsələ idxalın əvəzlənməsidir. Ya milyardlarla vəsaitimiz əldən çıxacaq, ya da...

İlin birinci rübünün yekunlarına görə, 2,5 milyard dollarlıq idxalımız olub. Bu, orta hesabla il ərzində 10 milyard dollarlıq idxal deməkdir və nəticə etibarilə ondan xəbər verir ki, ölkədən 10 milyard dollar vəsait xaricə gedib. Azərbaycanın idxalın azaldılması baxımından imkanları kifayət qədər genişdir.

Yəni idxalın azaldılması, sadə dildə desək, valyutanın ölkədə qalması və yerli istehsalın genişləndirilməsinə xidmət edə bilər. Nəticə etibarilə biz nə qədər az idxal ediriksə, bir o qədər vəsaitin ölkədə qalmasına nail oluruq. Çünki idxal ölkədən vəsait aparır, ixrac isə ölkəyə vəsait gətirir. Eyni zamanda idxalın azaldılması bütövlükdə qeyri-neft sektorunun inkişafı baxımından vacib hesab olunur.

Bəs hökumət niyə bu qədər vəsaitin ölkədə qalmasına deyil, xaricə getməsinə imkan yaradır? İdxalın azaldılması üçün hansı işləri görmək olar? Bu yöndə bizə nələr mane olur?

“Yeni Müsavat”a açıqlamasında mövzunu dəyərləndirən iqtisadçı ekspert Rəşad Həsənov vurğulayıb ki, əslində bu problemi kiçik, miqyassız, sadəcə kosmetik xarakter daşıyan addımlarla həll etmək mümkün deyil: “Xüsusilə də 2016-cı ildə qəbul olunan 12 strategiyanın icrasından sonra bu istiqamətdə ciddi mənzərə dəyişikliyinin olmaması da bunu bir daha sübut edir. Məsələ ondan ibarətdir ki, faktiki olaraq ölkədə fundamental islahatların aparılmasına ehtiyac var. Burada daha çox iqtisadiyyatın həm üfüqi, həm də şaquli istiqamətdə diversifikasiya edilməsidir. Ümumiyyətlə götürəndə, çox ciddi fundamental islahatlar qısamüddətli dövrdə əks-effekt yarada bilər. Bizim yerli istehsalçıların bir qismi öz rəqabət qabiliyyətini itirə bilərlər. Ancaq bu prosesin sonunda Azərbaycan istehsalçısı rəqabətli məhsul istehsal etmək bacarığına yiyələnə bilər. Bu rəqabətli mühit onun daha keyfiyyətli, dünya bazarına çıxa biləcək məhsul istehsal etmək və daxili bazarda da xarici məhsullarla rəqabətə cavab verəcək məhsullar təklif etməsinə gətirib çıxaracaq”.

Ekspertin fikrincə, bu baxımdan ilk növbədə Azərbaycanın xarici iqtisadi bloklara daxil olması vacib şərtlərdən biridir: “Xüsusilə də Ümumdünya Ticarət Təşkilatı və Avropa Birliyi ilə razılaşmaların əldə edilməsi, daxili bazarın açılması, bu fonda ölkəyə ciddi həcmdə xarici investisiyanın birbaşa daxil olması imkanları yarana bilər. Bu özlüyündə yerli istehsalın genişlənməsi, həm xarici təcrübənin ölkəyə gəlməsi, həm də xarici bazarlara çıxış üçün potensial formalaşdıra bilər. Bundan başqa, bütövlükdə götürəndə biznes mühitinin şərtləri dəyişməlidir. Həm Dünya Bankının, həm Dünya İqtisadi Forumunun sahibkarlıq subyektləri arasında keçirdiyi qiymətləndirmələr, o cümlədən maliyyə əlçatanlığı məsələsi öz həllini tapmalı olan problemlərdən biridir”.

R.Həsənovun sözlərinə görə, ilkin mərhələdə yüngül sənaye və yeyinti sənayesi sahəsində idxalın qarşısını almaq mümkündür: “Sonrakı dövrlərdə mərhələli şəkildə müəyyən irəliləyiş ola bilər, məhsul çeşidini artırmaq mümkündür. Azərbaycan həm yerli istehsalın gücləndirilməsi, həm də ixracla bağlı ciddi strategiyalar qəbul edə bilər. Həm orta müddətli - 5 illik, həm uzunmüddətli - 10 illik strategiyalar qəbul edib bunu icra etməlidir. Yerli istehsalın rəqabətliliyinin artırılmasında, maya dəyəri məsələsində müəyyən üstünlüklərin əldə edilməsində mövcud olan problemlərdən biri kimi məhz xammal əlçatanlığının artırılması, gömrük siyasətində dəyişikliklərin edilməsi, xammalın ölkəyə rüsumsuz idxalı ilə bağlı imkanların yaradılması ilə yanaşı inzibati klasterləşmə mümkün olmalıdır. Azərbaycan bazarı kiçikdir və burada bəzi məsələlər başa düşüləndir. Çünki bəzi xammal və yarımfabrikatların ölkədə istehsalı səmərəli olmaya bilər. Amma bu əksər məhsullara aid deyil, daha strateji məhsullara aiddir. Bu istiqamətdə yan sənayenin, klasterlərin formalaşması, istehsal olunan məhsulun maya dəyərinin ölkədə formalaşan hissəsinin artırılması ilə, xarici fruktasiyalara dözümlülüyünün təmin edilməsi də ixrac qabiliyyətli istehsalın, eyni zamanda daxili bazarı təmin edə biləcək istehsalın formalaşmasında çox mühüm rol oynayır”.

İqtisadçı vurğulayıb ki, bunun siyasi tərəfləri də var: “Biznes mühiti kifayət qədər mürəkkəb və çoxtərəfli məsələləri özündə birləşdirir. Eyni zamanda məhkəmə islahatları, demokratik mühit, yerli özünüidarə imkanlarının inkişaf etməsi, onların investisiya cəlb etmək üçün səylərinin artırılması çox vacib məsələlərdən biridir. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində də mühüm qərarların qəbul olunmasına ehtiyac var”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Nazim İbrahimova həbs yolu göründü – “Rövşən Əkbərov işi”ndə sürpriz

Sülh sazişi ilə bağlı Paşinyanın yeni şərtləri - Ermənistan Azərbaycanı tələyə salmaq istəyir?..

Flora Kərimovadan Əli Kərimliyə cavab: "Mənim davam torpaq-qürur davası olub, qarın yox!"

İnsanın sağlam olduğunu göstərən 10 göstərici və analiz

Azərbaycanın icazəsi olmadan Rusiya jurnalistlərinin və bloqqerlərin Qarabağa girişinə niyə icazə verilir?

Bir qrup Amerika generalı ABŞ qubernatoru ilə Bakıdan Zəngəzura gedib

Vaqif Axundov əmlakını satdı – 1 milyon 200 minə

Sərxoş deputat polisi evindən çağıraraq öz obyektində döyüb - Hadisənin səs yazısı qeydə alınıb

Mərkəzi Bankdan sərt addım: Bu dəfə azərbaycanlı milyarderin şirkəti cərimələnir

Baş prokurorluqdan Zakir Fərəcovun oğlu ilə bağlı açıqlama

Ən çox oxunanalar