Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda torpaq mülkiyyəti necə bölünüb? – Fantastik qeyri-bərabərliyin statistik mənzərəsi

Kənd təsərrüfatı torpaqlarından istifadədə fantastik qeyri-bərabərliyin statistik mənzərəsi

Üç il əvvəl Bakı Araşdırmalar İnstitutunun saytında yayılan məqalədə Azərbaycanda sosial bərabərsizliyin ölçülməsi problemindən ətraflı bəhs edilmişdi. Yazıda əsas vurğu bu idi ki, rəsmi statistika dünyada bərabərsizliyi ölçən və hökumətlər (həmçinin beynəlxalq təşkilatlar) tərəfindən geniş istifadə olunan Gini əmsalı Azərbaycanda hesablanmır. Halbuki böyük neft pullarının gəlişindən sonra (2005-ci ildən başlayaraq) nəhəng dövlət xərcləmələri, ictimai maliyyənin effektiv və şəffaf xərclənməsi üzərində ictimai (həmçinin sərt parlament) nəzarətin yoxluğu genişmiqyaslı korrupsiya üçün əlverişli üfüqlər açdı. Şübhəsiz ki, nəzarətsiz xərcləmələr siyasi sistemin, onun ardınca bütün iqtisadi resursların kiçik bir qrupun inhisarına keçməsi də məhz həmin kiçik qrupun sürətlə zənginləşməsi və paralel olaraq sosial bərabərsizliyin genişlənməsi üçün münbit şəraitin formalaşmasını da qaçılmaz etdi.

Azərbaycanda milli sərvət statistikası da mövcud deyil. Halbuki BMT də daxil olmaqla bir sıra mühüm beynəlxalq qurumların ekspertlərinin ortaq şəkildə hazırladığı milli hesablar sistemi ilə bağlı metodologiyaya görə, bu sistemin statistik bazasını təşkil edən əsas göstəricilərdən biri məhz ölkədə milli sərvətə dair məlumat bazasının yaradılmasıdır. Bu bazada iqtisadiyyatın bütün institusional vahidlərinə (ev təsərrüfatları, biznes, dövlət qurumları, maliyyə institutları və s.) məxsus həm maliyyə, həm də qeyri-maliyyə sərvətlərinin həcminə dair təfsilatlı statistik məlumatlar toplanmalıdır. Rəsmi statistikanın milli sərvət statistikasını formalaşdıracağı halda, sərvətin təmərküzləşməsi ilə bağlı hesablamaların aparılması da problem olmaz. Təəssüf ki, Azərbaycanda milli sərvət statistikası yarımçıqdır və sərvət hesabı ümumiyyətlə mövcud deyil. Hazırda əmlak və vergi sisteminin, eləcə də bank-maliyyə institutlarının məlumat bazası bu sərvət statistikasının formalaşdırılması üçün yetərli informasiyalar təqdim edə bilsə də, belə bir statistikanın yaradılması siyasi iradə tələb edir. Necə ki 17 ildir qanun qəbul edilməsinə baxmayaraq, Azərbaycanda vəzifəli şəxslərin gəlir və əmlak bəyannaməsinin təqdim edilməsi təmin olunmur.

Hazırkı şəraitdə Azərbaycanda sərvət bərabərsizliyinin miqyasını ölçmək üçün çox pərakəndə şəkildə, bəzi hallarda müxtəlif mənbələrdən qeyri-rəsmi kanallarla əldə olunan müxtəlif göstəricilər mövcuddur. Məsələn, hələ bir müddət əvvəl hakimiyyəti təmsil edən rəsmi şəxslərdən biri belə bir açıqlama ilə çıxış etmişdi ki, banklarda vətəndaşlara məxsus bütün əmanətlərin 44%-i bütün əmanət hesablarının cəmi 1%-nə mənsubdur. Təkcə bu göstəricinin timsalında sərvət qeyri-bərabərliyinin miqyasını təsəvvür edə bilirsinizmi?

Real mənzərəni görməyə imkan verən daha bir göstərici bank-maliyyə sektorunda əldə olunan mənfəətdir. Məsələn, Azərbaycan Banklar Assosiasiyası tərəfindən hazırlanan icmal bank statistikasına görə, ölkənin bank sektorunda yaranan xalis mənfəətin 50%-dən çoxu 1 biznes mərkəzinin payına düşür. Yaxud Mərkəzi Bankın ölkənin sığorta bazarı üzrə statistikasına görə, bu bazarda formalaşan məcmu mənfəətin (sığorta haqları və sığorta ödənişlərinin fərqi) 75%-ə qədəri yenə də 1 biznes şəbəkəsinin sərəncamındadır.

