Hikmət Nazim
Yəqin Azərbaycanda bilməyən yoxdur ki, 2006-cı ildən “Speys” telekanalına rəhbərlik edən kinorejissor Vaqif Mustafayev işdən çıxıb. Çün o gedəndən kanalda hind filmləri də göstərilmir. Hərçənd inandırıcı deyil, fəqət saytların yazdığına görə, Vaqif müəllim kanal ətrafında gəzən söz-söhbətlərə dözməyərək öz ərizəsi ilə gedib.
Dünya kinosunu beş barmağı kimi bilən kinorejissor az qala bu vəzifəyə təyin olunduğu gündən ərizə yazdığı günə qədər hind kinosunun təbliğatı ilə məşğul oldu. Bu azmış kimi, bir vaxtlar rəhbəri olduğu kanalda yayımlanan “Bu zalım dünyada doğulma”, el arasında tanınan adı ilə “Amaci” hind serialının yaradıcı heyəti ilə razılaşıb onun yerli versiyasını çəkdi.
Elə başa düşmək olardı ki, kanal rəhbərliyini dəyişənlər bu addımı həm də yayım strategiyasını dəyişmək məqsədilə atıblar. Lakin son bir neçə ayda biri-birinin ardınca yola salınan direktorlar onu deyir ki, heç nə dəyişməyəcək. Daha doğrusu, Vaqif Mustafayev kimi rəhbər axtarırlar, tapa bilmirlər.
Fevralın 5-də Vaqif müəllim ərizə yazıb gedəndə jurnalistlərin Rəşid Behbudovun bacısı oğlu kimi təqdim etdiyi Kamil Şahverdiyevi kanalın direktoru vəzifəsinə müvəqqəti olaraq gətirdilər. 10 gün sonra təsdiqlədilər.
Bir az keçdi… Ülviyyə Mikayılovanı direktor təyin etdilər. O da üç-dörd gün işləyib istefa verdi. Ən sonda da kanal rəhbərliyinə Müşfiq Hətəmovu layiq gördülər.
Müşfiq Hətəmovun kanala direktor təyin olunması ilə bağlı xəbər çıxanda “Tvitter”də yazmışdım. Dostlardan biri şərh yazdı ki, Müşfiq Hətəmov? Kinodan davam etmək qərarına gəldilər?
Sual bizi bayaq dediyim məsələyə aparıb çıxarır: dəyişmək istəmədilər. Hazır auditoriyanı, yəni hər nə versən “rahat hülqum” kimi qəbul edən tamaşaçıları əldən verməyə ürək etmədilər.
Əslində iki məsələdə yanılırlar, ona görə də kanal yerindəcə sayacaq:
Azərbaycan tamaşaçısını zövqsüz hesab edirlər. Düşünürlər ki, hind filmləri, yaxud xınayaxdı janrında verilişlər olmasa, baxan olmayacaq;
Televiziyanın incəsənət sahəsindən kənar biri tərəfindən idarə edilə biləcəyinə inanmırlar.
Birinci məsələdə ona görə yanılırlar ki, tamaşaçıların alternativi yoxdur. Yəni Azərbaycan Televiziyasını, İctimai Televiziyanı açır – yalana, birincinin idman, mədəniyyət kimi əlavələrini açır – şablona doyurlar.
“Speys” də daxil olmaqla yerdə qalan televiziya kanalları isə adlarını “müstəqil” qoyub ya onları təkrarlayır, ya da bayağı verilişlərlə vaxt öldürürlər. Ona görə də böyük əksəriyyəti sovet dövründə böyümüş tamaşaçı kütləsi bütün yalan və bayağılıqdan bezəndə heç olmasa həftə sonu köhnə hind filmlərini izləyib uşaqlığına qayıdır. Bu boyda “köhnə hamam, köhnə tas” içində necə zövq formalaşa bilər?
Haqqına girməyim, yazılarımdan birində də bu haqda yazmışdım: bir ara “Speys” telekanalı italyan kinosuna maraq salmışdı, Federiko Fellininin filmlərini göstərməyə başlamışdı. Amma tərcümə o qədər bərbad, dublyajdan öncə redaktorun gözucu belə oxumadığı o qədər bariz idi ki, bu işə könülsüz başladıqları anlaşılırdı. Qəfil dayandırdılar. Bunda da tamaşaçılarmı günahkar idi?
Gələk ikinci məsələyə… Adama elə gəlir ki, televiziyanın incəsənət sahəsindən kənar biri tərəfindən idarə edilə biləcəyinə inanmırlar. Ən azından hərlənib-fırlanıb son verdikləri qərar bunu deməyə əsas verir. Halbuki yaradıcı adamdan “direktor düzəldib” onu yazıq eləmək əvəzinə yüksək idarəçilik bacarıqlarına malik birinə tapşırmaq daha məqsədəuyğundur. Televiziya mətbəxini dərindən bilməsə də olar, ümumi anlayışları olsa, yetər.
Bu nəyə görə vacibdir? “Vikipediya”da Vaqif Mustafayevin filmoqrafiyasına nəzər salanda görürük ki, sonuncu ekran işi 2006-cı ilə aiddir: “Yoxlama”. Buradan çıxan nəticə odur ki, rəhbər vəzifə birmənalı şəkildə istedadlı insanın məhvidir.
Məncə Müşfiq Hətəmov da məhv edilməyə hesablanmış adamlardandır. Bəlkə də məhv olmağı özü istəyir, amma prodüser, müxtəlif filmlərin reklam kampaniyasının rəhbəri, eləcə də ssenarist və bədii rəhbər kimi irili-xırdalı 30-a yaxın bədii, sənədli filmin istehsalında əməyi var. Ölkədə il ərzində çəkilən filmlərin sayının 10-u keçmədiyini (bəlkə də artıb, mən bilmirəm) nəzərə alsaq, yaxşı nəticədir.
Müşfiq Hətəmovun son ekran işi isə 2016-cı ildə təqdim olunub. Bir daha nə vaxt film çəkər, Allah bilir.
Müəllifin başqa yazıları:
Jurnalist də Tanrı kimi…
Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?
“Düz bazar”, yoxsa bazar?
“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?
Mediada təcrübə
Bakılının erməni musiqisinə qulaq asmağı
Yola verənlər…
Medianın azad fikrə reaksiyası
Bloqçu Mehman və jurnalist…
Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?
Qanalı Əhməd və azərbaycanlı Rasim
Senzura haqqında bir neçə kəlmə
Çörəklə sınağa çəkilənlər…
Hakimiyyətdən ev alan jurnalistlərə deyilənlər
İntim görüntüləri yayılan kimdir?
“Sevgilisi var – ona görə”
Şura “11” deyir, İşçi Qrupu “9”…
Hamamda “iki nəfər ölüb”, yoxsa “kişi və qadın”?
Müxbiri müsahibin ayağına verənlər…
Bölgələrdən niyə xəbər yoxdur?
Moskva razılaşması haqqında bir neçə söz
Zamanla ayaqlaşmaq
Bir cümlədə üç xəta
Televiziyalar niyə hələ də var?
Efir ehtirası…
Media və ikili standart
“Zombiləşmiş” müxbir
Əminənin qətlində türk seriallarının payı
Yüksək oxu sayına güvənmək olarmı?
Ezop dili və yayınan hədəf
Yuxudan oyananda nə edirsiniz?
Elektron kitablar və virtual müsahibələr…
Halbuki…
Media və seçici
Jurnalistin döyülməsi adiləşməməli
Qorxuya əsaslanan media
“Niyə maska taxmamısan?”
“Vətən uğrunda atılmış addım”
Hərbi jurnalist, yoxsa müharibə müxbiri?
Sözə qənaət edirlər, yoxsa?
pia.az