Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlahiyyatçı: “Cəbrailin Məhəmməd peyğəmbərə namazın necə qılınacağını...”


Türkiyəli ilahiyyatçı: “Cəbrailin Məhəmməd peyğəmbərə namazın necə qılınacağını öyrətməsi söhbəti yalandır”


Haqqı Yılmaz: “Allah Özünə yalvarmaq üçün namaz qılanın vücudunun, paltarının, namaz qılacağı yerin təmiz olması barədə şərt qoymayıb”

“Bu gün “mən ateistəm” deyənlərin ifadələri fantaziyadır, uydurmadır”.

Modern.az saytının dini mövzuda silsilə müsahibələri davam edir. Budəfəki müsahibimiz Türkiyədəndir. Türkiyəli ilahiyyatçı Haqqı Yılmaz suallarımızı cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

- Haqqı bəy, ilk sualımız belə olacaq. Quran, islam niyə bu qədər mübahisə predmetinə çevrilib? Qurandakılar mütləq həqiqətdirsə, onları mübahisələndirməyə ehtiyac  varmı?

- Allah ağıllı insanları nəzərdə tutub, onların ağıllarını istifadə etmələrini, daha da kamilləşməsini istəyir. Allah istəyir ki, özünün zatı və sifətləri araşdırılaraq, müşahidə edilərək, sorğulanaraq öyrənilsin.

Qurana nəzər yetirəndə görərik ki, Məkkə surələrinin hamısında Allah müşahidə, sorğulama edilməsini istəyir. Quranı da eynən Özünün zatı kimi araşdırılmasını, sorğulanmasını və qəbul edilməsini istəməkdədir. Bununla bağlı ayələri diqqətinizə çatdırıram:

“Bəqərə” surəsi 23-cü ayədə yazılıb: “Və əgər qulumuza endirdiyimizdən şübhə içindəsinizsə, haydı, onun mislindən bir surə siz gətirin, Allahın yaratdıqlarından bütün şahidlərinizi də çağırın. Əgər doğru kimsələrsinizsə”.

Eyni surənin 24-cü ayəsinə baxaq: “Sonra, əgər bunu etmədinizsə və əsla edə bilməyəcəksiniz –belə isə kafirlər– Allahın ilahlığını, rəbbliyini bilərək rədd edən kimsələr üçün hazırlanmış, yanacağı insanlar və daşlar olan atəşdən qorunun”.

- İndi buradan hansı mənaları çıxardaq?

- Bu ayələrdə bütün insanlığa çağırış var. Bu çağırış davam edib və Quran gündəmə gətirilib. Burada Quranın möcüzə olduğu həqiqəti ön plandadır. Qurandan öyrəndiyimizə görə, inkarçılar Qurana dil uzatmaqda idilər.

- Xahiş edirəm, nümunə gətirin.

- “Ənfal” surəsi 31-ci ayədə qeyd olunub: “Onlara ayələrimiz oxunduğu zaman da, “Eşitdik, dilərsək bunun kimisini biz də  söy­lərik, bu, keçmiş cəmiyyətlərin əfsanələrindən başqa bir şey deyil” demişdi­lər”

Allah inkarçılara bu ayə ilə meydan oxuyub. Belə anlaşılır ki, bu ayədə Mədinədəki inkarçılar nəzərdə tutulub. Xatırladım ki, məkkəli müşriklər haqqında da Allahın ayəsi var.

“Qəsəs” surəsinin 49-cu ayəsində bildirilib: “De ki: “Allah qatından kimsə mənə və Musaya enən kitablardan daha düzgün yol göstərən bir kitab gətirsin və mən də ona tabe olum””.

“Yunus” surəsinin 38-ci ayəsinə nəzər salaq: “Yaxud “Onu özü uydurdu” deyirlər. De ki: “Elə isə siz bənzəri bir surə meydana gətirin, Allahın yaratdığı sərvətlərdən çağıra biləcəklərinizi də çağırın. Əgər doğru kimsələrsinizsə”

Həmin surənin 39-cu ayəsinə baxaq: “Tam əksinə, onlar biliyini qavraya bilmədikləri və ilk olaraq ortaya çıxması öz­lə­ri­nə hələ gəlməmiş olan bir şeyi yalan saydılar. Bunlardan əvvəlki adamlar da belə ya­lan saymışdılar. Budur bax, şərik qoşaraq yanlış–öz zərərlərinə iş görənlərin aqibəti necə olub”.

