Xəbər verildiyi kimi, dünyanın ən varlı adamı, “Amazon” şirkətinin sahibi Ceff Bezos özünə məxsus “Blue Origin” firmasının hazırladığı “New Shepard” adlı gəmidə kosmosa uçmağa hazırlaşır.
Xəbər agentlikləri 6 nəfərlik gəmidə Ceff Bezos və qardaşı ilə birlikdə macəraya qoşulmaq istəyənlər üçün xüsusi hərrac keçirildiyini bildirib. Ceff Bezos özünün “Twitter” səhifəsində hərracın bir qalibinin 28 milyon dollar pul ödədiyini bəyan edib. Qalibin adı daha sonra ictimaiyyətə çatdırılacaq. Bundan sonra ekipajın dördüncü üzvü barədə məlumat veriləcək. Şirkətdən gələn infromasiyaya əsasən, hərracda 159 ölkədən 7,6 min adam iştitrak edib.
Ceff Bezosun kosmosa səfərinin bu il iyul ayının 20-də baş tutacağı gözlənilir.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayının 8-də daha bir turistik kosmik gəminin fəzaya çıxması gözlənilir. Həmin səfər ruslar tərəfindən “Soyuz 2-1a” gəmisində gerçəkləşəcək. Gəmi varlı turistləri Beynəlxalq Kosmik Stansiyaya aparmalıdır. Artıq sərnişinlərdən iksinin adı məlumdur. Bunlar yapon prodüser Yozo Xirano və milyarder Yusaku Maedzavadır. (musavat.com)
pia.az