Professordan sərt xəbərdarlıq

“Həbib Zərbəliyev ya aldığı maaşı dövlətə qaytarmalı, ya da işləri yekunlaşdırmalıdır"
“Həbib Zərbəliyevə işləri qaydasına salmaq üçün 1 ay vaxt verilib. İşləri yarıtmadığını, müvafiq proqram üzrə ona tapşırılmış işi yerinə yetirməkdə aciz olduğunu qeyd etsin, ondan sonra işdən çıxmaq ərizəsini imzalayacam.  Ərizəsi yazılana qədər işə gəlməsə, ona intizamsızlıq töhməti verəcəm. Monitorinq şöbəsinin rəhbəri olaraq 5 ay maaş alıb, üstəlik institutda baş mütəxəssis kimi işləyərək maaş alıb. O ya aldığı maaşı dövlətə geri qaytarmalı, ya da işləri yekunlaşdırmalıdır. Əks halda, onu məhkəməyə verəcəyik. Məhkəmə yolu ilə iş gördüyünü sübut etsə, cəmiyyət qarşısında ondan üzr istəyəcəm”.Dilçilik İnstitutunun direktoru professor Tofiq Hacıyev Teleqraf.com-a açıqlamasında bu fikirləri bildirib. O, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq H.Zərbəliyevə tapşırılmış işin yerinə yetirilmədiyini deyib.Qeyd edək ki, institutda dövlət proqramına əsasən, yaradılmış monitorinq şöbəsinin müdiri olan H.Zərbəliyev dünən mətbuata açıqlama verərək direktor və köməkçisinin ona qarşı haqsızlıq etdiyini bildirib. T.Hacıyev isə deyir ki, həmin şöbənin fəaliyyəti barədə mayın 16-da iclas keçirilib: “İclasda Həbib Zərbəliyev ona tapşırılan işi yerinə yetirməməsini proqramçıların olmaması ilə əlaqələndirdi. Halbuki institutun proqramçıları var və lazım olsa, yetişdirə bilərik. O, isə kənardan yeni proqramçı gətirmək istəyirdi. Üstəlik 1500 manata maaş verilməsi şərti ilə. Biz bunu necə təmin edə bilərik? Bizim proqramçılar isə 200-300 manat maaş alır. Görünür, kənardan başqa bir şəxsin gəlməsi onun marağında imiş”. T.Hacıyevin fikrincə, H.Zərbəliyev vəzifəsinə münasib olaraq “Qaynar xətti” fəaliyyətinin onu qane etmədiyini deyib ki, bu da əsaslı irad deyil: “Çünki problemləri aşkarlamaq üçün yalnız “Qaynar xətt” şikayətləri ilə kifayətlənmək olmaz. Monitorinq şöbəsinin fəaliyyəti təkcə şikayətləri qeydə almaq deyil, dərman, reklam, küçə adlarının monitorinqini aparmaqdır. Məsələn, aptekdəki dərmanların içində yazılar müxtəlif dillərdədir. Monitorinq şöbəsi onların hamısını aşkar edib, tərcümə etməli idi. Bunun üçün də Səhiyyə Nazirliyi ilə, küçələrdə aparılan monitorinqlər üçün müvafiq icra hakimiyyətləri ilə də müqavilə bağlanmalı idi. Bunun üçün də müvafiq qurumlardan görülən işə görə, instituta pul köçürülməli idi. Bu vaxta qədər isə heç bir təşkilatla müqavilə imzalanmayıb”. T.Hacıyev bildirdi ki, yalnız H.Zərbəliyev deyil, şöbənin digər əməkdaşları da plansız işləyib. “Azərbaycan Dövlət Televiziyası ilə əlaqə yaratmışıq ki, ayda bir dəfə monitorinqin nəticələri barədə məlumat verilsin. Amma monitorinqİN nəticəsi olmayıb. İşlər planlı şəkildə aparılmayıb. Hər dəfə soruşanda iş getdiyini deyirdi, hesabatda məlum oldu ki, şöbə ölü vəziyyətində olub”.