Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hökümətin unutduğu sahə: Azərbaycanda yüngül sənaye sektoruna maraq niyə aşağıdır?

Kənd təsərrüfütı ekspert: “İş burasındadır ki, bunlar işi bacarmırlar, işi bacarana da imkan vermirlər”

İqtisadçı-ekspert: “Məhsulların böyük əksəriyyəti ölkədə istehsal olunur, amma xarici brend adı ilə satılır. Bu da onu deməyə əsas verir ki, faktiki olaraq yüngül sənayedə müşahidə edilən real artımlar statsitik göstəricilərdə öz əksini tam olaraq tapa bilmir”.

Azərbaycan hökümətinin qarşısında duran əsas iqtisadi hədəflərdən biri qeyri-neft məhsullarının ixracını artırmaqdır. Bu məqsədlə hökumət müxtəlif həvəsləndirici tədbirlər görür, sahibkarlara vergi və digər güzəştlər verir.

Qısa müddətdə ölkəmizin ixrac imkanlarının artması üçün ənənəvi və ucuz başa gələn məhsulların istehsal sahələrinin inkişafına nail olmaq yaxşı olardı. Belə sahələrin başında isə yüngül sənaye gəlir. Yüngül sənaye elə bir sahədir ki, o, yerli xammala əsaslanmadan inkişaf edə bilmir. Buna görə də yüngül sənayeni inkişaf etdirmək istəyən ölkələr həm də kənd təsərrüfatını paralel şəkildə inkişaf etdirir.

Həmçinin yüngül sənaye daha az sərmayə tələb edən sahədir. Ağır sənayedən fərqli olaraq yüngül sənaye daha kiçik sərmayə ilə inkişaf etdirmək mümkündür. Buna həmin sahənin xüsusiyyətləri imkan verir. Yüngül sənaye həm ilkin xammalın emalını, həm də hazır məhsulun istehsalını həyata keçirir. Buraya qoyulan vəsaitlər tezliklə qayıdır, istehsal edilən məhsulun çeşidi az miqdarda vəsait qoyuluşu nəticəsində asanlıqla dəyişdirilə bilir, sənaye üzrə istehsal xərcləri aşağıdır.

Son illərdə isə Azərbaycanda pambıqçılıq və baramaçılığa olan dövlət diqqəti ən üst səviyyədə olub. Lakin buna baxmayaraq Azərbaycan üst və alt geyimlərini demək olar xaricdən gətirilir. Yüngül Sənaye mallarının Azərbaycanda istehsalı ilə bağlı vəziyyət nə yerdədir və bu mallarla Azərbaycanın özünü təmin etməsi hazırda neçə faiz təşkil edir? Hansı səbədən bizim iş adamları əsasən xidmət sektoruna, yəni restoran və tikinti sektoruna daha çox maraq göstərirlər? Yüngül Sənaye sektoruna marağın aşağı olmasının səbəblər nədir və hansı süni maneələr yaradılır?

Bu suallarla PİA.az-ın əməkdaşı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmova və iqtisadçı-ekspert Rəşad Həsənova müraciət edib.

Vahid Məhərrəmov: “Azərbaycan iqtisadiyyatının əsas məsələsi xammal istehsal edib xaricə ixrac etmək yox, xammalı daxildə emal edərək həmin məhsuldan daha çox gəlir götürməkdən ibarət olmalıdır”.

Əgər ölkə paltar istehsal etmirsə, yüngül sənayeni inkişaf etdirmirsə, xammalın istehsalı üçün maliyyə vəsaiti xərcləməyə ehtiyac yaranmadığını düşünən kənd təsərrüfatı üzrə eksperti PİA.az-a açıqlamasında bildirib ki, təəssüflər olsun ki, hökümət bunu nəzərə almır və yüngül sənayə sahəsində istehsal səhələri yaratmır:

“Son zamanlar Azərbaycanda pambıq, barama istehsalına həqiqətən də çox böyük maliyyə resursları ayrılıb. Hətta düşünürlər ki, yun istehsalına dövlət büdcəsindən vəsait ayırıb ölkəyə cins qoyunlar gətirsinlər. İlham Əliyev deyirdi ki, biz pambıqçılığın inkişafı üçün hər ildə 100 milyon dollardan çox vəsait ayırmışıq. Bu da böyük vəsaitdir.

Bu vəsaitlə, yəni qoyulan sərmayə ilə nəyə nail olunub? Birincisi, istehsalda nisbətən artım var. 2014-2015-ci illərə nisbətən artım var. Amma bu istehsal olunan pambıq xammal kimi digər ölkələrə göndərilir. Azərbaycanın xammalı ən çox Rusiyaya, Türkiyəyə göndərilir. Yəni həmin pambıqdan və yaxud da baramadan daxildə emal müəssisələrində istifadə olunmur.

Əgər ölkə paltar istehsal etmirsə, o sənayeni inkişaf etdirmirsə, xammalın istehsalı üçün maliyyə vəsaiti xərcləməyə ehtiyac yaranmır. Təəssüflər olsun ki, hökümət bunu nəzərə almır və yüngül sənayə sahəsində istehsal səhələri yaratmır. Bəzi mənbələrdən deyilir ki, guya bizim məmurlar xaricdə fabrik, zavod açıblar və xammalı oraya göndərirlər. Amma geyimlər həmin ölkədən gətirilmir.

Ölkədə işsizliyin qarşısını almaq və xalqın rifahını yüksəltmək üçün ilk növbədə təbii ki, yüngül sənaye malları sahəsinə fikir vermək lazımdır. Azərbaycan iqtisadiyyatının əsas məsələsi xammal istehsal edib xaricə ixrac etmək yox, xammalı daxildə emal edərək həmin məhsuldan daha çox gəlir götürməkdən ibarət olmalıdır. Bu yolla əm məhsulun istehsalına daha çox işçi qüvvəsi cəlb etmək olar. Digər bir tərəfdən də ölkə əhalisinin sənaye mallarına olan tələbatının bir hissəsini ödəmək olar.

Vahid Məhərrəmov: “Bəzi mənbələrdən deyilir ki, guya bizim məmurlar xaricdə fabrik, zavod açıblar və xammalı oraya göndərirlər. Amma geyimlər həmin ölkədən gətirilmir”.

Deyilənə görə ölkədə az həcmdə olsa da, corab istehsal olunur. Ümumiyyətlə yerli məhsulu alan yoxdur. Bu da onunla bağlıdır ki, məhsulun keyfiyyəti aşağıdır. Məhsulun keyfiyyətli olması üçün daha müasir texniki avadanlıqların gətirilməsinə və texnologiyaların tətbiqinə ehtiyac var. O sahədə çalışan mütəxəssisləri xaricə göndərib təcrübə əldə etmələri üçün müəyyən tədbirləri həyata keçirmək lazım idi ki, o adamlar gəlib ölkədə istehsalın yüksək səviyyədə həyata keçirilməsinə nail olsunlar. Mütəxəssisləri Türkiyəyə, Çinə, Qərb ölkələrinə göndərmək olardı ki, orada daha yaxşı təcrübə ala bilsinlər.

Azərbaycanda təhsilin, elmin səviyyəsi aşağıdır. Ölkədə təcrübə də əldə etmək mümkün deyil. Çünki sənayə müəssisələri uzun müddətdir dayandırılıb. Bakıda bir kombinat var idi və orada üst geyimlərini istehsal edirdilər. Bu kombinat da uzun müddətdir fəaliyyət göstərmir.

Vahid Məhərrəmov: “Azərbaycanda istehsal olunan kostyum, şalvarlara Türkiyənin ya da İtalyanın yarlıqların vururlar”.

Yüngül sənaye sahəsində görüləcək işlər çoxdur. Amma çox təəssüflər olsun ki, bu işlər görülmür. Azərbaycanda istehsal olunan kostyum, şalvarlara Türkiyənin ya da İtalyanın yarlıqların vururlar. O mallar da keyfiyyətsiz olur. Həmin paltarlara bir dəfə gün dəyəndə rəngi dəyişir.

Azərbaycanda münbit şərait olduğuna görə yaxşı pambıq, barama, yun istehsal etmək mümkündür. Əvvəllər Azərbaycanda bunun hamısı olub. Belə keyfiyyətli xam mal istehsal edəndən sonra ondan paltar emal edib ixrac etmək olar. Buna da nail olmaq olar. Dünya bazarında Çin, Türkiyə, ABŞ öz mallarını müxtəlif qiymətə təklif edirlər. Azərbaycanda da dünya bazarına çıxıb özünəməxsus bir yer tuta bilərdi.

Onu qeyd edim ki, Şəmkir rayonunun Zəyəm qəsəbəsində tekstil fabriki var idi. Bu tekstil fabriki üç növbədə işləyirdi. Bu fabrikdə istehsal olunan məhsula da tələb var idi. Yəni Sovet dövründə o məhsulları problemsiz Özbəkistan və digər respublikalara göndərirdilər. Əgər bu sahəyə fikir verilsə, indi də malların ixrac edilməsində heç bir problem olmaz.

Vahid Məhərrəmov: “Hakimiyyət ölkədə fabrik və zavodların işlədilməsində maraqlı deyil. Çünki hökümət istəmir ki, bir müəssisədə çoxlu sayda adamlar toplansın və o adamlar yerli mütəxəssislər tərəfindən idarə olunsun”.

Yüngül Sənaye sahəsinə niyə fikir verilmir? Əgər bu gün ölkə əhalisinin yarısı işsizdirsə, iş axtarırsa, niyə gedib fabrikdə işləməsin? Niyə fabrikdən 500-600 manat alıb ailəsini dolandırmasın? Hakimiyyət ölkədə fabrik və zavodların işlədilməsində maraqlı deyil. Çünki hökümət istəmir ki, bir müəssisədə çoxlu sayda adamlar toplansın və o adamlar yerli mütəxəssislər tərəfindən idarə olunsun.

Hökümət düşünür ki, adamların bir müəssisədə işləməsi gələcəkdə onlar üçün ciddi problem yarada bilər. Yəni hər hansı düzgün siyasət aparılmayanda bu adamlar təşkil olunmuş şəkildə etiraza qalxa bilərlər. Bu da hakimiyyət üçün təhlükə yarada bilər. Hökümət istəyir ki, Azərbaycan əhalisinin iş qabliyyətində olan hissəsi özünə işi Rusiyada, Türkiyədə, Qərb ölkələrində axtarıb tapsın. Yəni Azərbaycanda fəal əhalinin sayı azalsın.

Vahid Məhərrəmov: “Sərmayədarlar Azərbaycana gəlib maliyyə vəsaiti yatırmağa qorxurlar. Çünki ölkədə onları incidirlər”.

Bayaq qeyd etdiyimi həmin tekstil kombinatı indi polis şöbəsi olub. Yəni 1995-1996-ci ildə həmin kombinatı bağladılar və həmin yerdə polis şöbəsi yaratdılar. Həmin kombinatda işləyən çoxlu sayda adamlar işsiz qalıblar. Ali təhsilli injinerlər taksiçilk edirlər və günlərini keçirdirlər. Belə hallardan da Azərbaycan xalqı uduzur. Çünki imkanlar əldən gedir.

İndi neftdən gələn gəlirə görə imkan var, amma gələcəkdə necə olacaq biz bilmirik. Azərbaycana yüngül sənaye sahəsinə sərmayələr cəlb etmək lazımdır. İnvestorlar Azərbaycana gəlib maliyyə vəsaiti yatırmağa qorxurlar. Çünki ölkədə onları incidirlər. İş burasındadır ki, bunlar işi bacarmırlar, işi bacarana da imkan vermirlər”.

Rəşad Həsənov: “Bir çox məhsulların, hətta cinayət xarakterli müəyyən işlərin izlənilməsi də onu göstərir ki, ən məşhur brendlərin belə Azərbaycanda istehsalı üçün gizli iqtisadiyyat fəaliyyət göstərir”.

Azərbaycanda sənaye, yüngül sənaye, geyim sənayesinin xammal baxımından idxaldan asılı olduğunu xatırladan iqtisadçı-ekspert əlavə edib ki, ölkədə müasir tələblərə uyğun, keyfiyyətli xammalın istehsalı üçün müvafiq infrastruktur şərait yoxdur:

“Ümumiyyətlə Azərbaycanda yüngül sənaye sahəsinin indiki inkişaf səviyyəsi kifayət qədər aşağıdır. Ölkədə sənayə məhsullarında yüngül sənayenin xüsusi çəkisi 1-2 faiz arasında dəyişir. Bu isə onu deməyə əsas verir ki, hələlik bu istiqamətdə ciddi irəliləyişlər hiss olunmur. Düzdür bu ilin əvvəlində bəzi məhsulların həcmində müəyyən qədər artımlar baş verib.

Biz idxal, ixrac göstəricilərinə baxdıqda görürük ki, həmin məhsullar üzrə son 3 ildə təxminən 3 dəfə yaxın idxalda artım dinamikası müşahidə olunub. Burada müxtəlif səbəblər var. Bu səbəblərdən də biri ondan ibarətdir ki, gömrük sistemində aparılan anti-korrupsiya tədbirləri nəticəsində müəyyən qədər uçotun səliqə-səhmana salınması kimi məsələlər öz növbəsində bu göstəricilərin artmasına gətirib çıxardı.

Digər bir məsələ isə ondan ibarətdir ki, yerli istehsalda, xüsusilə də devalvasiyalardan sonra müəyyən artımlar baş verib. Bir çox məhsulların, hətta cinayət xarakterli müəyyən işlərin izlənilməsi də onu göstərir ki, ən məşhur brendlərin belə Azərbaycanda istehsalı üçün gizli iqtisadiyyat fəaliyyət göstərir. Xüsusən də bu yüngül sənayedə daha geniş yayılıb.

Rəşad Həsənov: “Azərbaycanda istehsal olunmuş məhsulların xarici bazarlarda reputasiyası aşağı olduğu üçün xarici bazarlara ixrac imkanları da məhduddur”.

Məhsulların böyük əksəriyyəti ölkədə istehsal olunur, amma xarici brendlərlə satılır. Bu da onu deməyə əsas verir ki, faktiki olaraq yüngül sənayedə müşahidə edilən real artımlar statistik göstəricilərdə öz əksini tam olaraq tapa bilmir. Çünki devalvasiyadan sonra geyim məhsullarının idxalı qiymətlərinin kəskin bahalaşması, xüsusilə də ucuz ölkələrdən idxal olunan malların qiymətinin kəskin bahalaşması artıq idxala marağın nisbətən zəifləməsinə gətirib çıxardı. Bu konteksdə yerli yüngül sənaye cuzi də olsa, müəyyən bir inkişaf dinamikası nümayiş etdirdi.

Amma məsələ ondan ibarətdir ki, əksər hallarda müşahidə olunur ki, Azərbaycanda sənaye, yüngül sənaye, geyim sənayesi xammal baxımından idxaldan asılıdır. Çünki müasir tələblərə uyğun, keyfiyyətli xammalın istehsalı üçün müvafiq infrastruktur şərait yoxdur. Burada müəyyən məsələlər başa düşüləndir. Azərbaycan bazarı kiçik bazardır və bu bazarda xam mal istehsalı ilə məşğul olan böyük şirkətlərin, müəssisələrin yaradılması biznes maraqları baxımından əlverişli deyil.

Rəşad Həsənov: “Azərbaycanda çox az saylı inkişaf imkanları mümkün olan sektorlardan hesab olunur. Həmçinin bu sahələr ciddi beyin və elm tələb edən sahələr olmadığı üçün müafiq potensialların istifadəsi imkanları vardır”.

Həmçinin Azərbaycanda istehsal olunmuş məhsulların xarici bazarlarda reputasiyası aşağı olduğu üçün xarici bazarlara ixrac imkanları da məhduddur. Bu baxımdan da xammal istehsalı ilə məşğul olan iri sənaye müəssisələrinin formalaşmasında çətinliklər ortaya çıxır. Buna baxmayaraq hətta ən kiçik detalların belə xaricdən idxal olunması kimi problemlər hələ də qalmaqdadır.

Düşünürəm ki, bu istiqamətdə “Strateji Yol Xəritəsi” çərçivəsində ortaya qoyulmuş müəyyən hədəflər istiqamətində səmimi olmalıdır. Eyni zamanda bu öhdəliklərin icrasına nəzarət mexanizmləri olmalıdır. Çünki yüngül sənaye Azərbaycanda çox az saylı inkişaf imkanları mümkün olan sektorlardan hesab olunur. Həmçinin bu sahələr ciddi beyin və elm tələb edən sahələr olmadığı üçün müafiq potensialların istifadəsi imkanları vardır.

Artıq bir neçə ildir ki, Azərbaycanda pambıqçılıq, ipəkçiliyin inkişafı ilə bağlı addımlar atılır. Hazırda bu məhsulların böyük əksəriyyəti xam mal şəklində xarici bazarlara təklif olunur. Azərbaycanda bu məhsulları emal edəcək müəssisələrin olmaması və yarıfabrikatları hazırlayan müəssisələrin olmaması məcburən istehsalçıları məhsulu daha aşağı qiymətə xarici bazarlara təklif etməsinə gətirib çıxardır. İstənilən halda proses gedir. Amma prosesdə ciddi problemlər var.

Bu problemlərin aradan qaldırılması və eyni zamanda bu sahədə ciddi naliyyətlərin əldə olunması məhz biznes mühitinin inkişafı, iqtisadiyyatın liberallaşdırılması və rəqabətin dərinləşdirilməsindən qaynaqlanır”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar