Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Hacıyev: “Azərbaycanda inqilab ola bilər”


“Azərbaycanı şar kimi o qədər üfüləyib doldurmuşuq ki, ya partlamalıdır, ya da böyründən deşməliyik”.


Hafiz Hacıyev: “Elə məmurlar var ki, onların milyardları yeraltı bunkerlərdədir. Əgər tədbir görsələr mən ad da çəkə bilərəm”.

İstər-istəməz Əli Kərimli olmasa da, başqa bir müxalifət yetişəcək və yaxud da kor təbii bir inqilab olacaq”.

PİA.AZ Azərbaycan siyasətinin ən rəngli simalarından biri olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə müsahibənin ikinci  hissəsini təqdim edir. 

Birinci hissəni və ikinci hissələri aşağıdakı linklərdən  oxuyun:

"Hafiz Hacıyev: “Əli Kərimli ilə düşmən olmaq mənə lazımdır?"


- Siz özünüzü millətçi hesab edirsiniz, yoxsa liberal?

- Mən deyərdim ki, Azərbaycanda bir nömrəli millətçi mənəm. Bizim partiya da milli maraqları qoruyan bir müxalifət partiyasıdır. Biz Elçibəyin və Rəsulzadənin davamçılarıyıq. Saxta daşıyıcıların, İsa Qəmbərin ətrafı  dağıldı amma bizim partiyamız hal-hazırda çox güclü təşkilatlanıb və işimizi yerinə yetiririk. Biz də çalışırıq ki, qarşıdan gələn parlament seçkilərində öz mövqeyimizi bildirək. Milli mövqeyimizin qorunub saxlanılması üçün də əlimizdən nə gəlirsə, hamısını edəcəyik. Milli mövqe de xalqımın mövqeyidir, millətimi sevənlərin mövqeyidir. Bir faktı da qeyd edim ki, 10 il bundan qabaq məni söyənlərin hamısı indi gəlib üzr istəyirlər ki, sən nə qədər ağıllı adamıymışsan. Məsələn, mən İbrahim İbrahlimliyə 10 il bundan əvvəl demişdim ki, İbrahim bəy, sənin o satqının yanında qalmağın elə də əsaslı deyil, nadanlıqdı. İndi istefa verdi və mən buna çox sevinirəm. Qabil Hüseynli, Sülhəddin Əkbərlə biz saatla söhbətlər aparmışıq. Müsavat elə-belə dağılmadı. O kərpicləri sökənə qədər mənim neçə lomumun ucu korlanıb. Ona görə mən sevinirəm ki, nəhayət, 14 il çəkdiyim əziyyətlər gəlib yerində oturdu. Sevinirəm ki, əsl müsavatçı ilə qondarma müsavatçı artıq ortalığa çıxdı. Hər şey göz qarşısındadır. Bundan sonra artıq millətimin öz düşüncəsidir, öz baxışıdır. Mən heç kəsi məcbur edə bilmərəm ki, gəl sən mənə yaxşı bax. Bu cəmiyyətin öz işidir. Özüm özümlüyümdə də başa düşdüm ki, həqiqətən də mən doğru yoldayam. 


Hafiz Hacıyev: “Müsavat elə-belə dağılmadı. O kərpicləri sökənə qədər mənim neçə lomumun ucu korlanıb”.


- Demokratiya sizin üçün nəyi əxz edir?

- Demokratiya mənim üçün çox böyük azadlıq, sərbəstlik, söz adazlığı deməkdir. Demokratiya çox böyük bir məfhumdur. Demokratiyadan danışmaq üçün illərlə vaxt lazımdır. Azərbaycanda da demokratiya var. Görürsünüz ki, bütün günü ölkə prezidentini nə qədər təhqir edirlər. Demokratiya var ki, onu təhqir edirlər, o demokratik bir adamdır. Bu demokratiyanı başqa dövlətlərdə görmək çətindir. Azərbaycanda kifayət qədər demoktarik cəmiyyət formalaşıb. Demokratiyanın ölçüsü yoxdur. Elə bir cihaz da yoxdur ki, cihazı Azərbaycana qoyasan ölçə ki, burada demokratiya nə qədərdir. Bu gün çoxlu erməni pərəst politoloqlar, səfirlər var. Riçard Kozlariç o vaxtı Azərbaycandan torpaq istədi ki, mən də qalım burda işləyim. Torpaq, neftdən pay istədi. Vermədilər deyə, indi Azərbaycanın qəti düşməninə çevrilib. Bu dəqiqə hazırdır ki, hakimiyyəti devirib İsa Qəmbəri gətirsin, o neftdən pay alsın. Demokratiya o demək deyil ki, elə hər gün kimisə söyəsən, ağzına gələni deyəsən, yalan danışasan, Azərbaycanda olmayanları xaricidövlətlərin kəşfiyyatına verəsən. Bu satqınlıqdır. Demokratiya kifayət qədər geniş mövzudur və Azərbaycan müstəqillik qazanandan sonra pis, yaxşı demokratiya var. 

- Hakimiyyətlə münasibətləriniz necədir?

- Mənim hakimiyyətdə bir adamla münasibətim var, ikinci bir adamı da tanımıram. Mən dilənçi deyiləm ki, hakimiyyətdəkilərdən gedim nəysə istəyim. Onlar ancaq öz ciblərinə işləyən adamlardılar. Hakimiyyət çox rəngarəngdir. Bu yaxınlarda bildiyimiz kimi Dövlət Bayrağı meydanının anası erməni çıxdı. Bu proseslər davam etsə ondan da böyük ermənilər çıxacaq. Mən müxalif fikirli insanam, partiya sədriyəm. Ona görə hakimiyyətin mənə münasibəti yaxşı olmayacaq. Əgər hakimiyyətin münasibəti mənimlə yaxşı olsaydı, mənə də yaxşı vəzifə verərdi, mən də xalqıma layiqli qulluq edərdim. Nazir olanda mənim xeyrim millətimə daha çox dəymişdi. Mənim xidmətlərim nəzərə alınmalı idi. Alınmırsa, küskün bir Hafiz Hacıyev var və öz siyasi mübarizəsini davam etdirir. Hakimiyyət onu söyənlə, canını ona qurban vermiş adamı seçə bilmirsə, mən nə deyə bilərəm? Bu da mənim taleyimdir və yaşamalıyam. Üç prezident seçkilərində özünün keçmiş əqidə yoldaşları ilə müharibə aparan Hafiz Hacıyevlə bu gün vaxtında heydər Əliyevin Azərbaycana gəlməsindən ötrü Əliyev Şinanı birinci katib kimi Komunnist qəzətinə yazan nazirdisə, hansı haqqdan-ədalətdən danışmaq olar? Hafiz Hacıyev küskün olmayıb nə etməlidir? Özünü öldürüb Heydər Əliyevin müsahibələrini verdirən, “Exo Moskva” radiosunda onun fikirlərini yaydıran Hafiz Hacıyevlə Vəzirovun tapşırı iləSifsi Büroya "meşok-meşok" məlumat göndərən bu günün nazirləri ilə ona fərq qoyulmursa, necə olar Hafiz Hacıyev? Baxın görün mən necə olmalıyam. Hələ ki, mən tək qardaşıma görə susuram. Amma  xalqıma bir söz deyirəm ki, Hafiz Hacıyev nə vaxtı qatı radikal müxalifətçiliyə keçəcəksə, Azərbaycanda hər şeyin həll olunması 3 ay çəkəcək.

- Sizcə hakimiyyətin əsas qüsuru nədir? Və qüsürları ortadan qaldırmaq üçün nə təklif edirsiniz?

- Hakimiyyətin əsas qüsuru bu günkü məmurlardır. Hakimiyyətin qolları çoxdur, icra qolları, siyasi qolları və s. var. 

- Sizin gördüyünüz ən böyük qüsur hansıdır?

- Məmurlar bir balaca tamahlarından əl çəkməlidirlər, xalqı incitməməlidirlər. Xalqın içində olmalıdırlar, yalançı şoulardan çəkinməlidirlər. Özləri, övladları dəbdəbəli həyatdan əl çəkməli,  xalqla öz həyat tərzlərini eyniləşdirməlidirlər. Azərbaycan xanımlarını, qızalarını villalarına aparıb, pis əməllərə dəvət etməməlidirlər. Məni narahat edən budur. İstərdim ki, hakimiyyətdə olanlar prezidentdən nümunə götürsünlər. 20 ildir özlərinə yığıblar, 1-2 ildə millətə işləsinlər. İkiüzlü olmasınlar, prezidenti görəndə kostyumlarının düymələrin bağlayıb, arxasınca başqa söz danışmasınlar. İstərdim ki, onlar xaricə gedəndə prezidentin ünvanına təhqiredici sözlər söyləməsinlər. Qəbullarına gələn camaatı dinləsinlər. Nazirlərin katibələri belə telefonları götürmürlər. 

Hafiz Hacıyev? “Hafiz Hacıyev nə vaxtı qatı radikal müxalifətçiliyə keçəcəksə, Azərbaycanda hər şeyin həll olunması 3 ay çəkəcək”.


Prezident dedi ki, maşınlarınızdan plyonkaları götürün. Qoyun xalq sizi görsün. Mən də istərdim xalq onları görsün, xalqla səmimi olsunlar. Amma nazirlərin işində də ləyaqətliləri var. Bəzən kiminsə adın çəkəndə yaltaqlıq kimi qəbul edilir amma elə deyil. Bu millət üçün çalışan nazirlər də var. Belə nazirlər azdır, qalanları hamısı gözləyir ki, İlham Əliyev nə vaxt devriləcək, onlar da baxacaqlar. Hakimiyyətin işində olanları məndən yaxşı tanıyan yoxdur. Mən necə inkar edim ki, o vaxtlar Heydər Əliyevə danışmağa imkan verməyənlər indi ən böyük vəzifələrdədirlər. Məni narahat edən budur. Sabah eyni proses yenə davam edəcək. Rəhmətlik Heydər Əliyevin qızı Sevil xanım mesaj göndərdi ki, mənim atamın adından istifadə etməyin, ona nə qədər xəyanət etdiniz, indi də mənim qardaşıma xəyanət edirsiniz. Mən bu faktlardan narahatam və başqa şeylərin deyil, bunların mübarizəsin aparıram. Mən necə susum ki, Heydər Əliyevin dövründə ona xəyanət edənlər sonra oğlunun dövründə gəlib milyardlarla pul qazansınlar. Xalqı prezidentdən narazı salsınlar. Prezident deyir get rüşvət al? Amma hamısı deyir ki, belədir. Müəllimlərdən 5-10 manat yığırlar. Sənin dövlətin o qədər zəifdir ki, müəllimin 5-10 manatına qalıb? Bu gün suvarılmayan hektarlarla torpaqlarımız var. Hanı milyardların xərcləndiyi o qurğular? Su anbarlarının hamısı boşdur, su yoxdur. Niyə prezidenti aldadırlar? Niyə prezidentin ətrafında olanlar onun şəklin çəkib prezidentə göstərmirlər ki, bu adam yalan deyir?!  Mən bu vaxta qədər ədalətli bir jurnalist tapmamışam ki, mənim dediklərimi qələmə alsın. Hamısının çəkindiyi bir yer var. Haqlının yanında olaq, onda zaman hər şeyi göstərəcək. Mən istərdim ki, bu günkü hakimiyyətdə olan qüvvələr prezidentin sadəliyindən, yaşayış tərzindən, millətə olan bağlılığından nümunə götürsünlər. 

- Hakimiyyətin idarəetmədə oliqarx məmurlara üstünlük verməsini necə dəyərləndirirsiniz?

- Münasibətim çox pisdir. Mən də məmur olmuşam, hərənin öz sahəsi var. Mən vaxtilə öz sahəm olan balıq sənayesinə baxırdım, amma indi müəyyən oliqarxlar  var ki, hər şeylə maraqlanırlar. Öz sahəsi oldu-olmadı. Mənim qəbuluma gələn partiya üzvləri, xalqın arasında olan rayon təşkilatları var. Biz ciddi informasiyalar toplayırıq və o informasiyaları təhlil edirik. Bir vaxtlar məndən xahiş etdilər ki, xalqın arasında olan söhbətləri onlara da bildirim. Mən bir neçə məlumatları çatdırandan sonra bütün kanalları kəsdilər ki, xalqın sözünü mən çatdırmayım. Amma buna baxmayaraq mən xalqın sözünü çatdırdım, ondan sonra müəyyən adamların papağı boş qaldı. Məmurlar öz yerlərində oturmalıdır. İndi məmurlar öz işləri ilə məşğul deyillər. Bir neçə məmurlar var ki, bütün günü kabinetlərində öz məşuqələrinin telefonlarının "zakaz"larını yerinə yetirirlər. Məşuqələri zəng edir, mənə filan yerdən villa al. Mən adlarını da deyə bilərəm  amma deyəcəklər ki, Hafiz Hacıyev yaltaqlanır, ona pul verirlər və s. Ona görə ad çəkməyəcəm amma necə ki, o vaxtlar Əli Kərimlinin həyat yoldaşı mənə "zakaz"lar edirdi ki, mənə filan brilliantdan al. İndi də bizim məmurlar elə edirlər. Biz o vaxtlar qorxurduq, yəni məcbur idik. O dövlət katibi di, mən bunu .İndi məmurların övladları nə oyunlardan çıxırlar göz qabağındadır. Bütün günü onlar kabinetlərində oturub ancaq "zakaz" işləri ilə məşğuldurlar, dövlətin işi ilə məşğul olmurlar. Əgər dövlət işlərini görürlərsə, onda Azərbaycanda manat niyə bu günə düşməli idi?!


Hafiz Hacıyev: “Mən bu vaxta qədər ədalətli bir jurnalist tapmamışam ki, mənim dediklərimi qələmə alsın”.


- Azərbaycanın inkişaf yolu Qərblə inteqrasiyadan keçir, yoxsa Rusiya ilə müttəfiqlikdən?

- Bu gün Azərbaycan qonşuluq münasibətlərini gözləməklə ortaq bir mövqe tutub. Bu balansılaşdırılmış siyasətdir. Balansılaşdırılmış siyasət bizə xeyir vermədi. Azərbaycan bir gün qəti mövqeyini ortaya qoymalıdır. Rusiya Qağlıq Qarabağda gedən parlament seçkilərinin tanınması üçün  NATO, BMT-ə müraciət edib. Biz  bu dövlətlə necə iş görə bilərik? Biz bizim maraqlarımızı müdafiə edən qurumlarla, dövlətlərlə dostluq etməliyik. Bizi niyə bu gün sıxırlar? Biz ortaya konkret mövqe qoymalıyıq. O mövqeyi də məndən soruşmayın. Çünki o mövqeyi mən detalları ilə açsam, çox papaqlar boş qalacaq. Elə birinci mənim özümü aradan götürə bilərlər. Ona görə xahiş edirəm, bu mövzuya çox da toxunmayaq.  Bu gün hakimiyyətdə olan hansı qruplar hansı dövlətin yanındadır aça bilərəm. Bizə olan o bəyanatlar, bizi sıxmaqlarının nəticəsidir ki, anormal apardığımız danışıqların siyasətidir. Bizim üzümüz bir olsaydı, biz bu günə qalmazdıq.

-  Azərbaycanın inkişafı üçün üçüncü alternativi varmı?

- Bu gün Azərbaycan kifayət qədər inkişaf edib və biz bu inkişafı qoruyub saxlamalıyıq. Neft ucuzlaşıb deyə, bu o demək deyil ki, Azərbaycanda hər şey alt-üst olacaq. Yox, bu qətiyyən belə deyil.  Azərbaycanın gələcəyi, inkişafı  islahatlardan keçir. Burada kadr islahatarı , siyasi islahatlar başlıca rol oynayır. Atalar deyib, su qalanda iylənər. Cəmiyyət artıq doyub, ölkəyə yeni abu-hava, yeni siyasi demokratik qurumlar gəlməlidir. Azərbaycanı şar kimi o qədər üfüləyib doldurmuşuq ki, ya partlamalıdır, ya da böyründən deşməliyik. Kim  məni necə başa düşür düşsün. Mən qərəzli mövqe tutmuram. Bir daha vurğulayıram ki, Azərbaycanın inkişafı təcili islahatlardan keçir. Biz islahatlara getməsək bizim vəziyyətimiz yaxşı olmayacaq. Biz bir balaca bu inadkarlığımızdan geri çəkməliyik. Zəmanə o zəmanə deyil. Məsələn, bir jurnalisti tərpədəndə bütün dünya ayağa qalxır. Həmin dünyanın özü haqsızdır amma gücdür, onu bizdən tələb edirlər. Yəni biz bir balaca ağıllı olmalıyıq. Yoxsa "dədəm mənə kor deyib, gəlib gedən vur deyib" prinsipi ilə çox da uzaqlara gedən deyilik. Hər halda mən düşünürəm ki, yaxın bir ayda Azərbaycanda havalar durulacaq. Bir aydan sonra nələrin baş verəcəyini daha rahatlıqla demək olar. İndi də mən deyə bilərəm amma demək istəmirəm.

- Heç kimə sirr seyil ki, Azərbaycanda korrupsiya, məmur özbaşınalığı, sosial ədalətsizlik baş alıb gedir. Müxalifət bu aspektlərdən çıxış edərək gec-tez ölkədə sosial partlayışın oldacağını proqnozlaşdırırlar. Siz necə düşünürsünüz Azərbaycanda inqilab ola bilərmi?

- Əlbəttə ola bilər. Çünki ədalətsizlik, haqsızlıq olan yerdə həmişə partlayış olub. Biz tarixə nəzər salsaq, bunu daha aydın görərik. Mən bu gün bunu inkar etsəm, deyəcəksiniz ki, Hafiz  Hacıyev kiminsə xətrinə bunu inkar etdi. Amma qətiyyən belə deyil. Bu gün korrupsiya, rüşvətxorluq baş alıb gedirsə, rüşvətin kökünü kəsə bilmiriksə, insanların ah-naləsi göyə qalxırsa, əlbəttə burada partlayışlar ola bilər hətta insanlar bir-birilərini qırada bilərlər. Bir daha qeyd edirəm ki, bunları da edənlər məmurlardır. O məmurlar da istəyirlər ki, süni şəkildə gərginlik yaradıb, ölkədə gərginlik yaratsınlar. Xalqı, milləti prezidentin üstünə qaldırsınlar. İndi gedib kimi tuturlar? Müəllimi. Nədi-nədi sən uşaq hazırlayırsan 20 manat alırsan. Sən müəllimə 170 manat maaş verəndə elə olacaq da. Bəs müəllim nə etməlidir? Müəllim tələbə hazırlamalıdır da. Və yaxud da bir həkimi tuturlar ki, artıq iynə vumusan. Bu rüşvətin qarşını kəsmək deyil.

Hafiz Hacıyev: “Məmurlar var ki, məşuqələri zəng edir, mənə filan yerdən villa al”.