“Tur” surəsinin 33 və 34-cü ayələrinə diqqət edək: “Yaxud vəhy edilənləri, “Özü uydurub söylədi”mi deyirlər? Əslində onlar inanmırlar. Yaxşı, onun kimi bir sözü onlar gətirsinlər, əgər doğru kimsələrdirlərsə”.

“Hud” surəsinin 13-14-cü ayələrində isə yazılıb: “Əslində onlar, “Onu özü uydurdu” deyirlər. De ki: “Elə isə, əgər doğrulardansınızsa, uydurma olaraq da olsa, bənzəri on surə gətirin, Allahın yaratdığı sərvətlərdən gücünüzün yetdiyi adamları də çağırın”.

“Yox, əgər Buna görə də onlar, sizə cavab vermədilərsə, artıq bilin ki, Quran ancaq Allahın biliyi ilə endirilib. Və Ondan başqa ilah deyə bir şey yoxdur. Artıq siz müsəlman olursunuzmu?”

“İsra” surəsinin 88-ci ayəsində isə yazılıb: “De ki: “And olsun ki, bu günün, sabahın bütün insanları, bu Quranın bir bənzərini gətirmək üçün bir yerə yığışsalar, bir–birlərinə köməkçi də olsalar, onun bənzərini tam yəqinliklə bilin ki, gətirə bilməzlər”.

- Bu ayələrə görə, belə qənaət hasil olunmalıdır ki, Quran möcüzədir?

- Quran möcüzəvi bir kitabdır. Quran fəsahət və bəlağət, az sözlə çox şey anlatmaq, ədəbi sənət baxımından alternativi olmayan, ədəbi bir şah əsərdir. Allahın elçisi Məhəmməd peyğəmbərin isə nə bir ədəbi keçmişi, nə də hər hansı bir təhsili olub. Bu baxımdan Məhəmməd peyğəmbər belə bir kitabı özü yaza bilməzdi. Quran ərəblərin inkişaf etmiş ədəbiyyat sahəsində gerçəkləşən bir möcüzədir.

Gerçəkdən də, ərəb ədəbiyyatı bütün dünya ədəbiyyatı üçün qaynaq rolu oynayıb. Bizim də ədəbiyyat daxil. Quran tam anlamı ilə ədəbi bir möcüzədir. Ədəbi sahədə yüksək səviyyəsi olan bir toplum içərisindən bir nəfər çıxıb və o cəmiyyətdə ədəbiyyatçılar başda olmaq üzrə hər kəsi heyran edən sözlər deməyə başlamışdı.

Öz yaşadığı toplum içərisində çox yaxşı tanınan bir nəfərin daha öncə ədəbiyyatla maraqlanmaması bəlli idi. Topluma təbliğ etdiyi ayə və surələrin fövqəladə səviyyədə olması onun tərəf müqabillərində böyük bir təəccüb yaratmışdı.

Gündəlik həyatındakı danışığı ilə yenə də əski məkkəli Məhəmməd olan bu adam özünə vəhy olunanları insanlara çatdıraraq bir möcüzə göstərib.

Quran əvvəlki səmavi kitabları və Allahın elçilərini təsdiq edən bir kitabdır. Halbuki onu Məhəmməd peyğəmbər özü yazmış olsaydı, mütləq ehtiraslarına uyardı. Keçmiş kitab və elçiləri təsdiq etmək yerinə özünü ön plana çıxararaq hər şeyi özünə aid etmək istərdi.

Quran içərisində fizika, kimya, biologiya, astronomiya, kosmologiya, təhsil, psixologiya, sosiologiya haqqında məlumatları əks etdirən bənzəri olmayan bir kitabdır.

Məhəmməd peyğəmbər isə Məkkədə böyüyüb, onun çevrəsində hər hansı bir məktəb və ya müəllim olmayıb.

Bu o deməkdir ki, Qurandakı bilgiləri düşünməsi mümkün deyildi.  Quranda tarixi hadisələr də təsvir olunub. Məhəmməd peyğəmbərin isə bu mövzulardan xəbəri belə yox idi ki, onun yazsın. Onun özündən əvvəlki hadisələri bilməsi də, yaxud özündən nəsə uydurması da mümkün deyildi.

Quranda keçmişə dair məlumatlar olduğu kimi, gələcək haqda da bilgilər var. Bunların doğru olduqları zamanla ortaya çıxıb. Bir insanın isə belə dəqiq proqnoz verməsi mümkünsüzdür. Bütün bunlar bir şeyi göstərir – Quran Allahın möcüzəsidir.

Bütün bunlar müzakirə edilmədən, sorğulanmadan, Quran və Məhəmməd peyğəmbərin əlaqəsi mübahisələndirilmədən Qurana inanmaq olmaz. Ya da Quranın möcüzəvi bir kitab olduğu əsla başa düşülməz.

Bugünkü müzakirələr isə ağıllı, düşüncəli, aqil insanların müzakirəsinə bənzəmir. Çoxu sensasiya olsun deyə, özlərini reklam etmək üçün ortaya mənasız iddialar atırlar.

- Hamı Quranın “Oxu” əmri ilə başladığını bildirir. Bəs bu “oxu” nə mənada işlənir? Adi kitabımı, Quranımı, yoxsa kainatı öyrənməkmi?

- Quranın elm öyrənməyi təşviq edən, bunun önəmli olmasına dair bir çox ayələri var. Amma siz dediyiniz “Oxu” əmri bu siz sadaladıqlarınızın heç birinə aid deyil. İşin əslinə diqqət etmək lazımdır.

“Ələq” surəsinin 1-ci ayəsindəki “Oxu” deyə tərcümə edilən sözün ərəb dilindəki variantı “ikra” sözüdür.

Ayənin orijinalındakı “ikra” sözü “karae” feilinin əmr formasıdır. Bu söz ivritcə və süryanicədə də mövcuddur. Süryani dilində “oxumaq” sözü “kıryano” deməkdir. “İkri” sözü isə “tədricən oxu” anlamındadır. Araşdırmaçılar “ikra” sözünün hansı dildən digərinə keçdiyi mövzusunda qəti bir qərara gələ bilməyiblər.

“Karae” ifadəsi heyz qanının qadın rəhnində toplanması və çölə çıxarılması mənasında işlədilib. Həmçinin qadınların heyzli günlərindən sonra olan qanamasız dövrlərini əhatə edən dövrün adı olaraq istifadə edilib.

Bu söz “Bəqərə” surəsinin 228-ci ayəsində də bu mənada işlənib.

Daha sonra bu söz, bir şeyi toplayıb onu dağıtmaq, başqa yerlərə nəql etmək anlamında da işlənməyə başlanıb.

Dəvələrin hamilə qalaraq balalarını qarnında gəzdirib sonra da doğmasına “karaet`in-nâqatu”deyilirdi.

Eyni ifadə yuxarıda  dediklərimə əlavə olaraq bu mənada da işlədilir: “Hərfləri, kəlimələri, cümlələri ya da bilgiləri bir araya gətirib bir başqasına nəql etmək”. Onsuz da bu sözün “oxumaq” anlamında işlədilməsinin də səbəbi budur.

“Karae” ifadəsini “oxumaq” kimi tərcümə etmək yetərli deyil. Üstəgəl “oxumaq” kimi tərcümə etmək onun Quranda niyə işlədildiyini anlamaq baxımından yanlışlıq yaradır.

Çünki türkcədə istifadə olunan “oxumaq” sözünün ərəb dilində qarşılığı “tilavet”dir. Buna isə “hazırda olan bir mətni oxumaq” deyə bilərik. Ancaq Qurandakı “ikra” sözünün bu məna vermədiyi açıq-aşkardır.

Bu ayəyə baxaq: “Bundan sonra səndə bilik toplanmasını təmin edib, onu başqalarına çat­dır­a­ca­­ğıq, sonra da sən unutmayacaqsan/ tərk etməyəcəksən. Ancaq Allah dilər­sə baş­qa­dır. Şübhəsiz ki, O, açığı da bilir, gizlini də. Və sənə “Ən Asan Olan”ı, səni ən çox nik­bin edəcək olan şeyləri asanlaşdıracağıq”.

Bu ayə göstərir ki, “qiraət” öncə bir şeyi zehində toplayıb sonra insanlara çatdırmaqdır.

Bir qəzeti, jurnallı və ya kitabı səssiz oxuyub bir şey öyrənmək “kıraat” sözünün ifadə etdiyi “oxumaq” deyil. Bu, “tilavet” sözünün ifadə etdiyi “oxumaq”dır. Görüldüyü kimi, “ikra” sözünün təməl anlamı tək bir sözlə ifadə edilməyib.

Məal və təhlillərdə “ikra”ya “oxu” deyə anlam versək belə, doğrusu açıqladığımız kimidir. Bu məqam diqqətdən qaçmamalıdır.

Bu vəziyyətdə “ikra” əmrindən peyğəmbərimizin bir şeyləri toplaması, sonra da bunun yenidən paylaşılması anlaşılmalıdır. Digər bir tərəfdən isə belə deyə bilərik – Peyğəmbərimiz Allahdan bir şeylər öyrənəcək, öyrəndiklərini yazılı və şifahi şəkildə insanlara çatdıracaq.

Peyğəmbərə “ikra” ilə əmr edilən vəzifə budur. Ancaq bir şeyi də unutmaq lazım deyil ki, bu ayələr peyğəmbərə vəhy olunan zaman o, hələ nəyi oxuyacağını, zehnində nəyi toplayacağını, onları kimlərə paylaşacağını bilmirdi.

“Hud” surəsinin 1-ci ayəsində bildirildiyi kimi, Quran öncə ehkam, sonra detalları açıqlanacaq üslubdadır. Yəni, Quranın ön sözü mahiyyətində olan bu işarə edilənlər növbəti ayə və surələrdə təfərrüatı ilə açıqlanacaq.

“Quran” sözü bu kökdən törəyən “furkan” qəlibində isim və məsdərdir. Allahın son vəhyinə isim olaraq qoyduğu bu söz “Allahdan alınıb, qullara təbliğ edilən” anlamına gəlməkdədir.

- Əhatəli və əsaslandırmış izahdır, bu mövzuya qayıtmağa daha lüzum yoxdur. Quranda namaz buyurulur, amma onun necə qılınmasına dair bir ayə yoxdur. Bəs necə edək? Namazın necə qılınması hökmünü sırf Qurandan çıxaraq yoxsa bu işdə ancaq hədislərə xitab etməliyik?

- Maraqlı sualdır. Quranda namaz, niyaz, tazarrulu dua Araf surəsinin 55-ci ayəsi ilə əmr edilib. Və necə olacağı da ayənin içərisindəki “Tazarruan” ifadəsində bildirilib. Peyğəmbərimiz də dini, imanı, namazı, orucu, zəkatı insanlarla birgə Qurandan öyrənib.

“Araf” surəsinin 55-56-cı ayələrində yazılıb: “Rəbbinizə alçala–alçala və gizlicə–açıqca göstərərək dua edin – namaz qılın. Tam yəqinliklə bilin ki, O, hədlərini aşanları sevməz”.

“Və düzəldildikdən sonra yer üzündə pozğunçuluq törətməyin. Ona, ürpərərək və mərhəmətini umaraq dua edin. Tam yəqinliklə bilin ki,  Allahın mərhəməti, yaxşılaş­dı­ran­lara–gözəlləşdirənlərə çox yaxındır”.

Burada Rəbbimiz dil, bədən, qəlblə  Özünə niyaz edilməsini əmr edir. Bu tərz edilən dua, niyaz toplumda “Namaz” adı ilə tanınıb.

“Namaz” sözü hind dilindən farscaya, farscadan da Səlcuqlar dövründə türkcəyə keçib. Farscadakı ilkin mənası “atəş önündə sayğı ilə əyilmək” deməkdir. Sanskritcə isə “hörmət ifadə etmək” anlamına gələn “namaste” kəliməsinin farscaya keçməsi ehtimal olunur. Bu kəlimə də “salam vermək” anlamına gələn “nam” kəliməsindən törəmiş olmalıdır. Həm “nam” (salam) həm də “namaste” (hörmət ifadə etmək) hind mədəniyyətində əyilərək edilən bir hərəkətdir.

“Namaz” sözünün farscadakı “əyilərək hörmətlə dua etmək” anlamı, ərəbcə və Quranda “alçala-alçala, davamlı alçalaraq yalvarmaq” şəklində ifadə edilir.

Ayənin orijinalındakı “tezarruan” ifadəsi “d-r-a” kökündən törəyən  “tefeul” fəslindən bir sözdür. 

Sözün kökü “zillət və təvazökarlıq etmək” deməkdir. “Tazarruan” sözü isə cümlədəki yerinə görə “zillət üstünə zillət, zillət üstünə zillət” yəni, “alçala-alçala, alçala-alçala” mənasını verir.

“Rəbbinizə alçala-alçala, gizlicə ya da açıqca dua edin” əmri (“Araf” surəsi 55-ci ayə) adı ilə məşhurlaşan bu cümlə niyaz şəklini ifadə etməkdədir. Bir daha deyirəm ki, Qurandakı namaz məhz bu ayə ilə əmr edilib və fərz qılınıb.

Rituallı duanın, namazın qaynağı bu ayədir. Daha əvvəl isə dəfələrcə haqqında danışılan “salaat” ifadəsinin bizə məlum olan namaz ilə əlaqəsi yoxdur. Bu ayə Quranda 200-ə yaxın duanı əhatə edən ayələrin təfsiri mövqeyindədir. 

Bu mənada “Quranda namaz tək bir ayədə keçir” demək də yerində deyil. Quranda dua ilə bağlı hər ayə namazdan bəhs edir.

Namaz ifadəsi farscada “əyilərək sayğı ilə dua etmək” mənasını verir. Bunun ərəbcəsi və Qurandakı mənası ilə alçala-alçala, davamlı dua etmək deməkdir.

Bir ritualın ana xətləri Məhəmməd peyğəmbərdən bizə gəlib çatıb. Amma, bu ayələrin bəziləri kontekstdən çıxarılıb, fərqli təqdim edilib.

Tazarru ilə duanın necə ediləcəyini insan düşünməlidir. Rəbbimiz bunun tərfini verməyib. Cəbrailin Məhəmməd peyğəmbərə namazın necə qılınacağını öyrətməsi haqqında deyilənlər və yazılanlar yalandır.

İnsan Rəbbinə qarşı zilləti dua edərkən necə sərgiləyə bilər? Bunu özü yaxşı araşdırma aparıb tapmalıdır. Məhəmməd öeyğəmbər özü də belə edib.

Allahı zikir etmək qulu Allaha dua etməyə, ona yalvarmağa təşviq edir. Və qul da könlünü Allaha açar.

“Ali İmran” surəsinin 190-195-ci ayələrində bildirilir:

“Göylərin və yer üzünün yaradılışında, gecənin və gündüzün bir–birinin ardınca gəlməsində, əlbəttə, ayaq üstündə ikən, oturarkən və yanları üzərinə yatarkən Allahı anan–göylərin və yerin yaradılışı üzərində: “Rəbbimiz! Sən, bunu boş yerə yaratmadın, Sən, bütün nöqsanlıqlardan münəzzəhsən. Artıq bizi atəşin əzabından qoru! Rəbbimiz! Şübhəsiz Sən, kimi o atəşə girdirirsən artıq onu qətiliklə rəzil etmisən. Şərik qoşaraq yanlış–öz zərərlərinə iş görənlər üçün yardımçılardan da heç kimsə yoxdur.

Rəbbimiz! Şübhəsiz ki, biz, “Rəbbinizə inanın!” deyə çağıran bir nidaçını duyduq və dərhal inandıq. Rəbbimiz! Artıq bizim günahlarımızı bağışla, pisliklərimizi ört və bizi “yaxşı adamlar” ilə birlikdə, keçmişdə etdiklərimızı və etməmiz gərəkirkən etmədiklərimızı bir–bir xatırlatdır/öldür. Rəbbimiz! Və bizə, elçilərin üzərinə vəd etdiyin şeyləri ver, qiyamət günü bizi rəzil etmə də. Şübhəsiz Sən, verdiyin sözdən dönməzsən” deyə yaxşı–yaxşı düşünən, qavrama qabiliyyətləri olanlar üçün necə əlamətlər/nümunələr var”.

“Buna görə də Rəbbləri onlara qarşılıq verdi: “Şübhəsiz Mən, sizdən erkək olsun, qadın olsun –ki, hamınız bərabərsiniz– çalışanın əməlini qeyb etmərəm. O səbəblə, köç edənlər, yurdlarındən çıxarılanlar, mənim yolumda əziyyət edilənlər, döyüşənlər və öldürülənlər–əlbəttə, onların pisliklərini örtəcəyəm və Allah qatından bir savab olaraq, onları altından çaylar axan cənnətlərə qoyacağam. Və Allah, savabın gözəli Öz qatında olandır”.

- Yaxşı bəs, peyğəmbər necə namaz qılıb?

- Bu vəziyyətdə deyə bilərik ki, peyğəmbər bu ayələrə görə namaz qılardı. Bunun əksini düşünmək olmaz. Rəvayətlərdə deyilənlər isə həqiqəti əks etdirmir.

-Lakin müxtəlif  hədislər var və bu hədislərin özündə də ziddiyyətlər var.

- Təbii ki, müxtəlifdir. Buna görə də tutarsız və ziddiyyətlidir. Allah islam düşmənlərinin əlini ayağına dolaşdırıb. Hədislərin dinə soxulması, islam düşmənləri olan güclərin müsəlmanları fəsada uğrada bilmək üçün formalaşdırdıqları bir formuldur. Bu formul fəsad qapısını aralayıb, islamı gözdən salmaq məqsədinə xidmət edir. Onlar Quran ilə bu dini sıradan çıxara bilməyəcəklərini başa düşüb başqa fitnə-fəsad qapısını açıblar. Müsəlmanlar arasına bütün batil inanclar bu qapılardan girib.

Bildiyimiz kimi, Rəbbimiz insanlara peyğəmbərlər göndərib və insanları düz yola çəkmək üçün həmin peyğəmbərlərə vəhylər endirib.

- Haqqı bəy, namaz və salaat haqqında danışdınız amma burada sizin öz fikirləriniz də var, yəni faktoloji baxımdan tam əhatəli deyil. Ona görə də deyə bilərik ki, bu iki anlayış mübahisəlidir?

- Salaatın anlamı artıq gün işığına çıxıb. Namuslu elm adamları tərəfindən də cəsarətlə etiraf edilir. İnşallah yaxın bir zamanda hər şey daha da yaxşılaşacaq.

- Hakkı bəy, belə bir sual verək. Dəstəmazsız namaz qılmaq olarmı?

- Allah namaz vəzifəsini bizim üzərimizə yükləyib. Ancaq Allah Özünə yalvarmaq üçün namaz qılanın həm vücudu, həm  paltarı, həm də namaz qılacağı yerin təmiz olması barədə şərt qoymayıb. Allah hər zaman, hər şəraitdə Ona dua etməyimizi istəyir. Allah dua etmək sadəcə ürəkdən olmalıdır.

Salaat mövzusunda dediyimiz kimi təmizlik və zinyət, salaat üçün əmr edilib. Yəni, toplum içinə çıxıldığı zaman təmiz olmaq və üst-başa fikir verilməsi istənilib. Fərdi olaraq qılınan namaz üçün hər hansı bir şərt yoxdur. Camaat namazında isə insanların bədənləri və paltarları təmiz olmalıdır.

- Gələk ateistlərə. Ateistlər təhlükəlidirmi? Din niyə ateistlərə, yəni dini terminle desək kafirlərə münasibətdə çox sərt mövqedədir?

- Ateizm ağıla zidd bir yanaşmadır. Bir insan bir ömür boyu Allahı inkara çalışsa da, yenə ateist olmaz. Bu gün “mən ateistəm” deyənlərin ifadələri fantaziyadır, uydurmadır.

Ancaq ağıllı bir insanın araşdırma, sorğulamaq prosesində ateist davranması bizim hörmət etdiyimiz davranışdır. Onlar sonunda Allahı qəbul edirlər. Ən azından ateist olurlar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar