İslamçıların seçki sirri: “Hökumətin öz maraqları olub”

Azərbaycan İslam Partiyasının (AİP) sədri Elçin Manafovun Publika.Az –a müsahibəsi
AİP “Vətən” bloku ilə öz yolunu seçdi deyə bilərik? -Bəli. Seçki ərəfəsində “Vətən” adlı seçki bloku yaratmışdıq. Belə qərara gəldik ki, əməkdaşlığımızı seçkidən sonra da davam edək. Ona görə də üç partiya sədri- mən, İlyas İsmayılov və Mais Güləliyev böyük müzakirələrdən sonra qərara gəldik ki, seçki blokunu siyasi bloka çevirərək bu şəkildə fəaliyyətimizi davam etdirək. -Partiyada buna qarşı çıxanlar oldumu? -Bizdə mühüm qərarlar ali orqanımız olan Baş məclisdə həll edirik. Hamımız ona tabeyik. Bu təklifi Baş məclisdə müzakirəyə çıxardıq. İki nəfər bitərəf oldu, iki nəfər narazı oldu. Lakin böyük əksəriyyət “Vətən” blokuna qoşulmağa razı oldu. -İslamçıların “Vətən” blokuna qoşulması ilə müxalifət düşərgəsində güc balansının bu blokun xeyrinə dəyişiyi haqqında fikirlər var. -Təbii ki, bu görünür. Blok iki partiya arasında təsis edilmişdi. Belə bir qərar var idi. Bizi dəvət etdilər və razı olduq. Güc bilikdədir. Əgər iki partiya güclü idisə, üçüncü partiyanın onlara qoşulması ilə daha da güclənəcək. -Bu həm də müxalifət düşərgəsində əsas gücün Milli Şura olmadığı fikrini də yaratdı. Hər halda islamçılar indiki məqamda güclü tərəfdir. -Milli Şuranın da özünün məqsədləri var. Hər kəs qarşısına məqsəd qoyub, çalışır ki, getdiyi yolla mübarizə etsin və qələbə çalsın. Onların da ətrafında islamçılar var, amma biz bu yolu seçdik. -2015-ci il seçkilərinə də bu blokla gedəcəksiniz? -Belə fikrimiz var ki, qarşıdan gələn parlament seçkilərinə də “Vətən” bloku ilə gedəcəyik. “Mövsüm Səmədovla danışmamış onun yerinə cavab vermişdim” -Mövsüm Səmədov həbsdədir. Onun partiya üzərində hansısa təsiri qalıb? -Mövsüm Səmədov bizim liderimizdir, mən onu özünü verdiyi səlahiyyətə görə əvəz edirəm. Nəsə olanda onunla məsləhətləşirik, onun xeyir- duası olmayan işlərə ümumiyyətlə başlamırıq. Təbii ki, baş məclisin təsdiqi də burda əsas məsələdir. -Amma o seçkidə iştirak etməyəcəyini açıqladı. AİP isə seçkiyə getdi. -Mən özü ilə söhbət etməmiş onun yerinə cavab vermişdim. Özü mənimlə danışanda onun da niyyətinin bu olduğunu dedi. Dedi ki, “mən seçki proseslərinə etiraz etmişdim, seçkini qəbul etməmişdim. Amma qaldı sizlərin Vətən bloku ilə işinə xeyir-dua verirəm”. O, etirazını seçkilərə bildirirdi. “Ayda bir, ya iki dəfə İrana gedirəm” -AİP-in adı gələndə daha çox İranla sıx əlaqələrə malik partiya yada düşür. Seçkidən sonra bu ölkə ilə əlaqələriniz necədir? -İranla əlaqələrimiz sadəcə dini baxımındandır. Bizim dini rəhbərimiz Əli Xamneyi ordadır. Biz İrana ancaq dini, şəriət baxımından yaxınıq. Amma öz ölkəmiz, öz dövlətimiz var. Ölkəmizin öz prezidenti var. Bunu siyasi məsələlərə qatmaq olmaz. Bu əlaqələr sırf mənəvi əlaqələrdir. Biz müsəlmanıq, onlar da. Biz də məhərrəm, aşura keçirik, onlar da. Qaldı ki siyasi məsələlərdə ayrı-ayrı dövlətdir. Bizim öz dövlətimiz, öz prezidentimiz var, bunu qarışdırmaq olmaz. -Belə məlumatlar var idi ki, siz bu yaxınlarda İrana gizli formada səfər etmişiniz? -Bunun heç bir gizli forması yoxdur. Bu səfərlər rəsmi deyil. Mənim ailəm ordadır. Uşaqlarım məktəbi orda oxuyur. Burda İran səfirliyinin məktəbində oxuyurdular. Sonra hökumət orda oxumağı azərbaycanlılara qadağan etdi. İran məktəbi azərbaycanlı uşaqları çıxardı. Mən də məcbur oldum ki, təhsillərini davam etmək üçün övladlarımı İrana aparıb. Hazırda onlar üçün kirayə ev tutmuşam, orda təhsil alırlar. Mən də təbii olaraq, ayda bir, ya iki dəfə ailəmə baş çəkmək üçün İrana gedirəm. Bu işlə bağlı deyil, səfərimin rəsmi tərəfi yoxdur. Ona görə də bunu heç yerdə elan etmirəm. “O mənim də, Afrikada yaşayanın da, Amerikada olanın da rəhbəridir” -Bəs, AİP-in maliyyələşməsi necə aparılır, maliyyəni də İranın etdiyi deyilirdi? -Bizim qeydiyyatımız yoxdur. Yəni rəsmi olaraq üzvlük haqqı yığmırıq. Amma camaat ianələr edirlər. Rəsmi qaydada olmasa da, bu fərdi qaydada olur. Azərbaycanın bölgələrində 30-dan çox komitəmiz var. Onlar hər biri ianələri toplayıb göndərəndə kifayət qədər məbləğ edir. Dində belə bir şey də var ki, ehsan edən insanlar da yardım edirlər. Bu da büdcəmizə köməklik göstərir. -İran tərəfindən hansısa fərdi qaydada ianə verən olubmu? -Xeyr, olmayıb. Yenə deyirəm, bizim İranla dini bağlılıqdan savayı heç bir bağlılığımız yoxdur. Sadəcə mənim dini rəhbərim ordadır ki, o mənim də, Afrikada yaşayanın da, Amerikada olanın da dini rəhbəridir. Lakin mənim öz ölkəm var. Mən orda təhsil almışam, amma orda qalmıram. Heç vaxt vətənimdən getmərəm, təhsilimi aldım, qayıtdım. Əgər burda dini mədrəsə qadağan etməsəydilər, uşaqlarımın da orda təhsil almasına razı olmazdım. Bizim öz maraqlarımız, öz ölkəmiz, öz dövlətimiz var. -İrana bağlılıq “Vətən” blokuna qoşularkən necə qarşılandı? -Bizim siyasi fəaliyyətimizin İrana diqqətimizlə bağlılığı yoxdur. Bu ona oxşayır ki, müxtəlif zonadan olanlar işbirliyinə gələndə birləşirlər. Bizi bir məqsəd birləşdirir ki, o da xalqımızın xoşbəxt gələcəyidir. Hər üç partiya öz vətəni, xalqı, xalqın gələcəyi üçün düşünür və bu yolda irəliləmək istəyir. Öz qüvvələrimizi birləşdirdik ki, buna nail ola bilək. “Dini dövlət quruluşunu ölkədə görmürük” -Artıq 2015-ci il seçkilərinə hazırlaşdığınızı deyirsiniz. AİP hakimiyyətə gəlsə, yaxud iqtidarda paya sahib olsa Azərbaycanda dini dövlət quruluşunu həyata keçirmək kimi bir niyyəti var? -Dini dövlət elədir ki, gərək buna zərurət olsun. Əgər camaat özü istəyərsə, ölkədə hamının dindar olduğu bir səviyyə yaranarsa, buna zərurət ola bilər. Amma bizim ümumilikdə belə bir fikrimiz yoxdur. Cəmiyyətin də hazırlığı yoxdur. Çünki hamı dindar deyil. Məqsədimiz ədalətli, doğru, düzgün, xalqın hüquqlarını qoruyan hüquqi dövlət qurmaqdır. Biz istəyirik ki, ölkəmiz həqiqətən azad olsun. Heç kəsə bağlılığımız olmasın. İdeyalarımız, prinsiplərimiz sırf xalqın, vətənin mənafeyinə yönəlib. Dini dövlət quruluşunu isə ölkədə görmürük. Hətta camaat istəsə hakimiyyət məsələsində belə sivil yolun tərəfdarıyıq. Ümumi məqsədimiz hakimiyyətə gəlmək deyil. -İrana dini yaxınlıq baxımından maraqlıdır, AİP-in üzvləri arasında şiə olmayanlar var? -Bizim nizamnaməyə görə məzhəbindən asılı olmayaraq, hər kəs partiyaya üzv ola bilər. Vacib deyil ki, islamçı olsun. İslam Partiyası olsaq da, adımızın önündə Azərbaycan sözü var. Sadəcə olaraq idarə heyəti islamçılardır. Amma üzvlərimiz müxtəlifdir. Əsas odur ki, azərbaycanlı olsun, xalqına sadiq olsun, nəinki xain. -Ölkədə süni-şiə qarşıdurması haqqında fikirlər səsləndirilir. Siz bu barədə nə düşünürsünüz? -Biz belə adamları tənqid etmişik. İslam özü də bunu tənqid edir. Hər kəs ki, sünni-şiə söhbəti salırsa, onun özü heç müsəlman deyil. Məqsəd ancaq təfriqə, ixtilaf salmaqdır. “Tolerantlıq” sözü müasir zamanda gündəmə gəlib, İslamda isə bu həmişə olub. İslam nəinki məzhəbinə, heç irqinə də fikir vermir. Quran ayəsinə əsaslansaq, buyurulur ki, sizin bir birinizin Allah yanında fərqiniz yalnız imanınızdadır. Nə dərəcə Allaha çox inansanız bir-birinizdən üstünlüyünüz ancaq bu ola bilər. “İlyas bəy, mövqeyindən istifadə edib qeydiyyat məsələmizə kömək edə bilər” -Siz seçkidən əvvəl İlyas İsmayılovu dəstəkləmənizin səbəblərindən biri kimi, vaxtilə onun AİP-ə qeydiyyat, ofis və digər məsələlərdə yardım etməsini göstərmişdiniz. Daha sonra eyni yolda addımlamağınız belə ehtimal yaradır ki, İ. İsmayılov AİP-in qeydiyyat məsələsini də həll edəcək. -Təbii ki, bu, mümkündür. Biz həmişə qeydiyyata üçü çalışırıq. Həmişə fəaliyyətimizin qanun çərçivəsində olmasını arzulayırıq. Qanundan kənara çıxmaq istəməmişik. Hələlik bu alınmayıb. Vaxtilə İlyas bəy nazirlikdə olarkən kömək etmişdi, hazırda o, Milli Məclisin üzvüdür. Onun hörməti daha çoxdur, sözü daha tez eşidilər. Bunları başqa mənada demirəm. Sadəcə olaraq, bir adamı tanınmış adam tanıtdıranda daha yaxşı olur. İlyas bəyə həm deputat, həm də insan kimi etimad çoxdur, hörməti var. Müəyyən əlaqələri var. Biz bilirik ki, mövqeyindən istifadə edib qeydiyyat məsələsinə kömək edə bilər. Bu alınmasa belə, ən azından blok şəkilində bir yerdəyik. Onların qeydiyyatı olduğuna görə blok şəkilində fəaliyyətimizi qanuni şəkildə apara bilərik. -Qeydiyyatla bağlı kömək üçün İlyas İsmayılovla danışıqlar aparmısınız? - İlyas bəyə demişik ki, nə vaxt imkan olsa, fürsət düşsə, bu məsələdə bizə yardımçı olsun. İnanırıq ki, o bunu parlamentdə qaldıra, yaxud digər formada həll edə bilər. Bir məclisdə məsələ qaldıraraq, yaxud necəsə minnətdar olarıq. “Bəlkə hökumətin də “Vətən” blokunu seçməyimizdə öz maraqları olub” -AİP Milli Şuranı deyil, “Vətən” bloku seçməsi həm də hökumətin dini elektoratın radikallaşmaması üçün atdığı addımlardan biri hesab edilirdi. İslamçıların Milli Şuraya dəstək verməməsi iqtidarın əsas rəqibinin zəifləməsinə səbəb olduğu üçün bu ehtimal güclü idi. Artıq seçki bitib. Həqiqətənmi seçki öncəsi belə məsələlər var idi? -Bunu mən deyə bilmərəm. Bizim “Vətən” blokuna getməyimizdə hökumətlə maraqlarımız üst-üstə düşübsə, bu bizim təşəbbüsümüz deyildi. Dövlət hər şeyi ictimaiyyətə açıqlamır. Ola bilsin ki, burda hansısa sirr var imiş. Bəlkə də hökumətin də “Vətən” blokunu seçməyimizdə öz maraqları olub. Amma bizim xəbərimiz yoxdur. Biz sadəcə olaraq, Hacı Mövsüm Səmədovun xeyir-duası və Baş Məclisin təsdiqi ilə bu addımı atdıq. Qarşımızda iki yol var idi: Milli Şura ya da “Vətən” bloku. Azad formada səsverməyə çıxartdıq. Ədalətli şəkildə, heç bir təzyiq olmadan səs vermə keçirildi və “Vətən” blokunu seçdik. Baş Məclis də qərar çıxartdığı üçün bu bizim üçün, sədrdən tutmuş, hər kəs üçün əmrdir. Hansı ki, əvvəl öz namizədimiz Mövsüm Səmədov idi. Bu alınmadıqda isə belə bir addım atdıq.