Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa Senatının Qarabağa dair kağız parçası: oyunun arxasında nə var?

Fransa Senatı gözlənildiyi kimi, Dağlıq Qarabağdakı qondarma rejimi tanımaq barədə hökumətə ünvanlanmış qətnaməni qəbul etdi. Dərhal qeyd edim ki, Senatın bu qətnaməsi tövsiyə xarakteri daşıyır, hüquqi qüvvəsi yoxdur.

Qəbul edilmiş qətnamədəki bu ifadəyə diqqət yetirin: “Senat Fransa hökumətini Dağlıq Qarabağı tanımağa və bu tanınmanı regionda möhkəm sülhün yaranması məqsədi ilə danışıqlarda alət kimi istifadə etməyə çağırır”. Nəyə görə qətnamədəki bu ifadə diqqəti xüsusi cəlb edir?

Düz 6 il bundan qabaq həmin Fransa Senatı tamamilə oxşar qətnamə qəbul edərək hökuməti Fələstin dövlətinin müstəqilliyini tanımağa çağırmışdı. Beləliklə, Fələstinə dair qətnamənin mətnində oxuyuruq: ”Senat Fransa hökumətini Fələstin dövlətini tanımağa və bu tanınmanı Yaxın Şərqdə dinc nizamlamaya dair prosesdə alət kimi istifadə etməyə çağırır”.

Fransa Senatı fələstinlilərə də ermənilər kimi yanaşmışdı

İndi isə Fransa hökumətinin 2014 və 2020-ci illərdəki qətnamələrinə reaksiyasına diqqət yetirək, 2020-ci ildə də Fransa hökuməti XİN rəhbərliyinin qismində qanunverici orqanının çağırışına eyni fraza ilə cavab verir: “Birtərəfli qaydada tanınma danışıqlara təzyiq yaradır, simvolik tanınma isə onlara heç cür kömək eləmir”.

Bütün bu əhvalatda düzünü desəm, bir məqam sevindirir-fransızların Ermənistan və onun oyuncaq separatçıları ilə miskin durumdakı Fələstin arasında paralellər aparmaq. Bu iki situasiyada yeganə oxşarlıq miskin vəziyyət və düşdüyü vəziyyətdən hamıya şikayət etməkdir. Bir vaxtlar Qafqazın “aqressiv və cəsur İsraili” olmaq istəyən Ermənistan ikinci Qarabağ müharibəsindən sonra onurğası sınmış vəziyyətdədir və dövlətçilik haqda xəyallar quran məğlub ölkələrlə bir sıradadır.

Amma Senatın tövsiyə xarakterli qətnaməsi Yerevanda təntənə ilə qarşılandı. Və sevincək olan, liberal siyasi məkanın təmizlənməsini başa çatdıran Paşinyan nəyə görəsə bu qətnaməni qondarma “arsaxın” beynəlxalq səviyyədə tanınmasının başlanğıcı kimi ölkəsinə elan etdi. Tamamilə yanlış interpretasiyadır! Təəsüf ki, bu qətnamənin siyasi əhəmiyyətini izah etmək üçün  Paşinyanın miskin ətrafında, xüsusən də xarici işlər naziri Mnatsakanyanın istefasından sonra, ixtisaslı diplomatlar və ekspertlər qalmayıb.

Belə olanda Paşinyanın köməyinə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev yetişdi: “Bu qətnamə kağız parçasıdır!”. Və bunu Fransa Senatının Fələstinə dair qətnaməsindən sonra İsrailin xarici siyasət konsepsiyası da sübut edib. 2014-cü ildə özünü Avropanın lideri kimi görmək istəyən Paris bütün gücü ilə Yaxın Şərq regionuna beynəlxalq vasitəçi kimi daxil olmağa can atırdı və bununla da danışıqlar prosesini canlandırmaq imitasiyası yaradaraq özünü dünya nəhəngi rolunda təqdim edirdi. Lakin İsraildə daha səliqəli formulla məhdudlaşdılar, Fransa hökumətinin bu səylərinin yersiz və lüzumsuz olduğunu bildirdilər. Deklorativ xarakterli qətnamənin, həmin kağız parçasının yaratdığı ton yatdı, kağız parçasının özü isə Fransa Milli Məclisinin arxivlərində itib batdı.

Makron gecikib, Azərbaycan ordusu Qarabağın az qala hamısını azad edib

Sizləri əmin edirəm ki, hadisələr bu dəfə də belə cərəyan edəcək, üstəlik eyni ssenari ilə. Fransa Qarabağ nizamlanmasının yeni formatından kənarda qalıb. Və indi bütün potensial rıçaqlarla situasiyaya təsir etməyə çalışan Paris iki prezident və bir baş nazir arasında imzalanmış 10 noyabr razılaşmasını pozmaq istəyir. Lakin bununla belə Fransa hökuməti, -hansı ki, Senat məhz onun susqun razılığı əsasında həmin qətnaməni qəbul edib və Azərbaycan ordusunun küncə sıxışdırdığı, kiçik torpaq parçasında mövcudluğunu saxlayan separatçı qurumun müstəqilliyini tanımağı tövsiyə edib,- reallığı dərk etmir. Axı Moskva razılaşması demək olar ki, yerinə yetirilib.

Dağlıq Qarabağ ətrafındakı bütün rayonlar (Azərbaycan qoşunları dekabrın 1-də Laçına daxil olacaq və məsələ bitəcək) azad edilib, üstəlik Azərbaycan ordusu həmin Dağlıq Qarabağın özünün də yarısını azad edib...

Lakin tutaq ki, situasiyanın proqnozlaşdırılmayan, ağlasığmayan və irrasional inkişafı baş verdi, Fransa hökuməti Senatın tövsiyəsini dinlədi və Qarabağ torpaqlarının kiçik hissəsində mövcud olan separatçı qurumu tanıdı. Bundan sonra nə baş verəcək?

Azərbaycan prezidenti İlham Əliyev hələ müharibə dövründə rəsmi Bakının mövqeyini aydın ifadə edib-Azərbaycan qondarma “dqr”i tanıyan ölkə ilə bütün diplomatik münasibətləri dərhal kəsəcək. Sual yaranır-doğrudanmı Fransa kimi dövlət bu siyasi qərarın bütün nəticələrini hesablaya bilmir? Azərbaycanla diplomatik münasibətlərin kəsilməsi Fransanın Minsk Qrupundakı həmsədr statusunun da avtomatik itirilməsinə səbəb olacaq. Axı münaqişə tərəflərindən biri ilə diplomatik münasibətləri olmayan ölkə necə vasitəçilik edə bilərdi? Əgər Fransa həmin qətnamədə ifadə edildiyi kimi, regionda möhkəm sülhün yaranmasında səmimi olaraq maraqlıdırsa o zaman bu sülh Fransanın iştirakı olmadan yaranacaq. Əksinə, oyuncaq rejimi tanımaqla Fransa müharibə qızışdırıcısı kimi bədnam rolu üzərinə götürmüş olacaq, axı o şeytani şəkildə münaqişə tərəflərindən birini dəstəkləyəcək.

İlham Əliyevin mövqeyi birbaşa və qətidir-bütün diplomatik əlaqələri kəsərik!

Əlbətdə ki, Fransanın siyasi çevrələri Bakının da  həmin Parisin maraqlarından çıxış edərək Senatın çıxardığı  qətnamənin mümkün nəticələrini və bütün siyasi gedişləri hesabladığını nəzərə alır. Ona görə də Bakıda sakitçilik hökm sürür-Fransa ilk növbədə öz maraqlarından çıxış edərək heç vaxt qondarma rejimin simvolik də olsa, birtərəfli tanınmasına gedə bilməz. Fransa ilə münasibətlərin kəsilməsi Avropa İttifaqının energetika təhlükəsizliyinin qarantı olan ölkənin-Azərbaycanın bütün Köhnə Qitə ilə münasibətlərini də korlaşmış olardı. Parisdə gözəl başa düşürlər ki, Azərbaycanın itirilməsi qərb kapitalının maraqlarına bütün Qafqaz regionunda böyük ziyan dəyməsi ilə nəticələnər.

Daha bir məntiqi və sağlam sual ortaya çıxır-əgər Parisdəki siyasətçilər bu tövsiyə xarakterli qətnamənin tam perspektivsizliyini dərk edirlərsə o zaman Bakı ilə münasibətləri korlayaraq həmin sənədi qəbul etməyə nə lüzum vardı?! Bu suala cavab tapmağa Parisdə qəfildən meydana çıxmış Fələstin sevgisinin motivi kömək edə bilər. Bir çox nüfuzlu İsrail siyasətçiləri Fransanı yeni antisemitizm ocağı hesab edirlər, bu da Parislə yəhudi dövləti arasında münasibətlərin on illərdir soyumasına səbəb olub. Fransa islamofobiya ilə daha sonra məşğul olmağa başladı. Fransada ilk sistemli ksenofobiya antisionizm və antisemitizm oldu. İsrail siyasi elitasının əksəriyyəti əminliyini ifadə edir ki, məhz antisemitlər və iodofoblar Fransanın Yaxın Şərqdəki siyasətinin formalaşmasına fəal təsir edir. Davakar antisemitizmin kökləri Parisin ABŞ-dan müstəqil siyasət yürütdüyü və ərəb dünyası ilə yaxınlaşma xətti götürdüyü qollizm dövrünə (Şarl de Qoll dövrü) gedib çıxır. Və xarici siyasətə Qollsayağı yanaşma  İsraillə münasibətlərdə də dərin izlər buraxıb.

 Məhz dəyər oriyentirləri Yelisey sarayının siyasətində anti-Azərbaycan strategiyasının başlanğıcı kimi xidmət etdi. Parisin Azərbaycana münasibətini üç başlıca amil müəyyən edir.

"Nəzakətli adamlar" və "mehmetciklər" Makronu qorxudur

Birinci və başlıca amil-Azərbaycanı Parisdə Türkiyənin yaxın hərbi-siyasi müttəfiqi kimi qəbul edirlər, hansı ki, Fransanın indiki hökuməti Türkiyəni düşmən elan edib və buna müvafiq olaraq Makron Ankara ilə qarşıdurmasını rəsmi Bakıya münasibətdə də büruzə verir. İkinci və daimi amil-Fransa hökumətinə güclü erməni diasporunun təsiridir. Moskva razılaşmasının əldə olunmasından sonra isə üçüncü amil də aktuallıq kəsb edir-Fransanın və Avropa institutlarının rolunun sistemformalaşdırıcı qarant qismində xeyli azalması. Və Rusiyanın regionda möhkəmlənməsi, hansı ki, onu Qərbdə ancaq böyük qərb dünyasının energetika təminatçısı rolunda görmək istəyirlər. Bundan artığını yox. Və burada qəfildən, Qərbin təklif etdiyi Skandinaviya sülhməramlılarının əvəzində Qarabağda “nəzakətli yaşıl adamlar” peyda olur, üstəlik “nəzakətsiz mehmetçiklərlə” birlikdə.

Bütün bu üç amil Fransanın dünya erməniliyinin və Ermənistanın özünün maraqlarının xeyrinə göstərdiyi fəaliyyəti heçə endirib, onun rolunu sıfırlayıb və oyununu pozub. Lakin başa düşmək lazımdır ki, Parisin özünün yeni dünya düzənində imkanları da xeyli məhduddur. Reallıqdan uzaq olan bütün arzularına baxmayaraq Makron Moskva razılaşmasını poza bilməz. Və hətta deklorativ xarakter daşıyan qətnamənin arxasında yatan illüziyaçı oyunların da köməyi olmayacaq. Hansı ki, Franda bu oyunu Frankofoniyanın digər ölkələrində də oynamağa çalışacaq, o cümlədən Belçikada, Seneqalda, hətta Benində...

Eynulla Fətullayev (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

İran Azərbaycana qarşı müharibəyə başlayacaqmı?

Şəxsən Şuşan Stepanyan üçün: bax, gör erməni ordusu odda necə yandı

"Belə şərəfsizləri döyə-döyə həbs etmək lazım idi" - Eynulla Fətullayev

Bakıdakı İsrail səfirliyində dialoq: “Rədd ol! Bura İsraildir!..”

Azərbaycan jurnalistikasından qaçış - SSRİ-dən qaçış kimi...

Fransa Senatının Qarabağa dair kağız parçası: oyunun arxasında nə var?

Şiələri qətl edən güllələr Aşurada ermənilər üçün İrandan gəlir

Ən çox oxunanalar