Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yeni Müsavat”dan “qrant cocuqları”na növbəti ağır cavab


Bu cür söhbətlər vaxtaşırı düşür, bir az davam edir, ara səngiyir, bəlkə də üstündən ay keçmir ki, yenidən qızışır. Bir babat yazı yazan kimi, yazıda mənafeyinə zərbə dəymiş tərəf səsini qaldırır: “Biz bilirik, kimə işləyirsiniz”


Çox yaxşı, de, hamı bilsin. Deyirlər. Məlum olur ki, biz Amerikaya işləyirik, ona görə Güney Azərbaycan mövzusunda yazılar veririk. 

Ertəsi gün yazırlar ki, biz bilirik, siz İrana işləyirsiz, ona görə anti-amerikan səciyyəli yazılar yazırsınız. Rusiyaya, Türkiyəyə, digər dövlətlərə işlədiyimizi yazanlar, deyənlər də var. Son vaxtlar isə ən çox “hökumətə işləyirsiz” deyirlər.

Qəzetimizin 16 səhifəsinin 14-də müxalifətçilərin müsahibələri, xəbərləri, siyasi dustaqların ailə üzvlərinin, vəkillərinin açıqlaması, onlara dair informasiyalar gedir, müxalifət düşərgəsi bir söz demir, əvəzində bu dəfə hökumət adamları “müxalifətçisiniz” deyirlər.

Bu barədə əvvəllər də yazmışıq deyə, təkrara lüzum yoxdur. Hazırda ünvanımıza yeni bir ittiham səslənir:

“Hakimiyyətdən instruktaj almısız”

Məhz belə deyirlər, heç olmasa “təlimat” da demirlər. Sanki “instruktaj” gəlməsi daha ağırdır, xəyanəti daha yaxşı ifadə edir – “şpionaj” kimi gurultulu səslənir axı.

Bu damğanı belimizə bir neçə gün əvvəl də vurmuşdular, noyabrın 20-də Batumda keçirilən beynəlxalq forumda “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunun sırf jurnalistlik fəaliyyəti ilə qarışdığı qalmaqaldan sonra da dilə gətirdilər və hay-küy saldılar.

FORUMDAN VƏ ONUN İŞİNİ İŞIQLANDIRMAQDAN İMTİNA EDİRƏM -Rauf Arifoğlu

FORUMDAN VƏ ONUN İŞİNİ İŞIQLANDIRMAQDAN İMTİNA EDİRƏM -Rauf Arifoğlu

Adam bir qədər əsəbi və tərbiyə kasadlı çəkən biri olsa ittihamın cavabını daha asan verə, “instruktaj alanın atasına lənət” deyə polemikaya son qoya bilər. Çünki ortada açıq-aşkar qərəz olduğu və bu ittihamı səsləndirənlərin haqsızlığı göz önündədir. Elə bil, adamın başqa işi-gücü yoxdur, gündə bir neçə dəfə Prezident Administrasiyası ilə əlaqə saxlayır, “mənə görə nə instruksiyanız var, sabah da Batuma gedirəm, orda sizin üçün nə edim, nə qayırım” deyib və ona instruktaj veriblər ki, belə et, elə et.

Rauf Arifoğlunun xəbərə münasibətdə həssaslığını artıq ölkədə bilməyən oxucu yoxdur. O, getdiyi yerlərdə xəbər ola biləcək olayla üzləşirsə, mütləq fotoaparatını götürür, işə yeni düzəlmiş həvəskar foto-reportyorlar kimi bol-bol şəkillər çəkir, xəbər yazır, reportaj hazırlayır. Onun da xasiyyəti bu cürdür, 30 ilin yazı-pozu adamıdır, iş prinsipini belə qurub. Batumda da eyni şeyi edib. Ona görə də “instruktaj ittihamı” əbəsdir.

Bəs Batumda nə baş verib?



Ermənilərlə azərbaycanlıların qatıldığı əksər beynəlxalq tədbirlərdə belə hadisələr olur. Və bu təbiidir. Qarabağda müharibə dayanıbsa da, ortada tez-tez pozulan atəşkəs sazişi varsa da, Qarabağ uğrunda savaş davam edir – beynəlxalq arenada, müxtəlif ranqlı toplantılarda. Erməni və Azərbaycan nümayəndə heyətləri arasında qırğın gedir. Batum forumunda da elə bir ortam olub. Sadəcə, bu dəfə münaqişəyə bir Çexiya təşkilatı da qatılıb. Və o təşkilat Azərbaycanda insan haqlarının pozulmasını qabardan plakatları foyedə asmaq istərkən azərbaycanlı təmsilçilərin təpkisi ilə üzləşib.

İndi ölkəmizdə belə bir vay-şivən var ki, niyə “Yeni Müsavat”da o təşkilat “ermənipərəst” kimi qələmə verilib. Heç demə, həmin təşkilatın ölkəmizlə əlaqədar yaxşı işləri də olub və burada xeyli tərəfdarları var.

Olsun ki, noyabrın 20-ə qədər həmin People in Need təşkilatı ideal fəaliyyət göstərib, kristal təmiz, tərəfsiz olub. Amma Batumda qondarma “DQR”-dən gələn nümayəndə heyətinin forumun işində tərəf kimi təmsil olunmasını israrla istəməklə, bu təşkilat artıq tərəzinin gözünü əyib. Fakt bundan ibarətdir və bunu azərbaycanlı nümayəndələr həmin təşkilatın təmsilçilərinin üzünə deyiblər. Burada Rauf Arifoğlunun və ya başqa təmsilçimizin suçu nədir?

Fitnə makinaları

Lap tutaq ki, forumun birinci günündə Azərbaycan tərəfinin günahı üzündən forumda qalmaqal yaşanıb, bəs ikinci gün baş verənlərə nə ad verək?

Məlum olur ki, təmsilçilərimizdən politoloq Leyla Əliyeva və Arzu Abdullayevaya çıxış edərək Qarabağ konfiktində Rusiyanın Ermənistana dəstək verdiyini deyərkən, ermənilər buna etiraz ediblər və deyiblər ki, rusların bu konfliktə aidiyyəti yoxdur, Azərbaycana özləri qalib gəliblər. Nəticədə yenə dava düşüb.

 <a href=Batumidə keçirilən beynəlxalq forumda skandal">

 Batumidə keçirilən beynəlxalq forumda skandal

Yəni məsələ belədir: ermənilər bütün vasitələrlə bizi üstələməyə çalışır, hər sözə, hər şeyə ilişir, öz maraq və mənafelərini güdürlər və bizimkilər istər-istəməz bu fitnə makinaları ilə vuruşmalı olurlar.

Azərbaycanda insan haqlarının bərbad durumda olmasına dair plakatların foyedə asılması da gerçəkdən fitnə makinalarının yeni bir məhsulu olub və buna Ermənistan pen-klubunun rəhbəri Boris Novosardyanın rəhbərlik etməsi faktını da danmaq mümkün deyil. Onlar bu faktdan öz xeyirlərinə yararlanmaq istəyiblər və etirazla üzləşiblər.

Əsl şərəfsizlik və ləyaqətsizlik…

İndi bəziləri PİN təşkilatının “ermənipərəst” adlandırılmasını “şərəfsizlik və ləyaqətsilik” kimi söyüşlərlə damğalayırlar. Əslində isə ya korafəhimlikdən, ya da hansısa maddi maraqlara görə vətəninin, xalqının ümdə maraqlarına zidd olan aksiyalara dəstək vermək, saf niyyətlə millət davası aparmaq istəyənlərə böhtan atmaq daha böyük şərəfsizlik və ləyaqətsizlikdir.

Aydındır, bir çoxları bunu qranta görə edirlər. Bu o şəxslərdir ki, hakimiyyət günü bu gün onların layihələrini daha səxavətlə maliyyələşdirsə, dönüb hamıdan artıq “vətənpərvər” olar, şəxsi təşəbbüsləri ilə Batuma gedər, ermənilərlə əlbəyaxa dalaşarlar. Hələlik qrant burdan gəlmir, ordan gəlir deyə, onlar öz sahiblərinə bu cür sədaqət göstərir, vətən, millət təəssübünü unudurlar.

Elə ona görə də noyabrın 20-də Bakıdan Batuma tərcümə edilmiş yazılar göndərirmişlər, alın, baxın, burda sizin haqqınızda belə yazırlar.



Hakimiyyətin maraqları

Neçə illərdir ki, hakimiyyət bu cür durumlarda gerçək vətənpərvərlərin mövqeyindən istifadə edir. Rejim bilir ki, hər an satılmağa hazır olanlarla yanaşı, daima ölkəsinin təəssübünü çəkənlər də var və onlar nəyin bahasına olursa-olsun, ermənilərin qarşısından çəkilməyəcək, ortaya prinsipial mövqe qoyacaqlar. Rejim bəzən onların bu mövqeyindən sui-istifadə edir.

Xatırlarsınız, Macarıstanda ömürlük dustqalıqdan azad edilərək ölkəyə gətirilən, sonra sərbəst buraxılan və dövlət tərəfindən tam edilən Ramil Səfərovun vaqeəsində Avropa üst-qurumları Azərbaycana təzyiq göstərirdilər. Əliyev rejimi o təzyiqləri dəf etmək üçün müxalifətin köməyinə ehtiyac duydu və müəyyən danışıqlardan sonra müxalifət düşərgəsinin təmsilçiləri ortada vətən amili olduğuna görə kommunikeni birgə imzalarla süslədi. Hakimiyyətin şələsi belinə düz gələn kimi yenidən müxalifətə hücum etdi, repressiya dalğasını qaldığı yerdən davam etdirdi, imza verən partiyaların neçə-neçə siyasi fəalı həbs edildi.

Ancaq ortada ölkənin ümumi maraqları olan zaman həmin o sənədi imzalamamaq mümkün idimi? Bəzilərinin fikrincə, bəli, bacardıqca Əliyev rejiminə qarşı olan hər şeyə qol qoymaq lazımdır. Bəs ziyan çəkən rejim mənsubları ilə yanaşı, Azərbaycan, xalq olsa necə? Burasını bir çoxları fikirləşmir. Hakimiyyətə qarşı nifrət bəzilərinin gözünü o qədər bağlayıb ki, reallıq hissini itiriblər. Güvə daraşmış evi yandırarlar məgər?

Bu hakimiyyət də əbədi deyil, bir gün o da dəyişəcək. Amma Azərbaycan bütöv, güclü, qüdrətli olmalıdır. Biz hər dəfə hakimiyyətdə olanların acığına şiddətli və sonsuz, əndazəsini aşmış siyasi intriqalar aparsaq, vətən kiçilə-kiçilə gedəcək. Necə ki, kiçilib bu hala çatıb.
Nə siyasi dustaq olsun, nə də təzyiq



Bu məsələdə ən böyük görəv hakimiyyətin üzərinə düşür. Əgər biz beynəlxalq arenada güclü olmaq istəyiriksə, ölkəmizdə haqq-ədalət bərqərar olunmalı, siyasi motivlərlə həbslərə son qoyulmalı, azad seçkilər keçiirlməlidir. Bunu hakimiyyət etməlidir.

Ölkədə siyasi dustaqlar olmasa, dövlətin adı beynəlxalq təşkilatların toplantılarının gündəliyinə salınmış məsələlərdə pis-pis hallanmaz. Ölkədə demokratiya bərqərar olsa, ermənilərin dili uzun olmaz, bizi despotik rejimli ölkə kimi təqdim edə bilməzlər.

Bu, iki üstəgəl ikinin cavabı qədər aydın məsələdir. Ancaq mövcud rejim israrla öz tutduğu yolda irəliləyir və bunun Azərbaycanın ümdə maraqlarına nə qədər ziyan vurduğunu görmək istəmir. Ali saray hesab edir ki, əgər bir qrup siyasi məhbusu beynəlxalq təşkilatların təzyiqi ilə azad etsə, şanına kəsir gələr. Halbuki həmin dustaqları sırf günahsız olduqlarına görə azad etmək, xarici təşkilatların təzyiqini gözləməmək lazımdır.

Dünənki yazımda əbəs yerə “Sözü keçən adamlar, deyin, siyasi dustaqları buraxsınlar” deyə çağırış etməmişdim. Uzun illərin təcrübəsinə əsasən deyə bilərəm ki, ölkədəki bu problemi həll etmək üçün bir neçə akademikin, nüfuzlu yazıçı, bəstəkar, alim və digər ziyalıların müdaxiləsi ilə siyasi dustaq problemini daha asan həll etmək olar, nəinki bəzi beynəlxalq təşkilatların plakat, şəkil yaymasıyla.

Biz “Haykakan Jamanak”da yazırıq?

Bu cür qovğalar düşəndə adətən qəzetimizdə gedən bir abzası, bəzən bir cümləni götürür, yazının ümumi kontekstindən çıxarır və uzun-uzadı müzakirə edir, onun əsasında qınaq kampaniyası təşkil etməyə çalışır və həmin yazını qəzetin mövqeyi kimi verməyə cəhd edirlər.

Bəzən belə təşəbbüslərə qarşı durmaq, ittihamlara cavab vermək zərurəti yaranır. Götürüb sosial şəbəkələrdə hakimiyyətin siyasi xəttinin tənqidindən, yüksək ranqlı məmurların ifşasından bəhs edən yazılardan sitatlar veririk, siyasi məhbusların müdafiəsinə həsr olunmuş onlarla yazını göstəririk, ədalətli olmağa, damğa vurmamağa çağırırıq. Çox zaman razılaşır, deyirlər, siz, Zamin, Zahid, Hüseynbala başqa, Rauf Arifoğlu başqa.

Belə çıxır ki, bizim yazdıqlarımız bunca yazıları “Yeni Müsavat”ın mövqeyi kimi qəbul etmək olmaz, amma hansısa tilişkəli bir cümləni dərhal qəzetin, onun rəhbərliyinin mövqeyi kimi qələmə vermək olar?

Bu nə məntiqdir? Məgər biz bu yazıları “Haykakan Jamanak”da yazırıq? Bütün bu yazılar da Rauf Arifoğlunun imza qoyduğu “Yeni Müsavat”da gedir axı.

Damğa vurmağa tələsməsin heç kəs. Nə də heç kəs özündən yalançı dissident düzəltməsin.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar