Çərşənbə, 18 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Kennedinin qatili Osvaldın müəllimi - SSRI-ni gömən Şuşkeviç tarixdə necə qalacaq? 

Stanislav Şuşkeviç 1991-ci ilin fevralında 82 yaşında vəfat edəndə ağlına gəlməzdi ki, onun vaxtilə tərifləyib göyə qaldırdığı, sonradan ona iki dəfə Sibirdə həbs və sürgün həyatı yaşadan SSRİ adlı dövlətin tabutuna vurulan 3 mıxın birini məhz öz oğlu, onunla eyni ad-soyadı daşıyan Stanislav Şuşkeviç vuracaq.

Şair-yazıçı Şuşkeviç o günü görmədi, bəlkə də bir il artıq yaşasaydı, bilmək olmazdı, həmin dövlətin onu reablitasiya etməsini, üstəlik, orden-medallarla, fəxri adlarla mükafatlandırmasını nəzərə alar, Belarus lideri olmuş oğluna tövsiyə verərdi ki, Belovej meşəsində o işə qol qoymasın.

Güman ki, ötən əsrin 70-ci illərindən sonra yaxşı maaş alan şöhrətli valideynlərinin hesabına nə qədər təminatlı ailədə yaşasa da, günahsız atasının 1937-46-cı illərdə siyasi dustaq olaraq Kemerovo vilayətində cəza çəkməsi, sonradan 1949-cu ildə yenidən həbs edilib Sibirə ağac kəsməyə göndərilməsi, bu illərdə ailənin çəkdiyi iztirablar, mərhumiyyətlər yeniyetmə və gənc Stasın yaddaşında dərin izlər buraxıb.

Ona görə də o, 1991-ci ilin dekabrında Rusiya lideri Boris Yeltsinlə, Ukrayna rəhbəri Leonid Kravçukla birlikdə “Belovejskaya puşa”da SSRİ-nin süqutu haqqında razılaşmanı imzalayanda tərəddüd etməyib, qəti qərar verib ki, milyonlarla insana zülm edən, tarixi qara ləkələrlə dolu olan o dövlət tarixin arxivinə gömülməlidir.

Ukrayna lideri Kravçukun bu sətirlərin müəllifinə şəxsən dediyinə görə, o da SSRİ-nin dağılması haqqında sənədi imzalayarkən tərəddüd keçirməyib və hələ də (2015-ci ildə) peşman deyil. Boris Yeltsin də “böyük və qırmızı rus imperiyası”nın kiçilməsinə gətirib çıxaran həmin addımı atdığına görə peşman olmamışdı, olmuşdusa da, dilə gətirməmişdi.

S.S.Şuşkeviç 1934-cü ilin dekabrında Minskdə, necə deyərlər, ziyalı ailəsində doğulub. Onunla adaş olan atası şair, anası Yelena Romanovskaya isə yazıçı olub. Gənc Stas Minskdə dövlət universitetini bitirib, 1960-61-ci ildə radiozavodda işləyib.

Məhz bu illərdə onun bioqrafiyasında qara qalın şriftlərlə yazılan bir detal əlavə olunub. Stanislav Şuşkeviç iki il sonra ABŞ prezidenti Con Kennedinin qatili kimi tanıdılan Li Xarvi Osvaldın kuratoru və müəllimi olub. Gələcək terrorçuya rus dilini Şuşkeviç öyrədibmiş.

Sonradan o, əvvəlcə namizədlik, daha sonra doktorluq dissertasiyası müdafiə edib, tanınmış alim olub, professor elmi rütbəsi qazanıb və sırasında ABŞ-da olmaqla bir çox ölkələrin universitetlərində mühazirə oxuyub.

SSRİ-ni gömməsindən danışarkən Şuşkeviçin ABŞ-la əlaqələrindən şübhələnməyin əsası yoxdur. O, dövlət başçısı postundan getdikdən 8-10 il sonra Harvard, Yel və Kolumbiya universitetlərində mühazirə oxuyub, 1999-2000-ci illərdə Vaşinqtonda Vudro Vilson adına elmi-tədqiqat mərkəzində işləyib. Yəqin ki, ondan Osvald haqqnda da soruşublar.

Şuşkeviçin siyasi karyerası isə 1986-cı ildə, Çernobıl AES-də baş verən qəzadan sonra başlayıb. Həmin vaxt o, qəzanın nəticələrini araşdıran komissiyaya daxil edilib. Şuşkeviç komissiyadan xalqa həqiqəti deməyi tələb edib, amma buna görə onu qrupdan xaric ediblər. Beləcə, o, həqiqətpərəst adam kimi xalq arasında populyarlıq qazanıb və bu dalğada, 3 il sonra keçirilən seçkilərdə SSRİ Ali Sovetinin deputatı seçilib.

1990-cı ildə o, kommunist partiyasından çıxdığını elan edib. Həmin il Belarus parlamentinin üzvü, sonradan isə parlament sədrinin müavini seçilib. Şuşkeviç 1991-ci ilin avqust ayında Moskvada baş verən avqust qiyamından sonra parlament sədri vəzifəsindən istefa verməyə məcbur olan Nikolay Dementeyin (bu şəxs qiyama dəstək veribmiş) yerinə parlament sədri və faktiki olaraq Belarusun rəhbəri seçilib.

4 ay sonra isə yuxarıda dediyimiz hadisə baş verib – Şuşkeviç tarixə SSRİ-nin dağıdan 3 nəfərdən biri kimi düşüb. Onun dövlətə rəhbərlik müddəti qısa sürsə də, bu böyük hadisədə iştirakının və imzasının olması ona tarixdə xüsusi yer qazandırır. Həm də o, yüksək vəzifə tutaraq xalqına rəhbərlik edərkən indiki prezident Lukaşenko kimi adını neqativ işlərə (siyasi qətllər, korrupsiya, seçki saxtakarlığı və s.) bulaşdırmayıb.

Bu il mayın 3-də 88 yaşında vəfat edən Şuşkeviç bu xidmətinə görə Rusiyada, hətta öz ana vətəni Belarusda o qədər də sevilməyən biri ola bilər, ancaq birmənalıdır ki, o zaman belə bir adama və onun atdığı addıma ehtiyac vardı.

Bu baxımdan bu işıqlı insanın bəşər tarixinə verdiyi töhfənin qədir-qiyməti hələ çox-çox sonralar bilinəcək. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - Video

Müdafiə Nazirliyi: "12 616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır"

Milli Məclis Aparatında kadr dəyişiklikləri olub

İqor Ponomaryov: "Mənə nağıl lazım deyil, sözlərimi kimə lazımdırsa, çatdırın"

Ermənistanda etiraz aksiyaları zamanı 414 nəfər saxlanılıb - Yenilənib

Fazil Mustafa Rəşad Dağlıya: “Allahsan, ya peyğəmbərsən?!” - Video

İƏT PA-nın Bakı Bəyannaməsi imzalanıb - Yenilənib

MN: “Rusiyanın Ukraynaya qarşı müharibədə hava üstünlüyü artıq yoxdur”

Prezident İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı nazirini qəbul edib - Yenilənib

Ən çox oxunanalar