Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Mahmudovun ailəsi Londondakı əmlaklarını xilas etməyə çalışır - İlginc gəlişmə

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov Böyük Britaniyanın paytaxtı Londonda direktoru olduğu şirkətdən istefa verib.

Hurriyyet.az xəbər verir ki, Anar Mahmudov “Britannia Group Ip Holdings Limited” adlı şirkətə ötən ilin 13 dekabr tarixində direktor təyin olunub. Böyük Britaniyanın rəsmi qurumları tərəfindən açıqlanan məlumatlara görə, o, 6 aydan sonra - bu ilin 21 iyun tarixində şirkətin direktoru vəzifəsindən istefa verib. “Britannia Group Ip Holdings Limited” şirkəti The Old Rectory Church Street, Weybridge, Surrey KT13 8DE ünvanında yerləşir. Onu da bildirək ki, Anar Mahmudov daha əvvəl Londonda qeydiyyatda olan “Mea Capital Limited” şirkətinin də direktoru olub. Bu şirkət 6 oktyabr 2020-ci il tarixində bağlanıb.

Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladları İngiltərədə lüks daşınmaz əmlaka, o cümlədən Londonun ən məşhur mağazası olan “Harrods” yaxınlığında 17 milyon funt-sterlinqlik evə sahib olduqları haqda İngiltərə qəzetləri yazmışdı. “Cayman National Bank”ın məlumat bazasının sındırılması nəticəsində Eldar Mahmudovun ailəsinin Men adasında (Britaniyada taxt-tac ərazisi) təxminən 100 milyon avro dəyərində biznes-əmlak imperiyası yaratdığı ortaya çıxmışdı. Demək olar ki, aktivlərinin hamısı Mahmudovun oğlu Anarın, həmçinin qızı Nərgizlə əlaqəli şirkətlər hesabına əldə edilib.

Bir neçə təşkilatın jurnalistləri - “Organized Crime and Corruption Reporting Project”, “Finance Uncovered and Transparency International” tərəfindən aparılan birgə araşdırma isə göstərirdi ki, Eldar Mahmudovun övladlarının “əlaqəli şirkətlər” vasitəsilə əldə etdikləri obyektlərin arasında İngiltərənin sahil kurort şəhərlərində - Pul və Bornmutda ümumi dəyəri 13,5 milyon funt-sterlinq olan iki ofis binası var. Mahmudovlar ailəsi Malyorka, Lüksemburq və Litvadakı əmlak və şirkətlərə də sahibdirlər.

Məlumdur ki, Anar Mahmudovun qayınanası - Zamirə Hacıyeva “Harrods” mağazasında 16 milyon funt-sterlinqdən çox pul xərcləyib və onun həyat yoldaşı, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev 2015-ci ildə dövlət əmlakını mənimsəmə ittihamı ilə həbs olunub və hazırda həbsdədir.

Eldar Mahmudovun Londonda aşkarlanan mülkləri hüquqi yolla Azərbaycanın, dövlətin nəfinə keçirilə bilməsi haqda dəfələrlə yazılsa da, bu istiqamətdə heç bir irəliləyiş olmayıb. İlin əvvəlində baş prokuror Kamran Əliyev bəyan etmişdi ki, xarici ölkələrdə olan və təqsirləndirilən şəxslərə məxsus əmlakın müsadirəsi prosesinə başlanılıb. Ötən il xüsusi müsadirə sahəsində aktivlərin aşkarlanması və izlənməsi üzrə görülən tədbirlər nəticəsində müttəhimlərə məxsus 227 daşınmaz əmlak, 83 torpaq sahəsi, 314 nəqliyyat vasitəsi, müxtəlif banklarda 51 kart hesabı və 22 cari hesab müəyyən edilib. Faktiki olaraq təqsirləndirilən şəxslərə məxsus 109 nəqliyyat vasitəsi və 12 daşınmaz əmlak aşkar edilib.

“Eyni zamanda xaricdə olan əmlakın müsadirəsi ilə bağlı lazımi tədbirlər görülüb”, - Azərbaycanın baş prokuroru qeyd edib.

Məlumdur ki, bir neçə aydır davam edən “MTN işi” üzrə general Mövlam Şıxəliyevin və digərlərinin məhkəmə prosesində də Eldar Mahmudovun adı bir neçə irihəcmli rüşvət epizodunda hallanıb. Eldar Mahmudov ailəsinin bu kontekstdə şübhəli davranışları diqqət çəkir. İstisna deyil ki, Mahmudovlar oğurladıqları pullar hesabına xaricdə qurduqları biznes və daşınmaz əmlaklarını və o cümlədən şirkətlərini qorumaq üçün hərəkətə keçiblər. Dia.az-ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Eldar Mahmudov “vurulandan” sonra varidatının leqallaşması üçün çaba göstərir: “Bir müddət əvvəl İngiltərə istintaqçıları Eldar Mahmudovun ailəsinin bu ölkənin ərazisində təxminən 100 milyon avroluq biznes qurduğunu ortaya çıxarmışdı. Mahmudovlar bu biznesi 19-cu əsrdə yaşamış milyoner ”babaları" Aslan Aşurovdan qalan sərvət hesabına, o cümlədən “ailənin gəlirlərindən qənaət edilmiş pullar” hesabına qurub. Lakin jurnalistlər Mahmudovlar ailəsinin Aşurovla qohumluq bağlarına dair heç bir məlumata rast gəlməyiblər. O cümlədən Eldar Mahmudovun 1990-cı illərdə hüquq-mühafizə orqanlarında vəzifə tutana qədər imkanlı şəxs olduğuna dair heç bir fakt aşkar edilməyib. Keçmiş nazirin atasının rəsmi bioqrafiyasında göstərilir ki, o, kəndli ailəsində anadan olub, Eldar Mahmudovun 1990-cı illərə aid olan bank bəyannamələrində isə pulları özünün qazandığını göstərib. Hacı Aslan Aşurova gəlincə, onun barəsində tarixçi-publisist Ədalət Tahirzadənin “Aşurovlar nəslinin sənədli tarixi” adlı kitabında bəhs edilir. Orada göstərilir ki, Hacı Aslan Aşurov tacir olub, sonradan Bakıda neft yataqları alıb. Ticarətdə qazandığı uğurlara görə “1-ci dərəcə Gildiya Tacir” imtiyazına layiq görülüb. Həmin imtiyaz o dövrdə Aşurova bir sıra imtiyazlar qazandırırdı. Aşurovun Bakı şəhərində imarətləri, “Aşurov qardaşları” adlı ticarətxanası, neft yataqları, dükanları, dəyirmanları, mülkləri, Rusiyanın Saratov şəhərində torpaq sahələri və dəyirmanları olub. Habelə onun neft, şəkər və düyü daşıyan gəmilərin sahibi olduğu bildirilir. Aşurovlar nəslinin digər nümayəndəsi Ağa Aşurov isə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biridir, ixtisasca mühəndis olub, cümhuriyyət hökumətində iqtisadiyyat naziri postunu tutub. Göründüyü kimi, Aşurovlar nəsli kifayət qədər nüfuzlu nəsildir və Eldar Mahmudovun ailəsi varidatlarının mənbəyini bu nəsillə əlaqələndirmək cəhdinə baş vurublar. Amma buna inanan olacaqmı?

Məsələnin bu tərəfi də var ki, Eldar Mahmudovun sovet dövrü akademiki olan atası Əhməd Mahmudov Bakıda, milyonçu Aşurovun ailəsində yox, 1923-cü ildə Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində sadə kəndli ailəsində anadan olub. Bu cür uyğunsuzluqlar ortadadır. Bu baxımdan Mahmudovların əllərində cəm etdikləri sərvətin leqallaşması yolunda atdıqları addımlar diqqət çəkir".

Hüquqşünas deyir ki, Eldar Mahmudovun tələsik şəkildə varidatını xilas etmək üçün atdığı addımların şərtləndirən Bakı Hərbi Məhkəməsində əlaltılarının cinayət işi üzrə keçirilən məhkəmə prosesidir: “Aylardır ki, Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyi (2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevin və digər 3 şöbə rəisinin işi üzrə proses gedir. Məhkəmədə üzə çıxanlar onu deməyə əsas verir ki, proses Eldar Mahmudova istiqamət götürüb. Mövlam Şıxəliyev günahı üzərindən atır, birbaşa Eldar Mahmudovun adını çəkməsə də, ”mən kim olmuşam ki..." deyir. Mövlam Şıxəliyev kimin qarşısında heç kim olub? İstintaq Baş İdarəsinin rəisindən vəzifəcə yuxarı pillədə nazirin özü dayanırdı. Mövlam Şıxəliyev Eldar Mahmudovu ələ vermək istəyir, lakin hələlik tərəddüd edir, çəkinəcəyi yerlərin olduğu açıq hiss edilir. Mövlam Şıxəliyev MTN-də baş verən cinayətlərdən bəhs edəndə baş prokurorun sabiq 1-ci müavini Rüstəm Usubovun adını çəkir. Bakı Hərbi Məhkəməsində “MTN işi” üzrə aparılan məhkəmə araşdırmalarında hər dəfə Rüstəm Usubovun adı qanunsuz təqdimatlara imza atan vəzifəli şəxs kimi keçir. Rüstəm Usubov, Eldar Mahmudov vəzifəli şəxs olaraq Mövlam Şıxəliyevə nəzarət etməli olublar. Amma etməyiblər. Ən azı buna görə cavab verməlidirlər. MTN-də cinayətlər illərlə davam edib, yüzlərlə Azərbaycan vətəndaşına saxta qondarma ittihamlar verilib, həmin ittihamlar əsasında qanunsuz həbs olunublar. MTN-in İstintaq Təcridxanası şəxsi zindan kimi istifadə edilməklə vətəndaşları azadlıqdan məhrum ediblər. Zindana salınan vətəndaşlar tələb olunan pulu, əmlakı, malını verənə qədər orada saxlanılıblar. Bu gün Mövlam Şıxəliyev dəmir barmaqlıq arxasında sakit oturub prosesin nəticəsini gözləyir. Belə görünür ki, proses onun planlaşdırdığı istiqamətdə getmir. Yaxın zamanda azadlığa çıxacağına artıq ümidləri yoxdur. Eldar Mahmudovun nazir olduğu dövrdə MTN-də baş verən cinayətlərə görə birbaşa onun məsuliyyəti var. Bu günə qədər Eldar Mahmudovun ətrafından 20-yə yaxın MTN-çilər, içlərində 5 general məhkum olunub. Həmin hökmlər və Mövlam Şıxəliyev, onunla bərabər məhkum olunan şəxslərin cinayət işi üzrə çıxarılacaq hökm birbaşa Eldar Mahmudovun həbsinə əsas yaradır. Bu baxımdan Eldar Mahmudovun, onun ailə üzvlərinin varidatlarını xilas etmək üçün hərəkətə keçmələri başadüşüləndir".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar