Şənbə, 31 İyul 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Patı" dəhşəti qadınlardan da yan keçmir: Zərif cinsin nümayəndələri "zərif" görünmək üçün "ağ ölüm"ü seçirlər

Bir neçə gündür ki, ölkəmizdə metamfetamin, narkomanlar arasında "patı" adlandırılan narkotik vasitə satan dəstələr ifşa olunur. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində onlarla "patı" və digər narkotik vasitə satan narkotacirlər iş başında yaxalanıb.

Əməliyyat tədbirləri göstərir ki, "patı"nın ölkəmizdə satışı geniş miqyas alıb və bu hüquq-mühafizə orqanlarını ciddi narahat edir. Bu məsələ sosial platformada da geniş müzakirə mövzusuna çevrilib. Hər kəs övladının bu narkotik vasitənin qurbanına çevriləcəyindən narahat olur. Hətta "patı"nın ölkəmizdə istehsal edildiyini söyləyənlər də var.

Sputnik Azərbaycan "patı" adlandırılan narkotik vasitənin ölkəmizə necə gətirildiyi, digər narkotik vasitələrdən fərqi, fəsadları və sair məqamları araşdırıb.

Ölkədə "patı" xofu və ya metamfetamin çevrilib necə "şüşə" və "patı"oldu?

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov bildirib ki, "patı" adlandırılan narkotik vasitə əslində əvvəllər "şüşə" adı ilə istifadə edilən maddədir. Onun sözlərinə görə, narkotacirlər ələ keçməkdən yayınmaq üçün onun adını dəyişiblər: " "Patı" metamfetamindir. Lap əvvəllər onun satışını "patpres" yəni "şüşə", indi isə "patı" adı ilə təşkil edirlər. Metamfetamin şüşə qırıntılarına bənzədiyi üçün ona bu adı veriblər. Metamfetamin narkotik vasitədən çox psixostimuliyatordur. Sintetik psixostimuliyator olan metamfetamin lap əvvəllər tibdə istifadə üçün istehsal olunub. Sonradan isə geniş yayılaraq kustar üsulla hazırlanmasına başlanılıb".

"Patı" istifadə edənlərdə hallüsinasiya meydana çıxır...

P. Məmmədov deyir ki, son iki ildir ki, metamfetamin (patı) Azərbaycanda geniş yayılıb. Narkoloq həkim onun ölkəmizə əsasən İran İslam Respublikasından qaçaqmal yolu ilə gətirildiyini söyləyir. P. Məmmədov deyir ki, metamfetamin Azərbaycanda o qədər geniş yayılıb ki, artıq narkomanlar arasında heroini tək istifadə edən yoxdur. Həmsöhbətimiz metamfetaminin digər narkotik vasitələrdən daha təhlükəli olduğunu söyləyir. Onun sözlərinə görə, metamfetamin psixostimuliyator olduğundan bədənin enerji potensialını beyinin iş fəaliyyətinə yönəldir. Beyin bu maddəni istifadə etdikdən sonra aktiv qalır. Beləcə yuxu pozulur, iştah kəsilir, insan daim hərəkətdə olmaq istəyir. Amma təsiri getdikdən sonra insanda tükənmə, yorğunluq, uzun müddət süstlük yaranır. Bundan əlavə mütəmadi istifadə zamanı beyin uzun müddət oyanıq qaldığı üçün psixoz baş verir. Bu zaman xəstədə aqressiya, halusunasiya meydana çıxır:

"Valideynlər də bizə bu şikayətləri edirlər ki, metamfetamin istifadə edən övladları onlara qarşı çox aqressivdir, gözünə daim nəsə görünür və sair. Belə xəstələr yemək yemir, qısa müddətdə çəki itirirlər. Metamfetamin sintetik maddə olduğundan, onun istifadədən sonra parçalanması zamanı qaraciyər, böyrəklər də ciddi zərər görür. Çünki, orqanlar gərgin iş rejimində işləyir".

Qadınlar "patı" qurbanına çevrilib

P. Məmmədov bildirir ki, ən təhlükəli məqamlardan biri də "patı" istifadəçilərinin günü-gündən cavanlaşması, onların arasında qadınların olmasıdır: ""Patı" istifadə edənlərin yaş həddinə baxsaq görərik ki, onlar daha çox 25-35 yaş arası gənclərdir. Ən təhlükəlisi isə bu psixostimuliyatoru istifadə edənlərin arasında qadınların sayının günü-gündən artmasıdır. Qadınlar "patı"dan daha çox arıqlamaq üçün istifadə edir, daha sonra onun aludəçisinə çevrilirlər".

Həkim bildirir ki, qadınları çox vaxt metamfetaminə arıqlamaq adı ilə təklif edirlər: "Metamfetamin insanı kəskin arıqladır, enerji parçalanmasını, metabolizmi sürətləndirir. Ona görə də, bunu istifadə edənlər tez arıqlayır. Sonra isə onun fiziki asılılığından çıxa bilmirlər. Hətt gəncləri dərs oxumaq, imtahana yaxşı hazırlaşmaq adı ilə də metamfetinə cəlb edənlər olur. Beyin onu istifadə etdikdən sonra doğurdan da iş qabiliyyəti artır. Amma sonrakı fəsadları asılılıq yaradır" deyə P. Məmmədov bildirir.

Psixi asılılıq yaradır...

Həkim bildirir ki, "patı"adlandırılan metamfetin fiziki asılılıq yaratmayan maddədir: "Amma bu narkotik vasitə psixi asılılıq yaradır. Beyin daim fəaliyyətdə olduğundan, aktiv iş rejiminə öyrəşir. Normaya qayıtdıqda normanı qəbul edə bilmir. Bu zaman xəstədə depressiya baş verir. Depressiyanın müalicəsini isə narkoloq yox, psixiatr və psixoterapevt etməlidir. Bundan sonra xəstə reabilitasiya keçməlidir" deyə P. Məmmədov söyləyir.

Şöbə müdiri deyir ki, metamfetamin kokaninə bənzər maddədir: "Kokain də psixostimuliyatordur. Remissiya almaq üçün xəstə üzərində davamlı işləmək lazımdır. Psixi asılılıq olduğundan reabilitasiya aparılmasa xəstə həmin maddənin yenidən aludəçisinə çevrilə bilər" deyə narkoloq söyləyir.

Metamfetaminin gizli marşrutu...

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçiyeva bildirib ki, "Patı" və "şüşə" adlandırılan narkotik vasitələr metamfetamindir. Bu narkotik vasitələr qaçaqmal yolu ilə İran İslam Respublikasından gizli yolla gətirilir. O, bildirir ki, "patı" satan dəstələrin ələ keçməsi təbii ki insanlar arasında təşviş yaradır. Amma onların ələ keçməsi, ölkəmizdə insanları bu bəladan xilas etməyə yönəlib.

"Patı" niyə "su" qiymətinə düşüb?

L. Yolçiyeva deyir ki, "patı" adlanan narkotik vasitənin satışının artmasının bir əsas səbəbi qiymətinin çox ucuz olmasıdır: "Hətta bu gün satışda "patı"nı 10-15 manata təklif edənlər var".

L. Yolçiyeva bildirir ki, metamfetaminin istifadəsinin artması çox təhlükəlidir. L. Yolçiyeva qiyməti ucuz olduğundan, bu narkotik vasitənin məktəb yaşlı uşaqlara belə təklif edildiyini söyləyir. Onun sözlərinə görə, qiymətinin ucuz olması bu narkotik vasitəni əlçatan edir. Həmsöhbətimiz bildirir ki, "patı"ya maraq yaratmaq üçün gənclərə stressi atmaqda kömək edən vasitə kimi təqdim olunur. L. Yolçiyeva sintetik tərkibli narkotiklərin istifadəsinin daha təhlükəli olduğunu, uzun müddət istifadənin sinir sisteminə çox mənfi təsiri olduğunu deyir.

Sosial şəbəkələr narkotik bazarına çevrilib

L.Yolçiyeva bildirir ki, pandemiya dövründə kafe-barların fəaliyyətinin dayandırması narkotik vasitələrin sosial şəbəkələr üzərində satışını sürətləndirib. O, bildirir ki, hazırda narkotik vasitələr kafe və qəlyan evləri ilə yanaşı, sosial şəbəkədə də satılır. Onun sözlərinə görə, bu gün instaqramda sintetik narkotik vasitə satışı həyata keçirən səhifələr fəaliyyət göstərir.

"Patı" ölkəmizdə istehsal olunur?

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nəcəf Aydınoğlu isə "patı" kimi tanınan narkotik maddənin ölkəmizdə istehsalını qəti təkzib edir.O, bildirir ki, sosial şəbəkə istifadəçiləri və ictimai fəallar ölkədə narkotik vasitələrin istehsalının həyata keçirildiyini iddia etsə də bu öz təsdiqini tapmayıb: "DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi və ərazi polis orqanları tərəfindən bu barədə gedən söhbətlərlə əlaqədar əməliyyat tədbirləri həyata keçirilib. Şübhə doğuran bir sıra hallar tərəfimizdən yoxlanılıb. Lakin ölkə ərazisində narkotik vasitələrin istehsalını və satışını həyata keçirən hər hansı şəxs tərəfimizdən müəyyən edilməyib. Buna görə deyə bilmərik ki, ölkədə narkotik vasitələrin istehsalı həyata keçirilir".

Narkotacirlərin süni qiymət oyunu...

N.Aydınoğlu qeyd edib ki, narkotik vasitələrin və psixotrop maddələrin qiymətinin azalmasının və istifadəçilərin sayının çoxalmasının səbəbi narkotacirlərin qiymətləri süni şəkildə azaltmasıdır: "Qiymət azalmasını səbəbi bəzi şəxslərin ölkə ərazisində narkotiklərin satışını təşkil edəcək narkokuryerləri tapa bilməməsidir. Bu, DİN və hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri ilə bağlıdır. Narkokuryerlər qiymət baha olduğundan satış həyata keçirə bilmədikləri üçün narkotik vasitə ala bilmirdilər. Bu səbəbdən ölkə xaricində narkotacirlər qiymətləri süni şəkildə azaldır və onun yayılmasına süni şəkildə şərait yaradırlar. Bundan başqa narkotik vasitə istifadə edən şəxslərin sayının artması səbəblərindən biri də sosial şəbəkələrdə narkotik vasitələrin faydalı olması barədə fikirlərin səslənməsidir".

Polis iş başında...

Qeyd edək ki, dünən Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Samir Hüseynov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 0.3 qram çəkidə narkotik maddə olan "metamfetamin" (patı) aşkar edilib. S.Hüseynovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləi nəticəsində məlum olub ki, narkotik maddəni tanışı Mətləb adlı şəxs 10 manata satıb. Davam etdirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Mətləb Əliyev saxlanılaraq Polis Bölməsinə gətirilib. Onun üzərindən isə 0.33 qram narkotik maddə olan "metamfetamin" aşkar edilərək götürülüb.

Nizami rayon polisinin keçirdiyi digər tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İqbal Əlisgəndərov saxlanılmış, polis idarəsində üzərinə baxış keçirilən zaman 1.25 qram narkotik maddə heroin aşkar edilib. İdarə əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Asif Bağırov da saxlanılmış, onun üzərindən 0.2 qram narkotik maddə olan heroin aşkar edilərək götürlüb.

ŞBPİ-nin Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Hüseyn Allahverdiyev saxlanılaraq polis idarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 3.17 qram çəkidə narkotik maddə olan "metamfetamin" aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.

Narkomanların sayı artır...

Məlumat üçün onu da qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 33788 nəfər təşkil edib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından verilən məlumata görə, həmin şəxslərdən 28318 nəfəri dispanser, 5470 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 618 nəfəri qadındır. 9-u 15-17 yaşlarda, 18-34 yaşlar arası 12969 arası narkotik vasitə aludəçisidir. 23537 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 10251 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. Qeyd edək ki, əvvəlki ildə bu rəqəm 32921 olub.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sərxoş deputat polisi evindən çağıraraq öz obyektində döyüb - Hadisənin səs yazısı qeydə alınıb

Eldəniz Səlimova görə sürücüsü saxlanılan keçmiş icra başçısı danışdı

ABŞ-dan Azərbaycana təzyiqlər artır: Vaşinqtonun son addımları effektli ola bilər?..

Elçibəyin oğlunun toyundan görüntülər - Video

Prokurorluq: Deputatın polisi döyməsi faktı ilə bağlı cinayət işi başlanıb

Bu qidalar bağırsaq xərçənginə səbəb olur - Onkoloq açıqladı

Putinin “bir millət, iki dövlət” mesajı qəzəb doğurdu

Deputat polisi tək döyməyib: İşin içində icra başçısının sürücüsü və iş adamı da var

Saxta sənədlərlə ələ keçirilən maşınlar nazirin bacısının adına rəsmiləşdirilib?

Azərbaycanda benzin bahalaşdı - Rəsmi, Yenilənib

Ən çox oxunanalar