Cümə axşamı, 29 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Bizi yeni viruslar gözləyir – “The Guardian”

Melissa Deyvi
Theguardian.com
 
Böyük Britaniyanın “The Guardian” qəzetində “Bizi yeni viruslar gözləyir: növbəti pandemiyanın qarşısını necə alaq?” başlıqlı məqalə dərc edilib. Müəllifi qəzetin Melbrun (Avstraliya) bürosunun rəhbəri Melissa Deyvidir. Novator.az saytı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.
Yeni Cənubi Uels Universitetinin (Avstraliya) nəzdindəki Kirbi İnstitutunun virusoloqu, professor Stüart Törvil maddi sıxıntı ucbatından 2019-cu ilin sonlarında yeni iş axtarışına çıxmışdı. Ancaq az sonra COVİD-19 pandemiyası dünyanı cənginə aldı və professor Stüart Törvil işində qalmalı oldu.

İndi o, Kirbi İnstitutunda yüksək təhlükəsizlik və qapalılıq şəraitində koronavirusu araşdıran laboratoriyaya rəhbərlik edir. Gərgin iş rejimində çalışan Törvil və onun komandası Avstraliyada yüzlərlə COVİD nümunəsi götürüb təhlillər aparır, virusun variantlarını öyrənir və onların müalicəsi üzərində işləyir.

Hər gün işdən evə qayıdanda isə professor uşaqları ilə azacıq vaxt keçirir, sonra da oturub qrant yardımı almaq üçün layihələr yazır. İndiki şəraitdə qrant almaq ondan ötrü daha asandır.

Pandemiyadan əvvəli – hər şeyi atıb getmək istədiyi dövrü xatırlayanda Stüart Törvil “Dayə Makfi” (2005) fantastik filmindən sitat gətirir: “Mənə ehtiyac ola-ola məni istəmədiyiniz anda da mən sizinlə bir yerdə qalmalıyam”.

Professor əlavə edir: “Bu sözləri indi laboratoriyada yetişdirdiyim gələcəyin virusoloqlarına da deyəcəm. Deyəcəm ki, əgər sizə maliyyə yardımı göstərməsələr, sizi istəməsələr, möhkəm dayanın. Bir gün sizə çox ehtiyac duyacaqlar”.

İqlim dəyişikliyi və təbii yaşayış mühitinin yoxa çıxması “sürprizlər” gətirəcək

Stüart Törvil deyir ki, o günün nə vaxt gələcəyini təxmin etmək çətindir, ancaq virusoloqlar və yoluxucu xəstəliklər üzrə mütəxəssislər yeni pandemiyaların qaçılmaz olduğunu söyləyirlər. Növbəti pandemiyaların haradan gələcəyini və nə dərəcədə şiddətli olacağını təxmin etmək isə daha çətindir.

Professor Törvilin fikrincə, bu sualların cavabı insanların ətraf mühitə yanaşmasında nə dərəcədə məsuliyyətli olub-olmamasından asılıdır: “Zaman göstərir ki, pandemiya ilə mübarizədə imkanlarımızı yaxşılaşdıran texnoloji nailiyyətlər də virusların çoxalmasına və yayılmasına səbəb olan amillərə çevrilir. Biz Yer kürəsinə münasibətdə eyni zamanda həm ağıllı, həm də təəssüf ki, sadəlövhük. Böyük iqtisadi və texnoloji uğurlar dünyanın hər yerində yaşayış səviyyəsini yaxşılaşdırır, amma bunlar arzuedilməz nəticələrə də gətirib çıxara bilər”.

Professor HİV virusunu misal göstərir. HİV-in insan populyasiyasına 1900-cü illərin əvvəllərində indiki Konqo Demokratik Respublikasının paytaxtı Kinşasa yaxınlığındakı bir yerdə primatlardan (meymunlardan) keçdiyi təxmin edilir. Amma HİV virusu insanlarda yalnız 80 il sonra – nəqliyyat gediş-gəlişi artandan sonra aşkarlanıb.

Stüart Törvil bildirir: “İnkişaf edən Kinşasanın infrastrukturu virusu bu şəhərdən limanlara, daha sonra digər şəhərlərə ötürüb. Belə yayılmaya iqtisadi inkişaf səbəb olub”.

Professorun sözlərinə görə, digər viruslar insanların ətraf mühiti korlaması nəticəsində meydana gəlib. Yarasadan insanlara keçən və ağır ensefalitə – beyinin iltihabına səbəb olan nipah virusu kənd təsərrüfatı təcrübələrindən və iqlim dəyişikliyindən qaynaqlanıb.

Son 20 ildə ortaya çıxan yeni virus xəstəliklərinin təxminən dörddə üçü zoonozdur, yəni heyvan mənşəlidir, əsasən yarasalardan, gəmiricilərdən və ya quşlardan insanlara keçib. Belə xəstəliklərin yaranmasında insanların rolu var, amma çox vaxt bundan danışan olmur.

Professor Törvil deyir: “Heyvanlar bizim “sayəmizdə” dəyişən ətraf mühitlə mübarizə aparmaqdadır. İqlim dəyişikliyi və təbii yaşayış mühitinin yoxa çıxması isə təəssüf ki, özü ilə “sürprizlər” gətirəcək”.

Dünya Səhiyyə Təşkilatının göstərişi ilə COVİD-19 pandemiyasını araşdıran 14 nəfərlik qrupun üzvü, virusoloq, professor Dominik Duayer də eyni fikirdədir. İndi bu qrup növbəti pandemiyaya daha hazırlıqlı olmaq, daha şiddətli pandemiyanın qarşısını almaq üçün iş aparır.

Dominik Duayer deyir ki, gələcək pandemiyaları planlaşdırmağın başlıca yolu heyvanların, ətraf mühitin və insanların qarşılıqlı təsirini anlamaqdan keçir: “Son 50 ildə ortaya çıxan bütün viruslar ya heyvanlardan, ya da ətraf mühitdən qaynaqlanıb və bu baxımdan insanla heyvanlar, ətraf mühit arasındakı əlaqə olduqca əhəmiyyətlidir.

Gələcək pandemiyaların planlaşdırılmasına, ona hazırlıq görülməsinə demoqrafik göstəricilərin, adamların yaşadığı sıx yerlərin, müxtəlif xəstəliklər yaya biləcək səhiyyə mərkəzlərinin, iqlim dəyişikliyinin, insanın torpaqla, vəhşi təbiətlə qarşılıqlı münasibətlərinin, ticarət, kənd təsərrüfatı və turizm metodlarının araşdırılması daxildir. Çünki bütün bunlar, professor Dominik Duayerin sözlərinə görə, pandemiyanın yaranmasına və davam etməsinə təsir göstərən faktorlardır.

Yoluxucu xəstəliklərdə bu, Vahid Sağlamlıq Yanaşması (The One Health Approach) adlandırılır və özündə insan, heyvan, ətraf mühit sağlamlığı məsələlərini, eləcə də sosial elmləri, bioinformatika və texnologiyanı birləşdirir. Beynəlxalq səviyyədə əməkdaşlıq bu sistem üzrə aparılır.

2002-2004-cü illərdə yayılan SARS epidemiyasından sonra demək olar bütün ölkələr yeni viruslar haqqında Dünya Səhiyyə Təşkilatına, əslində bütün dünyaya məlumat verməyi qərara aldılar.

“Biz bu işi sürətləndirməliyik, bütün dünyanı təcili məlumatlandırmalıyıq, – Duayer vurğulayır. – Dünya üçün yeni olan COVİD-19 pandemiyası “Böyük yeddilik” (G7) dövlətlərinin son zirvə görüşündə də əsas müzakirə mövzusu oldu. Daha sürətli qarşılıqlı informasiya təminatı üçün ölkələr arasında müqavilə imzalanmalıdır”.

Müqaviləyə imza atan ölkələrin öz öhdəliklərini tam, şəffaf yerinə yetirəcəyinə inanmaq olarmı?

Duayer suala nikbin cavab verir: “COVİD-19 pandemiyası son yüz ilin ən pis hadisəsidir, ona görə ümid edək ki, ölkələr öhdəliklərini məsuliyyətlə yerinə yetirəcəklər. Ancaq bu işləri diplomatik yolla həll etmək lazımdır. Şükür Allaha ki, mən diplomat deyiləm. Bəs dünya bu işdə birləşməkdən ötrü, məsələn, Çini, yaxud ondan da qapalı olan ölkələri necə razı salsın? Əlbəttə, bu, diplomatik müzakirələrin mövzusudur, amma günahı başqasında və ya özümüzdə axtardıqca iş birliyi qurmaq ehtimalı da azalır”.

“Öz növbəsini gözləyən viruslar var”

“Elsevier” jurnalında nəşr olunan “Gələcək zoonoz viruslara hazırlıq” məqaləsində deyilir ki, mütəxəssislər COVİD-19 pandemiyası haqqında illər öncə xəbərdarlıq etmişdilər və bu problem elmi ədəbiyyatda daha çox “X xəstəlik” adı altında təqdim olunurdu.

Məqalədə vurğulanır: “Bir çox elm adamının xəbərdarlıq etdiyi X xəstəlik ssenarisi gerçəkləşdi. Bununla belə nəzarət, diaqnostika, yeni laboratoriya texnikaları, açıq məlumat mübadiləsi və peyvənd layihələrinə əvvəllər qoyulmuş investisiyalar öz nəticəsini verdi. Yeni virusla, yəni COVİD-lə mübarizədə hazırkı sürətli irəliləyişlər əvəzolunmazdır”.

Duayer hesab edir ki, hökumətlərin sürətli məlumat mübadiləsi və elmi, texnoloji inkişafın köməyilə gələcək pandemiyaların öhdəsindən gəlmək mümkün olacaq: “Fikrimcə, gələcəkdə vəziyyətimiz indikindən yaxşı olacaq, testləri və genomikanı daha sürətlə inkişaf etdirəcəyik və beləliklə, vəziyyəti daha yaxşı və çevik idarə edə biləcəyik”.

Avstraliyanın Merdok Universitetinin viral immunologiya üzrə tədqiqatçısı, professor Kassandra Berri bildirir ki, Avstraliya gələcək nəsil virus ovçularının yetişdirilməsinə məhz indi başlamalı, onlara investisiya qoymalıdır.

Professor Berrinin sözlərinə görə, tədqiqat işlərində maliyyə çatışmazlığı və perspektivli alimlərin sayca azlığı Avstraliyada peyvənd hazırlamaq və istehsal etmək potensialının olmamasından xəbər verir: “Biz Avstraliyadakı istedadlardan istifadə etməliyik, biz onları xaricə göndərməklə itiririk, qadınlarımız “Stem”də (Avstraliya hökumətinin elm, texnika, mühəndislik və riyaziyyat sahəsində qadınların sayının artırılması məqsədilə həyata keçirdiyi strategiya) itib-batır və bu o deməkdir ki, biz virusologiyanın bütün tərəflərini anlamırıq, halbuki məhz bu adamları gələcəyin virusoloqları, peyvənd istehsalçıları kimi yetişdirməliyik.

Bizi yeni viruslar gözləyir. Növbəti pandemiya, ehtimal ki, hava-damcı yolu ilə çox sürətlə yayılan, sürətlə mutasiyaya uğrayan və heyvan mənşəli bir virusdan başlanacaq. Görünən əlamətləri olmasa, gizli şəkildə yayılsa, o virus xüsusilə təhlükəli olacaq.

Biz növbəti qrip pandemiyasına hazırlıq işində artıq gecikmişik. Quşlardan insanlara keçmək ərəfəsində olan, bir neçə istiqamətdə mutasiyası gedən viruslar var. Gələcəkdə bu vəziyyətə hazırlıqlı olmaq üçün indidən tədqiqatçılara maliyyə investisiyası yatırılmalıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Əbülfəs Qarayev xaricə getmək istəyərkən hava limanından geri qaytarılıb

Ermənistan ordusunun Kəlbəcər istiqamətində ötən gecə dağıdılan postu

Aqil Abbas: "Allahşükür Paşazadə Ermənistanın dini lideri olacaq" - Video

“Bu hegemonluq, yaramazlıq və alçaqlıqdır” - Xeyrəddin Qocadan vaksin açıqlaması

Azərbaycanlı kriminal avtoritet Rusiyada dünyasını dəyişdi

“Daha müxalifətçiliyə yer qalmayıb” - Flora Kərimova

“Hər küçədən keçənə cavab vermək niyyətim yoxdur”

Putin Rusiya Təhlükəsizlik Şurasında Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib

Ermənistanın vaxtına günlər qaldı - Azərbaycan tarixi hadisənin astanasında

Bakıda 300 minlik “Maybach” piyadanı keçidin üstündə vurub öldürdü - Video

Ən çox oxunanalar