Cümə axşamı, 01 Dekabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Edam zamanı özünə “atəş” əmrini verən nasist – Rauter 200 min nəfərin ölümündə ittiham edilib   

25 mart 1949-cu ildə Rauter edam üçün Niderlandın Sxefennigen şəhərinə aparılıb...

Müasirləri onu maraqlı bir ifadə ilə xarakterizə ediblər: “Hans Rauter anadan nasist doğulub...” Sözsüz ki, bu ifadə təsadüfi işlədilməyib. Bütün şüurlu həyatını nasist ideologiyasına, nasist fəaliyyətinə həsr edən Rauter II Dünya müharibəsi tarixində ən qəddar bir sima kimi yadda qalıb... 

1895-ci ildə Avstriyanın Klagenfurt şəhərində anadan olan  Hans Rauter gimnaziyada təhsilini başa vurduqdan sonra Qrats Texniki Universitetinin mühəndislik fakültəsinə qəbul olunub. Hərbi xidmətdən möhlət hüququ olmasına baxmayaraq I Dünya müharibəsi başlananda Rauter könüllü olaraq Avstriya ordusuna yazılıb, dağ motoatıcı qoşunlarında xidmətə başlayıb. 

Müharibədən sonra Rauter 1919-cu ildə Avstriyada “Xeymver” milli hərbiləşdirilmiş birliyin yaradılmasında fəal iştirak edib və 1921-ci ildə ilk dəfə Adolf Hitlerlə görüşüb. “Xeymver” nasist ideologiyasının daşıyıcısı olduğundan Hitlerin bu birliklə sıx əlaqələri olub. Məhz “Xeymver”in fəaliyyəti Hitlerlə Rauteri biri-birlərinə daha da yaxınlaşdırıb. 

1933-cü ildə nasistlərin hakimiyyətə gəlməsi ilə Rauterin karyerasında yeni mərhələ başlanıb. Əvvəlcə o, partiyanın Avstriya üzrə idarəsində vəzifə alıb, sonra SS-də xidmətə başlayaraq reyxsfürer Henrix Himmlerin qərargahında zabit kimi fəaliyyətini davam etdirib. 1938-ci ildə isə Rauter Reyxstağa deputat seçilib. Onun namizədliyi birbaşa Hitler tərəfindən verilib. 

1940-cı ildə Almaniya Niderlandı işğal etdikdən sonra Rauter bu ölkədə SS-in rəhbəri təyin edilib. Himmlerin sağ əli kimi tanınan Rauter Niderlandda özünü, “bacarığını” sübut etməyə imkan tapıb. Cəmi bir neçə sutkadan sonra o, “Niderlandın baş cəlladı” kimi ad çıxarıb. 

Rauterin “gərgin” əməyi sayəsində iki il ərzində Niderlanddan 110 min yəhudi düşərgələrə göndərilib. Təkcə 1941-1942-ci illərdə 300 mindən artıq niderlandlı Almaniyaya göndərilərək məcburi əməyə cəlb edilib. Onların əmlakı isə müsadirə olunaraq Rauterin sərəncamında saxlanılıb. 

General-mayor rütbəsinə qədər yüksələn Rauter Niderlandda ildə bir neçə dəfə SS rejimini daha da sərtləşdirən əmrlərə imza atıb. Ərazidə xidmət edən nasistlərə qarşı yerli sakinlərdən ən kiçik bir müqavimət kütləvi həbslərə səbəb olub. Əgər bir nəfər nasist Niderland Müqavimət Hərəkatı üzvləri tərəfindən öldürülübsə, həmin bir nəfərin əvəzinə Amsterdamın mərkəzində kütlələr qarşısında üç nəfər edam edilib. 

Rauterin yerli əhaliyə qarşı amansız münasibəti təkcə həbslərlə, edamlarla yekunlaşmayıb. 1943-cü ilin sərt qışında o, ölkənin şimal hissəsinə ərzaq daşıyan yük maşınlarının yolunu bağlayaraq maşınların mənzil başına çatmasına imkan verməyib və 20 gün ərzində həmin yollar SS tərəfindən bağlı saxlanılıb. Bunun nəticəsi olaraq Niderlandın şimal bölgəsində 20 mindən artıq yerli sakin aclıqdan ölüb. 

Rauterin göstərişi ilə ölkənin ayrı-ayrı bölgələrində çörək zavodlarında, digər ərzaqlar istehsal edən müəssisələrdə heç bir səbəb olmadan yoxlamalar aparılıb. Bu cür yoxlamalar bir neçə gün davam edərək müəssisələrin işini iflic vəziyyətinə salıb ki, bu da süni ərzaq qıtlığına səbəb olub. 

1940-1945-ci illərdə Rauter Amsterdamda min nəfərdən artıq ziyalını, tanınmış elm, mədəniyyət, incəsənət xadimini həbsə göndərərək paytaxtın ictimai mühitində nasist ab-havası yaradıb. 

Ümumilikdə Rauterin Niderlandda SS rəhbəri kimi fəaliyyət göstərdiyi dövrdə, 1940-1945-ci illərdə 200 mindən artıq insan məhv edilib. Onların əsas hissəsi isə yəhudilər olub. 

1945-ci ilin may ayında Rauter Britaniya hərbçiləri tərəfindən həbs edilib. Onu mühacirətdən qayıdan Niderland hökumətinə təhvil veriblər. 

Rauterin istintaqı 3 il davam edib. 1948-ci ildə 76 cilddən ibarət cinayət içi Haaqa məhkəməsinə göndərilib. Məhkəmə prosesində Rauterin bütün cinayətləri faktlarla sübuta yetirilib. Özünü çox soyuqqanlı aparan nasist cəllad ittihamlara sükutla cavab verib. Ona son söz veriləndə də özünü günahkar saymayıb: 

“Mən hərbi rütbə daşımışam və rütbəni daşımağa başlayanda bütün əmr və göstərişləri müzakirə etmədən icra etməyə and içmişəm. Əsl hərbçilər öz andlarına sadiq olurlar. Mən də onlardan biriyəm. Əməllərimə, fəaliyyətimə görə peşmançılıq hissi keçirmirəm. Özümü bir general kimi xoşbəxt sayıram ki, fürerin əmr və göstərişlərini vicdanla yerinə yetirmişəm. Əmri yerinə yetirən bir general haqqında ittihamların irəli sürülməsini isə yersiz və mənasız sayıram, o cümlədən bu ittihamları qəbul etmirəm...” 

4 gün davam edən məhkəmə onun haqqında ən ağır hökm, güllələnmə hökmü çıxarıb. Vəkilləri hökmlə bağlı kasasiya şikayəti veriblər. Yuxarı instansiyalar şikayəti təmin etməyib, hökm qüvvəsində qalıb. 

Beləliklə, 25 mart 1949-cu ildə Rauter edam üçün Niderlandın Sxefennigen şəhərinə aparılıb. Edam kürsüsünə çıxarılanda o, holland dilində “atəş” əmrini verərək özü öz edamının hökmünü verib. Nasist cəlladın harada dəfn olunması isə məxfi saxlanılıb. 

İlham Cəmiloğlu (Musavat.com)

pia.az

 


Etiket: Rauter


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vahid Əhmədov: "Vasif Talıbov həbs olunmalı, hər şeyi əlindən alınmalıdır" - Video

Prezidentin bibisi oğlu barda prokurorun başına butulka ilə vurdu, konsern rəhbərliyindən qovuldu…

Bu qidaları yeyən oğlanlar qız kimi olur - Siyahı

Bu qidaları yeyən oğlanlar qız kimi olur - Siyahı

Polis Elza Seyidcahanın maşınını əlindən aldı

Buzovnadakı dəhşətli qətlin tək şahidi danışdı - Foto

Rusiyada Putinin xələfi ilə bağlı mübahisələr - Kudrin prezidentliyə doğru gedir?..

Qarabağa qanunsuz buraxılan xaricilər kimdir? - Sülhməramlılardan daha bir özbaşınalıq

Vasif Talıbovun qardaşından açıqlama: “Bunu məqsədli şəkildə yazırlar” - Foto

Ən çox oxunanalar