Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məlum və naməlum Putin: Onun hədəfi nədir?

Hər şeyi yerli–yataqlı yalnız astroloqlar-münəccimlər “bilir”


Siyasi təhlilçilər, politoloqlar bir- iki adamı nələrin gözlədiyini bilmək, hətta təxmin etmək üçün dəridən-qabıqdan çıxdıqları halda bunlar milyardlarla insanı hər gün nələrin gözlədiyini bircə - bircə ərz edirlər – özü də ən primitiv usul və qaydalarla. 

Bunlara ulduzlu gecələrdə çaşıb desən ki, qardaş, filan bürcü mənə göstər, heç onu da bacarmazlar, çünki nəzərləri yuxarılara yox, lap qədimlərdə olduğu kimi, yenə də aşağılara, necə deyər, müştərinin cibinə dikilibdir ki, görüm, xoş vədlərin müqabilində müştəri nə ərmağan edəcək işi-peşəsi “ulduzlarla söhbətləşmək” olan münəccim qardaşlarına...      
Biz münəccim deyilik. Yenicə başladığımız il haqqında da qəti söz deyə bilmirik . Amma onun daha çox hansı siyasi hadisələrlə yaddaşlarda qalacağını indidən təxmin etmək asan iş olmasa da, ən azı bir məsələdə mübahisə yoxdur: il sözün əsl mənasında “seçki paradı” olmağı vəd edir. 
Düz dörd postsovet ölkəsində-Rusiyada, Ukraynada, Azərbaycanda və  Ermənistanda prezident seçkiləri gözlənir. Amma nə qədər təəccüblü olsa da, bu dörd ölkədə baş tutacaq prezident seçkisi ən adi və ya orta statistik demokratik ölkədəki seçki qədər suallar doğurmur, məchulluq və qeyri-müəyyənliklər vəd etmir. 

Yalnız Ukraynadakı prezident seçkilərində hansısa ciddi sürprizlər yaşana bilər və hətta indidən güman da etmək olar ki, burada proseslər heç də tamam rəvan keçməyəcək. 
  
Bir də Ermənistanda fors–major situasiyalar yarana bilər,- martda ölkə parlament üsul-idarəsinə keçməlidir və bundan sonra burada əsas fiqur baş nazir olacaq. 

Bu konteksdə S.Sarkisyanın planları həm məlumdur, həm də ki, naməlum. Ona görə məlumdur ki, birdən-birə ölkənin konstitusion qurluşunu dəyişmək nə Aşota lazımdır, nə də Mkrtça – bütün oyunları quran Sarkisyan özüdür. Ona görə naməlumdur ki, Sərkisyan həzrətləri planları haqda hələ də qəti danışmır, guya, bunun heç baş nazir olmaq fikri də yoxdur... 

Qərəz, Ermənistanı da seçki gözləyir və seçilmək istəyənlər bunu əvvəlcə Moskvayla, daha sonra isə yerli hərbi-siyasi quldur klanları ilə, ən axırda da Aşot və Mkrtçla razılaşdırmalıdırlar. Təbii, əsas məsələ Kreml və bir də yerli siyasi-hərbi quldurlardır, Aşotla Mkrtçın qabağına nə tullasan yalnız “sağ ol!” deyəcəklər... 

Sarkisyanın Kremllə problemi yoxdur, çünki heç vaxt ayağını cızıqdan kənara qoymayıb. Amma yerli hərbi–siyasi quldurlarla arasında yaranmış siyasi anlaşılmazlıqlar və hakimiyyət çəkişmələri bu və ya digər  dərəcədə ölkədə “sistemdənkənar” proseslərə təkan verə bilər.    
             
Biz dörd ölkədəki seçkilərdən yalnız birinin üzərində dayanmaq və Rusiyada baş tutacaq prezident seçkilərindən yazmaq istəyirik. Hərçənd ki, özündə də prezident seçkisi keçiriləcək ölkənin vətəndaşı kimi bizim başqa ölkədə -Rusiyada keçiriləcək seçkiyə daha çox diqqət ayırmağımız əslində təəccüblü görünməlidir.  

Düzdür, belə marağı əsaslandıran məqamlar da var. Demək olardı ki, Rusiya tamam başqa haldır, böyük və ətraflarına da həlledici dərəcədə təsir etmək iqtidarında olan ölkədir, hətta deyərdik ki, qonşuluğundakı kiçik ölkələr üçün Allahın yaratdığı bəladır. Çünki bu kiçik ölkələrin bəzisinin coğrafi mövqeyi müəyyən geosiyasi dividendlər gətirsə belə, tək bir amil–Rusiya ilə qonşuluq onlara həm də böyük problemlər yaşadır, çünki indiyədək Kremlin siyasi iddialarının və ya təhdidlərinin dəyişməz ünvanı olaraq qalırlar.  

Sadaladığımız arqumentlər sözsüz, məntiqsiz deyil. Amma o, da var ki, bu böyük ölkədə də növbəti prezident seçkisilə bağlı hər hansı sual və yaxud da qeyri-müəyyənlik hətta insan zəkasının uzaq üfüqlərində belə görünmür. 

İnanmazsınız, adamın ağlına fantastik bir siyasi süjetin mövzusu ola biləcək fikirlər gəlir: məsələn, düşünürsən, görən, ABŞ-ın xüsusi xidmət idarələri ötən seçkilərin əvəzini Rusiyadan necəsə çıxmağı planlaşdırmır ki?.. 

Təbii, Rusiya gerçəkliyində kompüterlərə müdaxilə edib səsləri dəyişmək kimi nömrələr keçməz, çünki bu ölkələr belə problemləri həll etməyin yollarını çoxdan tapıblar,- buralarda Stalin demişkən, “səs vermək” xalqın, səsləri saymaq, paylaşdırmaq, elan etməksə hökumətin işidir. 
Sadəcə, başqa, “qeyri-elektron müdaxilələr” ola bilər, məsələn, amerikalıların dəstəyilə müxalifətin gücü bir az artırıla bilər ki, bu, da etiraz formasında təzahür edər və sayın Putinin başını bir az ağrıdar.

Amma Putin də əvvəlki Rusiya rəhbərləri kimi bunları da nəzərə alıbdır və bizi də bu yazını yazmağa məhz bu amil vadar etdi,- istədik, qüdrətli, artıq özünü “ümummilli lider”  sayan Putinin əslində necə bir qorxaq və həm də eqoist siyasətçi olduğunu göstərək.

Hal-hazırda müxalifət düşərgəsində ən çox diqqət çəkən adam A.Navalnıydır və elə ötən ilin son günlərində belə məlum oldu ki, seçki komissiyası onun namizədliyini rədd edibdir. 

Ötən il sonuncu böyük mətbuat konfransında A.Navalnının hətta adının çəkilməsinin V.Putini necə haldan çıxardığını xatırlasaq, bunun bir izahl var: Rusiya prezidenti artıq bu adamdan  ehtiyat edir. 
O mənada yox ki, A.Navalnıy məhz elə indiki seçkilərdə onun üçün böyük və real təhlükədir, sadəcə, Putin çox yaxşı anlayır ki, onu böyük siyasətə buraxmaq olmaz. 

Ona görə ki, Navalnıy məhz indi onun özü üçün dəhşətli problem olmasa da, sabahın, ən azı növbəti seçkilərin çox böyük probleminə çevrilə bilər, çünki Putin artıq özünü “ümummilli lider” saysa da, bütün hallarda, müəyyən siyasi düşərgəni təmsil edir və kimsə bizi qətiyyən inandıra bilməz ki, hörmətli Vladimir Vladimiroviç daha bir “tandemokratiya” etməyəcək, axı ona qocalığını da rahat başa vurmaq lazımdır...

Problem bundadır. A.Navalnıy kimilər təhlükədir və bu seçki üçün, Putinin özü üçün olmasa da, onun düşərgəsi və bir də rahat qocalıqla bağlı planları üçün təhlükədir. Ona görə də Putin belələrindən qorxur. 

Üstəlik, Navalnıy kimilər meydanlardan gələn, əsl ictimai-publik siyasətçilərdir və siyasətə də təhlükəsizlik xidmətlərinin dəhlizlərindən “transfer” olunmayıblar. 

Putin hətta özü də belələrindən çəkinir, çünki natiq deyil, polemist deyil, yüksək intellektual qabiliyyəti yoxdur, hətta “siyasi obrazı” da prezident seçilənə qədər deyil, əksinə seçiləndən sonralar yaradılmağa başlayıb, çox güman, “idmançı prezident obrazı”nı indi də çoxu unutmayıb, ən azı ona görə ki, həmin çarx indi də fırladılır. Bəli, Göbbels demiş, ağ yalan da təkrar-təkrar səslənəndən sonra inandırıcı olur, xüsusən də tamamilə rəqabətsiz və “bircə aktyorun teatrı”na bənzəyən Rusiya siyasətində... 

Bəli, ilk dövrlərdə, “Putin obrazı” yaratmaq üçün nələr etmirdilər! Bir detal deyəcəm. Guya, bunun “intellektual göstəriciləri”ni gözə soxmağa çalışırlar. Bəli, Putin bir doktorluq dissertasiyasının müdafiəsində peyda olur. 

Dissertasiya da bilavasitə hərblə, hərbi dəniz qüvvələrilə bağlı idi. Siz görün, o, dissertantdan, hərb elmləri üzrə doktor olmağa hazırlaşandan nə soruşur: “Gəmilər kimin hüquqi ərazisidir?”...
Putinin “siyasi trayektoriyası” hamıya yetərincə bəllidir. Bəlkə də inandırıcı görünməyəcək, amma biz onun hakimiyyətə necə gələcəyini irəlicədən proqnozlaşdırmışdıq. O vaxt bir fond üçün aylıq siyasi təhlillər yazırdıq. Belə analizlərin birində qeyd etmişidik ki, çox yaxın bir vaxtda  B.Yeltsin istefa verəcək və onun səlahiyyətlərini icra edən Putin növbəti prezident olacaq. Onda bu sözlərimiz böyük mübahisələrə səbəb oldu,  hamı deyirdi ki, heç Yeltsin də istefa verərmi? 

Amma qısa müddətdən sonra deyilən kimi də oldu, Dağıstanda və Çeçenistanda müəyyən irəliləyişə nail olan baş nazir V.Putin həqiqətən də az keçəndən sonra prezident oldu.

Bəs bizi bu fikirlərə nə təhrik etmişdi? Sadəcə, aydın idi ki, Rusiyanın “siyasi landşaft”ında başqa cür ola da bilməz və Putin də məhz bu yolla hakimiyyətə gəlməlidir, çünki belə ölkələrdə seçkiləri adətən artıq hakimiyyətdə olanlar “udurlar”. Üstəlik, ola bilsin, V.Putin özünü o vaxt yüksək çinli məmur kimi təsdiq etmişdi, amma əvvəldə dediyimiz kimi, hələ publik, geniş elektoral auditoriyaya tanış olan siyasətçi deyildi.

Böyük ehtimalla Putin bu ssenarini unutmayıb. Yeltsin vaxtilə onu hakimiyyətə gətirərək özü üçün necə hüquqi və fiziki rahatlıq təmin etmişdisə, altı ildən sonra V.Putin da belə edəcəkdir, çünki o da ömrünü rahat başa vurmaq istəyir.

O ki qaldı bu adamın “hakimiyyət spesifikası”na, nələrə nail olduğuna, lap öncə onu deyək ki, “Rusiya demokratiyası” göz önündədir – hələki tamam “institusional avtoritarizm” şəklinə düşməsə də burada da ən azı “xarizmatik avtoritarizm” hökm sürür. Rusiya məhdud siyasi azadlıqlar olan ölkədir; nə mediaya, nə qeyri–hökumət ictimai sektoruna, nə də ki, siyasi müxalifətə qəti meydan verilmir.

Putinin iqtisadi siyasəti də eynilə əksər post-sovet ölkələrindəki kimi resurs, ən birinci də, qaz və neft üzərində qurulub,- bu mənada Rusiya yenə özünün “kiçik qardaşlar”ı üçün “böyük nümunə” olaraq qalır... 

Son illərdə azca hərbi-sənaye kompleksində tərpəniş var, bu, da onun nəticəsidir ki, sovetin vaxtında bura çox böyük diqqət yetirilirdi və həm də Rusiyanın dünyanın silah bazarında qalmasının daha bir səbəbi vardır: başqa ölkələr heç də hamıya silah satmır, silah bazarı bir az siyasi bazardır, bunlarsa hamıya satır – “izqoy” rejimlərə, biri-birilə müharibə aparan ölkələrin hər birinə və s. və i...
Bu adam dördüncü dəfə prezident olacaq. Özü haqqında danışanlar çoxdur və bu, da təəccüblü deyildir. Bütün avtoritar liderlər xalqlarından və ölkələrindən daha “məşhur” olurlar. 
Amma bir baxın, bircə adamın da ağlına gəlmir ki, məsələn, “Rusiya iqtisadi möcüzəsi” haqqında yazsın, çünki belə şey qəti yoxdur, əvəzində  yaxın üfüqlərində ikinci “perestroykanın mayakı” görünən ölkə var... 

Halbuki başqa ölkələrdə başqa siyasətçilər çox qısaca müddətlərdə buna nail ola biliblər. Bu konteksdə yetərincə misallar da gətirmək olar. Məsələn, Çin kimi ac nəhəngi dünyanın iqtisadi cəhətdən ən aparıcı ölkələrindən birinə çevirən D.Syaopin kimi siyasətçi olub. Hələ heç onu demirik ki, qısa zamanda T. Özal Türkiyə kimi ölkənin iqtisadi siyasətini elə istiqamətləndirdi ki, hamı cıddi bir şəkildə “Türkiyə möcüzəsi”ndən danışmağa başladı.

Bir daha deyirik ki, Putindən və Rusiyadan da danışan az deyil. Amma hamı “Putin avtoritarizmi”ndən və bir də çoxmənalı “Putin Rusiyası”ndan danışır. Demokratik və yüksək iqtisadi inkişaf templəri yaşayan Rusiya isə yoxdur. Əvəzindəsə, bir daha deyirik ki, yenidən çox böyük geosiyasi iddialara düşən və elə həmin o iddiların da çox da uzaq olmayan gələcəkdə ikinci “perestroyka” vəd etdiyi ölkə vardır ki, artıq adı da modifikasiya edilərək “Putin Rusiyası” çağırılır...

Bəli, gerçək vəziyyət budur. Ən maraqlısı isə heç bilıirsinizmi nədir? Totalitar və avtoritar ölkələrin vətəndaşları daim düşünürlər ki, guya, onlar sosial-siyasi eksperimentlərdən sığortalanıblar, halbuki ən böyük və ən uğursuz eksperiment elə totalitarizm və bir də avtoritarizmdir. Bu rejimlərin liderlərinin daim vətəndaşların gözünə soxduğu bir şey var və bu, da guya, sabitlikdi. Ona qalsa, dünyada ən sabit yer qəbirstanlıqdır...

Hüseynbala Səlimov

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Qazaxıstan hadisələri haqda üç ehtimal, bir nəticə...

Niyə hamının gözünə yalnız media görünür?..

Elə ölkə varmı ki, özümüzü onunla müqayisə edək?

Paşinyan siyasi səhnəni nə vaxt tərk edəcək...

Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..

Ən çox oxunanalar