Nəhayət, bu istiqamətdə rəsmi qurumlardan, amma qeyri-rəsmi formada əldə edə bildiyimiz başqa bir statistik məlumat Azərbaycanda subsidiya ödənilən kənd təsərrüfatı (əkin) təyinatlı torpaqların bölgüsü ilə bağlıdır və bu məlumatlar 2020-ci ilə aiddir. Nəzərə alaq ki, Azərbaycan məşğulluğun strukturu və əhalinin böyük hissəsinin qazanc mənbəyi baxımından aqrar ölkə standartlarına uyğundur. Rəsmi statistik məlumata görə, məşğul əhalinin 36%-dən də çoxu aqrar sektorda çalışır – söhbət 1,8 mln. nəfərə yaxın əmək qabiliyyətli əhalidən gedir. Bu baxımdan 100 minlərlə ailənin bağlı olduğu bir sektorda əsas istehsal vasitəsi olan kənd təsərrüfatı təyinatlı torpaqların fermerlər arasında bölgüsü son dərəcə əhəmiyyətli göstəricidir. Torpaqların bölgüsündə qeyri-bərabərlik artdıqca aqrar sektorun böyük olmayan gəlirlərinin (ölkə üzrə milli gəlirin təxminən 5%-i kənd təsərrüfatında formalaşır) də paylanmasında bərabərsizliyin miqyası böyüyür. Aydın məsələdir ki, adambaşına torpağı 1 hektarı ötməyən ən az torpağa sahib 10% ev təsərrüfatları ilə minlərlə hektar torpaq mülkiyyətinə sərəncam verən ən böyük 10% torpaq mülkiyyətçilərinin qazancları arasında da analoji miqyasda uçurum yaranır.

Əldə olan statistik baza hansı mənzərəni ortaya çıxarır? Aşağıda təqdim olunan cədvəldə desil qrupları (subsidiya alan torpaq istifadəçilərinin 10 bərabər hissəyə bölünməsi) üzrə subsidiya verilən torpaqların bölgüsü təqdim olunub:

Təqdim olunan məlumatlardan göründüyü kimi, ən az torpaq sahəsinə malik 10% torpaq istifadəçisinin sərəncamında subsidiya alınan bütün torpaq fondunun cəmi 1,3%-i, ən çox torpaq sahəsinə malik 10% torpaq zənginlərinin sərəncamında isə torpaq fondunun 45,8%-i olub.

Kvintil qrupları üzrə götürsək, ən az torpağa sahib 20% torpaq istifadəçisinin sərəncamında bütün subsidiya verilən torpaqların 3,7%-i, ən yüksək paya sahib 20% torpaq istifadəçisinin sərəncamında isə 59,2% torpaq fondu cəmlənib.

Yalnız əkin torpaqlarının konsentrasiyası əsasında Gini əmsalı hesablansa, sərvət və gəlir bərabərsizliyini ölçən bu göstəricinin səviyyəsi 0,56-ya bərabərdir. Bu, həddən artıq yüksək qeyri-bərabərlik səviyyəsi hesab edilir. Məlum olduğu kimi, Gini əmsalı amerikan iqtisadçı Maks Otto Lorensin adı ilə bağlı olan Lorens əyrisinin köməkliyi ilə hesablanır və 0-1 intervalında dəyişir ( “0” tam bərabərliyi, “1” isə qeyri-bərabərliyi əks etdirir). Ən zəngin 20%-lik qrupla ən yoxsul 20%-lik qrup arasında gəlir fərqi nə qədər böyük olarsa, Gini əmsalı 1-ə o qədər yaxınlaşır və ölkədə gəlir qeyri-bərabərliyinin yüksək olduğunu, milli gəlirin ədalətsiz bölüşdürüldüyünü əks etdirir. Göstəricinin səviyyəsi 0,4-ü ötdükdə, bu artıq sərvət və gəlir bərabərsizliyində kritik hədd hesab edilir. İndi təsəvvür edin ki, aqrar sahə kimi gəlirli olmayan bir sektorda mülkiyyət bölgusündə bu qədər qeyri-bərabərlik varsa, turizm, emal sənayesi və maliyyə sektoru kimi nəhəng qazancların olduğu sektorlarda bərabərsizlik hansı kritik səviyyədədir.

Rövşən Ağayev, iqtisadçı ekspert

Mənbə: bakuresearchinstitute.org

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar