Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan bir gün deyəcək ki, belə sülhməramlı bizə lazım deyil”

Rusiyanın və onun Qarabağdakı hərbi kontingentinin ermənipərəst tutumu, davranışları davam edir, İran isə Azərbaycanın Xəzər dənizinin özünə aid hissəsində keçirdiyi təlimlərə, eləcə də Gorus-Qafan yolunun suveren ərazimizə daxil olan hissəsini nəzarətə götürməsinə qeyri-adekvat münasibət göstərməkdədir.

Ümumiyyətlə, 44 günlük müharibədən sonra regionda yaranan durumun nə İranın, nə də Rusiyanın maraqlarına uyğun olmadığı getdikcə daha çox özünü biruzə verməkdədir. Məhz bu kontekstdə Azərbaycana rus hərbi kontingentinin statusunun tanınması və qondarma qurumun “status” məsələsi istiqamətində təzyiqlərin olduğu daha aydın görünür.

PİA.az bildirir ki, “AzPolitika.info” bu mövzunu Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli ilə müzakirə edib.

- Tahir müəllim, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin, eləcə də qondarma rejimin statusu kimi məsələlər sıx-sıx gündəmə gətirilir. Həmçinin, Azərbaycanın Gorus-Qafan yolunu nəzarətə götürməsi az qala Ermənistandan daha çox İranı narahat etməyə başlayıb. Sizcə, hazırda regionda baş verənləri necə xarakterizə etmək olar və proseslər hansı istiqamətdə inkişaf edə bilər?

- Qarbağdakı sülhməramlıların yeni komandanının Ermənistan rəhbərliyi tərəfindən qəbul edilməsi, fikrimcə, Rusiya Prezidenti tərəfindən elan olunan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qəbul olunması mövqeyi ilə ziddiyyət təşkil edir. Hətta onların termini ilə desək belə, “Dağlıq Qarabağ” Azərbaycan ərazisində yerləşir və bunu Rusiya rəhbərliyi də bəyan edib. Əgər sülhməramlıların yeni komandanının görüşəcəyi şəxslər varsa, bu da Azərbaycan dövlət rəsmiləri olmalıdır. Bunun Ermənistana heç bir aidiyyəti yoxdur.

İkincisi, bu, ona işarədir ki, Rusiya 10 noyabr razılaşmasından kənara çıxan sülhməramlıların hərəkətləri ilə bağlı Azərbaycanın atdığı dinc və adekvat addımlara qarşı özünün nizamlayıcı funksiyasını deyil, əks həmlələrini göstərir. Azərbaycan rus hərbi kontingentindən ərazidəki erməni qoşunlarının çıxarılmasını və neytral fəaliyyət gözləyirdi. Bu isə olmadı.

Azərbaycan tərəfi Türk Silahlı Qüvvələri ilə birlikdə Laçında və digər ərazilərimizdə təlimlər keçirir. Bu, faktiki olaraq Türkiyənin Azərbaycan tərəfindən Qarabağa dəvəti idi və sözsüz ki, bu da Rusiyanı qıcıqlandırır. Rusiya nöqsanı özündə deyil, başqasında axtarır. Qeyd edim ki, istər insanlar, istərsə də dövlətlər arasında münasibətlərdə təqsiri özündə deyil, özgəsində axtarmaq namərdlik əlaməti sayılır. Bu baxımdan Rusiya səhvləri özündə axtarmalıdır. Rusiya erməniləri İrəvandan Xankəndiyə gətirmək, yerləşdirmək, infrastruktur yaratmaq, separatçıların dirçəlməsinə şərait yaratmaq əvəzinə tərəfsiz mövqedə dayanmalı idi.

Əlbəttə, Azərbaycanın Qafan yolunda ona məxsus olan 21 kilometrlik ərazini nəzarətə alması, orada post qurması, İran və digər yerlərdən gələn avtomobilləri yoxlaması və qeydə alması bir sıra qüvvələr tərəfindən razılıqla qarşılanmır, əksinə, onlarda qıcıq yaradır - Rusiya, İranErmənistanı nəzərdə tuturam. Axı, Azərbaycan tərəfi Rusiyanın xahişini nəzərə alaraq bağladığı həmin yolu açmışdı. Bəs, biz bunun əvəzində nə gördük? Azərbaycan ərazilərinə icazəsiz və qanunsuz malların daşınmasının davam etdirilməsini. Azərbaycan dövləti də öz iradəsini ifadə etmək məcburiyyətində qaldı. Çünki Azərbaycan hökumətinə cəmiyyətdən də bir basqı var. Əvvəla, hökumət öz məsuliyyətini dərk edir, həmçinin öz cəmiyyətinin təpkisini göstərir və deyir ki, belə olmaz. Nəticə olaraq Azərbaycan dövləti özünün suveren hüquqlarından istifadə edərək, lazım bildiyi addımları atmalı olur.

Məlum olduğu kimi, bizim yüksək rütbəli hərbçilərimiz Türkiyədə səfərdə olublar, türk hərbçiləri də Bakıya gəliblər. Həmçinin, hazırda Azərbaycanda üç dövlətin birgə hərbi təlimləri keçirilir. Belə olduqda, Türkiyənin regionda möhkəmlənməsi məlum qüvvələr tərəfindən razılıqla qarşılanmır. Və həmin qüvvələr də açıq şəkildə Ermənistanı silahlandırdıqlarını bəyan edirlər. Baxmayaraq ki, Azərbaycan tərəfi bəlkə də özünün imicinə zərbə vuraraq “Krım platforması”nda iştirak etmədi. Yəni rəsmi Bakı bu məsələdə Rusiyanı nəzərə aldı. Amma Rusiya Azərbaycanı nəzərə almır. Rusiya əksinə, Qafqazda özü güclənməyə və Ermənistanı gücləndirməyə çalışır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın da müttəfiqləri ilə birlikdə özünün suverenliyini bərkitməkdən başqa yolu qalmır.

Bəs, bu nəyə gətirib çıxaracaq? Məncə, ona gətirəcək ki, BMT-nin mandatı olmayan və ya mandatı Azərbaycan tərəfindən təsdiq edilməyən rus sülhməramlılarının burada 5 il qalıb-qalmaması məsələsi ortaya çıxacaq.

Azərbaycan da bir gün deyəcək ki, bizə belə sülhməramlı lazım deyil. Başqa sözlə, o qoşunlar Azərbaycan hərbçiləri ilə ermənilər arasında sülhməramlı rolunu oynamırsa, daha çox Rusiyanın strateji maraqlarına xidmət edirsə, Azərbaycan tərəfi buna uzun müddət dözə bilməz. Bu mənzərə isə nəinki sülhməramlıların 5 ildən artıq burada qalmasına qarşıdır, eyni zamanda onların vaxtından əvvəl buranı tərk etmə reallığını artırır.

- Bir müddət əvvəl Rusiyadan daha ciddi təzyiqlər müşahidə olunurdu və bu, açıq xarakter daşıyırdı. Son günlər isə sanki bu təzyiqlər səngiyib. Sizcə bu, nə ilə əlaqəlidir, ruslar taktikanı dəyişib, yoxsa artıq istədiklərini əldə ediblər?

- Rusiya heç zaman təzyiqlərini azaltmır. Onun hətta müttəfiqi Ermənistana da özünəməxsus təzyiqləri olacaq. Bu təzyiqlər bəzən cəmiyyət üçün görünən, bəzənsə görünməyən şəkildə olur. Açığını deyək ki, dövlətlərarası münasibətlərdə bəzən görünməyən təzyiqlər daha böyük rola malikdir. Şübhəsiz ki, AzərbaycanRusiya rəhbərləri arasında təmaslar var. Hərbi məsələlər, Qarabağ, dövlətlərarası əlaqələr mövzusunda dialoqlar mövcuddur. Deyim ki, indi Rusiya ilə Azərbaycan güc strukturları, xüsusən də Prezidentlər arasında yaxşı münasibətlər formalaşıb. Mənə elə gəlir ki, Rusiyanı daha çox aqressivləşməyə qoymayan həm də bu məqamdır. Yəni şəxsi münasibətlər burada mühüm rol oynayır. Azərbaycanın dövlət başçısının Putinlə xoş münasibətlərinin olması bu təzyiqləri müəyyən qədər neytrallaşdırır. Amma təzyiq mövcuddur. O cümlədən Azərbaycanın rus sülhməramlılarının statusunu Rusiyanın istəyinə uyğun formada tanıması istəyi də var. Azərbaycan bu məsələləri səbrlə həll edir. Nəzərə alınmalıdır ki, bu məsələlərin həllində təmkin, ağıl və səbr tələb edilir. Biz 30 il Şuşasız, Qarabağsız dözdük. Ancaq səbr etdik, müharibəni udduq, torpaqlarımızın böyük hissəsini işğaldan azad etdik. Hesab edirəm ki, bir qədər sərbli olmaq lazımdır. Azərbaycan tərəfinin bu məsələlərdə təmkin nümayiş etdirməsi doğrudur.

- Görürük ki, Tehran Ermənistana və Qarabağdakı separatçılara dəstək göstərməklə bərabər, Azərbaycanın Xəzər dənizində keçirdiyi təlimlərə etiraz edir. Habelə, Gorus-Qafan yolunda qurulan postlarımızla bağlı narahatlığını bildirir, sərhədlərimizdə hərbi təlimlər planlaşdırır, Düşənbədə İranın yeni Prezidenti ilk görüşünü Nikol Paşinyanla keçirir və sair. Sizcə, İranın bu davranışlarına səbəb nədir?

- Sözügedən yolun indiyə qədər tam bağlanmaması, İrandan Ermənistana yanacaq və digər yüklərin Azərbaycan ərazilərilə daşınmasının qarşısının alınmaması, indi isə hər şeyin qeydiyyata alınması heç də İrana və ya Ermənistana olan münasibətlə bağlı deyil. Sadəcə olaraq, Rusiyanın istəyilə Azərbaycan həmin yolla hərəkətə icazə vermişdi.

Məncə, Azərbaycanİran arasında ciddi təmaslar gözlənilir. İran Xarici İşlər Nazirliyi Xəzərdə keçirilən təlimləri izlədiyini ifadə edib, bununla bağlı hansısa fikirlər işlədib. Görünür, İran da bizdə nöqsan axtarır. İddia edir ki, bu təlimlər Xəzəryanı dövlətlərin razılaşmasının Azərbaycan tərəfindən pozulmasıdır və s. Məncə, İranın azərbaycanlı əhalisinin buna ciddi etirazı var. Hesab edirəm ki, iki ölkə arasında bu məsələlər müzakirə olunacaq.

- İndi görünən budur ki, iki istiqamətdə Bakıya təzyiqlər var: sülhməramlıların statusunun Moskvanın istəyinə uyğun formada tanınması və qondarma qurumun “statusu” ətrafında müzakirələr aparılması. ABŞ-ın İrəvandakı səfirinin də status məsələsini növbəti dəfə qabartmasını nəzərə almaqla, bu istiqamətdəki durumu necə qiymətləndirmək olar?

- Rusiya sülhməramlılarının burada yerləşdirilməsi Moskvanın iradəsi ilə baş verib. Açığını desək, burada nə BMT-nin, nə də ATƏT-in Minsk Qrupunun iradəsi, razılığı olmayıb. Təbii ki, Rusiya da burada özünün təkbaşına nəzarətini əldən vermək istəməz. Özünün təsir zonası hesab etdiyi Qafqaza ABŞ, Fransa və digərlərinin gəlməsini istəmir. Sözsüz ki, Azərbaycan da kimlərinsə buraya gəlməsini istəmir və rus sülhməramlılarının buradakı varlığını müvəqqəti hesab edir. Bu baxımdan Azərbaycan cəmiyyətinin rəyi Rusiya hakimiyyətinə aydındır. Bir neçə dəfə səsləndirilib ki, Azərbaycan cəmiyyəti rus sülhməramlılarının burada olmasından narahatdır, onların mümkün qədər tez getməsini arzulayır. Çünki Rusiya və onun hərbi kontingenti açıqdan-açığa neytral yox, ermənipərəst mövqe sərgiləyir. ATƏT-in Minsk Qrupunun iştirakı və “status məsələsini” gündəmə gətirmək cəhdləri isə onların faktiki istəyi deyil, siyasətidir. 30 il ərzində aparılan danışıqların mənası o olub ki, Azərbaycanı məğlubiyyətə və torpaq itkisinə razı salsınlar. Onlar Ermənistanın işğal altında olan ərazilərimizi vəhşicəsinə dağıtmasını “görməyiblər”, indi də görməzdən gəlirlər. Məqsədləri bu idi ki, siz Qarabağdakı separatçıların tələbi ilə razılaşın və yerdə qalan torpaqları alın. Bu gün də eyni fikirdədirlər. Rusiya öz kontingentinin Qarabağda inhisarçı mövqedə qalmasını istədiyi üçün onun “status məsələsi”nə ehtiyacı yaranır. Ona görə də çalışır ki, ABŞ və Fransa ilə birlikdə Azərbaycanı buna məcbur etsin. Ancaq Azərbaycan dövlət başçısı birmənalı şəkildə “status məsələsi”nin müzakirə olunmayacağını bəyan edib. Əlbəttə, xristian təəssübkeşləri və Qafqazda xristian anklavı yaratmaq istəyənlərin marağı bu məsələdə üst-üstə düşür. Amma Azərbaycan dövləti ilə xalqının istəyi üst-üstə düşürsə, bizi məcbur edə bilməzlər ki, “statusu” yenidən gündəmə gətirək. Artıq dünya dəyişib. Biz tək deyilik. Azərbaycanı Pakistan, İsrail, Türkiyə ilə yanaşı xeyli dövlət müdafiə edir. Azərbaycanı məcbur edə bilməzlər ki, qondarma “artsax” yaransın. Bundan narahat olmağa dəyməz. Heç kim bizi buna məcbur edə bilməyəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar