Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alimpaşa Məmmədovun həbs məlumatının iki məqamı

İqtisadçı Rövşən Ağayev Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun həbsi barədə rəsmi məlumatın iki məqamına diqqət çəkib.

Alimpaşa Məmmədov aprelin 26-da tutulub, aprelin 27-də vəzifədən azad edilib. O, 8 oktyabr 2014-cü ildən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı idi.

Aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti Məmmədovun həbsi ilə bağlı rəsmi bilgi yayıb. Qeyd olunub ki, Məmmədovun Çinarlı bələdiyyəsinin təsis etdiyi, mülkiyyətində 2 milyon 844 min manat dəyərində əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adilzadə Adil və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə 40 manata satılmasını, Şəmkir şəhər bələdiyyəsinin təsis etdiyi, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə 180 manata satılmasını təmin edib xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr üzə çıxıb.

Açıqlamaya görə, Məmmədovun Şəmkirdə abadlıq işlərinin görülməsi ilə bağlı “Ağstafasutikinti” MMC-nin hesabına köçürülmüş 218 min manat külli miqdarda pul vəsaitini nağdlaşdıraraq təkrar mənimsəmə yolu ilə ələ keçirməsinə, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, rayon ərazisində sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeçiliyində olan şəxslər vasitəsilə rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, Məmmədovun həmçinin rayon icra hakimiyyəti başçısının ərazi icra nümayəndələri və digər yerli dövlət təsisatlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında 3 min-10 min manat məbləğində pul vəsaitləri tələb edərək almasına dair əldə edilmiş məlumatlar üzrə araşdırma aparılır: “Eləcə də mənimsəmə və rüşvət alma yolu ilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədlə 832 min manat vəsaitin oğlu Adil Adilzadənin adına təsis etdiyi “Az Forel” MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr var.

Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Alimpaşa Məmmədov mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma ittihamları ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib”.

Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev yazır ki, kürsüdən həbsə göndərilən sabiq icra başçısı ilə rəsmi açıqlamada iki detal diqqət çəkir: “Bilgiyə əsasən, Alimpaşa Məmmədov mənimsəmə və rüşvət yolu ilə qazandığı 832 min manatı ailəsinə məxsus “Az Forel” MMC-nin balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə yönəldib, nəticədə cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılmasına şübhələr yaranıb.

Bəlkə diqqətimdən qaçıb, hələ heç bir məmura rüşvət yolu ilə qazandığı vəsaitləri biznes layihələri hesabına leqallaşdırmaq ittihamı irəli sürülməmişdi. Əgər vəzifəli şəxslərin özlərinin və ailə üzvlərinin əmlakının mənbəyinin sorğulanması presedenti yaranırsa, bunu davam etdirmək pis olmaz. Əmlak reyestrində, banklarda hər kəslə bağlı məlumatlar var. Çox təcili gəlir və əmlak bəyannaməsinə keçib hər kəsi sahib olduğunu dəqiq məlumatlar əsasında cəmiyyətə açıqlamağa məcbur etmək lazımdır. Artıq bu vəziyyətdə, cəmiyyətin ortaq razılaşması əsasında vəzifədən getmək, siyasi hakimiyyətlə bütün bağları kəsmək, qanunsuz qazandıqlarının müəyyən hissəsini dövlət büdcəsinə vergi formasında ödəmək şərtləri ilə maliyyə amnistiyası aktuallaşa bilər.

Açıqlamadakı digər vacib detal icra başçısının yalnız ittiham aktına düşən sərvətinin dəyəri ilə bağlıdır. Məlum olur ki, təkcə bu əmlak hesabına sərvətin dəyəri az qala 5 milyon manatdır.

Təcrübə göstərir ki, sabiq başçının bahalı mənzilləri və maşın kolleksiyası da olmamış deyil, əks halda Azərbaycan sayağı sərvət ansamblı pozulmuş olar.

Ölkədə yüz minlərlə ailənin çörək pulu uğrunda mübarizə apardığı məmləkətdə icra başçısının 10 milyonlara manat sərvət sahibi olması əmlak və gəlir qeyri-bərabərliyinin fəlakətli miqyasını göstərir”.

2019-cu ilin dekabr ayında Ağstafanın icra başçısı və Yevlaxın sabiq icra başçısı, 2020-ci ilin fevral ayında Neftçalanın icra başçısı, aprel ayında Biləsuvarın icra başçısı, may ayında İmişlinin icra başçısı, avqust ayında Kürdəmirin icra başçısı, dekabr ayında Cəlilabadın icra başçısı həbs edilib. Onların hamısına mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma kimi ittihamlar verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar