Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Geyim qaydaları nə deyir: Dress-kodun 6 əsas növü

Psixoloqların bildirdiyi kimi: bir insanın həmsöhbətində özü haqqında ilkin təəssürat yaratması üçün 30 saniyə, bu təəssüratı dəyişdirmək üçün isə 5 il lazımdır. Buna görə də karyeranız iş bacarıqlarınız və təcrübələrinizlə yanaşı, nə cür pencək geyinməyinizdən və ya ayaqqabınızın rəngindən, qalstuku necə bağlamağınızdan və köynəyinizin rəngindən asılı olacaq. Bu səbəbdən də qarderobunuzda yalnız gündəlik geydiyiniz cins, sviter və futbolkalar yox, həm də bir neçə ciddi kostyum və köynək olmalıdır. Eyni qaydalar qadın qarderobuna da aiddir.

Dress-kod – bu söz çoxlarına tanışdır, lakin heç də hamı onun nə mənaya gəldiyini tam anlamır.

Belə götürsək, dress-kod Sizin obrazınızın vəziyyətə uyğunluğunun zəruriliyidir. İnsan həyatı boyunca özü də bilmədən müəyyən geyim normalarına əməl edir. Bu, məktəbli formasından başlayır, ardından institut illəri və iş fəaliyyətində də davam edir, müxtəlif rəsmi tədbirlərdə və ya bayramlarda əməl olunur. Razılaşın ki, təntənəli tədbirə şort və maykada getməzsiniz və ya idman məşqinə işgüzar kostyumda yollanmazsınız. Həyat boyu uyğun geyim qaydalarına riayət etmək ehtiyacı ilə düşünə biləcəyinizdən də çox qarşılaşırıq.

Dress-koda əməl etməsi daha çox vacib olanların təxmini siyahısı belədir:

- siyasətçilər

- iş adamları

- müəllimlər

- dövlət qurumlarının işçiləri

- bank sektorunun işçiləri

- fəaliyyətlərinin xarakterinə görə müştərilər və ya tərəfdaşlarla əlaqəda olan şirkətlərin işçiləri.

Dress-kodun, onun təyinatının nə olduğunu və ona əməl etməməyin nələrə səbəb ola biləcəyini anlamağa çalışaq. Niyə həmişə bunu nəzərə almalıyıq?

“Dress-kod” termini Böyük Britaniyadan dünyaya yayılıb və müəyyən olunmuş geyim tərzini ehtiva edib.

Müasir dünyada insanın üslubuna və imicinə getdikcə daha çox diqqət yetirilir. İşlə bağlı müraciət edərkən iş görüşməsində və ya ilk görüşdə diqqəti cəlb edən ilk şey nədir? Əlbəttə ki, bu, xarici görünüşdür. Qarderobumuzun hər şeyi, hər detalı və aksesuarı, seçilmiş rəng, üslub - bütün bunlar haqqımızda düşündüyümüzdən də çox şey söyləyə bilər.

Anadangəlmə üslub və harmoniya duyğusu olan insanlar var. Onlar üçün özlərinin lazımlı imiclərini yaratmaq və uyğun geyimi seçmək heç bir problem yaratmır. Ancaq bunu olduqca çətin proses kimi yaşayan insanlar da var və artıq belə hallarda bu məsələni öyrənmək lazımdır. Harmonik obrazın nəyə əsaslandığını anlamaqla müstəqil olaraq haqqınızda çox şey söyləyəcək, individuallığınızı və cəlbediciliyinizi vurğulayacaq öz üslubunuzu yarada bilərsiniz.

Dress-kodun hansı növləri var?

PİA.az bildirir ki, “Report” bu məqalədə sizə dress-kodun əsas və ən çox yayılmış növləri barədə məlumat verəcək.

WHITE TIE (və ya ULTRA-FORMAL)

Dress-kodun bu tərzi ən sərtidir. İndi artıq buna tez-tez rast gəlinmir. Onu artıq “nəsli kəsilməkdə olan” da adlandırmaq olar. Bu üslubun qaydalarının əksəriyyəti yarandığı vaxtdan - 19-cu əsrdən bəri dəyişməyib.

Kişilərin qara frak, ağ qalstuk-kəpənək, ağ jilet, ağ əlcək, cib saatı və qara laklı dəri ayaqqabılardan ibarət geyimi nəzərdə tutulur. Tünd jilet yolverilməzdir. Qadınlar üçün isə döşməyədək uzanan paltar, əlcəklər, corablar, hündürdaban qapalı ayaqqabı, xəz bel örtüsü, zinət əşyaları, kiçik çanta tövsiyə olunur. Açıq saçlar, bijuteriya, saatlar, açıq əllər yolverilməzdir.

BLACK TIE

Bu gün bu üslub ən geniş yayılmışıdır. Belə geyimdən təxminən axsam saat 8-də başalayan rəsmi qəbulda, teatr və ya opera premyerasında, xeyriyyə tədbirində, toyda istifadə etmək olar.

Kişilərə icazə verilir: qara smokinq, qara kəpənək, qol düymələri, laklı olmayan ipli qara ayaqqabılar. Qadınlar isə dizin altından olan kokteyl paltar və ya uzun axşam paltarı (uzun paltar yalnız xanımı bəy müşayiət edərsə, geyilir), hündürdaban ayaqqabılar, zinət əşyalarından istifadə etmək lazımdır.

COCKTAIL

Bu kateqoriyadakı tədbirlər, bir qayda olaraq, gündüz vaxtı başlayır və təxminən axşam saat 8-dək davam edir. Bu, hansısa təqdimat, açılış, sərgi, premyera ola bilər. Bunlar əvvəlkilər kimi təntənəli xarakter daşımırlar. Ancaq yenə də əsas qaydaları unutmamalıyıq:

Kişilər üçün: qalstukla klassik tünd kostyum, klassik ayaqqabı. Qadınlar üçün: dizə qədər və yuxarı kokteyl paltarı, şalvarlı kostyumlar, hündürdaban ayaqqabılar və ya səndəllər. Zinət əşyaları kimi həm qiymətli, həm də süni daşlara icazə verilir, lakin bütün dəsti geyinmək arzuolunmazdır, bir-iki əşya ilə kifayətlənmək daha yaxşı olardı.

BUSINESS BEST və BUSINESS TRADITIONAL

Dress-kodun bu tipi ciddi iş tərzini təmsil edir. Əksər hallarda vacib görüşlər, danışıqlar, konfranslar üçün təyin olunur.

Kişilər üçün aşağıdakılar məqbuldur: işgüzar kostyumu (adətən, tünd mavi rəngli, nazirk xətlərin olmasına icazə verilir), ağ köynək (qol düymələri ilə olsa, daha yaxşı olar), qalstuk, klassik qara ayaqqabı. Qadınlar üçün: boz, göy və ya bej rəngli şalvarlı və ya yubkalı kostyum, yüngül bluz-köynək, qara rəngli və ya kostyum rəngindəki alçaqdaban ayaqqabı.

A5 (və ya AFTER FIVE)

Dəvətnamədə A5 kodu varsa, özünüzü itirməyin, bu, sadəcə axşam saat 5-dən sonra başlayan geyim kodunun işarəsidir. Bu halda paltar seçimində bir az sərbəst olmaq mümkündür. Bu, korporativ tədbirlər, after party və digər qeyri-rəsmi tədbirlər ola bilər.

Kişilər üçün: kostyum (ciddi olması mütləq deyil), klassik cins, velvet şalvar, keyfiyyətli trikotaj, klub gödəkçələri, qalstuk (mütləq deyil), klassik ayaqqabılar, mokasin ayaqqabı. Qadınlar üçün: kokteyl paltarı, üst geyim və ətək, ətəkli və ya şalvarlı zərif kostyum, hündürdaban ayaqqabı.

CASUAL

Bu, gündəlik geyimi nəzərdə tutur. Hər gün iş vaxtı xaricində geyindiklərimiz. Burada heç bir qadağa yoxdur və tam seçim azadlığı mövcuddur.

İdman matçına və ya şəhər kənarında piknikə getməyə hazırlaşırıqsa, nə etməliyik?

- Təntənəli yox, əyləncəli tədbirə, piknikə və ya idman tədbirinə dəvət edilmişsinizsə, qeyri-rəsmi üslub uyğun olardı – cins, futbolka, reqlan, idman ayaqqabısı və s. Belə tədbirlərə gedərkən onun xarakterinə diqqət eləmək lazımdır.

Paltarda qəbuledilməz birləşmələr

Yalnız rəsmi qəbullarda deyil, həm də gündəlik həyatda geyilməsi qəti qadağan olunan paltar və aksessuarlar var. Məsələn:

- qəsdən göstərilən loqotiplər

- dərin sinə dekoltesi

- şəffaf parçalar

- çəkələk

- açıq ayaqqabı ilə corab.

Özümüz öz obrazımızı yarada bilərik

Obraz - vəziyyətdən və başqalarına necə təsir bağışlamaq istədiyimizdən asılı olaraq, yaratdığımız şeydir. Çox vaxt özümüzü həyatımızın digər sahələrinə necə təsir edə biləcəyini dərk etmədən bir obraza sürükləyirik və ondan necə çıxacağımızı bilmirik, ya da bəzən bunu istəmirik. Lazımi obrazlar yaratmaq da ustalıqdır və bunu öyrənmək olar.

Bəs onda harmonik obraz nədir?

Hər şeydən əvvəl, bu, insanın öz-özüylə harmoniyasıdır, özünü bir şəxsiyyət kimi anlamasıdır.

Paltar rənglərini təbii koloritinizlə uyğunlaşdırmaq, rəngi idarə etmək bacarığı.

Özünü hiss etmək, paltarları bədən tipinizlə uyğunlaşdırmaq.

Obrazınızın vəziyyətlə, statusunuzla və yaşınızla uyğunluğu.

Geyim üslublu olan insan paltarın köməyi ilə özü haqqında demək istədiyini deyən və bu anda daxili və xarici baxımdan harmonik görünən insandır.

pia.az


Etiket: “Dress-kod”


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar