Çərşənbə axşamı, 30 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İlham Əliyevin qətiyyəti: Tehran Azərbaycanın haqlı möqeyi ilə hesablaşmalı oldu

İranla Azərbaycan arasında neçə vaxtdır davam edən ciddi siyasi-diplomatik və hətta hərbi gərginlik belə görünür ki, səngiməkdədir. Xəbər verildiyi kimi, ötən gün İranın yarırəsmi “Fars” agentliyi bu ölkənin Nəqliyyat Nazirliyinin özəl yükdaşıma şirkətlərinə Laçın dəhlizindən istifadə etməklə Azərbaycan ərazisinə yük daşımamağa çağıran, bunun Azərbaycanın suverenliyinin pozulması kimi qiymətləndiriləcəyi vurğulanan xəbərdarlıq məktubu göndərdiyini bildirdi. Bu gün isə Dövlət Gömrük Komitəsi bildirdi ki, Rusiya sühməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərinə qanunsuz daxil olaraq yanacaq daşıyan və bu səbəbdən bir müddət əvvəl Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində saxlanılan iki iranlı sürücü ölkələrinə qaytarılıb. Bu qərar Bakının humanist addımı kimi təqdim edilib.

Qeyd edək ki, İran TIR-larının Azərbaycan ərazilərinə qanunsuz daxil olması (Laçın dəhlizindən istifadə etməklə) Bakı ilə Tehran arasında yaranan gərginliyin başlıca səbəblərindən biri idi. Əslində bu problem yeni yaranmamışdı, hələ işğal illərində İran TIR-larının Qarabağa yüklər daşımasına dair bu ərazilərə səfərlər edən xarici jurnalistlər öz reportajlarında bəhs edirdilər, görüntüləri yayırdılar. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra isə artıq Laçın dəhlizinə vizual nəzarət imkanı əldə edildi və İran TIR-larının Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərə yükdaşımaları (bəzi hallarda mənşəyi şübhəli olan yüklər, hətta bəzi məlumatlara görə silah-sursat) Bakıda ciddi narahatlıq yaratmaya bilməzdi.

Prezident İlham Əliyev bu yaxınlarda “Anadolu” agentliyinə müsahibəsində bu barədə ətraflı bəhs edib. Azərbaycan tərəfinin əvvəlcə dostluq, qonşuluq münasibətlərini pozmamaq üçün İran tərəfinə öz narahatlıqlarını şifahi şəkildə çatdırdığını bildirib. Bunun nəticəsi olmayanda isə Azərbaycan diplomatik kanallarla, rəsmi qaydada İrana öz narazılığını çatdırıb, bu qanunsuz yükdaşımalara son qoyulmasını tələb edib. Amma bu da nəticə verməyib, əvəzində iranlı yükdaşıyanlar hiyləyə (primitiv də olsa) əl atıblar-TIR-lar İrandan Ermənistana daxil olduqdan sonra orada onların nömrə nişanları erməni nömrələri ilə əvəzlənib və guya Ermənistan maşınları kimi Laçın dəhlizinə daxil olublar. 

Bütün bunlar həm vizual, həm xüsusi texniki vasitələrlə, kameralarla qeydə alınırdı. Və nəhayət Bakının səbri tükəndi, Azərbaycan tərəfi Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində, yəni ölkənin suveren ərazisində polis postu yerləşdirdi və Ermənistana keçən yük maşınlarından tranzit yükdaşımalar haqda müvafiq qanunun tələblərinə əsasən yol vergisi tutulmağa başladı. Ardınca Qarabağa qanunsuz daxil olmuş iki iranlı sürücü geri qayıdarkən həmin postda saxlanıldı.

İran tərəfi isə öz yük maşınlarının Qarabağa qanunsuz daxil olmasını dayandırmaq əvəzinə Azərbaycan tərəfinin bu addımlarına aqressiv reaksiya göstərdi, iranlı rəsmilər bir-birinin ardınca Azərbaycanın ünvanına əsası olmayan iddialar, böhtanlar səsləndirdilər. İş o yerə çatdı ki, İran son 30 ildə ilk dəfə Azərbaycanla sərhəddə irimiqyaslı “Xeybər fatehləri” təlimləri keçirdi. Guya bu təlimlər “sionist rejimin bölgədəki varlığına” qarşı yönəlmişdi.

Lakin bütün bu təhdidlər, aparılan təbliğat və İran rəsmilərinin əsassız bəyanatları Azərbaycanın mövqeyini dəyişdirə bilmədi, çünki bu gərginliyi başladan tərəf Azərbaycan deyildi. Azərbaycan sadəcə olaraq öz qonşusundan onun ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini tələb edirdi, heç bir ölkənin onun suveren hüquqlarını, ərazi bütövlüyünü pozmasına imkan verməyəcəyini bəyan etmişdi və öz mövqeyində qəti olduğunu bir daha nümayiş etdirirdi.   

Nəticədə Tehranda görünür bunu aydın dərk etdilər ki, Azərbaycanla davam dən gərginlik ilk növbədə İranın  özünün maraqlarına ziddir və yükdaşıma şirkətlərinə Laçın dəhlizindən keçməklə Azərbaycan ərazilərinə daxil olmaq qadağan edildi. İranın aidiyyəti orqanlarının yükdaşıyanların həmkarlar ittifaqlarına, şirkətlərə müvafiq tövsiyələr verməsi, bu problemə son qoyulacağı barədə öhdəlik götürülməsi Azərbaycanın haqlı tələblərinin yerinə yetirildiyini təsdiq edir.

Bu isə onu göstərir ki, heç kim Azərbaycan dövləti ilə diktə və təzyiq dilində danışa, ona öz iradəsini qəbul etdirmək iqtidarında deyil. Bakı bütün qonşu ölkələrlə sülh və dostluq münasibətləri saxlamaq siyasətinə sadiqliyini dəfələrlə bəyan edib, amma bu münasibətlər heç bir halda Azərbaycanın maraqlarının, suverenliyinin şübhə altına alınması hesabına qurula bilməz. Əlbətdə, indiki halda gərginliyin səbəbkarı Azərbaycan tərəfi olmasa da rəsmi Bakı qonşu ölkə ilə münasibətləri yoluna qoymaq üçün cavab jestləri etməyə də hazır olduğunu göstərdi.

Amma İranla davam edən gərginlik, qonşu ölkənin dini-siyasi və hərbi dairələrinin Azərbaycana qarşı apardığı təbliğat fonunda daha bir mühüm məqamı qeyd etmək gərəkdir. Belə ki, cərəyan edən proseslər həm də Azərbaycanın daxilində xarici qüvvələrə xidmət edən, onlarla əlaqədə olan  şəxslərin, təşkilatların, formalaşmış şəbəkənin ifşa olunmasını şərtləndirdi. Sosial şəbəkələrdə özlərini Azərbaycanda “Hüseynçilər” silahlı qruplaşmasının üzvləri kimi təqdim edənlər fəallaşdılar, İranın təsir agentləri meydana atılmağa cəhd etdilər. Bir daha göründü ki, bəzi şəxslər, qurumlar hər an Azərbaycan xalqının milli maraqlarını qurban verməyə, ölkəmizə qarşı yumşaq desək, heç də xoş niyyətdə olmayan xarici qüvvələrlə işbirliyinə getməyə, öz xalqına və vətəninə qarşı çıxış etməyə hazırdırlar. Belələrinin isə davamlı ifşa olunması, onların barəsində tədbirlər görülməsi zəruridir. Hansı ki, son günlər İranın təsir agentləri hesab edilən bəzi şəxslər saxlanılıblar və belələrindən biri haqda artıq vətənə xəyanət ittihamı ilə həbs qərarı verilib.

İran-Azərbaycan münasibətlərində müşahidə olunan gərginlik həm də Ermənistana böyük zərbə oldu. Belə ki,  Ermənistanı üçüncü tərəflərin dəstəyi ilə Azərbaycanın suveren ərazilərinə müdaxilə etmək imkanından məhrum oldu. Sübut edildi ki, Azərbaycan Laçın dəhlizinə nəzarət etmək və üçüncü tərəflərin bu dəhlizlə hansısa yükdaşımalar həyata keçirməsini əngəlləmək imkanındadır. Eyni zamanda Ermənistanın İranla dəhliz yaratmaq və iqtisadi kooperasiyanı daha da inkişaf etdirmək cəhdləri iflasa uğradı. İrandan Avropaya Ermənistandan keçməklə nəqliyyat dəhlizinin açılması ideyaları bu günlərdə yenidən gündəmə gətirilsə də hansısa ciddi addımların atılmasını gözləməyə dəyməz. Çünki söhbət milyardlarla dollarlıq investisiyadan gedir.

İranla yaranmış gərginliyin bu cür inkişafı və Azərbaycanın maraqlarına uyğun şəkildə səngiməsi şübhəsiz ki, prezident İlham Əliyevin qətiyyətli, milli maraqlara hesablanmış siyasətinin nəticəsidir. Prezident bu günlərdə Füzulidə olarkən bildirmişdi ki, Azərbaycanın müstəqilliyini, milli maraqlarını qorumaq naminə hətta qeyri-bərabər mübarizəyə girməyə, sonadək mübarizə aparmağa hazırdır, bu məsələdə tam qətiyyətlidir və hamı bunu bilməlidir. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Prezident bu nazir müavinlərini işdən çıxardı - Yeni təyinat

"Prezidentimizin quluyam..." - İşdən çıxarılan nazir müavini

AMEA-nın obyektində əxlaqsızlıq yuvası aşkarlanıb

Azərbaycanda hərbi helikopter qəzaya uğrayıb, ölənlər və yaralananlar var - Video

YAP-dan Cəmil Həsənliyə cavab: "Soçi görüşündən narahat olublar..."

Operativ Qərargahda "Omikron" ştammı və "Yeni il şənliklərində təhlükəsizlik qaydaları" ilə bağlı geniş iclas keçirilib

Formula 1 pilotları "Qızıl top" mükafatının təqdimetmə mərasimində iştirak edirlər - Yenilənib

Kəmaləddin Heydərov icra başçısının oğluna yüksək vəzifə verdi 

Səttar Möhbalıyevə sual: O, Həmkarlar İttifaqının sədridir, yoxsa işçilərin haqqlarını “yeyən” məmur? - Video

Ən çox oxunanalar