Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda pambıqçılıq və heyvandarlığın yanaşı inkişaf etdirilməsi mümkündür?

Kənd təsərrüfatı üzrə ekspert: “Ölkəmizdə heyvandarlığı, taxılçılığı, pambıqçılığı paralel olaraq inkişaf etdirmək və yaxşı da nəticə əldə etmək olar”

Azərbaycanda pambıqçılıq çox gəlirli sahədir. Amma bu gəlirdən yalnız onun ixracı ilə məşğul olan inhisarçı faydalanır”.

Bu fikirləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov pambıq sahələrinin genişləndirilməsi heyvandarlığın sıxışdırılması ilə müşayət edilir iddiasını PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan hökumətinin pambıq istehsalı ilə bağlı planları genişdir. Pambıqçılığın inkişafına dair qəbul olunmuş dövlət proqramına əsasən ölkədə pambıq istehsalı daha da genişləndiriləcək və 2022-ci ildə 500 min ton məhsul istehsalına nail olunacaq. 2025-ci ildə isə pambıq əkini sahələrinin 200 min hektara, istehsalın isə 700 min tona çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, bu il Azərbaycanda 132 min 502 hektar sahədə pambıq əkilib və istehsalın 260 min tona çatacağı proqnozlaşdırılır. Dövlət Statistika Komitəsinin açıqladığı son məlumata görə, noyabrın 13-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 209 min 368 ton məhsul təhvil verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 faiz çox pambıq tədarük olunub.

Hökumətin pambıqçılıqla bağlı planları heç də hamı tərəfindən təqdir olunmur. Xüsusilə pambıq sahələrinin genişləndirilməsi zamanı heyvandarlıq təsərrüfatlarının sıxışdırılması yaxın illərdə ölkənin ət və süd məhsulları üzrə idxaldan asılılığının əhəmiyyətli şəkildə artacağına dair rəylərin yaranmasına səbəb olur.

Pambıqçılığı hökumət əmək tutumlu sahə kimi də təbliğ edir. Rəsmi rəqəmlərə görə, hazırda pambıqçılıqda 190 min nəfərdən yuxarı insan çalışır. Lakin müstəqil ekspertlər bu rəqəmi inandırıcı hesab etmirlər. Onların fikrincə, pambıqçılıq daimi iş yeri hesab oluna bilməz. Çünki Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, yalnız ilin 11 ayını işləyib gəlir əldə etməyin mümkün olduğu iş yeri daimi hesab olunur. Pambıqçılıqda kütləvi işçi cəlbi isə yalnız yığım vaxtı tələb olunur. Bununla yanaşı hökumət bu sahədə emal müəssisələrini genişləndirir, 18 pambıqtəmizləmə zavodu fəaliyyətdədir, daha biri isə Ucarda başa çatmaq üzrədir, üstəlik Mingəçevirdə 6 iplik fabiriki fəaliyyət göstərir.

Mütəxəssislərin fikrincə pambıq sahələrinin genişləndirilməsi heyvandarlığın sıxışdırılması ilə müşayət edilir, bu isə yaxın illərdə ölkənin ət və süd məhsulları üzrə idxaldan asılılığını əhəmiyyətli şəkildə artıracaq.

İstehsalçıların problemləri də var, belə ki, pambıq yığımında yalnız "Aqrolozinq" ASC istehsalçılara ucuz qiymətə (hər hektara 100 manat) texnika xidməti təklif edir, bu isə bütün yığım texnikasının cəmi 30%-i deməkdir, qalan kombaynlar özəl şirkətlərin əlindədir və qiymət bahadır.

Rəsmi statistikaya görə isə, pambığın hər kiloqramının maya dəyəri 51 qəpik təşkil edir, amma müstəqil ekspertlərin çoxu bu rəqəmi inandırıcı saymır, ən azı ona görə ki, dünyanın ən qabaqcıl pambıq istehsalçısı olan ölkələrdə belə aşağı maya dəyərinə rast gəlmək çətindir.

Azərbaycanda pambıq və heyvandarlığın yanaşı inkişaf etdirilməsini mümkün hesab etmək olar? Həmçinin pambığın maya dəyəri bilərəkdən aşağı salınır və bu ümumilikdə gələcəkdə pambıqçılığın inkişana necə təsir edəcək?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı kənd təsərrüfatı eksperti Vahid Məhərrəmova müraciət edib.