Məsələn, mən rüşvətin qarşısının alınması üçün təklif irəli sürə bilərəm. Elə məmurlar var ki, onların milyardları yeraltı bunkerlərdədir. Əgər tədbir görsələr mən ad da çəkə bilərəm. Hətta onlar haqqında bir neçə gün əvvəl saytlarda da məlumatlar getdi. Həmin məmuru həbs et, 5 milyardını al, müəllimlərində maaşını üç dəfə artır. Əgər bu dərəcədə xalqı incidirlərsə, bu dərəcədə rüşvətxorluq varsa,bu dərəcədə haqsızlıq varsa, bu dərəcədə prezidentin tapşırıqlarına dırnaqarası baxırlarsa, hərəsi özünü bir şah hesab edirsə, əlbəttə bu gün Azərbaycanda müxalifətin şansı böyükdür. İstər-istəməz Əli Kərimli olmasa da, başqa bir müxalifət yetişəcək və yaxud da kor təbii bir inqilab olacaq. Gəlin Misirə baxaq. Misirdə demokratiya yoxdur amma 15 gün içində aləm bir-birinə dəydi. Bəla gələndə aylarla gözləmir. O bəla  bizə də gəlib. Bunu ölkə başçısı da səmimi etiraf etdi. Bunun da qarşısını almaq üçün təcili kadr islahatları getməlidir. Millətin gözü orada oturan nazirdən doyub,  15-20 il nazir olmaq olmaz. Prezidentlər 5 ildən bir seçilir, amma bu nazirlər eyni qalırlar. Həmin nazirlərin qadınları, övladları da, ona buna acıq vermək üçün gündə deyirlər ki, 10 villam yan-yana olsun, dənizin altında yerim olsun, xaricə xüsusi təyyarə ilə gedirlər. Xaricdə də görməmiş kimi brilliant maqazinlərinə hücüm edəndə bir azərbaycanlı da bunları görür, şəklini çəkib paylaşır. Beləliklə də, milləti qıcıqlandırırlar. Övladları da prezidentin tapşırığına məhəl qoymayıb saatda 200 km/saat-la maşın sürürlər, 250 minə maşın alırlar. Bunların hamısını da millət görür və narazılıq yaranmağa başlayır. Bu narazılığın da qarşısını almaq üçün  təcili kadr inqilabı olmalıdır. Düşünürəm ki, mənim qardaşım (İlham Əliyevi nəzərdə tutur -red) çox qısa bir müddətdə bu inqilabı edəcək. Biz də təkan verməliyik, kömək etməliyik ki, bu inqilab baş versin. Bizim rayon təşkilatlarının sədrləri elə faktlar gətirirlər ki, adam mat qalır. Mən onu yazıb göndərirəm, amma çatdırmırlar. Məsələn, Binəqədi İcra hakimiyyətinin başçısı Xallədin bu gün milləti talan edir. Ona deyən lazımdır, sən kimə arxayınsan? Fazil Məmmədova? Fazil Məmmədovun Şəmkirə də qoyduğu icra başçısının işlərinə baxın. Heç nə etmir. Bizim rayon təşkilatının sədri deyir ki, cammat bir tədbirə getməmişdən əvvəl bütün rayon idarə, müəssisə rəhbərləri gedib onu gözləyirlər. O gələndə hamı düzülür. Sən kimsən axı? Prezident o səviyyədə qarşılanar. Hətta prezident xalqın içində oturub-durur. Öz ad gününü qaçqınlarla keçirtdi. Sənə kim o səlahiyyəti verib? 
Binəqədinin İcra başçısına görə gündə bura yüzlərlə  adam gəlir ki, bizdən 100.000 manat pul istəyirlər, evimizi başımıza uçururlar. Milləti dövlətdən narazı salan bunlardır. Millət haqqını tələb edir. Səlahiyyətli insanlar bu işləri pozurlar. Gedin görün, Şəmkirdə nə qədər narazılıqlar baş verir. Bu faktları tək mən yox, bütün respublika bilir. Nəyə lazımdı axı? Milləti ora düzür, nə var ki, icra hakimiyyətinin başçısı gəlir. Sən dünənki bir rüşvətxor, quldursan. İndi də camaatı düzür ki,  mən gələndə əyilin iki qat qalın. Mən heç kəsə şər atmıram. Tam haqqı deyirəm. 15-20 yaltaq məmurlar bununla razılaşa bilər, amma bir rayonun 3-4 minlik əhalisi bu hallardan razı ola bilməz. Ona görə də xalq ayağa qalxa bilər. Novruz Məmmədov elə-belə demədi  ki, Azərbaycanı Suriyanın, Liviyanın gününə salmaq istəyirlər. Ölkədə vətəndaş müharibəsi olamasını arzulayırlar. Aclarla toxlar bir-birlərin qıracaqlar. Ona  görə bu pis yoldan çəkilin. Millətə qarışın, prezidentimiz nə deyir onu edin, prezident də sağlam qüvvələr ətrafında olsun. Mənim heçnə də gözüm yoxdur. Bu dünyada bir arzum var ki, mənim qardaşım sağ-salamat bu ölkəni idarə etsin, amma məmurların qohum-əqrəbaları buna imkan vermir. 


Hafiz Hacfyev: “İstər-istəməz Əli Kərimli olmasa da, başqa bir müxalifət yetişəcək və yaxud da kor təbii bir inqilab olacaq”.


- Qarabağ problemindən başqa Azərbaycanın başqa problemləri  var?

- Var.

- Nədir?

- Azərbaycanda ədaləti bərpa etmək lazımdır. Ədalət bərpa olandan sonra millət Qarabağ məsələsində bir olacaq. Qarabağımızı danışıqlarla geri ala bilməyəcəyik. Qarabağı azad etmək  üçün millət olaraq birləşməliyik. Cənab prezident son günlər müəyyən addımlar atıb, lazım gəlsə Qarabağı sülh  yoluyla alınacaq. Amma necə? Necə olur ki, nazirin övladı gedib, xaricdə milyonlar xərcləsin, amma Qarabağ əlilini evindən çıxartsınlar, həbs etsinlər. Biz gərək birinci vətənpərvərlik hissini aşılayaq. Millətdə Qarabağa sevgi aşılayaq. Onda Qarabağ məsələsi daha tez həll olunacaq. Yoxsa özün erməni ola-ola müşavirdə yalandan deyəsən ki, Qarabağı qaytaracağıq. Özləri hamısını lap yaxşı bilirlər. Ona görə Qarabağ məsələsi bizim üçün böyük bir bəladır. Amma buna baxmayaraq Qarabağımızı azad etməliyik. Qarabağın açarı da hamıya məlum olduğu kimi Rusiyadadır. Rusiyada heç vaxt istəməz ki, Qarabağı Azərbaycana versin. Ona görə bu məsələ hələ uzun müddət müzakirə olunacaq. Mən konkret olaraq deyirəm ki, nə qədərki  Rusiyada rus imperiyası çökməyib, demokratik qüvvələr tam hakimiyyətə gəlməyib, Rusiya imkan verməz ki Azərbaycan Qarabağı alsın. Ona görə də Rusiya Azərbaycana təzyiq göstərmək üçün  Qarabağı əlində bayraq tutub. Ona görə çox çətin bir vəziyyətdə qalmışıq. Bundan da istifadə edib hakimiyyətə gəlmək istəyən qüvvələr var. Məsələn Moskvada Putinə deyirlər ki, məni Azərbaycanda prezident qoy, mən də Qarabağı sənə verim. Putində öz ətrafına bu cür insanları yığır. Rusiyanın, Avropanın bu məsələdə istəkləri var. Bu yerdə də xalqın birləşməsi lazımdır. Biz bir yerdə olmalıyıq. Birləşsək Qarabağı azad edəcəyik, birləşməsək yox. Hərənin bir yana çəkməsi ilə heç nə alınmayacaq. 

- Hakimiyyət tez-tez ABŞAzərbaycanda rəngli inqilab etmək üçün planlar hazırlamaqla ittiham edir. Son olaraq Kerri ilə bağlı qalmaqal bütün ölkədə müzakirə mövzusudur. Sizcə bu Azərbaycan- ABŞ münasibətlərinin qeyri- sağlam olmasının göstəricisidir, yoxsa rəsmi Bakı və Vaşinqton qarşılıqlı olaraq Rusiyanın Azərbaycan təzyiqlərini azaltmaq üçün bu tipli ittihamlarla çıxış edirlər?

- Bilirsiz, bu məsələ pıçıltı ilə gedən söhbət deyil. Azərbaycanın Prezident Adminstrasiyasının şöbə müdiri bunu açıq və kəskin şəkildə dedi. Sonrada xarici işlər naziri bəyanatla çıxış etdi. Bu məsələ bu günün məsələsi deyil. 8-9 ay bundan əvvəl Vaşinqtonda Azərbaycanda hakimiyyəti devirmək məsələsi müzakirə olunub. 

Hafiz Hacfyev: “Narazılığın qarşısını almaq üçün  təcili kadr inqilabı olmalıdır”.


Cəmil Həsənli Vaşinqtonda olanda çox böyük görüşlər keçirtdi. Onu müşahidə edən adamlardan Fərhad Əliyev, "Quska" və başqaları yanında olub. Hətta Rəsul Quliyev və bizim xaricdə olan səfirlərdə bu işlərdə iştirak ediblər. Orada 5-10 günlərlə böyük müzakirələr keçirilib və bunlar qəti qərarı orda veriblər. Qərar bu olub ki, guya Azərbaycan məmurları islah olunmur, bizim yeganə yolumuz ölkədə inqilab edib, hakimiyyəti dəyişməkdir. Bu faktları da mənə çatdırdılar, mən də bacardığım qədər açıq şəkildə bunları dedim. Amma çox təəssüf ki, qəti tədbir görə bilmədilər. Prezidentin müəyyən yerlərə ayırdığı pullar orada tamam başqa işlərə xərcləndi. Konqresin, senatın üzvlərini yığıb guya onlara qonaqlıq verilər. O qonaqlıqda tamam ayrı məsələlər müzakirə olunurdu. Müzakirə olunurdu ki, gəlin mənim atamı gətirək prezident edək. Orda müzakirə olunan məsələlərin hamısının iş bölgüsü aparılıb və bu proseslərə Con Kerri özü rəhbərlik edir. Onun ofisində danışıqlar gedir və artıq pullar da ayrılıb.  Amerika Avropa ilə birləşib Azərbaycan müxalifətinə böyük pullar yatırıblar ki, onlar Azərbaycanda dövlət çevrilişi etsinlər. Onlar mitinqləri elə-belə etmirlər, müxalifət gözləmə mövqeyindədir.  Azərbaycanda Amerikanın mövqeyi qətiləşib. Bizim elə bir gücümüz yoxdur ki, biz Amerika ilə oyun oynayaq. Amerikaya meydan oxuya bilmərik. Biz təcili demokratik, siyasi islahatlar etməliyik. Məsələn qoy desinlər ki, filankəs siyasi məhbusdur. Siyasi məhbus deyil, ermənilərə işləyən məhbusdur, bunu da buraxmalıyıq. Nə edəcəklər ki bizə? Biz bununla onların qarşısını ala bilərik. O gün də çağırış etdilər ki, Azərbaycan Riqa sammitinə getməlidir və orda buna qol çəkməlidir. Bir aya hər şey məlum olacaq. Azərbaycanda hər an vəziyyət qarışa bilər. Ölkədə vətəndaş müharibəsi sala bilərlər, onunla da hər şeyimiz dağılıb gedər bilər. Allah bizi bu cür vəziyyətdən qorusun. Rusiya istəyir onun yanında olaq. Avropa da istəyir ki, Riqa sammitində sazişə imza ataq və bununla da məsələ bitsin. İndi biz də ortada qalmışıq. Prezidentimizin ətrafındakı adamlar da qorxularından bu dəqiqə fikirləşirlər ki, pullarımızı harada gizlədək. Onlar ancaq bu işlə məşğuldurlar. Vəziyyət o qədər ciddidir ki, bütün küskünlüyümüzü qırağa qoyub birləşməliyik. İdeoloji minaları yerləşdiriblər. Həmin minalar hər an partlaya bilər. Bu gün çalışırlar ki, Müsavat partiyasını Qubad İbadoğlunun ətrafında birləşdirsinlər. Qubad İbadoğluya Amerikada dərs keçirlər. İstəyirlər ki, partiya onun ətrafında birləşsin, onu başqan seçsinlər. Sonra Milli Şurada təmsil olunsun, biz də oranı gücləndirək. Bunların hamısı bu gün gündəmdədir. Proseslər gedir. Avropanın Qərbin burada adamı bəlli olanda bu proseselər qurtaracaq.Həmin gündə nöqtəsini qoyacaqlar. Mən də mübarizə aparıram ki, o nöqtə Qərbin Avropanın əli ilə qoyulmasın. Xalqın öz seçdiyi adam var, onu müdafiə edək.

-  Qarşıdan gələn parlament seçkiləri ilə bağlı nə düşünürsünüz? Partiyanız seçkilərə hər hansı blokla gedəcək, yoxsa təkbaşına? 


Hafiz Hacıyev: “Prezident seçkilərində 600 min səs toplayıramsa, oradakı səslərin 1 %-i mənim deputat olmağıma kifayətdir”.


- Biz qərar qəbul etmişik ki, partiya parlament seçkilərinə özü təkbaşına getsin. Bu məsələ hələ Avropa Oyunlarından sonra gəlir. Vəziyyət çox gərgindir, yəni siyasi hərarət getdikcə qalxır. Biri var, birdən-birə yağış düşür insanı tələsdirir, biri də var adaptasiya olursan. Bizdə siyasi hərarəti birdən-birə qaldırdıqlarına görə kəskinləşmə gedir. Bu isə ölkədəki siyasi partiyalardan asılıdır. Hakimiyyətin qanına susamış qüvvələr var. Əsasən də onlar xaricdən idarə olunurlar. Məsələn, bu gün erməni diasporası bütün gücünü ortaya qoyub ki, Azərbaycanda böyük inqilab olsun, Dağlıq Qarabağ yaddan çıxsın. Onların buradakı davamçıları Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənlidir. Amerikada da yetişdirdikləri insanlar var. Yaxın günlərdə onları birləşdirəcəklər və böyük oyunlar artıq başlayacaq. Ona görə də Azərbaycanda parlament seçkiləri bizim istədiyimiz kimi sakit keçməyəcək. Azərbaycanda cin şüşədən çıxıb. Bu gün vəziyyəti düzəltmək üçün bütün siyasi qüvvələrin birliyi lazımdır. Bu sözləri deyirəm amma bundan sonra mənim günüm qara gələcək. Bunları demək mənə böyük ziyandır. Mənə deyirlər danışma, sus. Necə susum? Bu dövlətdə baş verənlərə görə mənim ürəyim yanır, susa bilmirəm. Bütün vətəndaşlar ölkə prezidentinə sadiq olmalıdır. Düzdür, məmurlara qarşı inciklik var. Bunu da gərək prezident özü ciddi islahatlar etsin, ona xəyanət edənlərdən hesab tələb etsin. 

-  Partiyanız seçkilərdə neçə namizədlə çıxış etməyi düşünür? 

- Hal-hazırda rayonlarda ilkin seçkilər keçirdirik. Buna gizli seçki deyirlər. Öyrənmək istəyirik görək ki, hansı rayonda kimin nüfuzu çoxdur. Əksər rayonlardan namizədliyimizi verəcəyik. Hansı səviyyədə keçəcəyi gələcəyin işidir. 

-  Bəzi müxalifət partiyaları proporsianal seçki prinsipinin qaytarılmasını istəyir. Bu məsələdə sizin partiyanızın mövqeyi nədir? 

- İnqilabın qarşısının alınmasında birinci şərt proporsianal seçki sisteminin qaytarılmasıdır. Bu böyük rol oynaya bilər. Proporsianal seçki sistemi bərpa olunmalıdır. Hakimiyyətdə olan bəzi qüvvələr inadla bildirirlər ki, bu ola bilməz. Bəs inqilabın qarşısını necə alaq? Parlament seçkilərindən sonra prezident seçkiləri gəlir. Ona görə də proporsianal seçki sisteminin tamamilə tərəfdarıyam. Bəzi "kozur"lar var ki, onları Avropanın, Qərbin əlindən almalıyıq. Ölkədə haqq-ədalət olmadıqca ermənilərdə, ingilislərdə, Qərbdə bizdən istifadə edəcəklər.

-  Bu seçkilərdə Milli Məclisə düşmək imkanlarınızı necə dəyərləndirirsiz. Tam səmimi desək, belə bir imkanınıza inanırsınız? 

- Prezident seçkilərində 600 min səs toplayıramsa, oradakı səslərin 1 %-i mənim deputat olmağıma kifayətdir. Hər halda xeyli səs toplamışdıq. 600 min yazmışdılar amma biz milyonlarla səs toplamışdıq. Ökə prezdienti dəfələrlə deyib ki, ortaya ədalət mövqe qoymaq lazımdır. Mənə hörmət etmirlər, heç olmasa prezidentə hörmət etsinlər. istəməzdim ki, məni bu qədər sıxıntıda saxlasınlar. 

-  Bir neçə il əvvəl Əli Kərimli və İsa Qəmbərlə barışmağa hazır olduğunuzu bildirmişdiz. Buna ehtiyacı hansı zərurətdən hiss etmişdiniz? 

-  Dağlıq Qarabağ məsələsinin həlli üçün hətta erməni ilə də danışıqlar aparmağa hazıram. Erməni dilini də çox yaxşı bilirəm. Əli Kərimli və İsa Qəmbərlə barışmağa hazır olduğumu demişdim və bu gündə o sözüm qüvvədədir. Ölkədə vətəndaş müharibəsinin düşməməsinə hazıram. Əl-ələ verək, güclü olaq. Rüşvətxor məmurları da çıxardaq amma bu gün müxalifət rüşvətxor məmurları yanına çəkir. Mən buna görə o sözü demişəm. Bir şərtlə ki, bicliyi kənara qoyaq. Azərbaycanda birlik olmadıqca Dağlıq Qarabağ məsələsi həll olunmayacaq. Ona görə də Əli Kərimli də, Arif Hacılı, Cəmil Həsənli, Pənah da hazırdırsa, birlik nümayiş etdirək. Azərbaycanın milli maraqlarını qoruyan hər şəxslə bir yerdə olmağa hazıram. 

-  Hazırda Azərbaycan siyasətində özünüzə kimi daha yaxın hesab edirsiniz? 

- Kiminsə konkret adını çəkmək istəmirəm. Azərbaycanın milli maraqlarında eyni olduğum insanları özümə yaxın hiss edirəm. 

-  Həm siyasi, həm də şəxsi aspektdə bu hakimiyyətdən gözləntiniz nədir? 

- Şəxsi aspektdə umacağım bir şey yoxdur. Siyasi aspektdə təmənnam böyükdür. Azərbaycanda normal demokratik cəmiyyət, proporsianal seçki sistemi bərpa olunsun. Dağlıq Qarabağ məsələsi həllini tapsın. Azərbaycanda neftdən asılılığımız azalsın, kənd təsərrüfatı sahəsi inkişaf etsin. Ölkədə stabillik olsun, insanların əməyi qiymətləndirilsin. 


Hafiz Hacıyev: “Əli Kərimli və İsa Qəmbərlə barışmağa hazıram. Əl-ələ verək, güclü olaq”.


- Həyatınızın ən uğursuz günü barədə nə deyə bilərsiniz?

- Açığını desəm, həyatımda uğurlu gün görməmişəm. Anadan olan gündən zülmlə böyümüşük. Nazir olmuşam yaxşı gün görməmişəm, gecə-gündüz işləmişəm. Siyasi məhbus olaraq türmədə olmuşam. Hökmdə yazılıb ki, guya Əbülfəz Elçibəyə yaltaqlanmışam, vəzifəmdə sui-istifadə etmişəm. İki dəfə tutulmuşam, 3 ildən çox həbsdə olmuşam. Guya Amerikaya 120 dollara satdığımız kürünü Türkiyəyə 110 dollara vermişik. ikinci həbsim siyasətlə bağlı olub. Guya cibimdən silah çıxıb və yenidən həbs edildim. İndi tənqid etdiyim şəxslər siyasi məhbus kimi həbsdə qalmağımda böyük xidmətləri olub. Sonra partiya sədri olmuşam. 14 ildir ki, bu dövlətçiliyin qorunmasında qoruqcu rolunda olmuşam. Elə bilməyin ki, təm-təraqlı həyatım var. Avtomobilim kreditdədir. Banklardan kreditlər götürüb, yaşayırıq. Həyatda rahat gün görməmişəm. Bircə ona təəssüfənirəm ki, həyatımızı qurban verdiyimiz hakimiyyətin yolunda ona xəyanət edənlər bu gün bəhrələnirlər. lham Əliyevə bu gün əlaltından xəyanət edən insanlar bu gün nazirlər olublar. 

Gülşən ŞƏRİF
Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar