Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yaşlı aktyorların maaşından kəsilən vəsait gənclərin əməkhaqqına əlavə olunacaq”


PİA.AZ Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovun APA-ya müsahibəsini təqdim edir


- Mübariz müəllim, Gənc Tamaşaçılar Teatrının çağdaş Azərbaycan teatr məkanındakı yerini necə qiymətləndirmək olar?
 
- Gənc Tamaşaçılar Teatrının nəinki respublika teatr məkanında, beynəlxalq teatr məkanında da yerini artıq görürəm. 2006-cı ildən bu günə qədər ölkədə aparılan teatr islahatları Gənc Tamaşaçılar Teatrından başladı. Ölkə başçımızın müvafiq sərəncamı ilə teatrlarda və ümumilikdə mədəniyyət müəssisələrində əsaslı təmir və bərpa işləri aparıldı. Yeganə bizim qonşuluğumuzda yerləşən Akademik Opera və Balet Teatrıdır ki, o da növbəsini gözləyir. Bizim teatrda təmir gedəndə ölkə başçımız işlərlə tanış olub, daha sonra açılışda iştirak edib. Dünyanın bir çox teatrlarına gedirik, müqayisə aparırıq. Sizi inandırım ki, bizdə olan şəraiti digər ölkə teatrlarında görə bilmirəm. Bunu tək mən demirəm, qonaq gələn xarici teatr truppaları da deyir. 
 
- Hansı teatrlarda görə bilməmisiniz?
 
- Keçən il son səfərimiz Kalmıkiya Milli Dram Teatrına olub. Məsələn, orda bu şərait yoxdur. Həştərxan teatrı bizim imkanlarımıza malik deyil. Mənim gördüyüm heç bir Gənc Tamaşaçılar teatrlarında üç məşq salonu yoxdur. Bizdə kiçik səhnə, böyük səhnə var, eyni zamanda üç yerdə iş gedir. Məsələn, bu gün iki məşq, bir tamaşa var. Elə olur, dörd məşq gedir, iki tamaşa oynanılır. Bu şərait var ki, bunu edirik, düzdürmü? Eləcə də digər təmir olunan teatrlarımızda bu işləri aparmağa imkan və şərait var. Bugünkü fəaliyyətimizlə çalışırıq, ən yüksək zirvələrə gəlib çataq. Dövlət Gənc Tamaşaçılar Teatrı ənənəvi teatrdır. Bu teatrın təməli 1928-ci ildə Xalq Maarif Komissarlığı tərəfindən qoyulub. 1929-cu ildə isə Azərbaycan bölməsi yaradılıb. Ta 1956-cı ilə qədər Xalq Maarif Komissarlığının nəzdində fəaliyyət göstərib və pedaqoji təmayüllü olub. Teatr yarananda ona pedaqoq ştatı veriblər.
 
"Azərbaycanda doqquz özəl teatr var idi. İndi gəlin baxaq görək, onlardan hansı qalıb?"
 
Həmin ştatlar bu gün də var. Düzdür, islahatlar çərçivəsində 2008-ci ildə rus bölməsi Rus Dram Teatrına verildi. Amma əvəzində Bakı Kamera Teatrı və Dövlət Gənclər Teatrı bizim teatrla birləşdirildi və böyük truppa alındı. Bəzən deyirlər, teatrları birləşdirmək yox, yenilərini yaratmaq lazımdır. 90-cı illərin əvvəllərində Azərbaycanda doqquz özəl teatr var idi. İndi gəlin baxaq görək, onlardan hansı qalıb? Zaman hər şeyi diktə edir. O vaxt Arif Satira Teatrı, İlham Miniatür Teatrı, Bəşir Səfəroğlu Teatrı var idi. Bəşir Səfəroğlu Teatrı çox yaxşı fəaliyyət göstərirdi, hətta Moskvaya qastrol səfərinə getmişdilər. Amma zaman sübut elədi ki, bu gün teatrlar dövlət himayəsində olmalıdırlar. Dövlətin dəstəyi olmasa, teatrlar istənilən şəkildə fəaliyyət göstərə bilməzlər. Adını çəkdiyim iki teatr ki bizə birləşdi, hesab edirəm, heç nə uduzmadılar. Baxmayaraq ki, müəyyən dövrdə narazılıq oldu.
 
- Xatırlayıram, teatrlar birləşəndə böyük qalmaqal, narazılıq yaranmışdı...
 
- Bilirsiniz, yenilik həmişə birmənalı qarşılanmır. Deyirdilər, yeni teatrlar açaq. Yaxşı, yenilərini yaradaq, amma binası yox, maddi-texniki bazası yox, adı var. Birləşəndən sonra isə yeni bina, müasir texnika, isti salon, isti-soyuq su, kondisioner və s. hər şey var. Aktyor mürəkkəb quruluşlu tamaşadan sonra gedib rahat əl-üzünü isti su ilə yuyur, qrimini silir, lazımdırsa, yuyunur. Bütün bu şəraitlər var. Bura birləşdirilən teatrlar qeyri-millətin teatrları deyil ki? Və bizim teatr mütəxəssisləri hazırlayan bir ali təhsil ocağımız var: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti.
  
- Universitet həmin mütəxəssisləri necə hazırlayır? Teatrların tələbatını ödəyirmi?
 
- Hamımız həmin universitetin şinelindən çıxmışıq. Zamanında bizim müqtədir sənətkarlarımız orda çalışıb və biz sənətin əlifbasını onlardan öyrənmişik. Şəxsən mən qəbul olanda imtahanı Ədil İsgəndərov, Mehdi Məmmədov, Rza Təhmasib, Tofiq Kazımov götürüb. Bunlar Azərbaycan Teatrına qızıl səhifə yazmış sənətkarlardır. Hərəsinin bir məktəbi var idi. Bu gün də o məktəb davam edir. Xalq artistləri, professorlar universitetdə dərs deyirlər. Məsələn, Azər Paşa Nemətov, bizim digər tanınmış teatr xadimlərimiz universitetdə teatr təhsilini tədris edirlər. Mən altıncı ildir Mədəniyyət və İncəsənət Universitetində buraxılış üzrə dövlət imtahan komissiyasının sədri təyin olunuram. Potensial imkanım olur ki, tələbələrin diplom işlərində sədr kimi iştirak edib seçim edə bilim. Bir neçə tələbə olub, onları teatra dəvət etmişəm, uğurla çalışırlar. Truppa üç-beş ildən bir dəyişməli, yeni qan gəlməlidir. Truppaya digər ölkələrdən rejissorlar dəvət olunmalıdır.
 
"Məktəblərdə məcburi bilet satışının əleyhinə olan teatr rəhbərlərindən birincisi mənəm"
 
Bu, mütləqdir. Aktyorlar yalnız teatrda çalışan rejissorların quruluşunda oynamamalıdırlar. Onların dünya görüşünün formalaşması, özlərinə məlum olmayan cəhətlərinin üzə çıxarılması üçün bu, vacibdir. Öz teatrımızın payına deyirəm ki, biz təkcə yerli rejissorlarla kifayətlənməməliyik.
 
- Belə bir fikir var ki, Azərbaycan kimi ölkələrə gəlib tamaşa hazırlayan rejissorlar ""A" kateqoriyalı" olmurlar. Adı, nüfuzu olan rejissorların 5-6 illik planı əvvəlcədən dolu olur, növbədənkənar gəlsələr də, elə bir məbləğ tələb edirlər, həmin pula bizim on rejissorumuz tamaşa hazırlayar...
 
- Bizim dəvət etdiyimiz Sergey Fedetov Rusiyanın Perm şəhərində fəaliyyət göstərən teatrın bədii rəhbəridir və "Qızıl maska" mükafatını alıb. Mən onu teatrımıza dəvət etdim. Sizin dediyiniz kimi onun beş illik planı dolu idi. Amma o dedi, məmnuniyyətlə razılaşıram, hər tamaşamdan 10-15 gün vaxt ayırıb sizin teatrda "Müfəttiş" tamaşasını hazırlayaram. Göstərərəm ki, rus dramaturgiyası necə qoyulmalıdır. Əslində, onun sözündə böyük həqiqət var, qrafiki çox sıxdır. Mən bilirdim ki, Sergey Fedetov bahalı rejissordur. Gəldik çıxdıq qonorar söhbətinə, dedi, yəqin bilirsən, mən bahalı rejissoram. Bir tamaşamın qiyməti 15 min avrodur. Mən də dedim, bu teatr üçün böyük məbləğdir. Bilirsiniz, cavabı nə oldu? Dedi, sizə hansı məbləğ sərf edir, o qiymətə hazırlayacağam. Çünki Azərbaycan mənə əzizdir, qastrolda sizin tamaşaları sevdim. Üç min manata razılaşdıq. Yaxud Kalmıkiya teatrının bədii rəhbəri Boris Manciyev Rusiya Teatr Xadimlər İttifaqının katibidir. O, bizdə iki tamaşa hazırladı.
 
"Zaman sübut elədi ki, teatrlar dövlət himayəsində olmalıdırlar"
 
Hər bir tamaşasına 3 min beş yüz manat ödədim, narazılıq etmədi. Halbuki, başqa teatrlarda qat-qat baha hazırlayır. Moskva Gənc Tamaşaçılar Teatrının çox məşhur rejissoru var: Kama Ginkas. Bizim bina təmirdən sonra təzə təhvil verilmişdi. Mən onu dəvət etmək istəyirdim ki, tamaşa hazırlasın. Çətinliklə tapdım və məlum oldu, beş illik planı tutulub. Amma o da məmnuniyyətlə razılaşdı ki, Azərbaycanda tamaşa hazırlayaram. Təəssüf, baş tutmadı, amma fikrimdə var, onu dəvət edəcəyəm.
  
- Mübariz müəllim, ümid edirəm, bu sualımı ritorik diletant yanaşması kimi qiymətləndirməzsiniz. Sizin teatrın rejissorları necə, onlar da ölkədən kənarda rahatlıqla "qiymət oxuya" bilirlər? Məsələn, götürək rəhbəri olduğunuz teatrın baş rejissoru Bəhram Osmanovu. Kama Ginkas, yaxud Sergey Fedetovun qonorarını Bəhram Osmanov da rahatlıqla istəyə bilərmi?
 
- Əlbəttə. Bəhram Osmanov Kalmikiya Teatrında iki tamaşa hazırlayıb. Bəhram müəllimin Azərbaycan teatr məkanındakı statusunu, imzasını nəzərə alınıb dəvət ediblər. Dəvət edən adam bilir ki, Bəhram Osmanovun Azərbaycan teatrındakı yeri və çəkisi hansı səviyyədədir. Çünki onun tamaşalarını görüblər, qiymətləndiriblər. Bəhram Kalmıkiyada Əli Əmirlinin "Sevən qadın" tamaşasını hazırlamışdı və hələ də nümayiş olunur. Direktor deyir, mənim repertuarımda olan ən gözəl tamaşadır. Təbii, Bəhram onu qane edən məbləği rahatlıqla deyir. Yaxud bizim teatrın quruluşçu rejissoru Nicat Kazımov Moldovada iki il əvvəl tamaşa hazırlamışdı, maraqla qarşılanmışdı.
 
- İstərdim dramaturq probleminə toxunaq. Teatr rəhbəri olaraq gənc dramaturq azlığından siz də əziyyət çəkirsiniz? Ədəbi Hissəyə yeni əsərlər daxil olurmu?
 
- Aktual problemdir. Bəli, Azərbaycan Gənc Tamaşaçılar Teatrının bir missiyası da o olub ki, yeni müəllifləri axtarıb tapsın. Bilirsiniz ki, Abdulla Şaiq bizim teatrda ədəbi hissə müdiri olub. Daha sonra görünür, məcburiyyətdən uşaqlar üçün pyeslər yazıb və həmin tamaşalar səhnəyə hazırlanıb. Abdulla Şaiq o zaman yazıçı və şairləri teatra cəlb edib, onlara pyeslər yazdırıb. Məsələn, Mirmehdi Seyidzadəni, Əşrəf Abbasovu, Rauf İsmayılovu, İsgəndər Coşqun və başqalarını. Bəli, bu gün dramaturq problemimiz var. Baxın, əksər teatrlarımızda Əli Əmirlinin və Elçinin tamaşaları qoyulur. Hərdən Firuz Mustafanın əsərlərinə müraciət olunur. Ardı gəlmir. Əli Əmirlinin ilk əsəri olan "Ərizə"ni bizim teatrımız hazırlayıb. Çox uğurlu tamaşa olub. Üç il əvvəl mənim tövsiyəmlə Əli Əmirli həmin əsəri başqa adla "MSS - Mən Səhəri sevirəm" adı ilə yazdı, tamaşaya qoyuldu. Yaxud Elçin müəllimin çox maraqlı pyesləri var, gözəl nəsr əsərlərinin müəllifidir. Elçinin, Anarın əsərlərini biz məktəbdə oxuyanda sevə-sevə oxumuşuq. Bu gün də mənim kitabxanamda o kitablar var.
 
"Əsərlər təqdim olunur, oxuyuruq. Nəinki tamaşaya qoymalı, heç Bədii Şuraya çıxarmalı bir şey yoxdur"
 
Qayıdaq gənclərin cəlb olunmasına. İki il əvvəl Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu, "Hədəf" Nəşrlər Evi və bizim teatrın təşkilatçılığı ilə "Anamın kitabı" adlı ədəbi müsabiqə keçirildi. Həmin müsabiqədə Sevinc Elsevərin "Ürəyində arzu tut" adlı pyesi qalib gəldi və biz onu tamaşaya qoyduq. Bu, Sevinc Elsevərin ilk pyesi idi. Deyim ki, dramaturji nöqteyi-nəzərdən çox güclü idi, yox. İlk pyesi idi, həmin əsəri tamaşaya qoyanda yenidən işlədik. Müsabiqəyə yüz əsər təqdim olunmuşdu. Əlinə qələm alanların bəlkə də hamısı əsər təqdim etmişdi. Hətta ssenarini, hekayəni pyes kimi verənlər də var idi. Ondan əvvəl Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan etmişdi, birinci yerin qalibi olmadı. Düzdür, bizə əsərlər təqdim olunur, oxuyuruq, amma inanın, nəinki tamaşaya qoymalı, heç Bədii Şuraya çıxarmalı bir şey yoxdur. Ona görə məcbur olub dünya dramaturgiyasına, bizim klassikaya müraciət edirik. Mən "Kulis.az"ı oxuyuram. Yaxşı şeirlər, hekayələr yazanlar var, amma səhnə əsəri tam başqadır. Dramaturgiyanın qaydalarını bilmək lazımdır ki, ortalığa kamil iş çıxsın.
 
 - Bilet satışı haqqında soruşmaq istəyirəm. Bu gün Azərbaycan teatrı kassadan satılan bilet hesabına yaşamaq iqtidarında deyil. Məktəblərdə, universitetlərdə bilet satışı təşkil olunmasa, vəziyyət çox çətin olar...
 
- Deyim sizə. Sabiq təhsil nazirinin vaxtında məktəblərə tapşırıq verilmişdi ki, hər cür pul yığımına qadağa qoyulsun. Bu tapşırıq indi də var. Əslində, mən bununla tam razıyam. Çünki məktəblərdə o zaman təkcə bilet satılmırdı. O zaman qadağa qoyulanda ən çox əziyyət çəkən məktəblərlə işləyən teatrlar oldu. Vaxtilə özəl teatrlardan əlavə, "xəkəndaz truppaları" dediyimiz truppalar var idi, üç-beş nəfər yığışıb məktəblərdə teatr sənətini layiq olmayan tərzdə təbliğ edirdilər. Yeni təhsil naziri təyin olunandan sonra mətbuatdan oxudum ki, bilet satışı qadağasına görə naziri tənqid edirlər. Mikayıl Cabbarovun müsahibəsini oxudum ki, hansı teatr bizə müraciət edib, biz "məktəblərə bilet verməyin" demişik? Çox xoşuma gəldi, Mikayıl müəllimə müraciət məktubu yazdım. Azərbaycan teatr rəhbərləri arasında məktəblərdə məcburi bilet satışının əleyhinə olanlardan birincisi mənəm. Bu gün də əleyhinəyəm, sabahda belə olacaq. Niyə? Çünki tamaşaçını məcbur bir dəfə gətirərsən, ikinci dəfə gəlməyəcək. Məktəb şagirdi özü könüllü gəlirsə, deməli, sənin tamaşaçın olacaq. Mikayıl Cabbarovdan xahişim o oldu ki, könüllük prinsipi ilə teatrın məktəblərlə işləməyinə şərait yaradasınız. Bir həftə sonra çox hörmətlə cavab yazdılar ki, etiraz etmirik. Sizə deyim ki, bizim teatr şənbə və bazar günləri olan gündüz tamaşalarını yalnız kassa ilə işləyir.
 
- Yəni satılır və zal dolur...
 
- Təbii. Amma axşam tamaşaları haqqında bunu söyləmək düz olmaz. Düzdür, axşam tamaşaları da satılır, amma gündüz tamaşaları qədər satılsın, zal dolsun, onu demək olmaz. 
 
- Bir müddət əvvəl Gənc Tamaşaçılar Teatrında yaşlı aktyorlar maaşlarının azaldılması ilə bağlı narazılıq etdilər. Bu məsələnin mahiyyətində nə dayanırdı?
 
- Həmin adamlar bu gün mənim ən yaxın həmkarlarım, dostlarımdır. Onların hər biri ilə 30 il çörək kəsmişik, bu gün də kəsirik. Bilirsiniz ki, dövlət başçımızın 65 yaş həddini keçmiş insanlar haqqında fərmanı var. Əgər aktyorun fəxri adı, statusu varsa, teatr rəhbəri bir il-bir il müqavilə bağlaya bilər.
 
"Aktyorun kloun getməyinin əleyhinəyəm, istəmərəm, amma məcburdur, neyləsin?"
 
Biz bunu etmişik. Həmin aktyorların 70-75 yaşı var, hər biri dövlət tərəfindən təqaüd alırlar, təmin olunublar. Evləri var, 1300 manat təqaüd alırlar, fəxri ada görə əlavə məbləğ ödənilir, maaşları da o cümlədən. Tutalım, onlar yüz faiz maaş alırdılarsa, indi alacaqlar əlli faiz. Söhbət 140-145 manatın söhbətidir. Hamısı gəlib dedi ki, müəllim, elə bil, bizi şeytan yolda çıxardı. (Gülür). Qənaət olan vəsait teatrın repertuarını çiyinlərində aparan gənclərin əməkhaqqına 15-20 manat əlavə olunacaq. Çünki onların əksəriyyətinin nə evi, nə fəxr adı var, nə mükafat alırlar, nə təqaüd. Amma bu gün onlar teatrda 4-5 tamaşa oynayırlar. Bununla demək istəmirəm ki, yaşlı nəsil oynamır, yox, onlar da səhnədədirlər, öz yerləri var. Bütün hallarda gənclərə dəstək olmalıyıq. Onların hər birinin maaşına 10-15 manat əlavə ediriksə, bunun özü köməkdir. Məsələnin məğzi budur. 
 
- Teatrın aktyorları əlavə qazanc üçün seriallara çəkilirlər. Toya tamada, şənliklərə kloun gedənlər də var. Teatrdakı işlərinə görə onlara mane olmursunuz?
 
- Yox-yox, nə danışırsınız, niyə mane olum? Əksinə, imkan yaradıram. İstənilən aktyordan soruşun, mən həmişə tərəfdarı olmuşam ki, teatrda çalışan aktyor sima olaraq tanınmalıdır. Bizim truppanın bütün üzvlərinə həmişə kömək etmişəm, edirəm və həmişə belə olacaq. Əlbəttə, teatrın işi birincidir. Aktyor seriala çəkilir deyə, tamaşa təhvil verilmirsə, bu yolverilməzdir.
 
Ona görə hər bir yeni əsər götürüləndə mütləq ikinci dublyor olmalıdır. Bu, ona görə deyil ki, aktyor seriala çəkilsin, onun əvəzinə kimsə oynasın. Yox, insanın başına hər iş gələ bilər. Sadəcə, aktyorlara deyirəm, uşaqlar, özünüzü ucuzlaşdırmayın. Əgər siz həqiqətən də o serialda vacib çəkilməlisinizsə, aparın aylıq və həftəlik repertuarınızı verin serialın təşkilatçılarına. Qoy onlar baxsınlar, öz proqramlarını sizin qrafikə uyğun tutsunlar. Əvvəl belə idi: serial təşkilatçısı nə vaxt deyirdi, aktyorlar çəkilmək üçün razılaşırdılar. Sonra uşaqları yığdım, söhbət elədim, gördülər ki, doğru yol budur: onlar bizə uyğunlaşmalıdırlar.
 
"Aktyorlara deyirəm ki, özünüzü ucuzlaşdırmayın. Qoy, serial təşkilatçıları sizin qrafikə uyğunlaşsınlar"
 
Filmlər olanda kinostudiyadan rəsmi məktub göndərilir, mən də truppa müdirinə tapşırıq verirəm ki, imkan yaratsın. Filmə çəkiliş gələndə mən sevinirəm. Deməli, bizim aktyorların istedadları var ki, filmlərə, seriallara çəkilirlər. Mən onun tərəfdarıyam, seriallarda elə aktyorlar çəkilsin. 
 
- Müğənnilər yox...
 
- Müğənnilər, ötəri adamlar, qeyri-peşəkarlar olmasın. Aktyorlar çəkiləndə serial daha sanballı olur. Özündən demək olmasın, mən şərait yaratmasam, aktyorlarımız seriallara bu qədər çəkilməzlər. Seriala görə onların gündəlik məvacibindən tutmuram. Onlar nə alır ki, məvacibindən də tutum?  Nə olar, sənəti ilə məşğul olur. Kloun getməyinin əleyhinəyəm, istəmərəm, amma məcburdur da, neyləsinlər? Yenə deyirəm, aktyorlara maksimum dərəcədə kömək edirəm ki, ailələrinə teatrdan əlavə çörəkpulu aparsınlar. Çünki bu gün teatrda işləyən bütün aktyorları fədai hesab edirəm. Və inanıram ki, bizdə də əməkhaqqılar gəlib standartlara uyğunlaşacaq. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar