“Həm də görməkdə bir məziyyət yox,
Kədər, işgəncə var; məsərrət yox.
Gərçi görmək də başqa nemətdir,
Görməmək ən böyük səadətdir"
(Hüseyn Cavid, “Şeyx Sənan”)
Elmlər Akademiyasında maaşların artırılması xəbərini yüksək xoşbəxtliklə qarşıladıq. Alimin yaxşı yaşaması, xalqın kef eləməsi deməkdir. Bu haqda hədislərdə də yazılmışdır: “Akademikin bağ evi, şəhidin məzarından üstündür”. Bir də Eynşteyn demişdir ki, mən bilirəm, vaxt gələcək azərbaycanlı alim Sərdar Cəlaloğlu məndə səhv tapacaqdır.
Lakin bugünkü məqsədimiz alimlərdən yox, vəzifəli şəxslərdən danışmaqdır. Mənim yadıma gəlir, hələ yaz ayları idi, arılar çiçəklərdən bal çəkərək vızıldaşır, jurnalistlər metroda dızıldaşırdılar, Dövlət İmtahan Mərkəzinin müdiri Məleykə xanım bir qrup dövlət məmurunu başına toplayaraq demişdi: “Son vaxtlarda dövlət qulluğuna qəbul imtahanlarında 4000 nəfər namizəd iştirak etmişdir. Ancaq bunların çoxu aşağı vəzifələrə sənəd verənlərdir. Hazırda bizdə dövlət qulluğunun rəhbər vəzifələrində xeyli vakant yerlər vardır. Nədənsə insanlar inzibati rəhbər vəzifələrə sənəd verməkdə maraqlı deyildir”. Sitatın sonu. (Düzü, bilmirəm sitatı yazanda mənbə kimi artıq bağlanmış informasiya agentliyinin adını göstərmək dinimizdə məkruh sayılır, ya sayılmır, o üzdən heç zad yazmıram).
Hm. Bəyəm bunu anlamaq belə çətindir? Göz gördüyündən qorxar. Bizdə hər hansı nazir, idarə müdiri dəyişəndə təpik birinci olaraq elə onların ətrafındakı rəhbər vəzifəli şəxslərə - şöbə müdirlərinə, sektor fırladanlara, nə bilim, kolxoz sədrlərinə və sovxoz direktorlarına dəyir. Hər bir nazir idarədən bunları kürüyüb özüylə gətirdiyi adamları yerləşdirir. Bu halda insanlarda rəhbər vəzifəli şəxs olmağa maraq yaranarmı? Hələ türmələrdə nə qədər müdirlər oturmuşdur... Bir ingilis ata sözündə deyilən kimi: “Bəzəkli karyeralar çox vaxt zolaqlı paltarla qurtarır”.
DİM şefinin sözü niyə yadıma düşüb, onu da yazım. Çünki DİM məncə düz eləmir. Yaxşı eləyir, amma düz eləmir. Misal üçün, ali məktəblərə qəbul qaydaları gələn ildən təzə üsulla olacaqdır, orada ingilis dilindən dinləmə qabiliyyəti adından bir şey qoyulubdur. Guya orta məktəblərdə dil kabinetləri, linqafon sistemi, səs yazıları-zad vardır, uşaqlar orda kasset-disk-misk fırladıb danışığı, səslənməni öyrənirlər. Azərbaycanda o cür imkanları olan məktəb bəlkə bir əlin barmağı qədər olar ya yox, o da hesab elə üç barmağı Ağdərədə minaya düşmüş Qarabağ qazisinin əlidir. Camaat etiraz edəndən sonra guya DİM vəziyyəti düzəltmək məqsədiylə öz saytına dinləmə-danışıq tapşırıqları yerləşdirməyə başlayıbdır. Bəlkə birinin heç internetə girmək imkanı da yoxdur, dağın başında yaşayır? Yəqin onların ingiliscə öyrənib universitetə girməyini heç Məleykə xanım arzulamır, əks halda dağda motal pendirini kim düzəldib ona gətirəcəkdir? Bunlar hamısı əlaqəli məsələlərdir.
Sözgəlişi, məktəblərimizin video-internet, danışıq-dinləmə qabiliyyətlərinin yoxlanılması temasını açanda fikirləşdim ki, bir az haqsızlıq edirəm. Məktəblərimizin internet əlaqələri, həmçinin, pedaqoji kollektivlərin danışıq qabiliyyətləri əslində vardır. Vaxtaşırı biz “Direktor jurnalisti yıxıb qarnına çıxdı”, “Təhsil şöbəsinin müdiri xadiməyə intim təklif elədi - şok səs yazısı!”, “Müəllimlər saçyolduya çıxdılar”, “Valideynlə müəllim arasında dialoq: aazz, cıraram səni... Ardı 18 +” və sairə kimi süjetləri internet aləmində görürük, dinləyirik, Hacıbala müəllim demişkən, sevə-sevə baxırıq. Əgər məktəbin virtual əlaqəsi zəifdirsə, bəs bunlar necə yayılır? Qoy indi zəhmət çəkib ingiliscə söyüşsünlər, fransızca intim təklif etsinlər, almanca dalaşsınlar, uşaqların da dil qabiliyyəti artsın. Təhsil vacib məsələdir. Oxumayan millətlər gələcəkdə oxuyan millətlərin qoyunlarını otaracaqlar. Hətta əlim qurusun yazdığım yerdə, ola bilər donuzlarını da otarsınlar. Bu isə ikiqat dəhşətdir. Özün mömin olasan, lakin donuz otarasan. Düzdür, Şeyx Sənan da bu işlə məşğul olmuşdur, ancaq onunku eşq səbəbindən idi.
İndi söz əlaqədar təşkilatlarındır - sizdə rəhbər vəzifələrdə vakant yerlər qalıbmı?
Zamin HACI(müsavat.com)
pia.az