Vahid Məhərrəmov: “Təəssüflər olsun ki, bu hakimiyyət pambıqçılıq sahəsini fermerlər, kəndlilər üçün ziyanlı bir sahə edib”.

1 milyon hektar ərazi taxıl sahələri olduğu halda, taxıl idxalından asılı vəziyyətdə qaldığımızı xatırladan kənd təsərrüfatı ekspert vurğulayıb ki, taxıl əkilən ərazilərin bir hissəsini münbit hala gətirmək, məhsuldarlığı artırmaq lazımdır. Bundan sonra əminliklə demək olar ki, ölkənin taxıl məhsullarına olan tələbatını tam ödəmək mümkündür. Taxıl sahələrinin bir hissəsində isə pambıq əkini ilə məşğul olmaq lazımdır:

Azərbaycanda pambıq və heyvandarlığın yanaşı inkişafı mümkündür. Amma hakimiyyətin apardığı siyasət yanlışdır. Yəni onlar pambıqçılığı örüş sahələrinin, yem bitkilərin altında olan torpaqların hesabına genişləndirirlər.

Mən bu məsələ ilə bağlı dəfələrlə təklifimi bildirmişəm. Belə ki, onsuz da Azərbaycanda taxılçılıqda məhsuldarlıq aşağıdır. Taxılçılqdan əldə olunan məhsul bizim tələbatımızı ödəmir. Buna görə də biz hər il xaricdən 1.5 milyon ton buğda idxal etmək məcburiyyətində qalırıq. 1 milyon hektar ərazi taxıl sahələri olduğu halda, biz taxıl idxalından asılı vəziyyətdə qalmışıq. Taxıl əkilən ərazilərin bir hissəsini münbit hala gətirmək, məhsuldarlığı artırmaq lazımdır. Bundan sonra əminliklə deyə bilərəm ki, ölkənin taxıl məhsullarına olan tələbatını tam ödəmək mümkündür. Taxıl sahələrinin bir hissəsində isə pambıq əkini ilə məşğul olmaq lazımdır. Belə olan halda pambıqçılıqda da məhsuldarlıq artacaq və növbəli əkin sistemi imkan verəcək ki, hər iki sahədə məhsuldarlıq artsın.

O sahədə olan insanlar qeyri-peşəkar olduqları üçün nə etdiklərinin fərqində deyillər. 2015-ci ildə pambıq ərazisi 18 min hektar idi. İndi pambıq ərazisini artırıb 130 min hektardan çox ediblər. Bu artımları da məhz dediyim kimi yem bitkilərinin altında olan ərazilərin və təbii biçənəklər, həmçinin örüş sahələri hesabına ediblər. Bu çox yanlış siyasətdir və bu siyasət heyvandarlığa çox ciddi təsir edib. Baş sayları azalıb. Xüsusən qoyun və keçilərin baş sayı 200 min başdan çox azalıb. Eləcə də iri buynuzlu mal-qaraların sayı azala-azala gedir.

Bu gün yem istehsalı da azalıb. Digər tərəfdən örüş sahələri olmaqdığı üçün insanlar heyvanlarını örüş sahələrinə çıxara bilmirlər. Buna görə də məcburi kəsimə gedirlər. Bu da baş sayının azalmasını sürətləndirən amillərdəndir. Hətta cins mal-qaranı da kəsimə verirlər. Halbu ki, həmin heyvanları yaxşı yemləyib daha çox miqdarda süd əldə etmək olar. Həmçinin o heyvanları kökəldib yaxşı ət əldə etmək olar. Amma təəssüflər olsun ki, bunu da nəzərə almırlar.

Vahid Məhərrəmov: “Fermerin imkanı yoxdur ki, məhsulun maya dəyərini aşağı salıb onu rəqabət qabiliyyətli etsin”.

Bir daha qeyd edim ki, ölkəmizdə heyvandarlığı, taxılçılığı, pambıqçılığı paralel olaraq inkişaf etdirmək və yaxşı da nəticə əldə etmək olar. Bu sahələr bir-biri ilə bağlıdır. Dəfələrlə də deyilib ki, məsələyə kompleks yanaşılmalıdır. Bu zaman nəticə əldə etmək olar.

Qeyd edim ki, pamçılıq çox gəlirli sahədir və bu gün pambıqçılıqdan gəlirli sahə yoxdur. Təəssüflər olsun ki, bu hakimiyyət pambıqçılıq sahəsini fermerlər, kəndlilər üçün ziyanlı bir sahə edib. Keçən ilin statistikasına baxanda görünür ki, pambıqçılıq fermerlərə ziyanla başa gəlib. Bu sahədən daha çox onlar özləri gəlir əldə edirlər. Belə ki, xam pambığın maya dəyəri satış qiymətindən yüksəkdir. Amma ixrac olunan pambığın maya dəyəri ilə satış qiyməti arasında yüz faiz fərq var. Yəni maya dəyərindən iki dəfə baha satılıb. Bu da o deməkdir ki, Azərbaycanda pambıqçılıq çox gəlirli sahədir. Amma bu gəlirdən yalnız onun ixracı ilə məşğul olan inhisarçı faydalanır.

Əvvələr kəndlilər xərc çəkirdi və bu xərc onun maya dəyərin formalaşdırırdı. İndi isə vertical-kalasser modelini tətbiq ediblər. Bu modeldə də istehsaldan tutmuş ixraca kimi, bütün istehsal vasitələrini, hansı ki, istehsalda istifadə olunur, onu öz əllərinə alıblar və bizim fermerlərin xərci onlarən fermerlərə təklif etdiyi malın, məhsulun dəyərindən asılıdır. Yəni fermerin imkanı yoxdur ki, məhsulun maya dəyərini aşağı salıb onu rəqabət qabiliyyətli etsin. Bu imkanı fermerin əlindən pambığın emalı, ixracı ilə məşğul olan sahibkar oliqarx alıb.

Vahid Məhərrəmov: “Bu gün oliqarxlar pambığın toxumunu, gübrəni, dərman preparatlarını, yığım xidmətinin bütün xərclərini öz əllərinə alıblar”.

Yəni bu gün oliqarxlar pambığın toxumunu, gübrəni, dərman preparatlarını, yığım xidmətinin bütün xərclərini öz əllərinə alıblar. Bu xərc də ged-gedə artır. Əgər keçən il 1 hektara çəkilən xərc orta hesabla 850 manat idisə, indi həmin xərc 1200 manata çatıb. Bu tendensiya ona gətirib çıxaracaq ki, xam pambıq istehsalı ilə məşğul olan kəndlilər, fermerlər bu sahədən imtina edəcəklər. Bu da yol verilməzdir.

Elə etmək lazımdır ki, pambıqçılıq həqiqətən də ölkəmizə gəlir gətirsin və ümumillikdə bizim iqtisadiyyatımız yaxşılaşdırsın. Bunu da o zaman etmək mümkün olacaq ki, xam pambıq istehsal edən fermerlər, kəndlilər həm onun emalı, həm də ixracı ilə məşğul olacaqlar. Özləri bir şirkət yaradıb onu emal edəcəklər. Həm də onun daxilə satışını təmin edəcəklər. Yəni kim parça, kim corab istehsal etmək istəyir pambıq ala bilsin. Xam pambıq istehsalı ilə məşğul olan sahibkarlar daha ağır və xərcli iş görürlər. Buna görə də bu işlər onların ixtiyarına verilməlidir.

Bu zaman pambıqçılıq ölkəmiz üçün çox gəlirli sahə olacaq. Həm də yaxşı olardı ki, hakimiyyət bu istiqamətdə düşünsün ki, pambıqdan parça alıb və o parçanı əhliyə təklif etmək olar. Belə olarsa, pambıqçılıq daha da gəlirli olacaq. Məsələn bildiyimiz kimi Çində, ABŞ-da, Türkiyədə, İranda pambıq emalından parça, paltar istehsal edib ölkəyə daha çox gəlir gətirirlər. Həmçinin ölkədə iş yerləri də açılır. Yəni corab sexində, fabrikdə işçiyə tələbat yaranır.

Azərbaycanda da belə olmasında heç bir problem yoxdur. Ölkədə bu problemi yaradan bu işlə məşğul olan hakimiyyətdir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar