Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yol çörəyi” - Sabir Əhmədlidən oxumadığımız hekayə


Bu gün Xalq yazıçısı Sabir Əhmədlinin anım günüdür


Kulis.az bu münasibətlə onun son hekayələrindən olan “Yol çörəyi”ni təqdim edir.
 
Bu hekayə Sabir Əhmədlinin "Ura, Uru" başlıqlı silsilə yazılarındandır. Son illər yazdığı roman və hekayələrini bu başlıqla nəşr etdirirdi. Sabir müəllim deyirdi: "Bostanın son məhsulu "ura" adlanır. Mən də innən belə nə yazsam hamısına bir yerdə  ura deyəcəm". Mən bu sözün izinə düşdüm. O qədər qədim türkcədir ki, hətta Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsərində eyni mənada bu sözü tapdım. "Yol çörəyi" hekayəsi də həmin dönəmlərdə yazılıb. Sabir Əhmədlinin ömrünün və yaradıcılığının ura vaxtı...
 
Yaqit Sabirqızı
 
Arazbardan başlayıb Ziyarata doğru diklənən bu yol iyirmi kilometrədək yoxuşdur. Müharibədən qabaq, ondan sonra da çox adam bu yolu ayaqla gedib gəlirdi. Maşın-minik yoxdu. Ən yaxşı halda at, eşşək dadlarına çatırdı. Bu yolu bir dəfə də  mən piyada gəlmişəm. Ondan bəri hər dəfə yadıma düşəndə, üstdən əlli il keçsə də, elə bil dünya tərsinə dolanır.
 
Bir ildi müharibə gedirdi. Aclıq, yoxsulluq başlamışdı. Çörək və ərzaq adambaşına kartoçka ilə verilirdi. Kimin nəyi vardı, olan-olmazdan satıb, bir təhər keçinir, sahibi cəbhədə döyüşən , ailəsi atasız qalan balalarını bir qarnı ac, bir qarnı tox dolandırırdı. Evimizdə az-çox pula gedəsi bir kilimimiz qalmışdı, anam onu da satmağa soraq saldırmışdı. Arazbasarda bir yer nişan vermişdilər. Aparın, göndərin oraya. Onlar alarlar. Anam kilimi göndərmişdi oraya. Üstdən xeyli keçsə də, kilimdən bir soraq yoxdu. Axırda anam belə qərara gəldi ki, məni göndərsin kilimin ardınca. Mən də bu işə həvəslə qoşuldum. Ağlıma gəldi, bəlkə kilim satılıb, ya onu bir dağar buğdaya, una dəyişiblər. Hər halda ondan mənə də qazanc düşər.
 
Məni qoşdular böyük xalamın oğluna. Kilimin satılası yerə onlar da bir mis qazan göndərmişdilər satılsın. Böyük xalamın oğlu məndən bir neçə yaş böyük, diribaş, başarıqlı bir oğlandı. O, məni xeyli inandırdı ki, gedib qayıda bilərik. Hər halda bu səfərdən bizə bir şey qalacaqdı. Kilim, qazan satıldı, satılmadı. Tanış adam bizi ac qarına yola salmaz, yedirərdi. Kənd yeridir, başqa bir yemək olmasa da ən azı, bir şor dürməyi verərdilər.
 
Şor dürməyi nədir, heç yarımca stəkan ayran da vermədilər. Tezcənək dallarından dəydilər. Onları qonaq saymadılar. Uşaq yerinə qoydular. Uşaq deyildilərsə burada nə gəzirdilər. İndi bunlar da cəbhədə olmalıydılar. Dallarında kilim, qazan daşımağa gücləri çatırdı, getsinlər cəbhədə top-tüfəng daşısınlar. Yaşları hərbiyə çatmır, olsunlar “alay oğlu”. Əsgərlikdə heç olmasa qarın dolusu çörək verərdilər. İyirmi kilometrlik yolun yalnız başlanğıcını keçmişdik, xalaoğlu Zəfər əzəlki qıvraqlıqla üç addım məndən irəlidə yeriyirdi. Mənimsə ayaqlarım artıq ağrımaqda, keyiməkdəydi. Dinib danışmağa da utanırdım. İkicə verst yol gəlmişdilər. İndidən uşaq kimi sızıldayırdı. Qarnı quruldamağa başlamışdı. Bir qədər aralı getməsəydi, xalaoğlunun da qarnının qurultusunu eşidərdi. Xeyli irəlidə ehramvari bir təpəni göstərdi.
 
- Odur! Qurban təpəsi göründü!
 
Qurban təpəsi şəhərciyimizin ayağında bir uca yerdi. Ora bu tezliklə görünməzdi. Bir qədər də getdikdən sonra onun Qurban təpəsi təki nişan verdiyi yer gözdən düşdü. Aydın oldu ki, xalaoğlu onu aldadırmış. Xalaoğlu əzəlki yerişlə qıvaraqca gedirdi. Elə bil onun olub-qalan gücünü də alıb özününkünün üstünə qoymuşdu. Beli sancmağa başlamışdı. Az qala, kilim yiyəsinə , ” ac qılıncı çapar”- özümüzə, məni bu işin dalınca göndərənə də söyüb, kilimi yerə salmaq istəyirdim. Xalaoğlu onun niyyətini duyub, irəlini göstərirdi:
 
- Odur bax! Yarəhmədlinin başındakı qoz ağacının kəlləsi seçilir!
 
Özünü  inanan yerinə qoyub, üstünü vurmurdu. Halbuki büsbütün aydındı: Yarəhmədlinin qoz ağacından qabaq şəhərciyimizin ayaq səmti görünməliydi. Hələ Fuğanlının bircə əlaməti bilinmirdi. Halbuki yol ora çatanda yarılanacaqdı.
 
İçi soyulur, bağırsaqlarının içində yellər əsir, dizlərinin qapağı qopurdu. “Bir tikə bir dağ aşırar” – düşünürdü. Nə olar, çox qədimlərdə belə iş olub. Göydən çörək yağıb. Dolu, yağış, qar təki yox, eləcə əl boyda loxma. Bu dərə-təpənin harasında idi qismət. Bir çoban çıxa idi qabağa. Elə oradaca qoyunu sağıb, heybəsindən bir qarğıdalı cadda çıxarıb, onların büsbütün heydən düşdüyünü görüb, dada çata idi. Bu, ağla batandı. Yoxsa, başqa umacaqlar. Məsələn, bir möcüzə baş verəydi, çata idilər Fuğanlı – İmambağı çınarlarına. Görəydilər Zəfərin dalındakı qazan ocağın üstündədi. Ağızbaağız doludur qovurma ilə. Kilimi sərib çəmənlikdə, otun üstünə, onların gəlib çatmağını gözləyirlər.
 
- Zəfər! Mən daha gedə bilmirəm. Acından büsbütün gücdən düşmüşəm.
- Az qalıb. Odur bax. Qurban təpəsi göründü.
- Xasayın kürəsi necə, görünürmü?
- Hə, odur, kürədən çörəkləri təzəcə çıxarıblar. Amerikanski qarğıdalı unundan bişiriblər.
 
Üç gündü çörək bişmirdi. Əhali kartoçka ilə olsa da dövlətin cirə ilə ödədiyi çörəyi ala bilmirdi. Çox adam kartoçka ilə bu günün, sabahın çörəyini bir gün qabaqdan alırdı. Ayın başı axır gün çatanda, camaatın əlində kartoçkanın bircə günü qalanda, görürdün bir neçəsi təzə ayın hələ başlanmamış, sabahkı ayın kartoçkasını gətirib. Bir gün qabağın, ertənin çörəyini alsın. Bəhrəm kişi də qalırdı neyləsin? Atası ölüm qabağında olan əsgərin ailəsini, körpələrini o da burada, evin içində acından öldürsünmü? Əsgər ailəsinin titrək əllərindən onun kartoçkasını alıb bir kilo iki yüz qramlıq, dırnaq boyda qramlığı kəsib, bir qalac, üstündə də iki yüz qram çörək çəkib yola salırdı. Əsgər ailəsi sabahın cirəsini almaqdan yana çəkdiyi xəcalətdən qurtarıb, yollanır çörək gözləyən balalarını sevindirsin. Həmincə sabahın hesabından alınmış buxankanın üstdəki yüz əlli qramca çörək burada olaydı. Bir tikə bir dağ aşırar.
 
- Zəfər qağa! Ayaqlarımdan daş asılıb.
- Çatırıq İmambağı çınarlarına. Orada dincələrik.
- Görəsən, çörəkçi Xasay mənim bu kilimimə nə qədər buğda, arpa, darı, çövdar verərdi? Çörəkçi Xasay neyləyir bu kilimi? Kənddə-şəhərdə kimdə dəyərli bir əşya vardı – qızıl, gümüş, cavahir hamısını o aldı, yığdı altına. Arvadının, qızlarının barmaqları, boyun-boğazı, yaxası par-par parıldayır. Qeyrətli qadınlar, gəlinlər nələri vardı verirdilər Cəbhə fonduna. Bu çörəkçi isə müharibədən qazandı, oldu milyoner. Əsgərliyə də getmədi, əlil kağızı düzəltdi.
 
Həndəvər büsbütün boş örənlik dərə-təpə, alçaq yallardı. Xeyli qabaqda Fuğanlının yoxuşu dikəlirdi. Orada yol yarı olacaqdı. Oraya çatsalar bir qədər  oturub, yorğunluğu candan çıxarardılar. Su da içərdilər. Əşi, acından içi soyulur. Bu halda su içmək olar? Adamın içi tökülər. Hər halda, su üstü, bulaq başıdır. Birdən bir yolçu çıxar. Yol çörəyi də olmamış olmaz. Bir parça da əppək pendirlə onlara verər. Bir tikə bir dağ aşırar. İmambağından tərpənib bir də  şəhərciyin ayağında bənd alarlar. Evə çatdımı daha zaval yoxdu. Kilimin satılmadığı evdəkilərin qanını qaraltmazdı. Sağ-salamat gəlib çıxıblar böyük işdi. Evdə aclıq adama elə də təsir etməzdi. Hər halda bir şey tapıb ovudardılar.
 
Ora hələ xeyli vardı. Adam anasının, bacı-qardaşının yanında dözümlü, səbirli olur. Elə bil onların, doğmaların canındakı gücdən sənə də keçir. Doğma, qohum olmasın. Güclü, təpərli, səxavətli adam yanında sən də elə bil təpərlənirsən. Belə ayağı bərəkətli insanlar olur. Beləsi eləcə görünməyi ilə adamı ürəkləndirir. İnamı artırır. Bizim yerdə belə kişilər olub. İndi də var, igidlər ərənlər gediblər davada düşmənlə, yağılarla dör-dör döyüşürlər. Onlar nə çörək dərdi çəkir, nə su. Biri-birindən güc alır.
 
Yorğunluğu, aclığı yaddan çıxartmağa çalışırdı. Çörəkli, karlı kişilər vardı. Cavanlar getmişdi. İndi allah bilir harada idilər. Çörək yemişdilər, yeməmişdilər, bellərində ağır yük, əllərində içi dolu tüfəng gedirdilər. Allah bilir hələ nə qədər də gedəcəkdilər. Piyada, ayaqla şəhərlər, kəndlər, ölkələr keçəcəkdilər. Əlbəttə, acqarına yox! Onların  “veş-meşok” deyilən əsgər torbalarında da, heç olmasa bir günlük azuqə - yemək olurdu. Birdən mühasirəyə düşdülər, yemək gətirə bilmədilər. Ac qalmasınlar. Ac qarına döyüşmək düşmənə qalib gəlmək olmaz. Torbalarında kolbasa, Amerikanın göndərdiyi pendir, qənd, qurudulmuş çörək olardı. Onların torbası yoxdu. Torba qarın. Bircə tikə olsa idi atardıq içəri. Bir loxma bir dağ aşırar.
 
Zəfərin də onun da ağlına gəlirdi. İmambağı çınarlarının altında, kəhrizin üstündə bəlkə, bir dincələn var. Çörək yeyirlər.
 
Yediklərindən bir loxma da onlara verərlər. Baxan təki görəcəklər acıq, taqətsizik. Bir parça fətirlə, fətir olmasın, bir yuxayla, bir kirtik pendir qıyarlar onlara. Əsl savab qazanmaq istəyən şəxs belə eləyər: yeyib doyandan sohra artığını da büküb qoyar kəhrizin gözünə: “Bu da olsun quşun payı” – deyər. Quşdan qabaq onlar var. Bu yolun daimi yolçuları var. Birdəncə, o, gəlib düşdü uşağın yadına. Dərhal oğlancığazın qəlbində bir umud işığı yandı. Bütün kənddə, bölgədə  iş-güclə gör-görnüşcə də ən seçilən adamdı.
 
Adamın yadına nağıllardakı cəngavərlər düşürdü. Qaraca çoban kimi. Deyərdin o  da əfsanəvi çoban kimi qoyunları daş-qaya  əvəzinə sapandın gözünə qoyub, tolazlayar, yağdırardı düşmənlərin başına. Iki arşından artıq boyu, qaynar zəhmli gözləri, qulac-qulac qolları, qulağınacan burulan eşmə bığları. Yerişindən yer tərpənir, göy titrəyirdi. Onu hər görəndə için-için öyünür, qürrələnirdik. Bizim kəndimizdə belə bir kişi var. El-obanın, kəndin şəhərin bütün yükünü o daşıyardı. Arandan dağa, dağdan arana iri yükləri. Yaylaq yurdunda açılıb qurulası alaçıqları, dəyələri o yerinə çatdırardı. Cəbhəyə rayonumuzdan göndərilən ərməğanın, Stavropol vilayətinə taxıl yardımının daşınmağına da o, əl tutur, dada çatırdı.
 
İki oğlu, özü kimi qollu-qanadlı  cəbhədə idi. Onun ömür-günü yollarda keçmişdi. Bütün o ağırlıqda yükləri Səfər kişi belində yox, qoşa dəvəsinin üstündə daşıyır, yerinə, ünvanına çatdırırdı. Oğlanlar əsgər gedəndən sonra Səfər kişinin qoşa dəvəsi – biri nər, o biri maya sınıxmışdı. Oğlanların can-başla saxladığı dəvələr korluq çəkirdi.
 
Müharibə vaxtı ilin-günün bu vaxtında Səfər kişi də yəqin yolda, səfərdə idi. Harayasa yük daşıyırdı. Bəlkə, eləcə İmambağı çınarlarının altında, kəhrizin üstündə dəvələri xıxırdıb, özü də, heyvanlar da bir hovur dincəlsin deyə toxdayırdı. Bəlkə də dəvələr qabaqlarına atılmış iki cəngə ot-ələfi göyşəyir, Səfər kişi özü də öynəsini açırdı.
 
Birdəncə ağlına gələn bu güman ona o qədər gerçək göründü, Zəfərin təklifi göydəndüşmə oldu. Elə bil Səfər kişi kəhriz üstə süfrə açıb onların – iki uşağın gəlib çatmağını gözləyirdi. Əldən-ayaqdan düşmüş balaca xalaoğlunun birdən-birə dincəlməyi bayaqdan beş addım geridən qıçlarını sürüyərək gəldiyi halda birdən birə elə bil aclıqdan, yorğunluqdan qurtulub gəlib ona çatdığına, qabağa can atdığına böyük xalaoğlu heyrətləndi. Araba yolundan çıxıb, kəhrizin üstünə uzanan cığıra dönəndə Çinarların altı büsbütün göründü. Balaca xalaoğlunun elə bil ayaqları biçildi. Kəhrizin üstündə nəinki dəvə, yollar yolçusu sarvan Səfər kişi, heç inni-cinni yoxdu. Kəhrizin dörd dövrəsi elə bil onların gəlişinə tər-təmiz süpürülüb arıtdanmışdı.
 
Kəhrizin gözünə çatıb, arxın yan-yönrəsinə, daşların arasına qarış-qarış göz gəzdirdilər. Buralarda yemək-içmək adına bircə nişanə də yoxdu. Yediklərindən bircə qırıq olsun düşüb qalmamışdı ; heç olmasa quş payı, artıq-urtuq. Bir-birinə bildirmədən hər ikisi bu gümanla ayaq altında qalmaqdan əzilib yolunmuş kəhriz üstünü dönə-dönə yoxladılar. Zəfər balaca xalaoğluna dedi:
 
- Oturaq, bir qədər burada dincələk. Yorğunluğumuz çıxsın. Daha demədi ki, bəlkə allah bir bəndə yetirdi...
 
Allah bir bəndə yetirdi. Bir parça çörəyi oldu. Onu da bunlara bağışladı. Balaca xalaoğlunun gözləri kəhriz arxının nəmlənib sıyılmış torpağına dikildi. Baxdı, baxdı, əyilib əliylə torpağı eşib çevirdi. Körpə uşaqların əksəri çağalıqda torpaq yeyir. Görünür, torpaqda çörək tamı var. Arpa, buğda, bütün azuqə, yeməli olan nə varsa, hamısı torpaqdan əmələ gəlir. Torpaq dadı verir. Balaca xalaoğlunun yadına anasının dönə-dönə xatırladığı bir hadisə düşdü. Anasıgil uşaqkən evcik-evcik oynayırmışlar. Bir dəmir parçasından sac qoyub, torpaqdan xəmir qatıb, kündələyib yayma bişirirmişlər. Bir dilənçi gəlir onlara. Yaxınlaşıb, balacaların çörək bişirməyinə baxır. Əlini uzadıb uşaqların bişirdiyi kökədən birini götürüb, şirin- şirin yeməyə başlayır. Uşaqlar sevinirlər. Demə, onların bişirdiyi çörək oyuncaq yox, gerçəkmiş.
 
Əllərini üzüb, torpağa döşənib qalmışdılar. Birdən Zəfər yerindən dikəldi. Keçib gəldikləri yolun döngəsinə doğru boylanıb dilləndi:
 
- Gələn var. Zəfər əsla başqa niyyət, umudla yox, onlara yoldaşlıq edəsi bir nəfərin görünməyinə şadlanmışdı. Acından onun da gücü tükənmişdi, yorulmuşdu. Özündən balacanın yanında zəif görünmək istəmirdi. Onun gözü balaca xalaoğlununkuna nisbətən uzağı yaxşı seçirdi. Aşağıda, yolun döngəsində görünənin tək olduğunu da o, balacadan qabaq seçdi:
 
- Tək deyil. Özündən başqa miniyi də var! Nə atdır, nə eşşək.
Balaca xalaoğlu yerindən dik atıldı. Elə bil gözləri indicə açılıb dünya-aləmi gördü :
- Səfər!
- Dəvə! Səfər kişinin dəvələri! O da kişinin özü! Öndə ovsarı tutub gəlir. Görək kəhrizin üstünə dönəcəkmi?
- Dönər, dönər. Hər ikisi gözünü araba yolundan ayrılan, kəhrizin üstünə yönələn cığıra zillədilər.
Zəfər dedi:
- Bu yol boyu dincəlməli bir yer var. O da İmambağı çinarlarının altıdır. Səfər kişi buraya mütləq dönər.
 
Qabaqkı nərin üstündə bir uşaq da vardı. Görünür Səfər kişi eləcə uşağın xatirinə İmambağı çinarlarının altındakı kəhrizə dönməyə yönəldi. Kəhriz cığırına yumşaq pəncələriylə azacıq səs qoparmadan dəvələr onların ovsarını çəkən Səfər kişinin ardınca kəhriz üstünə gəldilər. Hər iki dəvə yüklüydü. Deyəsən, taxıl daşıyırdılar. Səfər kişi öndəki nəri xıxırtdı. Mayanı da  çökürdüb baxdı ki, kəhriz üstə hansı yan əlverişli, rahatdır. Zəfər xalaoğluyla bir qədər aşağı çəkilib onlara, uşağa yer elədilər. Qoy yaxın otursunlar. Yəqin balaca xalaoğlundan da bir  qədər kiçik görünən uşaq Səfər kişinin nəvəsiydi. Dəvəçi beləcə balaca yaşından nəvəsini dəvələrə isinişdirir, yollara alışdırırdı.
 
Baba da nəvə də kəhrizin bumbuz suyunda əl-üzlərini yudular. Səfər kişi dəvələrə də bir qədər su içirəndən sonra çölçü süfrəsi açmağa başladı.
 
Nə Zəfər, nə balaca xalaoğlu gözlərinin ucuyla onun süfrəsinə tamah salmadılar  kişi onların acından öldüyünü sezməsin. Bununla belə arada gözləri sataşdı. Gördülər dəvəçi – sarban örənlikdə çölün düzündə şennikdəkindən qat-qat dolu bir yemək süfrəsi düzəltdilər. Baba bir yandan, nəvə başqa yandan əl uzadıb yeməyə başladılar.
 
Səfər kişi – baba təntimədən , aramla yeyir, hər tikəni canına sinirirdi. Yuxadan bir parça qoparır, arasına pendirdən, yavanlıqdan qoyur, ötürürdü içəri. Balaca nəvəsi də diqqətini başqa səmtə yönəltmədən görüb götürmüş səfər adamı kimi ağzına qoyduğunu çeynəyirdi. Arada Səfər kişi süfrəyə qoyduğu cücə soyutmasını parçaladı, qanadın bir hissəsini nəvəsinin ağzına tutdu. Uşaq cücə qanadını elə aldı ki ağzına, elə bil onu  udan təki qanad açacaqdı.
 
Əzəldən axıra nə baba, nə nəvə onlara qədər kəhriz üstə düşmüş yolçulara məhəl qoymadılar. Nəinki onları süfrəyə dəvət etmədilər, elə bil özlərindən savayı kimsə yoxdu bu yerdə.
 
Yedilər, doydular. Toqqanın altını bərkidəndən sonra, barı onlar çəkilib gedəndən sonra kəhriz üstünə cuması quşlara dimdik payı  qoymadılar. Yediklərini yedilər. Səfər kişi artıq-urtuğu da büküb bürmələyib heybəsinə qoydu. Çörək, qənd qırığı nə idisə ovcunda dəvələrə verdi. Yeyib yığışıb ağızlarını yaxaladılar. Səfər kişi iri qart barmağını ağzına soxub, damağın sivirdi, dişlərinin dibini təmizlədi. Nəvəsini də vadar etdi, onun təki ağzını yusun. Bircə o qalırdı babası kimi ağzının artığını kəhrizin gözünə deyil, altdan-altdan əvvəldən axıra onunla babasının yeməyində gözü qalan oğlanların üzünə tüpürsün.
 
Səfər kişi nəvəsini bu dəfə nərin yox, mayanın belinə mindirdi. Maya kəhriz üstə aralanmağa macal quyruğunu qovzayıb irtmək altdan beş-altı qoz qığladı.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar