Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya Bundestaqının vitse-prezidenti Xocalı faciəsindən danışıb - Foto

“Xocalıda baş verənlər insanlığın faciəsidir”...

Martın 5-də Azərbaycanın Almaniyadakı səfirliyi, Alman-Azərbaycan Forumu, Almaniya Atlantik Cəmiyyətinin birgə təşkilatçılığı və SOCAR-ın Almaniya nümayəndəliyinin dəstəyi ilə Xocalı soyqırımının ildönümü münasibətilə Almaniya Bundestaqının nəzdindəki Alman Parlament Cəmiyyətində 8-ci “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” simpoziumu keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, Alman-Azərbaycan Forumunun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer simpoziumu giriş sözü ilə açaraq, Xocalı qətliamı və Ermənistan-Azərbaycan münaqişəsi, eləcə də Azərbaycan-Almaniya münasibətlərinin müxtəlif aspektlərinə toxunub.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirdə çıxış edib. Azərbaycan-Almaniya münasibətlərindən bəhs edən səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin də bu münasibətlərin gündəliyində yer alan mühüm məsələ olduğunu qeyd edib. Onun sözlərinə görə, münaqişənin həllinə dair nikbinlik demək olar ki, yoxdur və bunun səbəbi Ermənistanın öz işğalçılıq siyasətindən əl çəkmək istəməməsidir. 2020-ci il Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham ƏliyevErmənistan Baş naziri Nikol Paşinyan arasında keçirilmiş ictimai debatlara istinad edən səfir Azərbaycan Prezidentinin münaqişəyə dair həqiqətləri dünya ictimaiyyətinə çatdırdığını, Ermənistanın hazırkı iqtidarının isə yalan və populizm üzərində qurulmuş ritorika ilə ictimaiyyəti aldatmaq və status kvonu saxlamağa çalışdığını vurğulayıb.

R.Həsənov bildirib ki, torpaqları işğal olunmasına və bir milyondan artıq qaçqın və məcburi köçkünü olmasına baxmayaraq Azərbaycan münaqişənin sülh yolu ilə həll olunmasına çalışsa da, Avropanın ən çox hərbiləşmiş ölkəsi olan Ermənistan sülhə hazır deyil. 28 il əvvəl Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı cinayəti törətmiş şəxslər isə nəinki öz cəzalarını almayıblar, onlar hətta sonradan müxtəlif yüksək vəzifələrə yiyələniblər. Səfir Almaniya və Avropa İttifaqını Ermənistanı Azərbaycanla sülhə, öz qonşuları ilə konstruktiv davranışa, eləcə də qonşu ölkələrə qarşı ərazi iddialarından əl çəkmək üçün inandırmağa çağırış edib. Bildirib ki, işğala son qoyulması və azərbaycanlıların öz evlərinə qayıtması münaqişə tərəfləri arasında etimadın qurulmasında həlledici ola bilərdi. R.Həsənov vurğulayıb ki, münaqişənin tezliklə həlli ilk növbədə aclıq və səfalətdən əziyyət çəkən Ermənistanın, eləcə də bütün regionun və region ölkələrinin tərəfdaşlarının marağında olmalıdır.

Bundestaqın vitse-prezidenti Tomas Opperman çıxış edərək, Xocalıda baş verənləri insanlığın faciəsi adlandırıb. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının araşdırılmalı olduğunu, Almaniyanın bu prosesə dəstək verməyə hazır olduğunu qeyd edib. Bildirib ki, münaqişənin tezliklə həlli üçün tərəflər iradə nümayiş etdirməlidir. T.Opperman həmçinin Azərbaycanın mürəkkəb geosiyasi mövqedə yerləşdiyini və regionda təhlükəsizliyin təmin edilməsinin Almaniyanın maraqlarında olduğunu vurğulayıb.

Azərbaycan-Almaniya münasibətlərini səciyyələndirən T.Opperman bu münasibətlərin 200 illik tarixə malik olduğunu, ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin yüksək səviyyədə olduğunu, eləcə bunun daha da dərinləşdirilməsi üçün mövcud olan imkanları qeyd edib. Bundestaqın vitse-prezidenti Azərbaycandakı multikultiralizm və dini tolerantlığı yüksək qiymətləndirib, ölkəmizi bu mənada digər ölkələr üçün nümunə olduğunu bildirib.

Tədbirdə çıxış edən Almaniyanın Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya şöbəsinin müdiri Anke Konrad sözügedən simpoziumun Xocalı qurbanlarının anımı məqsədilə keçirildiyini qeyd edib və bildirib ki, Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən biridir. Münaqişənin həllinin iqtisadi inkişaf və insanların rifahı üçün yaradacağı imkanlardan bəhs edən A.Konrad son zamanlar Minsk Qrupu çərçivəsində ErmənistanAzərbaycan arasında görüşlərin artmasını məmnunluqla qeyd edib, eyni zamanda tezliklə məzmunlu danışıqların başlanmasına ümid etdiklərini vurğulayıb.

İki ölkə arasında iqtisadi, humanitar, vətəndaş cəmiyyəti sahəsində münasibətlərə toxunan alman diplomatı Azərbaycanı Almaniyanın regionda əsas iqtisadi tərəfdaşı adlandırıb, Cənubi Qaz Dəhlizi layihəsinin əhəmiyyətini, region ölkələri arasında yalnız Azərbaycanda Alman Xarici Ticarət Palatasının fəaliyyət göstərdiyini, Almaniyanın ölkəmizdə həyata keçirilən müxtəlif layihələrə dəstək verdiyini qeyd edib.

Daha sonra simpoziumda Bundestaqın deputatları - Xarici işlər komitəsinin sədr müavini, Almaniyanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Daniela De Ridder, Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının Şərq Tərəfdaşlığı ölkələri üzrə məruzəçisi, Xarici işlər komitəsinin üzvü Nikolas Löbel, Almaniya-Cənubi Qafqaz parlament qrupunun üzvü Eberhard Qinqer və jurnalist Birqit Vetselin iştirakı ilə panel müzakirələri keçirilib.

Panelin aparıcısı, Boxum Universtetinin beynəlxalq hüquq üzrə professoru Hans-Yoaxim Hayntse müzakirələrə giriş verərək münaqişənin hüquqi aspektlərinə toxunub. Xocalıda baş verənləri soyqırımı adlandıran alman professor bu cinayəti törədənlərin cəzalandırılmasının həm hüquqi nöqteyi-nəzərdən zərurət, həm də cinayət qurbanları qarşısında mənəvi borc olduğunu diqqətə çatdırıb. Aparıcı həmçinin Almaniya təcrübəsinə istinadən, hər bir ölkənin öz neqativ keçmişinə də obyektiv qiymət verməli olduğunu vurğulayıb.

N.Löbel Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu və bu faktın BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapdığını vurğulayıb. Deputat qeyd edib ki, hazırkı status kvo Almaniya üçün qəbuledilməzdir. Çünki regionda sabitliyin olması Almaniyanın strateji marağındadır və Azərbaycan Almaniyanın etibarlı tərəfdaşıdır.

D.De Ridder münaqişənin həllinə dəstək vermək üçün ATƏT Parlament Assambleyası çərçivəsində mövcud olan təşəbbüslərdən bəhs edib və şəxsən özünün bu proseslərin daha da sürətlənməsi üçün dəstək göstərməyə hazır olduğunu bildirib.

E.Qinqer təmsil etdiyi parlament dostluq qrupunun fəaliyyətindən və Azərbaycana səfər təəssüratlarından danışıb. Azərbaycanda gördüyü inkişaf, milli-mədəni müxtəliflik, ölkənin Avroviziya, Avropa Oyunları, Formula 1 və sair kimi mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsinin layiqincə qiymətləndirilməli olduğunu vurğulayıb.

Jurnalist B.Vetsel Azərbaycanı müxtəlif mədəniyyətlərin kəsişdiyi ölkə və tolerantlıq nümunəsi adlandırıb. Həmçinin Azərbaycanın Avropa İttifaqının etibarlı enerji tərəfdaşı olduğunu qeyd edib, Cənub Qaz Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətindən bəhs edib, onların reallaşmasında ölkəmizin rolunu vurğulayıb, eləcə də bu layihələrin kənar təhlükələrdən qorunması üçün Avropa İttifaqının üzərinə məsuliyyət götürməli olduğunu bildirib.

Panel iştirakçıları daha sonra auditoriyadan səsləndirilmiş sualları cavablandırıblar.

Simpoziumda tədbir iştirakçılarına Xocalı soyqırımı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair materiallar təqdim olunub.

Tədbirdə Bundestaqın deputatları, Almaniyanın Xarici İşlər Nazirliyi və digər hökumət qurumlarının nümayəndələri, siyasi, elmi və mədəni dairələrin, KİV-lərin, Almaniyada akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin, Azərbaycan diasporunun təmsilçiləri və Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

pia.az

 

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar