Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

““Gümrü” müqaviləsi ləğv edilsə, Ermənistan xeyli torpaq itirəcək”


Azərbaycan tarixində hadisələrin gedişatına təsir edən müəyyən müqavilələr olub. Bu müqavilələrdən biri də "Gümrü sözləşməsi"dir


Rusiyanın məşhur politoloqu Andrey Yepifançev bu yaxınlarda erməni tarixçilərinin və siyasilərinin “Gümrü müqaviləsi” ilə bağlı fikir və yazılarına qısa cavab verərək ermənilərin tarixi torpaqları hesab etdikləri əraziləri Türkiyəyə məhz ermənilərin özləri tərəfindən verildiyini bildirib. O, fikrini belə əsaslandırıb:

 “Gümrü müqaviləsinə əsasən, ermənilər İrəvan ətrafında kiçik ərazi istisna olmaqla hər şeyi türklərə verdilər. Moskva müqaviləsinə görə isə Rusiya, əksinə, ermənilərin türklərə verdiyi ərazilərin bir hissəsini Sovet Ermənistanının tərkibinə qaytardı. Müstəqil Ermənistan hazırda məhz həmin torpaqlarda bərqərardır”.

"Gümrü müqaviləsi" və o dövrdə baş verən tarixi proseslər barədə suallarımızı araşdırmaçı alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev cavablandırıb.

PİA.AZ Ölkə.az-a istinadən Zaur Əliyevlə müsahibəni təqdim edir:

- Gümrü müqaviləsinin imzalanma səbəblərindən danışardız.

- Erməni tarixçiləri "Gümrü müqaviləsi"nin imzalanması və onun qüvvədə qaldığı dövrü Ermənistan dövlətinin tarixində ən utancverici dövr sayırlar. Bəs yaxşı, Gümrü müqaviləsi niyə imzalandı sualına cavab axtaranlara bildirim ki, I dünya müharibəsindən sonra dünyanın yeni siyasi xəritəsi hazırlanırdı və burada böyük oyunlar Osmanlı imperiyasının torpaqları üzərində gedirdi. Osmanlı dövlətinin Antanta ilə bağladığı Sevr (Fransa) müqaviləsinin (10 avqust 1920) şərtlərinə görə Türkiyənin Şərqi Anadolu hissəsində erməni və kürd dövləti yaradılmalı idi. Lakin Mustafa Kamal Atatürkün yaratdığı Milli Mücadilə tərəfdarları Lozanna şəhərində Osmanlı Türkiyəsinin imzaladığı Sevr müqaviləsini tanımadı və həmin müqaviləni Osmanlı Türkiyəsinin imzaladığını qeyd etdi. Antanta dövlətləri və ermənilər bu sərt məntiqi diplomatiya qarşısında məğlub olaraq uydurma “erməni soyqırımı” məsələsini ortaya atdılar. Türkiyədən torpaq qoparmağın mümkün olmadığını görən ermənilər Qafqazda özlərinə yer axtarmağa başladılar. İrəvan quberniyasında yaşayan azərbaycanlılar yeni yaradılan Ermənistan daşnak hökumətinin 2 illik hakimiyyəti dövründə daha sərt, daha amansız qırğınlara, sözün əsl mənasında, soyqırıma məruz qaldılar. Azı 60 min azərbaycanlı qanına qəltan edildi. Məsələn, 1920-ci ilin aprelində İrəvəndan, Azərbaycan səfirliyindən pasport alıb Gəncəyə getmək istəyən Azərbaycan türklərindən 500 nəfəri Gümrü yaxınlığındakı bir stansiyada qatarlardan endirilərək güllələniblər.

1920-ci ilin mayında Ermənistanda bolşevik hərəkatı baş verdi və parlamentar hökuməti devirərək diktatorluq idarəsi quruldu. Ermənilər Oltuda qurulmuş yeni türk idarəçilərinə qarşı hücuma keçdilər. 7 iyul 1920-ci ildə Türkiyənin Xarici İşlər Nazirliyinin verdiyi xəbərdarlıqla əks hücuma keçildi. Səfərbərlik elanından 3,5 ay sonra Kötek və Bardız bölgələrində gedən şiddətli döyüşlər nəticəsində bu bölgələr geri alındı. Hücumunu gücləndirən türk birlikləri 29 sentyabrda Sarıqamışı, 30 sentyabrda isə Mendərəki ələ keçirdi. 30 oktyabr ayında Qars, 7 noyabrda Arpaçaydan Gümrüyədək olan bölgə türk orduları tərəfindən zəbt edildi. Yaranmış vəziyyəti görən ermənilər atəşi kəsərək sülhün bağlanması üçün türk ordusunun rəhbərlərinə müraciət etdilər. Ermənilərin müraciətini qəbul edən türk tərəfi 8 noyabrda öz şərtlərini ermənilərə bildirdi. Parisdəki erməni təşkilatı digər dövlətlərin iştirakını istədilərsə də, onların bu təşəbbüsləri bir nəticə vermədi və erməni tərəfdarları olan xarici dövlətlər bu müqavilənin imzalanmasında iştirak edə bilmədilər. Ermənilər türk tərəfinin tələblərini qəbul etmək məcburiyyətində qaldılar və 2-3 dekabr gecəsi "Gümrü müqaviləsi" imzalandı.

- Müqavilənin Türkiyə və bizim üçün xeyiri nə idi?

- Bu müqavilə həm Türkiyə, həm də Azərbaycan üçün xoş bir xəbər idi. 21 fevral 1921-ci ildə Ordubad qəzası İnqilab Komitəsi rəisi Abbasqulu Şadlinski Veysəl bəyə göndərdiyi məktubda yazmışdı: “Daşnak adını daha eşitməmək ümidi ilə, Böyük Türkiyənin himayəsi altında yaşamaq səadətinə nail olan xalqımız bu sevinci Ordubad qəzasında təntənə ilə qarşıladı. Bu xoş xəbərin birinci günü bayram elan edildi. Əhali bir-biri ilə bayram əhval-ruhiyyəsi ilə görüşür. Bu münasibətlə sizi təbrik edir və sizin vasitənizlə əhalimizin səmimi təbriklərini Böyük Osmanlı Millət Məclisinə və Ordu Komandanlığına bildiririk. Şərqi inqilab məzlumlarının azadlığı yolunda əhalimiz heç bir fədakarlıqdan çəkinməyəcək”.

- Müqavilənin hüquqi tərəfləri barədə danışın.

- Bu müqavilənin imzalanmasında Türkiyə dövlətini Şərq cəbhəsinin komandanı Kazım Qarabəkir paşa, Ərzurum Valisi Həmid bəy, Ərzurum Millət Vəkili Süleyman Nəcati bəy, Ermənistan tərəfini isə keçmiş Baş Nazir Aleksandr Hadisyan, Maliyyə Naziri Avram Külhandanyan, Daxili İşlər Naziri Stepan Qurqanyan təmsil ediblər. "Gümrü müqaviləsi" 18 maddədən ibarətdir.

Bu müqavilə Türkiyə Böyük Millət məclisinin imzaladığı ilk beynəlxalq müqavilədir.

Bu müqavilə 1920-ci ilin sentyabr‐dekabr ayları arasında türk ordusu ilə erməni silahlı birləşmələri arasında baş verən hərbi əməliyyatlara son qoymalı idi.

Müqavilə 18 maddədən ibarət idi. Müqavilənin şərtlərinə əsasən, Ermənistan hökuməti Türkiyə torpaqları iddiasından əl çəkməli, Ermənistan ərazisindən qovulmuş müsəlmanların qayıtması üçün şərait yaratmalı idi. Müqavilə həmçinin Ermənistan respublikası ilə Türkiyə arasında sərhəddi də müəyyən edirdi.

Bu müqavilənin şərtlərinə əsasən, Ermənistan sayı 1500 nəfərdən çox olmayan bir orduya malik olmalı idi və bu ordu 8 ədəddən çox topa malik ola bilməzdi. Puleymyotların isə maksimal sayı 20 dən çox ola bilməzdi. Ermənistan “Sevr müqaviləsi”nin qüvvədən düşməsini qəbul edərək öz nümayəndə heyətini Avropadan və ABŞ-dan qeri çağırmağı öz üzərinə götürürdü.

Həmçinin Ermənistan hökuməti Türkiyəyə qarşı, və yaxud Türkiyənin maraqlarına zidd olan bütün müqavilələri, qüvvədən düşmüş elan edirdi. Türkiyə Ermənistan dəmir yollarının nəzarətini öz əlinə alırdı və Ermənistan ərazisində “hərbi tədbirlər görmək” imkanını əldə edirdi.

Müqavilənin 7-ci bəndinə əsasən, hər iki tərəf müharibə zamanı bir‐birlərinə vurduqları ziyana görə təzminatdan imtina edirdilər. Müqavilə imzalandığı andan etibarən bir ay ərzində ratifikasiya olunmalı və qüvvəyə minməli idi.

- Müqavilənin taleyi niyə dəyişdi?

- Müqavilənin taleyi tamam başqa cür oldu. Belə ki, daşnak hökumətinin nümayəndələri dekabrın 2-dən 3-nə keçən gecə Gümrüdə müqaviləni imzalamamışdan bir neçə saat əvvəl, İrəvandakı daşnak hökuməti Sovet Rusiyasının nümayəndəsi Leqran ilə Ermənistanda sovet hakimiyyətinin qurulması barədə müqavilə imzalayırlar.

Dekabrın 4-də İrəvana Sovet Rusiyasının ordu hissələri girir. Ermənistanda qurulan sovet hökuməti Gümrüdə imzalanmış müqaviləni tanımaqdan imtina edir və onu qüvvədən düşmüş elan edir.

Bu müqavilənin önəmli maddələri qısaca olaraq belədir: Maddə 1. Türkiyə ilə Ermənistan Respublikası arasındakı müharibə vəziyyətinə son verilmişdir. Maddə 2. Türkiyə ilə Ermənistan arasındakı sərhəd Araz çayı, Arpaçayı, Qaracan dərəsi, Tiknisin və Qımlının şərqi, Qızıldaş və Böyük Ağbaba dağı ilə müəyyən edilir. Maddə 14. Ermənistan Respublikası hər hansı bir dövlətlə bağlanmış, lakin Türkiyənin faydalarına zidd olan bütün müqavilələri yox sayır. Hadisyan "Gümrü müqaviləsi"nin imzalanmasını kədər içərisində belə açıqlamışdır: "1920-ci ildə baş verən bütün rəzalətlərə daşnaksutyun komitəsi səbəb olmuşdur. Ətrafımızda olan dövlətlər də Ermənistanı tərk edincə Türkiyə bundan faydalandı..." Ermənistan Respublikasının müstəqilliyini ləğv edib Sovet İttifaqı Respublikalarından birinə çevirəndə, 16 mart 1921-ci ildə Türkiyə Böyük Millət MəclisiSSRİ arasında bağlanan müqavilə ilə "Gümrü müqaviləsi" yeniləndi, Qars və ətrafı Türkiyə sərhədlərinə daxil edildi.

- Gümrü müqaviləsinin ləğvi Qars müqaviləsinin bağlanmasına şərait yaratdı?

- Naxçıvan məsələsi Türkiyə və Rusiya arasında keçirilən görüşlərdə də qızğın müzakirə predmeti olub. Türk dünyasına açılan qapı kimi Naxçıvanın Ermənistana qarşı strateji üstünlük təşkil etməsi, əhalisinin tamamilə türk olması Naxçıvanın Türkiyə baxımından əhəmiyyətini artıran əsas səbəblərdəndir. Türk heyəti 2 dekabr 1920-ci il tarixli Gümrü müqaviləsinin qüvvədə olduğunu müdafiə edərkən, rus nümayəndələri bu anlaşmanı, dolayısı ilə Türkiyənin Naxçıvan üzərində himayə haqqı olduğunu qəbul etmirdilər. 9 mart tarixli görüşlərdə Naxçıvanın muxtar statusa sahib olması və başqa bir dövlətə verilməməsi şərti ilə himayəsinin Azərbaycana verilməsi qərarlaşdırılmış, digər məsələləri də özündə ehtiva edən Moskva müqaviləsi 16 mart 1921-ci ildə imzalanmışdı.

Son olaraq onu qeyd edək ki, son illərdə Ermənistan Qars müqaviləsinin ləğvini tələb etsə də, onların Naxçıvana qarşı ərazi iddialarının sadəcə bir iddiadan ibarət olduğu müşahidə edilə bilər. Hər şeydən əvvəl ona görə ki, ermənilərin Qars müqaviləsinin ləğvi ilə bağlı tələbləri əslində Azərbaycana və Türkiyəyə deyil, sırf Ermənistanın özünə zərərdir. Qars müqaviləsi müddətsiz imzalanmışdır və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Qeyd etmək lazımdır ki, Türkiyə Cümhuriyyətinə aid olan İqdır vilayətinin Aralıq-Dilucu məntəqəsi ilə Naxçıvanın Sədərək kəndi arasından keçən Araz çayı vasitəsilə sərhəd təşkil edən həmin 11 km-lik məsafə mühüm strateji əhəmiyyətə malik olduğu üçün XX əsrin əvvəllərində istiqlal savaşı dövründə Mustafa Kamal Paşa tərəfindən qızıl pul ödənməklə alınıb. Bu fakt Atatürkün Azərbaycana və onun ayrılmaz parçası olan Naxçıvana, bütövlükdə Türk birliyinə münasibətini parlaq şəkildə ifadə edir.

Qars müqaviləsində muxtariyyətin əsası qoyulmuş, Naxçıvan ərazisində Naxçıvan SSR yaradılmış, lakin 16 iyun 1923-cü ildə siyasi və inzibati statusunda dəyişiklik edilən Naxçıvan SSR Naxçıvan diyarına çevrilmişdir. 1924-cü il fevralın 9-da bölgənin inzibati və siyasi statusu bərpa edilərək Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb.

Bu beynəlxalq hüquqla təmin olunan Qars müqaviləsinin birtərəfli qaydada ləğvi mümkün deyil, ancaq deyək ki, ləğv edildi. O zaman Gümrü müqaviləsi mexaniki olaraq qüvvəyə minəcək və Ermənistan öz ərazisinin təqribən 20 min kv km-lik hissəsini Azərbaycana, Türkiyəyə və Gürcüstana qaytarmaq məcburiyyətində qalacaq. Bütün bunlar onu göstərir ki, Ermənistanın edə biləcəyi heç bir şey yoxdur və hər tərəfdən sıxışdırılmış vəziyyətdədir.

- Gümrü müqaviləsi ləğv edilsə, ermənilər nə əldə edəcəklər?

- Gümrü müqaviləsinə imza atan Ermənistan Sevr müqaviləsinin ləğv olunmasını tanımış, Qars və Sürməlidən imtina etmiş, Naxçıvan, Şahtaxtı və Şərura olan iddialarından əl çəkmiş və onun yeni ərazisi bugünkü Ermənistanın ərazisinin təqribən yarısına qədər azalmışdır. Bir fakta diqqət yetirmək lazımdır ki, Zəngəzur və Qarabağ Ermənistanın tərkibinə daxil olmadığına görə, onların müqavilədə adı çəkilmirdi və çəkilə də bilməzdi. Təsəvvür etmək çətindir ki, dağıdılmış Ermənistandan “keçən” Kazım Qarabəkir həmin vilayətlər Ermənistanın tərkibində olsaydı, onları elə Ermənistanın tərkibində saxlayardı. Maraqlıdır ki, Ermənistan politoloqları öz simalarını saxlamaq məqsədi ilə biabırçı Aleksandropol müqaviləsini etibarsız sənəd kimi qələmə verirlər və öz dəlillərini onunla əsaslandırırlar ki, müqavilə daşnaklar Yerevanı sovet hakimiyyətinə təhvil verdikdən bir neçə saat sonra Aleksandropolda imzalanmışdır. Onların fikrincə, müqavilə öz hakimiyyətini itirmiş qeyri-legitim hökumət tərəfindən imzalandığına görə, hüquqi qüvvəyə malik ola bilməzdi. Tutaq ki, belədir. Lakin maraqlı fakt budur ki, Ermənistanın 1921-ci ildə Qars müqaviləsini imzalaması məsələsinə gəldikdə, artıq sovet Ermənistanı hökuməti qeyri-legitim adlandırılır, yeganə legitim isə devrilmiş daşnak hökuməti hesab edilir. Sevr müqaviləsinin altındakı imzalardan həm daşnakların, həm də sovet Ermənistanının imtina etməsi barədə isə erməni politoloqları susmağa üstünlük verirlər. Erməni siyasətçiləri bilməlidirlər ki, bu müqavilə ləğv olunsa belə Aleksandrapol (Gümrü) müqaviləsi qüvvəyə minəcək. Bu müqavilə də, indiki Ermənistan torpaqlarının böyük qisminin Azərbaycana, Türkiyəyə və Gürcüstana aid olduğunu deyir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar