Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məktəblərdən yayılan biabırçı görüntülər... - Günahkar kimdir?..

Məktəbdə tamamilə tərbiyəsiz bir ortamdan çıxan bu uşaqlar sabah cəmiyyətdə hansı yerdə dayanacaqlar?.

Kamran Əsədov: “Müəllimin nüfuzunu qorumaqda onun şagirdlərinə qarşı diqqətli olmağı da böyük rol oynayır”.

Fərqanə Mehmanqızı: “Bu günlərdə məktəblərdə müəllimlərin və uşaqları etdikləri hərəkət gündəmdədir. Amma bir şey nəzərə alınmalıdır ki, problem təkcə cəmiyyət olaraq cəmiyyətdədir”.

Xəbər verdiyimiz kimi ötən gün Bakının Xətai rayonunda yerləşən 165 nömrəli tam orta məktəbində bənzər görüntülər ortaya çıxdı. Videoda orta məktəb şagirdləri sinifdə divara asılan tanınmış şəxsiyyətlərin tablolarını gəzdirir, partaları dağıdır və başqa bu kimi ədəbsiz hərəkətlər edirdilər. Baş verən bütün bu hadisələr isə sinifdə müəllimin olduğu müddətdə baş verirdi.

Dünən Bakı məktəblərinin birindən çəkilən görüntülər yenidən gündəm yaradıb.

Doqquzuncu sinif şagirdləri dərs zamanı sinifin əşyalarını dağıdır, onları yararsız vəziyyətə salırlar. Müəllimə olub-olmadığı dəqiq bəlli olmayan bir qadını isə sinifdən qovurlar.

Sözügedən görüntülər qısa zamanda böyük səs-küyə səbəb olub.

Görünən odur ki, artıq tamamilə məktəbdə müəllim-şagird münasibətləri zədələnib. Bəs məktəblərdə bu halın yaşanmasına görə kimlər günahkardır? Məktəbdə deyil, evdə ödənişli dərs keçən müəllimlərin, məktəb direktorlarının və Təhsil Nazirliyinin bu yaranmış vəziyyətə görə məsuliyyəti barədə nə demək olar? Bu gün məktəbdə tamamilə tərbiyəsiz bir ortamdan çıxan bu uşaqlar sabah cəmiyyətdə hansı yerdə dayanacaqlar?

Məktəblərdə baş verənləri PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədov və MF İnkişaf Akademiyasının direktoru, psixoloq Fərqanə Mehmanqızı ilə müzakirə edib.

Kamran Əsədov: “Diqqəti dərsdən yayınan, eləcə də, nadinc şagirdlə davranmaq üçün pedoqoji üsullar var. Mən düşünürəm ki, bunun üçün səriştəyə əsaslanan təhsilə keçid baş tutmalıdır”.

Hazırda ən ciddi problemin çətin idarə olunan şagirdlərin cəzalandırılması olduğunu düşünən ekspert PİA.aza-a açıqlamasında qeyd edib ki, müəllimin şagirdi döyməyə ixtiyarı yoxdur. Hüquqi baxımdan bu cinayət hesab olunur:

“Cəmiyyətdə müəllim-şagird və ya müəllim-tələbə münasibətləri həmişə aktual olub və bu, indi də davam etməkdədir. Ötən illərə nəzər salanda müəllimin valideyndən sonra 2-ci himayədar hesab olunduğunu görürük. Hətta valideynlər öz övladlarını müəllimlərə həvalə edəndə bildirərdilər ki, “Əti sizin, sümüyü bizim” olsun. Ancaq indi vəziyyət o qədər dəyişib ki, məcazi mənada deyilən bu deyim ümumiyyətlə öz əhəmiyyətini itirib. Valideynlər uşaqlara adi səs tonunu belə qaldıran müəllimi az qala “topa” tutsunlar.

Doğrudur, heç kəsin, həmçinin müəllimin də ixtiyarı yoxdur ki, qarşısında olan şəxsi hansısa formada alçaldsın. Amma ömrünü gələcək nəsillər uğrunda şam kimi əridən, hətta tələbələrinə ailəsindən belə daha çox vaxt ayıran, onları doğma övladları qədər sevən, vicdanlı, peşəkar, qayğıkeş bir müəllim məgər valideynin əvəzi demək deyilmi? Sözsüz ki, hər bir valideyn övladının olan səhvlərini deyir, onu danlayır, təmbeh edə bilir. Niyə bu tərbiyəvi üsul müəllimlərə qəbahətsayılsın?

Müəllim nüfuzunu ilk növbədə müəllim özü qazanmalıdır. Bu, ilk təəssüratdan başlamış ömrün sonunacan yüksələn xətlə davam edən, son dərəcə məsuliyyətli bir prosesdir. Müəllim nüfuzu yalnız özü üçün deyil, arxadan gələn müəllim nəsilləri üçün qazanmalı və qoruyub saxlamalıdır. Bir müəllimin yanlış hərəkəti bütün müəllimlərin ünvanına çevrilə bilir. On görə də müəllim hər sözünü, addımını yüz ölçüb bir biçməyə məhkumdur.

Kamran Əsədov: “Bir müəllimin yanlış hərəkəti bütün müəllimlərin ünvanına çevrilə bilir. On görə də müəllim hər sözünü, addımını yüz ölçüb bir biçməyə məhkumdur”.

Müəllimin dəqiqliyi də onun nüfuzunu qoruyub saxlamaqda mühüm amildir. Dərsə gecikən, cədvəlini qarışdıran müəllim şagirdlərindən dəqiqlik tələb edə bilərmi? Əlbətdə ki, yox.

Müəllimin taktı, pedaqoji ustalığı da onu nüfuzunun dayaq nöqtələrindəndir. Dərs müəllimin biliyini nümyiş etdirmə məkanı deyil, daha çox, şagirdlərin elmlərin əsaslarına yiyələnmələrini təmin etməyin optimal yollarını tətbiq etməklə qarşıya qoyulan məqsədə nail olmaq üçün kollektiv çalışma prosesidir. Müəllim ilk baxışda ən çətin görünən materialı elə incələyib hazırlamalıdır ki, öyrənənlər müsbət nəticəyə sevinə bilsinlər. Bütün müəllimlər yaxşı bilirlər ki, müəllimin özünə dumanlı görünüən informasiya şagird üçün zülmət olur. Yaradıcı müəllim, xəstəsini dərmandan əvvəl şirin, ruhlandırıcı dili ilə müalicəyə çalışan həkim kimidir. Şəfa tapacağı üçün həkiminə güvənən xəstə kimi, şagird də ən mürəkkəb elmi problemlərin həllini tapmaqda öz müəlliminə güvənməlidir. Müəlliminin professional səriştəsinə heyran olmayan şagirddə kifayət dərəcədə motivasiya yaratmaq da mümkün deyil. Motivasiya özü də müəllim nüfuzunun yaranması və qorunub saxlanmasına xidmət edir.

Müəllimin nüfuzunu qorumaqda onun şagirdlərinə qarşı diqqətli olmağı da böyük rol oynayır. Ev tapşırığını yerinə yetirməyən bir sinif və iki müəllim təsəvvür edək. Müəllimlərdən birincisi ev tapşırığının yerinə yetirilmədiyini biləndə, ən azından, şimşək kimi çaxıb sinfi lərzəyə salır, həm öz qanını qaraldır, həm də dərsin ritmini alt-üst edir.

Kamran Əsədov: “Yaradıcı müəllim, xəstəsini dərmandan əvvəl şirin, ruhlandırıcı dili ilə müalicəyə çalışan həkim kimidir. Şəfa tapacağı üçün həkiminə güvənən xəstə kimi, şagird də ən mürəkkəb elmi problemlərin həllini tapmaqda öz müəlliminə güvənməlidir”.

İkinci müəllim isə tapşırığının yerinə yetirilməməsinin səbəbini səmimiyyətlə soruşub, keçdiyi mövzunu yenidən, daha sadə formada, həmin ev tapşırığından nümunələr verərək izah edir, onu şagirdləri ilə birlikdə tamamlayır. Şagirdlər də, müəllim də müsbət əhval-ruhiyə ilə dərsə davam edirlər.

Valideynlərlə əlaqə, onların pedaqoji maariflənməsinə yardımçı olmaq da müəllim nüfuzuna böyük təsir göstərir. Müəllim işinin müasir dörvrdə çətinliyini yaxşı başa düşən, ona yardımçı olmağa çalışan valideynlərlə yanaşı, işi-peşəsi yerli-yersiz məktəb və müəllimdə nöqsan axtaran, vasvası valideynlərə də rast gəlmək olur. Ona görə də valideynləri planlı şəkildə, sinif rəhbərinin köməyi ilə dərslərə dəvət etmək, müəyyən şagirdlər haqqında onlarla üzbəüz söhbət eləmək məktəb və müəllim haqqında təssüratların aydınlaşmasına gətirib çıxarır.

Hazırda ən ciddi problem çətin idarə olunan şagirdlərin cəzalandırılması ilə bağlıdır. Müəllimin şagirdi döyməyə ixtiyarı yoxdur. Hüquqi baxımdan bu cinayət hesab olunur. Nəinki müəllim, nə şagirdin həmyaşıdı, nədəki, onun valideyni bu hüquqa sahib deyil. Diqqəti dərsdən yayınan, eləcə də, nadinc şagirdlə davranmaq üçün pedoqoji üsullar var. Mən düşünürəm ki, bunun üçün səriştəyə əsaslanan təhsilə keçid baş tutmalıdır. Müəllim bilməlidir ki, bu cür situasiyalarda necə davranmalıdır. Məsələn, mənim öz üsullarım vardı. Mən dərsdə zəif şagirdlərin, diqqəti yayınan, dərsə qulaq asmayan, oxumayan şagirdin müəllim tərəfindən zor tətbiq edilməsinin həmişə əleyhinə olmuşam. Görürdüm ki, şagird riyaziyyatdan zəifdir, amma gözəl rəsm çəkmək qabiliyyəti var. Mən ona keçdiyim dərsin sxemini qurmasını, şəkillə çəkməsini, bu üsulla məsələ qurmasını tapşırırdım. Deyirdim ki, dərsin sonunda onun bacarığını lövhəyə asmaqla nümayiş etdirəcəm.

Hətta onun üzərində dərs quracağam. Uşağı dərsə maraqlandırmağın müxtəlif üsulları var. Müəllim çalışmalıdır ki, şagirddə bu yollarla dərsə maraq oyatsın. Pedaqoq bilməlidir ki, uşağı döyməklə, ona cəza verməklə şagirddə dərsə maraq oyanmayacaq. Bu ola bilər müəllimin uşağa qarşı hirsini soyutsun. Amma nəticədə uşaqda bir dəyişikliyə nail ola bilməyəcək. Biz əməkdaşlıq pedoqogikasından danışırıqsa, bu zaman sinifdə müəllimin şagirdinə əl qaldırması absurddur.

Kamran Əsədov: “Pedaqoq bilməlidir ki, uşağı döyməklə, ona cəza verməklə şagirddə dərsə maraq oyanmayacaq. Bu ola bilər müəllimin uşağa qarşı hirsini soyutsun. Amma nəticədə uşaqda bir dəyişikliyə nail ola bilməyəcək”.

Mən çox təəssüf edirəm ki, bizim ali təhsil müəssisələrində, müəllim kimi yetişən kadrlar, ancaq öz ixtisaslarını öyrənirlər. Riyaziyyat müəllimi hazırlanırsa, ona ancaq riyaziyyatın bütün bölmələri tədris olunmaqla kifayətlənirik. Bu belə olmamalıdır. Müəllimə həm də, sinif daxili idarətmə üsulları öyrədilməlidir. Qərbdə müəllim kimi hazırlanan kadrlar ilk kursdan məktəblərə göndərilirlər. Onlar müəllimliyi, birinci kursdan sonadək, məktəbdə öyrənirlər. Praktiki olaraq müəllim kimi yetişdirilirlər. Bizdə isə müəllimlər ancaq öz ixtisasları üzrə nəzəri biliklərə yiyələnirlər. Ali məktəbi qurtarıb altı ay praktikadan sonra parta arxasındakı şagirdə müəllimlik edirlər. Hansı ki, qərbdə artıq müəllimlərə sinifdaxili səmərəli fəaliyyət göstərmək üsulları öyrədilir. Bizdə isə, müəllimin sinifdaxili davranış səriştəsinə isə demək olar ki, fikir verilmir. Hansı ki, o səriştələr müəllimə ilk kursdan öyrədilməlidir. Bu səriştələr aşılanarsa, müəllim sinifdə diqqəti dərsdə olmayan, zəif oxuyan, nadinc şagirdin diqqətini dərsə cəlb etməyi bacaracaq. Çox təəssüf edirəm ki, bizdə bu məsələ arxa planda qalıb. Nəticədə isə hələ də, ümumtəhsil müəssisələrində müəllimin şagirdi döyməsi faktlarına rast gəlinir.

Təhsil Nazirliyinin 2014-cü il, 16 may tarixli, 600 nömrəli əmri ilə təsdiq edilmiş "Müəllimlərin Etik Davranış Qaydaları" da var. Bu qaydaların 4.1.3 bəndində qeyd olunub ki, müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır. 4.1.8 bənddə isə bildirilir ki, müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir. 4.1.9 bəndə görə, müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməməlidir.

Hətta bu qaydaların 4.4.3. bəndi müəllimin valideyn və digər qanuni nümayəndələrlə hörmətlə və nəzakətlə davranmalı olduğunu özündə etifa edir. Bütün bunlarla yanaşı, nəhayət müəllim öz andına da sadiq olmağı bacarmalıdır. Ölkədə ən nüfuzlu, hörmətli peşə sahibi sayılan müəllimlərin bəziləri isə göründüyü kimi, adlarına, cəmiyyətdə onlara göstərilən hörmətə uyğun davranmırlar. Nəticədə müqəddəs peşə sahibi kimi qəbul etdiyimiz “müəllim” adı tədricən hörmətdən düşməyə başlayır. Müqəddəs varlıq kimi baxdığımız, ömrünü günəşə bənzətdiyimiz müəllimlər bu cür davranışları ilə nəinki, ictimaiyyətin elə qanunvericiliyin də sərt təpgisi ilə qarşılaşma ehtimalının olduğunu bəzən unudurlar. Müəllim adına isə nə məşhər ayağına çəklilmək, nə məhkəmə zalı, nədə ki, məhkumluq həyatı yaraşır. Fransız yazıçısı Viktor Mari Hüqo demişkən: “Vicdan məhkəməsi ən ali məhkəmədi””.

Fərqanə Mehmanqızı: “İndi baş verənlər sadəcə olaraq həyəcan siqnalıdır. Bu siqnal da bizə ayılmaq, nələrsə etmək lazım olduğumuzu bildirir”.

Əgər belə davam etsə, cəmiyyətin daha da pisləşəcəyini, daha da aqressivləşəcəyini və bunun qarşısı alına bilməyəcəyimizi vurğulayan psixoloq bildirib ki, intiharlar və ailədaxili şiddət də artacaq:

“Bu günlərdə məktəblərdə müəllimlərin və uşaqları etdikləri hərəkət gündəmdədir. Amma bir şey nəzərə alınmalıdır ki, problem təkcə cəmiyyət olaraq cəmiyyətdədir. Gəlin bunu araşdıraq: Uşaq, tələbə, şagird ailədən gəlir. Yəni onlar müəyyən bir cəmiyyətin içindən məktəbə gəlir. Müəllim də məktəbə ailədən gəlir. Demək, problemimiz cəmiyyətdədir.

Bizdə ailə kiçik dövlətdir. Ailə cəmiyyətin təməlidir. Cəmiyyət üçün ailə bu qədər önəmlidir. Ailədən gələn hər bir kəs də cəmiyyətdə müəyyən bir rol oynayır və cəmiyyətdə özünün bir obrazı var. Məsələ evdə ödənişli dərs keçən müəllimlərin, məktəb direktorların məsələsi deyil. Məsələ insan məsələsidir. Çünki daxili və xarici aqressiyadan, sematik depressiyadan əziyyət çəkdiyimiz göz önündədir.

Biz artıq özümüzü anlamırıq. Biz mənəvi olaraq acıq və mənəvi olaraq ac olduğumuza görə də aqressivləşmişik. Aqressivləşmiş bir şəxs istər cəmiyyətə, istər ictimia mühitə, istərsə də şəxsən özünə zərər vuracaq. Bu zərərlər də müxtəlif növdə özünü göstərəcək. Bu gün ailədaxili zorakılıq, şiddət artıb. Təkcə məktəblər deyil, görün nə qədər ailədaxili cinayətlər var. Hələ bizim bilmədiklərimiz çoxdur.

Fərqanə Mehmanqızı: “Ailədə olan problemi istər müəllim, istərsə şagird çölə çıxarır, ictimailləşdirir”.

Bunun nəticəsi də bu gün özünü məktəbdə göstərir. Sadəcə olaraq məktəb direktoru, müəllim nəticədir. Yəni bu nəticədir, səbəb deyil. Ailədə olan problemi istər müəllim, istərsə şagird çölə çıxarır, ictimailləşdirir. Qeyd edim ki, özəl, dövlət qurumları fərq yoxdur, hər bir qurumda aqressiya var.

Əgər belə davam etsə, cəmiyyət daha da pisləşəcək, daha da aqressivləşəcək və bunun qarşısı alına bilməyəcək. İntiharlar və ailədaxili şiddət artacaq. İndi baş verənlər sadəcə olaraq həyəcan siqnalıdır. Bu siqnal da bizə ayılmaq, nələrsə etmək lazım olduğumuzu bildirir. İstər dövlət, istər qurumlar olaraq nələrsə etməliyik ki, cəmiyyətdə olan bu aqressiyanın qarşısını alaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar